Məmnunluğumu gizlətmək istəməzdim...
Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu 2018-ci
il iyun ayının 4-də "Ədəbi proses-2017"
mövzusunda Yaradıcılıq müşavirəsi
keçirdi. Bir növ 2018-ci ilin elmi
bucağından 2017-ci ilin ədəbi prosesinə, biri digərini
tamamlayan janrların təhlilinə nəzər
salındı. Ənənə şəklini
almış bu proses Ədəbiyyat İnstitutunun tarixində
uzun, həm də yaddaşlarda xoş xatirələrlə həkk
olunan bir inkişaf yolu keçmişdir. Məsələnin
ən maraqlı tərəfi isə bu prosesin ilk öncə təməlini
qoyan və prosesi ardı-arası kəsilmədən davam
etdirən alimlərimizin yad edilməsidir.
İnstitutumuzun 85 illik yubileyi ərəfəsində bu
prosesin təkamül yolunun gedişində mühüm rolu, əməyi
olan alimlərimizin bir çoxu, zənnimcə elə
hamısı "Quran"ın "Hicr"
("Daşlı Sahə") surəsinin 9-cu ayəsində,
hətta Quran kəlməsi yerinə işlədilən
"zikr" sözünün müvafiq mənası ilə
xatırlandılar. Bu zikr kəlməsinin müəyyən
məna tutumu ilə elmdə bizə örnək olan, cismən
var olmasalar da, əsərləri ilə mənəviyyatımızı
zənginləşdirən, hətta məktəb yarada
bilmiş müəllimlərimiz və alimlərimizə sevgi
dolu sayğılarımızı bildirməklə
yanaşı, Allahın rəhmətini də qazanmağa
çalışmışıq. Geniş
dinləyici auditoriyası olan Yaradıcılıq
müşavirəsində iştirak edən qonaqların tərkibi
də özəl idi. Azərbaycan Yazıçılar
Birliyinin katibi Rəşad Məcid və "Ədəbiyyat
qəzeti"nin baş redaktoru Azər
Turan da bu tədbirdə iştirak edirdi. Bu məqamda Azər
Turanın bir fikrini xatırlatmaq yerinə düşərdi:
"Yazıçılar Birliyi və Akademiyanın Ədəbiyyat
İnstitutu vahid yaradıcılıq prosesinin qoşa
qanadıdılar."
Azər
Turana gəlincə, məncə, bizim ona bir təşəkkür
borcumuz var. Bu da qəzetin baş redaktorunun "Ədəbiyyat
qəzeti"nin bütöv bir nömrəsini "Ədəbiyyat
qəzeti"nin xüsusi buraxılışı" adı
ilə "İlin ədəbi yekunları"
başlığı altında "Ədəbi
proses-2017"-yə ithaf etməsinə bağlıdır. Məqaləni yazmazdan öncə,
düşünürdüm ki, qəzetin baş redaktoru və
redaksiya heyətinə təşəkkürümü epiloq
şəklində yazım. Sonra fikrimdən
daşındım. Nədən?! Məncə, səbəbi ilə hamı
razılaşacaq. Ədəbiyyat
İnstitutunda elə bir tədbir, elə bir konfrans və ya
müşavirə yoxdur ki, bu şəxslər orda iştirak
etməsinlər. Onlar Ədəbiyyat
İnstitutunun nailiyyət və qayğılarına, uğur
və sevinclərinə qəlbən bağlı olduqlarını
öz əməlləri ilə çox möhtəşəm
şəkildə büruzə verirlər. Əti dırnaqdan ayırmaq olmaz, deyiblər. Bu baxımdan yanaşdıqda adı çəkilən
hər iki şəxs Ədəbiyyat İnstitunun fəxri əməkdaşları
kimi də dəyərləndirilə bilər.
