Nezar Qəbbani (31 mart
1923-cü il, Dəməşq - 30 aprel 1998-ci il, London)
suriyalı şair, yazıçı. Ərəb
dünyasının tanınmış ədəbi
simalarından və siyasi xadimlərindən biridir. Fransız,
ingilis və ispan dillərini mükəmməl bilən,
ölkəsini bir çox Avropa və Asiya paytaxtlarında
diplomat kimi təmsil edən Qəbbani hakimiyyətlə
aralarındakı anlaşılmazlıq səbəbindən vəzifəsindən
istefa etmişdir. "Aşiqanə şeirlər
ustası" kimi tanınan Qəbbani 1967-ci il Ərəb-İsrail
müharibəsindən sonra ərəb poeziyasında
cığıraçan şair olmuşdur. "Geriləmə
kitabına haşiyələr" şeiri Beyrutda
"Al-Adab" jurnalının avqust 1967-ci il sayında dərc
olunur-olunmaz bütün ərəb dünyasında qadağan
olunmuş və ərəb ədəbiyyatının ilk
samizdat nümunəsi kimi gizlincə əldən-ələ
dolaşmağa başlamışdır. Bu şeirin
çapı eyni zamanda "Al-Adab Al-Huzarani" ("İyun ədəbiyyatı")
axınını da doğurmuşdur. İyun ədəbiyyatının
banisi və aparıcı şairi Qəbbaninin şeirləri
bir çox dünya dillərinə tərcümə
olunmuşdur.
Gözlərinin mavi limanında
rəngli
nəğmələri var yağışın...
Günəş
və heyrətli yelkənləri
təsvir
edirlər səfərini sonsuzluğa
Gözlərinin
mavi limanında
bir pəncərə
açılıb dənizə.
Uzaq
diyarlardakı quşlar
doğulmamış
yerlərin axtarışında.
Gözlərinin
mavi limanında
yaz
zamanı yağır qar..
Firuzə
yüklü gəmilər
özləri
batmadan
özlərində
dənizi boğurlar.
Gözlərinin
mavi limanında
bir
uşaq kimi qaçıram
səpələnmiş
qayaların üstünə,
İçimə
çəkirəm dənizin ətrini
Və
yorğun qayıdıram bir quş kimi.
Gözlərinin
mavi limanında
daşlar
gecə nəğmələri oxuyur..
Gözlərinin
bağlı kitabında,
O
kimdir ki, minlərcə şeiri gizlədir?
Kaş...
kaş ki, bir dənizçi olardım
Kaş
bir qayığım olardı,
Hər
gecə gözlərinin mavi limanında
yelkənlərimi
ucaldardım.
Bilqeys,
getmişdin
nar almağa…
Tikələrin
qayıtdı!
Onlar
Beyrutu unutdu,
Qəzzalini
öldürdü.
Yumulanda
gözlərin
dəniz
istefa verdi.
Bilqeys,
uçmuş
damın altından çantanı çıxaranda
O
anda bildim ki, mən bir
göyqurşağı ilə
yaşayırmışam.
***
Yeni
barmaqlar istəyirəm,
Fərqli
yazmaq üçün...
O
barmaqlardan ki, uzanmır,
O
ağaclardan ki, nə ucala bilir və nə ölür,
acığım
gəlir.
Səni niyə sevirəm?
Heç
bir qayığın yadına gəlməz ki,
su onu necə
qucağına aldı,
ya da burulğanda necə dağıldı!
Səni niyə sevirəm?!
Gülləyə sual verməzlər
ki,
hardan gəldin?!
Güllə üzr istəməz!
Soruşma məndən,
Səni niyə sevirəm?
Bunu nə mən bilirəm,
nə də sən...
***
Ən çox canımı sıxan dilimdir,
acizdir "sən"i
deməyə..
səni yazı da yaza bilmir.
Sən göy üzünü yoran bir qadınsan,
yorğun kəlmələrim
at kimi
ləhləyir sənin
zirvələrində,
yetərli deyil cümlələrim səni
vəsf etməyə
Bu çatışmazlıq sənin
deyil,
əlifbanındır
ki, yalnız iyirmi səkkiz hərfdən ibarətdir.
bu üzdən çarəsizdir
sənin qadınlığını
anlatmağa.
***
Məktubların poçt qutumda
ev göyərçinləridir.
