Stəkan
Hekayə
Aman Allah, bu nə deməkdir?! Hüzür mərasimində
qarşıma diqqət çəkə biləcək
xüsusi bir əda ilə qoyulmuş çay stəkanının
üzərində mərhumənin adı həkk olunmuşdu.
Heyrətlə gözlərimi dörd edib
sağıma, soluma nəzər yetirdim. Dedim bəlkə
o birilər də belədir. Yox, heç bir stəkan
yazılı deyildi. Amma eyniydi-armuduydu
hamısı.
Təkcə mənimki seçilirdi. Niyə?
İlk olaraq fikrim uzaqlara gedib çıxdı.
Xəyalən cavanlıq dövrlərimi ələk-vələk
etdim... Aha, deyəsən, yadıma düşürdü hər
şey. Stəkan əhvalatının
tarixçəsi uzaq illərdən adlayıb gözlərim
önündə dayandı. Özümü
itirdim. Ürəyim ölçüyəgəlməz
sürətlə döyünməyə başladı.
Birdən o günədək heç hiss etmədiyim qəribə
hallarla üzləşdim , həm zahirən,
həm daxilən.
Mənlə yasa gələn dostum bir göz
qırpımında dəyişilən vəziyyətimi
açıq-aydın duydu. Böyrümə yüngülcə
dürtmə ilişdirdi:
- Nə
oldu sənə birdən-birə? Özünü
ələ al, camaat baxır.
- Hə...
Heç ... nəsə, başım ağrıdı...
Sonra baxışları özümdən kənar salmaq
üçün süni də olsa, tez farağat
görüntüsü aldım. Və dostuma bildirdim:
- Hər
şey qaydasındadır, yaxşılaşdım. Narahat olmağa dəyməz.
Əslində zahiri vücudumu gizlədirdim, batinim isə
öyrənib biləcəyim ciddi bir məsələnin həyəcanını,
narahatçılığını yaşayırdı. Elə bu
daxili təbəddülat içində hüzür mərasimindən
çıxdıq. Dostum sakit bir məqamı fövtə
vermədi, dedi:
- Yekə
kişisən, danış görüm sənə nə oldu
orda? Niyə əlüstü şok vəziyyətinə
düşdün?
Anladım
ki, dostum stəkandakı yazının fərqinə
varmayıb. Çünki necə deyərlər,
burnuna azacıq qoxu sızsaydı, əl çəkməyəcəkdi.
Bələdəm xasiyyətinə. Ona görə də yüngül qurtardım dostumun
qarmağından. Suallarına da
"başım ağrıdı","ürəyim
sıxıldı" deməklə kifayətləndim. Ertəsi gün ikinci dəfə həmin yasa getdim.
Bu dəfə ayrı bir tanışımla.
Hüzürün üçüncü
günüydü. Ehsana düşməyək deyə tez getdik
yasa. Boş yer tapıb əyləşdik.
Heç bir dəqiqə çəkmədi ki,
dünən mənə çay gətirən oğlan
qarşımda peyda oldu. Padnosdan
götürdüyü stəkan-nəlbəkini yenə
gözə dəyəcək bir ironiya ilə mənə tərəf
uzatdı. Mən isə birlikdə gəldiyim
yoldaşımın yaşını nəzərə alıb
çayı onun yanına qoymaq istəyəndə oğlan
tez-tələsik dilə gəldi:
- Xeyr,
xeyr! Dayanın! Hərənin öz qisməti var. Onunku bax,
budur, verirəm... Siz öz
çayınızı için.
Dillənmədim. Fikirlər məngənəsində
susdum. Sonra çaypaylayan oğlan
demiş, "öz qismətimi" yaxınıma çəkdim.
Qeyri-ixtiyari stəkanı fırlatdım.
Bu dəfə də həmin stəkan!...
Vay sənin... Həqiqətən də burda nəsə bir
iş var. Ancaq növbəti dəfə özümü itirmədim.