Azər
Turanın institutumuzla bağlı söylədiyi fikirlər
deyilənləri bir daha təsdiqləyir: "Ədəbiyyat
qəzeti hər il davamlı olaraq ilin ədəbi
yekunlarına həsr olunmuş ənənəvi
müşavirənin materiallarını dərc edirdi. Amma bu dəfə məruzələri həmişəki
kimi... pərakəndə şəkildə deyil, bir özəl
sayda təqdim etmək qərarına gəldik və
sözü Ədəbiyyat İnstitutuna verdik."
Bax, elə bu sözə görə sizə minnətdarıq.
Oxucular
haqlı olaraq məni qınayaraq "bu iş, elə
"Ədəbiyyat qəzeti"nin
ümdə vəzifəsi deyilmi?!" -deyə
bilərlər. Vəzifəsidir... Amma
icraçı işini yerinə yetirərkən, ona sevgi dolu əməyini
qatırsa, özəl münasibət bəsləyirsə,
bunu qiymətləndirməmək olmaz.
Ədəbiyyat özünün müxtəlif janrlardan
yazılmış mövzuları ilə insan əxlaqını
kamilləşmə zirvəsinə yönəldir,
dünyanı isə mənəviyyat və vicdan hesablarına
hazırlayır. Bu anlamda "Ədəbi proses"in
mahiyyətinə dəyər verməyə heç bir ehtiyac
qalmır.
İclasda, "Ədəbi proses"in əvvəlki
dönəmlərinin fəal iştirakçılarından
olan professor Şirindil Alışanlı əvvəllər bu
prosesin bir janr ətrafında keçirildiyini xüsusi
vurğuladı. Son illərin ədəbi prosesində isə
məruzələr bütün janrlar ətrafında
yazılmışdır. Ədəbi prosesin məhz bu
şəkildə fəaliyyəti akademik İsa Həbibbəylinin
adına bağlıdır.
Müxtəlif janrlar üzərində qurulmuş
çoxçalarlı məruzələr və onların
müəllifləri haqqında məlumat qəzetdə öz
əksini tapıb. Hər bir məqalə, müəllifinin
təfəkkür, düşüncə tərzinin məhsulu
olmaqla yanaşı, həm də böyük zəhmət və
müşahidələrinin nəticəsidir. Bəzi məqalə müəllifləri heç
bir müzakirəyə ehtiyacı olmayan, aksiomlaşan qənaətlərə
gəliblər. Məruzələr içərisində
"İcmal tənqidindən monoqrafik dərinliyə" məqaləsi
başda olmaqla, filologiya üzrə elmlər doktoru Elnarə
Akimovanın "İlin ədəbi mənzərəsi"
məqaləsi həm mövzusunun
çoxyönlülüyü, əhatəliyi, həm də ədəbi
proses haqqında sistemli məlumatların təqdimi
baxımından böyük əhəmiyyətə malikdir.
Məqalə, ölüm labüd olsa belə,
ölümlərini qəbul edə bilmədiyimiz yazar və
alimlərimizin yad edilməsiylə başlanır. Müəllif,
məqaləsinin ümumi mənzərəsini müsabiqələr,
mükafatlar, elmi həyat, ədəbi həyat, nəsr,
poeziya, tərcümə, esse, tənqid və ədəbiyyatşünaslıq
üzərində qurur. Onun cəlbedici
yazı tərzi də marağımıza səbəb oldu.
Beləki, Elnarə xanım nəzər diqqətimizə
çatdırmaq istədiyi məsələni ritorik sual
üstündə quraraq, dinləyici və oxucusunu fikrən mətləbə
yönəldir. E.Akimovanın məsələlərin təhlilinə
yanaşma tərzi də birmənalı və özünəməxsusdur:
"Biz keçmişin estetik mədəniyyətini müasir
təsəvvürdən çıxış edərək dərk
edirik. Bu həm düzdür, həm də dərindən
səhvdir."
Bu təhlildə
müəllif "səhv"i və "düzü" bir
məqama gətirərək mütəqabilləşdirmiş, özünəməxsus
yanaşma tərzini dolğun ifadə edə bilmişdir.
