Futliteratura
İyerarxiyanın ölümü
Keyfin ən şirin yerində təzə doğulmuş
oğlunun kəskin çığırtısı Qranquzyenin
qulağına dəydi.
Uşaq:
Su! Su! Su! - deyə qışqırırdı.
Ürəyiaçıq
Qranquzye:
- Ke qran
tü a - deyə səsləndi. Sənin nə yaman
böyük udlağın var!
Qonaqlar:
- Düz
sözə nə söz - dedilər, - Qoy atasının
birinci sözünə görə bu uşağın adı
Qarqantua qoyulsun. Bu ad Qranquzyenin çox xoşuna
gəldi. Körpə bir az dincəlsin
deyə, atası ona doyunca üzüm şərabı
verdi".
Orta dövr Fransa ədəbiyyatında ümumxalq dilinin
gündəlik danışıq variantı Rablenin üslubunda
əks olunur.
Polifonik roman dilin zəngin naturasından
yaranır. Dil və üslub oxucuda maraq
oyadır. Qəhrəmanın dünyaya gəlişi
və dialoqların dinamikası, temperamenti laqeyd oxucunu da
romanı oxumaq üçün özünə sarı
çəkir. "Qarqantua və
Pantaqruel" roman janrının xüsusiyyətlərini tam
olaraq daşımır. Çağdaş
Avropa romanı Servantesin "Don Kixot" əsəri ilə
başlayır. Yenə də janrın
ilkin imkanları, dil, üslub və təsvirin epik-psixoloji
vüsəti formalaşır. Rable
Servantesdən əvvəl roman sənətinə keçid
üçün münbit və əvəzsiz şərait
yaradır. Yumor və gülüş əsasında
estetik şənlik, karnaval yaradır. Rable
bunun üçün əvvəlcə insanın fizioloji
quruluşunu və bioloji ehtiyaclarını böyük epik
lövhələrlə canlandırır. Rableyə
qədər nə Avropa renesans ədəbiyyatında, nə də
Şərq mənzum romanlarında bu qədər
çılpaq və təfsilatlı təsvirlər olub.
Qarqantua nəslinin genetikasından tutmuş,
gündəlik məişət problemlərinə qədər
təfərrüat maraq doğurur. Çünki
alleqorik, satirik, yumoristik söz karnavalında oxucu yorulmur.
Əlbəttə ki, Nizaminin "Xəmsə"sində
obrazların fiziki və mənəvi vəziyyəti,
Şekspir dramlarında daxili və xarici disharmoniyanın harmoniyası,
Bokaççonun "Dekameron"undakı həyatın
naturası danılmazdır. Ancaq Rable
çoxsəsli poetik karnaval təsiri
bağışlamır. "Qarqantua və
Pantaqruel"də dramatizm, həyəcan, adrenalin, fantaziya,
çirkinlik və gözəllik gülüşlə asan həzm
edilir. Romanın əvvəlində müəllif oxucuya
müraciət edir: Dostum oxucu, bu kitabı oxudunmu - Qəlbin
hikkəsini at bir kənara; Səpməz içinə o, qəzəb
toxumu, Onda nə acıq var, nə boş masqara. Mükəmməllikdən uzaq olsa da, bil ki,
Güldürəcək səni ürək dolusu. Sevincə yadsansa, kədərə həmdəm, Mən
başqa bir təklif bilməm, doğrusu. Ağlayıb
yazmadım, gülərək yazdım, Gülməyi
xoşlayır bəşər övladı". Şeiriyyətli giriş gülüşü, yumoru
kəşf edir. Mixail Baxtin deyir ki,
"Qarqantua və Pantaqruel" romanında gülüş
iyerarxiyanı öldürür. Karnaval roman
da belə yaranır. Bəs nədir
karnaval roman? Bayramlarda bir iyerarxiya var idi.
Kilsə və krallıq iyerarxiyanın
başında dayanırdı. Ən
kiçik məmurlardan krala qədər iyerarxik quruluşa əməl
olunurdu. Bayram, əvvəla, onların idi.
Daha sonra sıravi, sadə xalq gəlirdi. Karnavallar iyerarxiyanı dağıtdı. Hər kəs bərabər hüquq qazandı.