Soyuqqanlılıqla stəkanı gözdən
keçirdim. Mərhumənin adı
oyularaq yazılmış və üstünə Günəş
rəngi çəkilmiş tərəfini nəzərimdə
saxladım. Həm də
qarşımdakılar görməsinlər deyə belə
etdim. Əllərimi də tez-tez eyni məqsədlə hələ
buğlanmaqda olan stəkanın yan-yörəsinə tuturdum.
Hüzür yerindən ayrıldıq. Mənimlə
bahəm gələn yoldaşım heç nə duymadığından
içimi yandırıb-yaxan mövzuyla bağlı sual-filan
yağdırmadı üstümə.
***
Aradan bir neçə gün ötmüşdü. O məsələni qəlbimdə
hey üzüb-düzür, düşüncələrə
dalırdım. "Rəna" adının həkk
olunduğu gözoxşayan armudu stəkanın məxsusən
mənim qarşıma qoyulması təsadüf sayıla bilərdimi?
Özü də ikinci dəfə təkrarlanması, habelə,
stəkanı mənimlə birgə gələn
tanışımın yanına çəkdiyim anda
çaypaylayanın "hərənin öz qisməti
var" deyə təlaşla səslənməsi təsadüfün
yoxluğuna növbəti işarət deyildimi?
Görünür, bu işdə, təkrar söyləyirəm:
nəsə bir əl fırlanır. Çaypaylayansa
əslində bu hadisənin içindədir. Söz yox ki, xəbərsiz deyil bunlardan. Onu tapıb əməlli-başlı sorğu-suala
çəkməliyəm, - deyə ürəyimdən
keçirdim.
Sir-sifətindən də tanıyırdım onu.
Stəkan
əhvalatı varlığıma büsbütün hakim kəsilmişdi: Necə
olub vaxtilə mənim əllərim toxunmuş o stəkanı
indiyədək saxlayıblar? Çox maraqlı
və heyrətamizdir, deyilmi? Mütləq
öyrənməliyəm.
Artıq hər şeyi, ev-eşik
qayğılarını, fərdi iş-gücümü arxa
plana atmışdım. Fikirlərimi yalnız bu olayın
çözülməsinə tuşlamışdım. Vaxt itirmədən oğlanın
yaşadığı məhəlləyə getdim. Sən demə, Rənagil onlarla qapıbir
qonşuymuşlar. Birevli olublar. Ələlxüsus
da çaypaylayan
oğlanın böyük bacısı Zərifə onunla
lap ana-bacı kimi idilər. Sirlərini bir-birindən gizlətməzdilər.
Necə deyərlər, dəli bir maraqla evlərinə adam göndərdim, oğlanı
çağırmasını xahiş etdim. Çox
heyif, olmadı evlərində. Dedilər
yasın üçü gününün səhərisi
Türkiyəyə yollanıb. Övqatım
pozuldu. Hövsələmə heç vaxt
dilimə vurmadığım acı bibər qatıldı
sanki.
Amma
ümidverici məlumat da eşitdim: "Ayın sonunadək
oğlan gələsidir. Xəbər verərik
tapar sizi". Sevincək nəm-nişanımı,
iş yerimi xatırlatdım. Gözləyəcəm,
- deyə dönə-dönə vurğuladım.
Gecəli-gündüzlü gözdə-qulaqdaydım. Onun
qohumları, tanışları hesab etdiyim adamlardan
gözümə sataşdıqca, səbrimi basa bilməyib gəlib-gəlməməsi
haqda soraq tuturdum. Hələ ki, xəbər-ətər
yoxuydu... Nəhayət, birdən iş yerimin nimdaş
qapısı açıldı. Elə bildim dünyanı mənə
bağışladılar: Özüydü, həmin
çaypaylayan oğlan!
Bir göz qırpımında yerimdən
sıçrayıb görüşdüm və münasib
yerdə əyləşdirdim. Yaş fərqimizi
unudub köhnə, həmyaşıd dostlar kimi hal-əhval
tutdum. Xatırlamıram ki, bu vaxtacan
hansı bir yaxınımla beləcə mehriban
görüşməyim, dil-ağız etməyim olsun. Elə bil qənşərimdə mənə
dünyanın indiki dillə desək, qlobal sirlərini faş
edəcək şəxs dayanmışdı. Uzun-uzadı xoş-beşə nöqtə atıb əsas
mövzuya keçmək istəyirdim. Hiss edirdim ki, o da məni
anlayır və gözlədiyim söhbətə
başlamağa tələsir. Bu an o, özünü bilməməzliyə
qoyub ilk sualını dilə gətirdi:
- Deyirlər
məni əlimyandıda axtarmısınız? Nə
yaxşı?