Və ya onun "... kimisə tarixi ədəbi prosesin
inkişaf kontekstindən ayırıb, tədqiqat predmetinə
çevirmək metodoloji yalnışlıqdır."
Bəli, bu yanaşma tam real yanaşmadır və bizim
buna ehtiyacımız var.
Tənqidçi
E.Akimova akademik İsa Həbibbəylinin ədəbiyyat
tarixçiliyi istiqamətində ilboyu nəşr etdirdiyi məqalələri
əldə əsas tutaraq yazır: "... tarixi-ədəbi
prosesin xarakter və çalarlarını dərk etmədən,
müasir prosesi təhlil etmək və qiymətləndimək,
onun şərhinə və dərkinə girişmək
metodoloji baxımdan doğru deyil."
Müəllif "Elmi həyat"
başlığı altında institut rəhbərliyinin təşəbbüsü
ilə xaricdə çap olunan kitablar və
tanınmış alimlərin yubiley mərasimləri
haqqında da məlumat verir.
217-ci il həmçinin Molla Pənah Vaqif və
Hüseyn Cavid ili kimi də yadda qaldı, yazır Akimova. İl boyu Molla Pənah Vaqifin 300, Hüseyn Cavidin 135
illiyilə bağlı müxtəlif tədbirlər,
konfranslar, elmi sessiyalar keçirilmiş və məqalələr
toplusu çap olunmuşdur.
Zənnimcə,
Molla Pənah Vaqifin 300 illiyi münasibətilə dünya dillərində
çap olunmuş şeirlər kitabını, onun ön
sözünün müəllifini və hətta İstanbulda
Turizm Nazirliyi və Milli Kitabxananın birgə iştirakı
ilə TÜRKSOY tərəfindən kitabın təqdimat mərasimini
də qeyd etmək zəruri idi. Vaqifin 300 illiyi münasibətilə
AMEA-ın Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun qərarı ilə "Molla Pənah Vaqif irsi
xalq yaradıcılığı ilə klassik poeziyanın
qovşağında" adlı kitab da nəşr olunmuşdur.
İnsana qanad verən, onu hərəkətə gətirən,
ruhuna ruh qatan poeziyadır. Məqaləsinə
fransız yazarı Jül Renarın "Yenə şeir, hey
şeir. Bir misra da poeziya
olaydı!"-sözlərilə başlayan filologiya elmləri
doktoru Vaqif Yusifli poeziya ilə şeir arasındakı uçurumu
ürək ağrısıyla qeyd edərək, mərhum
şairimiz Fikrət Sadığın bir şeirini söylədi.
Bununla da şeir və poeziyanın kəsişən, lakin Azərbaycan
xalqı tərəfindən məqbul sayılmayan tərəflərini
göstərdi:
Mən
sayım, sən sadala
Gör
kimlər şeir yazır
Mühəndislər,
polislər
Həkimlər şeir yazır.
Bunu
bildim, tanıdım
Ta kimlər
şeir yazır?!
Elmdən
yorulanda
Alim də şeir yazır.
Vaqif müəllim, sizi çox gözəl başa
düşürəm. Hətta öz həyatından küsənlər də,
mənfəəti azalanlar belə indi şeir yazır.
Amma onu da qeyd edək ki, ariflər poeziya ilə şeirin fərqini
gözəl bilir və dünyaya şairlik naxışı
ilə gələn bu insanlar öz alın yazılarına
peşman olmurlar. Fikrimi Səməd Vurğunun sözləri
ilə ifadə etsəm, daha düzgün olar:
Arifləri
dindir ki, nədir şeir ilə sənət!
Şair
yaranan ömrə peşiman ola bilməz!
Nədənsə, indi "şeir həvəskarları"
ifadəsi leksikonumuzdan çıxarılıb. Çox təəssüflər
edirəm!