Yaşından, başından və vəzifəsindən
asılı olmayaraq hamı karnaval iştirakçısı
adını qazandı. Rütbə və
sosial status aradan qalxdı. Hamı
karnavalın tərkib hissəsinə çevrildi. Rablenin yumor və kinayəsi karnaval yaratdı. Gülüşün sərhədsiz
karnavalını.
Futbol da iyerarxiyanı aradan götürür. Hərçənd
ki, meydanın VİP tribunalarında əyləşənlər
də olur. Onlar xüsusi qayğı və
ehtiramla qarşılanır. Ancaq bu hal
futbol prosesinə daxil deyil. Futbol izləyərkən
heç kim azarkeşlik statusundan kənara
çıxa bilmir. Lap ölkə
başçıları da. FİFA
prezidenti belə. Bu məsələ
aydındır. Belə də
olmalıdır.
Tolstoy və Ronaldo
Bir də futbolçulara, komandalara aid iyerarxiyanın
pozulması qanunu var. Və bu qanun özünü ən
çox hazırda Rusiyada keçirilən futbol üzrə
dünya çempionatında göstərməkdədir. Mundialın ən
prestijli yığmaları belə açıq-aşkar sərbəstlik
və üstünlük nümayiş etdirə bilmir. Nisbətən A qrupunda Uruqvay və Rusiya millisi turu
rahatlıqla keçdilər. Misir və Səudiyyə
Ərəbistanı yığmalarında qətiyyət və
təcrübə əksikliyi Rusiyaya 6 xal qazandırdı.
Əks halda ev sahibləri belə
asanlıqla qrupdan çıxa bilməzdilər. Güclü Uruqvay yığmasına 0-3 hesabı ilə
uduzan Rusiyanın oyun imkanları bir qədər konkretləşdi.
B qrupunda sonuncu Avropa çempionu Portuqaliya və
güclü İspaniya millisi İran və Mərakeş
qarşısında çətinlik çəkdilər.
1/8 finala çıxmaq asan başa gəlmədi.
Amma və lakin Ronaldonun oyunu və tükənməyən
enerjisi onu "futbolun peyğəmbəri" adlandırmaq imkanı
verir. Ədəbiyyatın elçisi
Tolstoyun vətənində bir daha sübut etdi ki, nələrə
qadirdir. İspaniya ilə oyunda het-trik etdi.
İspaniyanın üç qoluna, elə üçcə
qolla da cavab verdi. Hardasa
İspaniyaya qarşı təkbaşına mübarizə
apardı. Hərçənd ki, Portuqaliya
millisi kollektiv oyunda ən yaxşı nümunədi.
Maradonanın ürəyi
C qrupunun favoriti Fransa qrupdan lider olaraq çıxdı. Ancaq Avstraliya
və Peru ilə oyunlarda yaxşıca tərlədi. Qrup ikincisi Danimarka ilə qolsuz heç-heçə
etdi. Dünyaca məşhur heyətə sahib Fransa
millisi qol vurmaqda çətinlik çəkir... D qrupunda favorit şəksiz ki, Argentina millisi idi.
Ancaq Xorvatiya yığması 3-0-lıq qələbə
ilə Argentinaya futbol dərsi keçdi. Argentina
son dəqiqələrdə vurduğu qolla Nigeriyanı məğlub
etdi. Dördcə xalla birtəhər 1/8
finala getdi. Futbol əfsanəsi Dieqo Maradona
ölkəsinin sistemsiz, pərakəndə oyunlarına
tamaşa edərkən çox həyəcan keçirdi.
Futbol dahisi özündən getdi. Həm mənəvi, həm də fizioloji ürəkgetmə
idi bu. Xorxe Borxesin vətəni Avropada tarix yazmaq istəyir.
Argentinanın baş məşqçisi Xorxe Sampaoli uğurlu
start heyəti ilə çıxmalıdır. Axı
əlində imkanlar da var. O da Borxes kimi tarix yaza bilər.