Mən də
özümü o yerdə qoymayıb müqəddiməsiz
-filansız ürəyimdəkiləri tökdüm bayıra:
- Yəqin
yas mərasimi yadından çıxmayıb. Bax, həmin
hüzürdə ad yazılmış stəkanda çay gətirdin
mənə...
- Hə,
elədir, gətirdim.
-
Çox gözəl.. İndi sualıma
cavab ver görüm, yasın ertəsi günündə də
eyni stəkanın
mənə düşməsi və yenə sənin tərəfindən
verilməsi təsadüf idimi,
yoxsa, yox?
- Xeyr, təsadüf
deyildi.
- Aha... Elədirsə, xahiş edirəm hər şeyi təfsilatı
ilə açıqlayasan.
- Rəşid
əmi, əslində mən sizi yasdan sonra görüb
danışmalıydım. Ancaq iş elə alındı ki,
təcili olaraq Türkiyəyə getdim, görüşə
bilmədik... Gördüyünüz və
çay içdiyiniz o yazılı stəkanı bacım Zərifə
vermişdi mənə. Onun
ölümündən bir neçə gün əvvəl.
Stəkanı Rəna xala rəhmətlik
özü əmanət etmişdi bacıma. Bərk-bərk tapşırmışdı ki,
qardaşına verərsən, gizli saxlayar. İşdi,
Rəşid yasıma gələrsə, həmin stəkanda qardaşın
çay süzüb
aparar ona. Ancaq kimsə duyuq düşməmək
şərtilə. Yasdan dərhal sonra isə
o stəkanı Rəşidə çatdırar. Həm də and verdirib demişdi ki, əgər Rəşid
stəkanı götürməsə, gözünün
qabağındaca daş üstünə qoyub
çilik-çilik edin. Bizim nakam məhəbbətimiz
kimi.
Cavan müsahibim bunları söyləyib birdən-birə
susdu. Mənimsə içimin dərinliklərinə
sığınıb yuva salmış, üstünü
qalın toz-duman örtmüş baldan şirin xatirələrim
çözələnib qarşıma səpələndi.
Düzdür, artıq o şirinlikdən əsər-əlamət
yoxuydu. Əbədiyyətə
gömülmüşdü hər arzu-istəyim. O xatirələri
indi əvəzləyəcək yalnız acı göz
yaşlarım və ürək
sızıltılarımıydı.
Qəm
içində özümdən xeyli kiçik həmsöhbətimə
dübarə diqqət kəsildim... və dilləndim:
- Sən
Allah, ağzına
qıfıl vurma, söylə. Daha nə
bilirsən bu haqda? Nə
danışıblar sənə? De da, niyə
utanırsan?
Hətta
zarafata keçdim:
- Kənan,
(onun adı belə idi) utananın oğlu olmaz deyiblər ha...
- Rəşid
əmi, mamamın canı, utanıb-eləmirəm. İntəhası, bacım nə demişdi,
hamısını da çatdırdım. Başqa nə deyim? Bir də
axı bacımın əsas tapşırığı oydu
ki, stəkanı mən özüm gizli saxlayım və onda
sizə çay süzüb verim. Bunu da
min şükür, bacardım. Kimsə
duyuq düşmədi.
Ürəyim
qan ağlasa da sifətimə xoş bir təbəssüm
çiləyib Kənanın başını
sığalladım: - Demək, komandanlığın əmrini
can-başla yerinə yetirmisən, eləmi? Afərin olsun sənə,
əsl qəhrəman əsgərsən!
O, da incə
yumorumu anlayıb gülümsədi:
- Elədi
ki var, cənab Rəşid əmi, - deyə xüsusi bir ədayla
cavab verdi.