Amma
şeir yazıb, onun mizan-tərəzisini pozanlara, şairlər
cərgəsinə can atanlara bir ləff sözüm var:
Şairəm,
dinlə gör nə deyir ilham:
Mən
söz xiridarı, söz sərrafıyam
Dünyada
hər kəsin öz sənəti var,
Şairin əlində söz sənəti var.
Şahiddir
gecələr od tökən ürək,
Sözlər qələm ilə güləşən pələng.
... Sən
özün bilirsən, mənim əzizim
İşimiz,
gücümüz ayrıdır bizim,
Dünyada
nə qədər iş var, sənət var.
Birindən yapışar aqil adamlar.
Hər kəs
öz yerini tapsa həyatda,
Sanki xəzinə var, başının altda.
Məsələ burasındadır ki, özünü
üç və ya dörd ixtisasın sahibi kimi göstərənlər,
əslində hər şeydən xali olanlar, "sevdiyi sənəti
intixab edə bilməyənlərdi." Sellər,
çaylar daşanda, (yəni aqil insanlar bunu oxuyanda) bu sayaq
şeirlər yuyulub atılacaq. S. Vurğunun sözləri
ilə desək:
Qəlbin,
ürəyin odlarına yanmasa bir söz
Dillərdə,
ağızlarda o dastan ola bilməz!
Bütün
bunlara rəğmən Vaqif Yusifli Azərbaycan şeirinin
mütərəqqi tərəflərini də sevərəkdən
qeyd etdi, poetik ustalığı ilə seçilən cavan, hətta
sənətə bağlı olan qocaman şairlərin Azərbaycan
sənətinin başında durduqlarını, əsl poeziyanı
layiqincə çiyinlərində
daşıdığını vurğuladı:
Sən
Allah, bu gülü yasa aparma
Bu gül
ləçəyində başqa həyat gör
Bu
qızıl güllərdən mənə qanad hör...
Məqalə
müəllifi haqlı olaraq bu şeir parçasını
insanın iç dünyasına hopan bir kəlam, bir poetik ahəng
kimi dəyərləndirir.
Məqalədə
nəzər-diqqətimizi cəlb edən məsələlərdən
biri də Yusiflinin 50-60 yaşlı şairlərin fərqli
bir özəlliyə malik olmalarını qeyd etməsi,
şeirimizin yaşarı ənənələrinə üz
tutmasıdır:
Bu
dünya Nizami dünyası imiş,
Bu
dünya Nəsimi dünyası imiş,
Gör hara gəlmişəm ürək eyləyib?!
Müəllif yazır ki, Zirəddin Qafarlının bu
şeiri ənənəyə bağlı zəncirin
qırılmaması kimi dəyərləndirilməlidir.
Mən
düşünürəm ki, istər poeziya olsun, istərsə
də nəsr, əgər kökünə, milli zəmininə,
əvvəlki dönəm ədəbiyyatlarına
bağlı deyilsə, onun ədəbiyyata gəlişi,
yaşamı Bakı yelinə bənzər...
Vaqif
Yusifli poeziyamızın bir sıra nöqsanlı yönləri
ilə yanaşı şərbəst şeirə də
münasibətini bildirdi: "Bəzən unudulur ki, sərbəst
şeirdə də ritm olmalıdır, obrazlı ifadələr
işlənməlidir, sərbəst şeir danışıq
səviyyəsinə endirilməməlidir..."
Düşünürəm ki, sərbəst şeir
yazmaq daha böyük məharət tələb edir. Əks halda nəsrin
şeirdən fərqi nədir?!
Müəllif tanınmış ustad şairlərin
haqqında məlumat verməklə yanaşı, gənc
şairlərimizin bu sahədə bir addım irəlidə
olduqlarını da qeyd etməyi unutmadı.