Kor Borxes avropalıları öz intellekti ilə
heyrətləndirmişdi. Sampaoli taktiki
gedişləri ilə. Üç
dünya çempionatıdır ki, ard-arda kubok avropalılara
qismət olur. 1/8 finalda Argentina Fransa ilə
qarşılaşacaq. Argentina çətin
Fransa səddini keçə biləcəkmi?! Lap
Latın Amerikası və Avropa ədəbiyyatı
arasındakı şirin və nadir rəqabət yada
düşdü.
E qrupunda Brazilya İsveçrə və Kosta Rika milliləri
ilə oyunda zülm çəkdi. Artıq Brazilyanın
aşkar üstünlüyü, böyükhesablı qələbələri
ərşə çəkilib. Çünki
futbolda güclü və zəif sərhədləri itməkdədir.
Peşəkarlıq və təcrübəsi
sayəsində qrup lideri oldu Brazilya. Qrup
ikincisi İsveçrə, 1/8 finala gedə bilməyən
Serbiya və Kosta Rika əzmkar oyunları ilə yadda qaldı.
F qrupu barədə çox
danışıldı və bu söz-söhbət davam edəcək.
Çünki sonuncu dünya çempionu Almaniya
millisi qrupda qaldı. Meksika və
İsveç isə qrupdan çıxdı. Cənubi Koreya yığması Almaniyanı məğlub
etdi. Özü də əsas vaxta əlavə
edilən 6 dəqiqə ərzində 2 qol vuraraq. C.Koreya
qrupdan çıxmasa da, ölkəsinə böyük təsəlli
verdi. Həm də bu qələbə
2002-ci ildə C.Koreyada keçirilən dünya
çempionatındakı məğlubiyyətin revanşı
idi. 2002-ci ildə yarımfinalda Almaniyaya
uduzan koreyalılar qismən də olsa, revanşı almaqla
futbolsevərləri keçmişə apardı.
G qrupu Belçika yığmasının baxımlı
oyunu ilə yadda qaldı. İngiltərə
Tunis millisi üzərində çətin qələbə
qazandı. Panamanı qol
yağışına tutdu. İngiltərə
və Belçika finallara vəsiqə qazandı. H qrupunun favoriti Markesin vətəni Kolumbiya idi.
Ancaq ilk oyun uğursuz oldu. Yaponiya
ilə görüşün 3-cü dəqiqəsində
Sançesin penaltiyə səbəb olaraq qırmızı vərəqə
alması işləri korladı. Kolumbiya
Seneqal və Polşa ilə oyunlarda qələbə
qazandı. Finallara Kolumbiya və Yaponiya
getdi.
Xarakter, xarakter, xarakter...
Nəhayətdə, 1/8 finala 16 komanda qaldı. Ədəbiyyatın
vətəni Rusiyada daha dinamik və dramatik final oyunları
keçiriləcək. Belçika, Fransa, İspaniya,
İngiltərə, Brazilya, Xorvatiya, Argentina, Kolumbiya və
Meksikanı favorit komandalar hesab etmək olar. Uruqvay,
İsveç və ev sahibi Rusiyanı da nəzərdən
qaçırmaq olmaz. Ancaq iyerarxiyanın
ölümü sürpriz nəticələrin olacağını
ifadə edir. Hər nə olursa-olsun, etik və
estetik oyunlar arzulayır həqiqi azarkeşlər. Eynilə ədəbi əsərlərdə
olduğu kimi. Axı futbol da ədəbiyyat
kimi estetik hadisədir. Zövq işidir.
Kimsə üçün qara bazar, kirli pulların yuyulduğu
arena və başqaları ola bilər. Ancaq Oynamaq da, tamaşa etmək də zövq verir.
Həmin an başqa duyğular ikinci plana
keçir. Başıma gələn bir əhvalatdan bir məqam:
Adətən, xüsusi bir işim
çıxmadığı halda hər həftə futbol
oynayıram. Bu yaxınlarda topu rəqib
oyunçudan alıb sürətlə cərimə
meydançasına daxil oldum. Ancaq rəqib
oyunçu çiyni ilə mənə toxundu. Tarazlığı saxlaya bilməyib
yıxıldım. Aqressiv halda ayağa
qalxıb penalti tələb etdim. Rəqib
oyunçular israrla penaltinin olmadığını desələr
də, razılaşmadım. Əslində
isə hər şey qaydalar çərçivəsində
idi. Penalti yox idi. Zorakılıqla
əldə etdiyim penaltidən qol vurdum. Ancaq
oyunun son 5 dəqiqəsində 2 qol buraxaraq məğlub olduq.