30-35 ilin sözüdür. Necə deyim, əməlli-başlı
vurulmuşdum Rənaya. Belə
olacağını ağlıma heç gətirməmişdim.
Nə məktəbli olmağımız, nə yaşımızın
bir qədər azlığı qeyri-adi ünsiyyətimizə,
başqa adla desək, aramızdakı sevgi
bağlarının cücərməsinə mane ola bilməmişdi. Hər gün toxunan
baxışlarımız, şirindən-şirin söhbətlərimiz,
bəzən nəfəsimizin belə bir-birinə
qarışması bizi özümüzdən asılı olmadan
sevginin gözəgörünməz alovunda yandırmaqdaydı. Yan-yörəmizdə
pıçhapıçlar, dedi-qodular da yaranır və
alaq otu kimi artırdı. Məhşur məhəbbət
qəhrəmanlarına bənzədib bizə atmaca atanlar da
tapılırdı. Vecimizə deyildi ancaq.
Mən öz payıma deyirəm, kim nə
danışırdı danışsın, bax, bu
qulağımdan alıb o birindən ötürürdüm kənara.
Məhəbbətin sirli gücü
gözümdə getdikcə böyüyürdü.
O gün
gəlib yetişdi ki, orta təhsilimizin son ili
də arxada qaldı. Hər ikimiz məzun
olmuşduq. Rəna dərslərində zəif
idi. Ali təhsil almaq fikrindən xeyli kənardaydı.
Əslində mən də ondan qalıcı
deyildim. Güc-bəla ilə bitirdim on biri... Lakin
özümü gələcəkdə ali
təhsilli kimi görmək istəyi nədənsə bir
nömrəli hədəfimə çevrilmişdi. Qəbula
gedəcəyimi ona açıqlayanda, qızın gülərüz, parlaq sifətindən
əsər-əlamət qalmadı. Pəri-puru
qırıldı.
Mənə
cavabı da qəribə oldu:
- Aləmi
güldürmə özünə, səndən oxuyan
çıxar?
Gözləmədiyim
sözlər məni tutdu:
- Niyə
çıxmır, - dedim.
Pərtliyimi
duyub mənə sığındı və:
- Rəşid,
sənə qurban, incimə. Sözgəlişi elə dedim. Yəni istəyirəm məndən uzaq düşməyəsən.
Əsgərliyini sov, ailə quraq, xoşbəxt
yaşayaq. Nə çoxdur iş. Bilirəm,
hər sənət də Allaha şükür, əlindən
gələr. Aciz-avara deyilsən ki.
Guya ali məktəb bitirməsən
yaşaya bilmərik?!
Təəssüf ki, mən sevginin dərinliyinə
varmadan onun fikrinə qarşı çıxdım. Tərslik
etdim. Qırımımı hiss edib - Nə deyirəm,
oxuyacaqsan, oxu, - dedi. Ardınca gülə-gülə əlavə
etdi: - Mən də böyük Rəbbimə dualar edəcəyəm,
heç instituta qəbul ola bilməyəsən. Həmişə mənim yanımda qalasan.
Ürəkdən qəhqəhə çəkdim və
onu bağrıma basmaq istədim. O tez özünü kənara
atdı.
***
Ali təhsil almaq marağı ilə Bakıya üz
tutdum. Döşümə yatan ixtisaslardan birini
seçdim. İlk imtahanda bəxtim gətirdi.
Bir "üçlə" canımı
qurtardım. Amma ikinci sınaqda bəxt
dediyim şey üzümə gülmədi, kəsildim. Elə o andaca Rənanın qəbul
olunmamağımdan ötəri "dualar edəcəyəm"
deməsi yadıma düşdü. Qeyri-ixtiyari
dodaqlarım qaçdı... demək, mənim kor-peşman
rayona qayıtmağım Rənanın ürəyindən xəbər
verəcək. Hələ üstəlik aparacağım
kiçik hədiyyə də onu sevindirəcək. Hədiyyəmsə, adicə bir armudu stəkan idi.
O adi stəkana "Rəna" adını həkk etdirib
qeyri-adilik yaratmışdım...