Məqalə
boyu poeziyada iki təzadlı tərəflər haqqında
mülahizələr yürüdən Vaqif müəllim
şeir və poeziya arasında uçurum yaradan həqiqətləri
də gizlətmədi: "... Şeirimizdə
bəzi istisnaları nəzərə almasaq, fəlsəfi
ruh, fəlsəfi düşüncə arealı zəifləməkdədir."
Mən düşünürəm ki, poeziya vurğunu
olan Vaqif Yusifli öz poetik qəlbini dinlədiyi
üçün məqaləsini müsbət notlarla bitirməyi
qərarlaşdırdı. Onun Fikrət Qocanın
"Dağınıq duyğular" poemasının son
misralarını nümunə gətirməsi Azərbaycan
poeziyasının zirvəsini göstərir:
Uğrunda ölüb-dirilmişik.
Azadlığın
dadını
Hələ
indi bilmişik,
Bir də
ölən deyilik!!!
Biz
hamımız bir canda
Bütöv
Azərbaycanda
Yaşamağa
gəlmişik!
Cavanşir Yusiflinin tənqidlə bağlı məqaləsini
oxuyanda bir alimin yanğılı-acılı
hayqırtılarının şahidi oldum. Sözü, fikri demək
istəyən, haqqı-ədaləti bərqərar etmək
istəyən, lakin onu kimsənin ədavət şəklində
qəbul etməməsi üçün çıxış
yolu axtaran bir alimin səsini... Müəllifin səmimi şəkildə
reallığı əks etdirməsi mənə ləzzət
etdi: "Kimsə tənqid eşitmək istəmir, yaxud kimsə
tənqidi dinləmək qədər səmimi ola
bilmir..."
Cavanşir
müəllim fikrini ehtiyatla söyləsə də, bir alim
olaraq mövqeyindən də dönmür: "... başqa
sözlə, nə qədər əli qələmli varsa, o qədər
də "tənqid" var."
Onu da qeyd edək ki, Şərqin ən seçilmiş,
hətta qızıl suya salınmış və Kəbə
divarlarından asılan şeir nümunələri Ukaz
bazarlarında səsləndirilərək müəyyən tənqidçilərin
ələyindən keçmişdir. Ədəbiyyatı
formalaşdıran, düzgün məcraya yönəldən
tənqiddir. Ancaq nəzərə almaq
lazımdır ki, tənqid müəyyən adab qaydalarına
riayət üstündə qurulmalıdır.
Cavanşir müəllim, Füzulidən gətirdiyiniz
misal / Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz/
ürəyimdən bir tikan çıxartdı.
Cavanşir
Yusifli fikrini daha bir maraqlı məqamla davam etdirərək
yazır: "...Cəmiyyət və onun həyatı ilə əlaqəsi
olmayan ədəbi proses bir qayda olaraq dekorasiyalara
qaçır, müxtəlif "izm"lərin arxasında
gizlənir, bu gizlənpaç oyununda uduzan şübhəsiz
ki, ədəbi mətnlər olur, bir də oxucu - müəllifin
aldatdığı oxucu.
Cavanşir
müəllim, bu "izm"ləri nə dedin!!! O da
lazımdır, amma yerində və məqamında....
Mən "Ədəbi proses-2017"-dən
yazmağı təsadüfən qərara almadım. Bəzən tənqid obyekti
kimi ərsəyə gələn bir iş "bəy tərifi"
ilə yola salınır. Əksinə, bəzən
isə tərifəlayiq bir əsər tənqid obyekti olaraq
kölgəsiz ağacın altında gömülür.
Həyatdır da!
"Ədəbi proses-2017"də belə məqamların
yer alması, artıq alimlərin mövcud elmi-ədəbi hərəkata
öz münasibətini tutarlı şəkildə bildirməsi
ilə nəticələnməyə başlayıb.