Özüm-özümdən utandım. Axı futbol gözəllik duyumudur. O,
cığallığı qəbul etmir. Həm
də xarakter məsələsidir. Oyun
zamanı futbolçular öz xarakterlərini ortaya qoyurlar.
Təmkinli və dürüst olmaq şərtdir.
Bəzən hakimlərin
haqsızlığı, bəzən də
futbolçuların aqressiyası vəziyyəti dəyişə
bilər. Professional oyundan küçə
futbolunacan bu belədir. Ancaq həqiqət
və işin xarakteri gec də olsa, öz yerini tapır.
Rusiya 2018-də videotəkrarın tətbiq edilməsi
futbolda ədalət prinsipini möhkəmlətdi. Bir neçə komandanın taleyini həll etdi.
Rablenin Orta dövr Fransasından Rusiyada
keçirilən futbol üzrə dünya çempionatına
gəlib çıxdıq. Ədəbiyyat
da, futbol da diaxron hadisədir həm də. Milan Kundera deyir ki, Orta dövrdə kilsə
ağalığında musiqi, heykəltəraşlıq, rəssamlıq
öz gözəlliyindən heç nə itirmədi. Çünki onlar radikal, despot bir rejimdə də
inkişaf edə bilir. Söz sənəti
ədəbiyyat isə Rable və Servantesə qədər
bayağı və cılız vəziyyətdə idi. Rable gülüşü kəşf etdi və hər
şey başqalaşdı. Futbol insanlarda
təbəssüm və xoş ovqat yaradır. Dərdləri unutdurur. Kimlərinsə
təsəllisi, ümid, güman yeri olur. Baxıram
sosial şəbəkələrə və ətraf mühitə,
uğursuz komandaları lağa qoyurlar. Radikal
yanaşmadır. Dar düşüncədir.
Almaniyanın qrupda qalmağını,
Argentinanın Xorvatiyaya məğlub olmasını və bir
çox başqa əməllər və amalları. Bu hal futboldan kənar dedi-qodulardır. Mozaxist və mutant təfəkkürün göstəricisidir.
Hələ qabaqda bizi maraqlı oyunlar gözləyir.
Etik və estetik qələbə də, məğlubiyyət
də anlamlıdı. Gözəldir.
Qəbulediləndir. Məhəmməd
Salahlı Misir yığması mundialı xalsız tərk
etdi. Ancaq çempionatda olmağın
özü də özəl və gözəldir. Neymarın Brazilyası çətin anlar
yaşadı. Ronaldo bütün mükafat
və titullara sahibdir. Bircə dünya
çempionluğu çatışmır. Bütün bunlar futbola aiddir. Ədəbiyyat
kimi sərhədsiz gözəllik və zövq
aşılayır. Sevindirir, kədərləndirir,
əyləndirir, düşündürür. Ən əsası
hiss etdirir. Varsan, yaşayırsan. "Qarqantua və Pantaqruel" romanında deyilən
kimi - Düz sözə nə söz. Futbol,
nə yaxşı ki, var. Yaşamaq qovğasında elitar və
kütləvi duyğuları birləşdirir. Ədəbiyyat, təsəllimiz,
sığınacağımız. Duyğuların
sözə çevrilən məkanı. Bir
nəğmədə deyildiyi kimi, sanki kəşf edilməyən
qitələr qədər bir-birinə uzaqdır futbolla ədəbiyyat.
Ancaq bir nəfəs kimi yaxındırlar. Onların yaxınlığını və
uzaqlığını, doğmalığını və
ögeyliyini qucaqlayan, ifadə edən bir kəlmə
düşünürəm öz-özümə. Tapdım. Futliteratura. Ayaqla yazılan ədəbiyyat. Futbolun
ədəbiyyatı, ədəbiyyatın futbolu.
Ülvi BABASOY
Ədəbiyyat qəzeti.- 2018.- 30 iyun.- S.25.