Rənanın adı yazılmış stəkan
artıq əlimdəydi. Onun hədiyyəyə görə deyəcəyi
sözləri də təxmin etmişdim:
- Rəşid,
bizə gələndə sənə bu stəkanda pürrəngi
çay süzəcəm.
Elə fikirləşdiyim kimi də oldu. Amma o, ürəyindəkiləri
bir qədər başqa tərzdə çatdırdı:
- Təki Allah bizi ayırmasın, Rəşid. Gün o
gün olsun elçi göndərəsən, razılıq
alınsın. Evimizə birinci gəlişində
bax, bu stəkanda sənə öz əllərimlə
şirin çay verəcəm.
-
Canım Rəna, mən də səbirsizliklə o günü
gözləyirəm.
***
Sözün qısası, ona çox
bağlanmışdım. Lap çox. Adi
cümlələrlə necə ifadə edim axı fikrimi... Qəribədir, tanıdığım yaxın, uzaq
qohumları da mənə şirin və doğmaydı. Onların evləri, o evin yan-yörəsi, yalan
olmasın, məhəllələri belə gözümə
müqəddəs məkan kimi görünürdü. Binalarının qarşısında başqa
ağaclardan seçilən yaraşıqlı narbənd
ağacı əkilmişdi. Görənlər
bilir, əslində bütün narbənd ağacları
gözəl və cazibədar olur. O isə mənim aləmimdə
tam fərqliydi. Çox sevirdim o ağacı.
Həm də qibtə edirdim ona. Bəzən
paxıllığım da tuturdu... Narbəndi deyirəm ee.. Çünki o, ürəyimin sevgisini tamamilə
ram etmiş Rənanı hər gün görə bilirdi. Onun başına, bədəninə kölgə
salır, onun səsini dinləyir, məhəbbəti
aşıb-daşan qəlb aləminin döyüntülərini
eşidirdi. Necə də qibtə etməyəydim
ağaca?..
Sizlər
yəqin həyatda, yaxud telekanallarda dənizdən boy verən
Günəşi diqqətlə seyr etmisiz... Gülməli
də olsa, deyəcəyəm, mən isə sevdiyim
qızın yaşadığı binanı, o ərazini dəniz
kimi təsəvvür edir, özünü isə sulardan
qalxan böyük Günəşə bənzədirdim.
Məhəbbət doğrudan da həddən
ziyadə cazibəli, həm də müəmmalı bir
romantikadır. Baş açmaq, sirlərini
anlamaq çətindir. Ürəyim doludur.
İstəsəm uzun-uzadı danışaram bu
haqda. Lakin yox... Sizi də yormaq fikrindən
uzağam. Yer üzündəki hər bir oğlan və
qıza sözün doğru mənasında
əsl aşiq-məşuqluq
arzulayıram. Mənə sonadək qismət
olmadı. Yarıda qaldım.
Tez-tez xəyallanıram... deyirəm əgər o insanla
ailə qursaydım, nə qədər şən və firavan
həyat qazanardım. Bəlkə də yox.. Ax, necə bəd gəldi dilimə. Günaha batdım.
Məncə saf sevgi itəsi-batası bir oyuncaq
deyil. Olsa-olsa şəraitə, yaşa
görə zahiri əlamətlərini,
görüntüsünü dəyişə bilər.
Bir də
axı, dəqiq nə deyim... Əsl sevgiylə
ailə həyatını yaşayanlar bu
sadaladıqlarımın məndən də yaxşı
izahını verərlər. Mənsə
uzaq düşdüm o xoşbəxtlikdən. İndi içimin dərinliklərində qaysaq
bağlamış iri bir dərdi daşıyıram. Qəbir evinədək də aparacayam o ağır
yükü.
Bizim ləkəsiz, saf eşqimiz çoxlarının
yuxusunu qarışdırmışdı. İstəməyənlərimiz
barmaqla sayılası deyildi. Elə biz tərəfdən
də, onlar tərəfdən də. Qulağıma
dəyən səslərdən anlayırdım ki, Rənanı
sıxma-boğmaya salanlar yağışdan sonrakı göbələklər
qədərmiş.