Müəllifin
milli tənqidin vəziyyəti barədə söylədiyi
fikirlər bu gün ədəbiyyatın meyarı kimi
çıxış edən ədəbiyyatın vəziyyətini
açıq-aydın göstərir: "... milli tənqiddə
bədii əsərlərin ciddi araşdırılma ənənəsi
itmək üzrədir. Səbəblərdən biri: tənqid
təfəkkürü mutasiyaya uğrayıb, müstəqilliyini
itirib, tənqid bazarlıq meydanına çevrilib."
Cavanşir müəllim, yeri gəlmişkən bir
zarafat eləyim. Bəlkə tənqidin əsası Şərqdə "Ukaz" bazarında
qoyulduğundan tənqid bazarlıq meydanına çevrilib. Lakin o bazar elmə, bu bazar isə elmsizliyə xidmət
edir.
Maral Yaqubovanın "Ədəbiyyat nəzəriyyəsinin
səviyyəsinə ümumi baxış" adlı məqaləsinə
biganə qala bilməzdim. Çünki mən
özüm 47 ildən artıqdır ki, klassik Azərbaycan,
ümumən Şərq nəzəriyyəsi ilə məşğulam.
Müəllifin yazdıqlarını ümumən məqbul qəbul
etsəm də, onun bir abzaslıq fikri ilə qətiyyən
razılaşmıram: "Məlumdur ki, AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun
Ədəbiyyat nəzəriyyəsi şöbəsi respublika
miqyasında nəzəri fikrin akademik, eyni zamanda ədəbiyyat
nəzəriyyəsi profilli yeganə elmi tədqiqat mərkəzidir.
Ədəbiyyatın ümumi nəzəri məsələlərinin,
klassik Azərbaycan və Şərq ədəbiyyatlarının
nəzəri problemlərinin, bədii tərəqqinin
inkişaf qanunauyğunluqlarının kompleks tədqiqi, ədəbi-bədii
tənqidin metodlaşdırılmasının
araşdırılması; Azərbaycan ədəbiyyatının
tarixi poetikasının tədqiqi, bədii obrazlarının,
janr və bədii ifadə vasitələrinin təkamülünün
araşdırılması şöbənin tədqiqat istiqamətini
təşkil edir. Lakin nədənsə,
"Ədəbi proses-2017"də adıçəkilən
məqalədə şöbənin qeyd olunmuş istiqamətləri
tam şəkildə öz əksini tapmır. Bu, iradımın birincisi. İkinci iradım isə,
klassik Azərbaycan və Şərq ədəbiyyatının
ümumi nəzəri məsələlərinin öyrənilməsinin
şöbənin adına bğlılığınadır.
Məqalədə bu aspektdə heç bir tədqiqat
işi öz əksini tapmır.
Əziz
oxucular! Klassik ədəbiyyatın nəzəriyyəsini,
yəni Şərq nəzəri sistemini yazmaq
üçün öncə şərq dillərini,
"Qurani-Kərim"i bilmək ən ümdə məsələlərdəndir.
Şərq nəzəri sisteminin, bir sistem
olaraq, Azərbaycanda heç kimin düşünə bilməyəcəyi
qədər uzun tarixi bir yol keçdiyini və ilkin mənbələrin
tərcümələri əsasında ərsəyə gəldiyini
qeyd etmək istərdim. Ilk öncə, Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə
olunan "Elmlərin açarı" əsəri, sonra azərbaycanlı
alim Məhəmməd Qəzvininin ona yazmış olduğu
"Xülasə" əsəri və nəhayət, Sədəddin
Təftəzaninin "Xülasə" əsərinə
aydınlıq gətirən iki - "Mufəssəl" və
"Muxtasar" əsərlərinin tərcüməsi ilə
ərsəyə gəlib. Bu, işin birinci mərhələsi.