Əllərimə təlaşla qonan
Ağ yasəmənlərdir,
Minnətdaram sənə yasəmənlərin
ağlığına görə.
Sənin
yoxluğunda neylədiyimi
soruşsan,
Yoxluğun?
Sən məndəsən!
Çamadanınla yeriyirsən
zehnimin səkilərində.
Sənin
vizan məndədir!
Hətta
biletin də...
Çıxışın qadağandır,
mənim qəlbimin
sərhədlərindən.
Çıxışın qadağandır,
mənim ehsas yurdumdan.
Yaqut dağıdır məktubların
poçt qutumda.
Beyrutu soruşmuşdun
Meydanlarını, kafelərini,
limanlarını, otellərini,
gəmilərini,
Hamısı, ... hamısı
sənin gözlərində
yerləşir.
Gözlərini yumsan,
yox olacaq Beyrut.
Hansı dildə danışırsan sən?
Sükutuna sığal çəkirəm.
Baxanda mənə
pəltəkləşirəm.
Sevginin dili sükut istəyir.
Eşqin
lüğətində bircə
qürbət sözü
yoxdur!
Hüzurun çox tanışdır
lap tarixin başlanğıcından.
Zamanlar içində
izlərin var.
Hansı dildə danışırsan
sən?
Dilini öyrənmək istəyirəm!
***
Özümçün səni sevmirəm
Sevirəm ki, gözəlləşsin
həyatın siması.
Sevmirəm ki, nəslim çoxalsın.
Sevirəm ki, sözlərimin sayı artsın.
***
Gözlərin sonuncu sahilin bənövşələri,
Küləklər məni vurdular.
Sandım,
şeir qurtaracaq məni
Qəsidələr məni qərq
etdi!
Sandım,
sevgi qoruyacaq məni
Qadınlar məni məndən
aldılar!
Bəli,
sevgilim,
daha mənlə yoldaş olmağa,
çətin ki, bu gecədə bir qadınla rastlaşım.
Çətin ki, məni məhəbbət
yağışıyla yusun.
Çətin ki, ki bu
zaman şairlər yazsınlar.
Qəribədir, hələ də qəsidə var,
odların, tüstülərin
ortasından keçir...
Pərdələrin, çatların,
boşluqların arasından
yuxarı qalxır
Bir çapan at kimi
Qəribədir ki, hələ də yazı var
İtlərin iy çəkməyi
varkən,
söhbətlərin yeni zahiri varkən,
ola bilər hər şeyin başlanğıcı yaxşı
olsun.
***
O zaman ki, balıqlara
gözlərinin
ünvanını verdim
bütün köhnə
ünvanları unutdular.
O zaman ki, Şərq
dünyasının tacirlərinə
bədəninin xəzinələrini
dedim,
Hində
sarı gedən karvanlar
qayıtdılar ki, səndən
bəyaz fil dişlərini alsınlar.
O zaman ki, küləyə
dedim
qara saçlarını
darasın,
üzr dilədi ki, ömür qısadır, amma
sənin saçların
uzun.
***
O əsrdəki Tanrı boğçasını bağladı
özündən bircə
ad qoymadan!
Mən sənə sığındım,
mənimlə qalasan
ki, üzüm salxımları və arxlar
və azadlıq
büsbütün qalsın.
Və sevgi cümhuriyyəti
bayrağını dalğalandırsın!
Qorxuram,
yağış dünyanın
hər yerinə yağsın
və sən olmayasan...
Yağış arzum vardır, sən gedən gündən.
Ax… qış idi,
Qış dərisini soyunurdu
mənim üstümə,
Qorxum yoxdur soyuqdan, darıxmaqdan...
Və sən zümzümə edirdin,
əllərini gətir
saçlarım burdadır.
İndi
otururam
və yağış
qamçılayır,
qollarımı, üzümü,
qamətimi..
Bəs kimə
sığınım?
Gözlə baxış arasında
səfərə çıxan
göyərçinim,
Səni necə xatirimdən silim?
Daş üstünə hək olunmuş
tək ürəyimdə
əbədisən.
Damcı-damcı qanımda, ey evi olanım
haralarda olsan, sevirəm səni!
Tapılmamışlar vardır səndə
tarixdən, iqbaldan
bir parça,
ey həyatıma addım atanım!
Nezar Qəbbani
Tərcümə edəni:
Ümid Nəccari
Ədəbiyyat qəzeti.- 2018.-
30 iyun.- S. 30.