Ona
görə də son səfər Bakıya getməyimi bildirəndə,
Rəna göz yaşlarını toparlaya bilmədi:
- Məni
artıq zorla başqasına ərə vermək istəyirlər,
Rəşid, - dedi, gəl bu daşı ətəyindən
tök. Elçilərini göndər, onda bəlkə
bizimkilər insafa
gəlib yumşaldılar, fikirlərindən vaz
keçdilər.
Bir
görün mən nə etdim:
- Bir az da döz, qəbul olunmasam, qayıdan kimi,
anamgili sizə göndərəcəyəm. Mütləq,
arxayın ol, deməklə sevdiyim qızın
qarşısında vəzifəmi bitirmiş sandım.
Əslində
qəbul olacağıma elə də əmin deyildim. Bəs
onda niyə onun ürəyindən qopan fəryadına məhəl
qoymadım? Bəlkə bizi Yaradan belə
edirdi ki, sevgimiz baş tutmasın, ayrılaq bir-birimizdən.
Yox, yox, bu, qətiyyən olmazdı. Hələ uşaqlıq zamanımdan eşidərdim
ki, Tanrı həmişə bir-birini sevənlərin tərəfində
durur. Mənə görə ağlım indi-indi belə
kəsir ki, kimin sevgisi daşa dəyirsə, əksər halda
öz səhvləri ucbatından qurbana çevrilir...
Axırıncı dəfə institutdan kəsilib
qayıdanda nə eşitsəm yaxşıdır?! Rənanı
məcburən nişanlayıblar. Oğlan
da onun atasının uzaq qohumlarındandır. Milis
sistemində çalışır... Biçarə
qız qəti etiraz edib. Hətta
özünü öldürmək həddinə
çatdırıbdır. Güc-bəla
ilə xilas ediblər.
Eşitdiyim o xəbər məni büsbütün
sarsıtdı. Dəli olmaq dərəcəsinə gəlmişdim.
Aylar, illər ötüşüb arxada qaldıqca, həyata,
insanlara qarşı baş qaldıran mənasız nifrətim
də bir qədər səngiyir, başlıcası isə
özümün buraxdığım səhvləri, bivecliyimi
duymağa, saf-çürük etməyə
başlayırdım. Özümün özümə qəzəbim
tuturdu. Hələ işə bax ki, bütün dünya üçün ən
ali dəyər sayılan oxumağı, kitabları da rəqib
gözü ilə görürdüm. Nişanlanma
hadisəsindən sonra bir kitaba belə yaxın düşmədim.
Onların hamısını Rənanı məndən qoparan
fitnə, fəsad sanırdım...
Yüz
faiz səhvim idi ali təhsil almaq xəstəliyinə
yoluxmağım. Məni Əli aşından da
qoydu, Vəli aşından da. Hara yetər,
qurtardı, bitdi artıq sevgim. Sevincim də
sevgimlə bərabər uçub yox oldu.
Sonradan həyatımın qibləsini də
tutammadım.
Ağır dərddir... Deyirəm barı
indən belə başqa cavanlar mənim kimi olmasınlar. Sevgilərini qorumağı bacarsınlar. Bir də yaxşı olar ki, hər kəs gedə
biləcəyi yolla getsin, bacara bilməyəcəyindən
uzaq dursun. O halda, vallah, üç-beş günlük
dünyamız necə də şirin gələr insana.
Mənsə bu şirinlikdən yan ötdüm. Bir vaxt
hansı arzularla "Rəna" adı yazdırdığım
stəkanda onun əli ilə dünyanın ən dadlı,
tamlı hesab edəcəyim çayını içə
bilmədim. Və illər sonrası isə
o bədbəxtin ölümünün, yasının
çayı mən talesizə nəsib oldu.
Təsəllimsə
"Rəna"nı daim
gözümün önündə saxlamaq olacaq. O stəkanda hər
gün çay içəcəm. Sözsüz
ki, ürək acılarımla bərabər.
Sentyabr 2017
Fərəc Fərəcov
Ədəbiyyat qəzeti.- 2018.- 30 iyun.- S.28-29.