İkinci mərhələdə isə, bədiiyyatın
söz və məna gözəlliklərinin klassik ədəbiyyat
üzərində araşdırılmasıdır. "Klassik Şərq bəlağəti və Azərbaycan
ədəbiyyatı" kitabım, yəni 11 kitabdan ikincisi 15
illik əməyimin nəticəsi kimi işıq üzü
görüb. Bir məqamı da qeyd etmək
istərdim. Bizim Azərbaycan klassik ədəbiyyatının
öyrənilməsi və nəşrində zamanın
fövqündə duraraq çoxlu işlər
görmüş alimlərimiz -
Həmid Araslı, Məmməd Arif, Mirzağa Quluzadə,
Mir Cəlal Paşayev, Məmməd Cəfər, Əziz Mirəhmədov,
Pənah Xəlilov kimi alimlərimiz var. Hələ mən
Yaşar Qarayev, Bəkir Nəbiyev və İsa Həbibbəylini
demirəm. Onda hər bir əsəri mahiyyət
etibarı ilə bir şöbənin əməyinə bərabər
tutulan bu alimləri necə dəyərləndirək?!
Akademik İsa Həbibbəylinin "İcmal tənqidindən
monoqrafik dərinliyə" ifadəsini "Ədəbi
proses-2017"-ə şüar qəbul edərək,
reallıq və həqiqətləri qorumaq lazımdır.
Bölgələrdə ədəbi həyat məsələsinə
ədəbi prosesdə yer ayrılması, zənnimcə ən
lazımlı məqamlardandır. Çünki,
ümumi ədəbiyyatın formalaşmasında bu bölmənin
xüsusi yeri var.
Professor Vüqar Əhmədin "Elm və bədii
yaradıcılığın qovşağında"
adlı məqaləsi də alimlərimizin elmlə
yanaşı, bədii ədəbiyyatdakı
potensialını göstərmək baxımından əhəmiyyətlidir. "Yaradıcılıq
Birliyi"nə rəhbərlik edən Vüqar Əhməd məqaləsini
maraqlı bir cümlə ilə bitirir: "Bizim ədəbiyyatşünas
alimlərin nəsr əsərləri haqqında yekun olaraq deyə
bilərik ki, bu povest və hekayələrin ideya-bədii dəyəri
onlardakı istedad və səmimiyyətin gücündədir.
Mən də düşünürəm ki, filoloq bədii
ədəbiyyatı, ədəbiyyat isə filoloqun təfəkkür
tərzini tamamlayır. Bu anlamda elmi-ədəbi yaradıcılıq istiqaməti
əməkdaşlarımızın bir-birinə yaxın
olmasını, bir-birinin iç dünyasını
tanıması baxımından ən gözəl vasitədir.
Göründüyü
kimi, "Ədəbi proses-2017"də müxtəlif
janrların qısa, lakin dolğun mənzərəsi
öz real əksini tapıb. Bu anlamda janrların müəyyən qisminin həyatın
nəbzindən geri qaldığı da söylənildi.
Zamanla əsərlərinin oxucuları
olduğumuz yazarlar və şairlər bu gün alim təhlilinin
qənaətlərini yenidən nəzərdən keçirərək,
əsərlərinə bir daha diqqət yetirməlidirlər.
Bu anda Füzuli və Hüseyn Cavidin beytləri yadıma
düşdü:
Mən kiməm? - Bir bikəsü biçarəvü bixaniman,
Taleim aşüftə, iqbalım nikun, bəxtim yaman.
...Qoymadı
dövrani-çərx öz halimə xürrəm məni,
Şad ikən aləmdə çərx etdi əsiri-ğəm
məni.
Füzuli
Və
ya:
Sormayın əsla, kimim bən? Ya nəyim?
Şimdi bən bir qayğısız divanəyim.
Cavid
Zamanın hər bir dövründə
"dövrani-çərx"in özəllikləri nəzərə
alınmalıdır. Bu gün
sürətli qatarın sərnişinləri olan gəncliyin
ruhunu, zamanın nəbzini əldə əsas tutaraq əsərlər
yazmaq mütləqdir.
Mahirə Quliyeva
Ədəbiyyat qəzeti.- 2018.- 30
iyun.- S.22-23.