“Ondan sonra, kim?”
Jorj Braksız Pikasso, Pikasso olmazdı
Jorj Brak
müasir incəsənətin üçüncü
adamıdır. Matiss və Pikasso hər şeyi idarə edirlər.
Brak kölgədə dayanır, sanki öz rənglərilə
pərdələnmişdir: Brak-qəhvəyisi,
yaşılı, qarası ilə. Onun qəhrəmanı
Sezann haqqında deyirdilər ki, onun rəsmləri
tamaşaçılara "Mənə baxın" - demirdi,
"Baxın, buradadır" - deyirdi. Beləliklə, Brak ilə
də belə idi, o, 10 il və ya daha uzun müddət rəsm
üzərində fikirləşməyi qeyri-adi hesab etmirdi.
Onun cəsurluğu, onun astagəlliyi kimi aldadıcı idi.
1989-cu ildə Nyu-Yorkun Müasir İncəsənət Muzeyində
Pikasso və Brak əsərlərindən ibarət
"Öncül Kubizm" sərgisinin rəsmi
açılışında Pikasso ailəsi üzvlərini
"Bəs Brak haradadır?" - sualını verərkən
görmək olardı.
O,
bayağı qavrayışlara düşməndir. Bu, qismən
əlaqə saxladığı adamlar və qismən də qət
etdiyi məsafə ilə bağlı olan bir şeydir. 1907-ci
ilin sonlarında Brak Fransanın cənubunda Estak adlanan
kiçik bir yerin (onun evləri, ağacları, yolları,
keçidləri) silsilə rəsmlərini işləməyə
başlamışdı ki, bu işlər növbəti bir
neçə ay ərzində heç bir adı, məktəbi,
qaydası və heç bir presedenti olmayan -
yoldaşlarını və tənqidçilərini heyrətdə
qoyan rəssamlıq üslubuna çevrildi.
Estak mənzərələri
ənənəvi düşünülmüş peyzajdan daha
çox peyzaj ideyası üzərində variasiyalar idi. Hər
bir element kontekstə daxil edilmişdi; lakin məkan duyğusu
get-gedə yox olurdu. Məkan yenidən
düşünülmüş və yenidən qurulmuşdu.
Brakın rəsmlərindəki formalar ənənəvi
perspektivə uyğun olaraq yumşaq bir şəkildə arxa
plana geri çəkilmək əvəzinə,
amansızcasına seyrçiyə tərəf irəliləyirdi.
Peyzajlar sanki hansısa yeraltı vulkanik fəaliyyəti və
ya eroziya prosesini göstərən landşafta
çevrilmişdi. Evlər və ağaclar işıq, məkan
və qeyd-şərtsiz ləyaqət haqlarını geri almaqla
sakitcə öz hüquqlarını bərpa etmişdilər.
Əsərlərə
baxaraq Matiss, müşahidə etdi ki, Brakın evləri (ya da
onları göstərən əlamətlər) formal olaraq
"peyzaj ansamblında seçilmək üçün"
və eyni zamanda mənəvi cəhətdən
"onların təmsil etdiyi insanpərvərlik
ideyasını inkişaf etdirmək üçün"
istifadə olunub. Başlanğıcda göy üzündən
hələ bir iz var idi. Növbəti yay göy üzü
tamamilə yoxa çıxaraq "hər tərəfdə"
şəkil çıxıntılı arxa planla əvəz
olundu. Ənənəvi peyzaj məkanı ənənəvi
perspektiv kimi eyni taleyi yaşadı. Göy üzü növbəti
20 il ərzində görülmədi.
1908-ci ildə
Paris Payız Salonunda ən güclü sərgini
nümayiş etdirmək arzusunda olan Brak, Estak mənzərələrindən
altısını təqdim etdi. Münsiflər heyətində
Geren, Marke, Matiss və Ruo var idi. Onlar onun bütün təqdimatını
rədd etdilər. Belə hallarda salonun qaydaları münsiflər
heyətinin hər bir üzvünə rədd edilmiş
işlərdən birini "xilas etmək" icazəsini
verirdi; Yalnız Geren və Marke bu cür etməyi qərara
aldılar, beləliklə şəkillərdən ikisi oyunda
qaldı. Bu, Brak üçün çox xoşagəlməz
oldu, o, şəkillərin hamısını geri
götürdü və Matissi günahlandırdı. Sonralar tənqidçi
Lui Voksel, Matissin ona bu sözləri dediyini nağıl edirdi:
"Brak, indicə kiçik kublardan təşkil olunmuş
bir rəsm göndərib." Sözügedən rəsm,
çox güman ki, indiyədək də sərgilənməmiş,
lakin bənzəri nə görülən, nə də duyulan
"Estak evləri" (1908) idi.
Ortalıq
sakitləşdikdən sonra Matiss onu "həqiqətən
kubizmin mənşəyini təşkil edən ilk rəsm"
kimi anmışdı. "Biz bunu olduqca yeni bir şey kimi qiymətləndirdik,
bu barədə çox müzakirələr oldu". Daha
sonra o, daha əhəmiyyətli bir detalın
aydınlaşmasına imkan verdi. Matiss bu rəsmi Brakın
emalatxanasında deyil, "onu dostları ilə müzakirə
edən Pikassonun emalatxanasında" görmüşdü.
Pikasso onu araşdırmaq və öyrənmək üçün
müvəqqəti götürmüşdü. Matiss və
Pikasso kifayət qədər yaxşı bilirdilər ki, şəhərdə
üçüncü bir adam var - yeni bir silah - bəlkə də
daha astagəl, lakin təhlükəli.
Brak üsyanının sarsıdıcı effektləri vardı. Bu işin cəsarətliliyi onu Pikasso ilə əməkdaşlığa gətirib çıxardı. O, nə vaxtsa bu yırtıcı dahi ilə belə bir əlaqəni davam etdirən yeganə rəssam idi. Onlar gələcəyi qanuniləşdirərək, keçmişi dağıdaraq, qərbin baxış perspektivini devirərək sıx əməkdaşlığa, bəzən demək olar ki, bir yerdə yaşamağa başladılar. Əlaqələr, ən az altı il (1908-1914), evlilik modeli adlandırıla biləcək şəkildə və həyatlarının qalan hissəsində (digər 50 il), tənzimləmə vəziyyətində davam etmişdi. Bu əlaqələrin xarakteri çox da aydın deyildir: bu əlaqələr çox vaxt zənn edilənin əksinə olaraq daha uzun, daha mürəkkəb, daha yaxın və bərabər dərəcədə tarazlaşdırılmış formada idi.
Pikasso və Brak
...Pikasso Brakın onsuz nail olduğu uğurlara və onların gələcək nəsillərə verə biləcəyi töhfələrə həsəd aparırdı. Məsələn, "Meyvə qabı və şüşə" (1912), Pikassonun Parisdə olduğu müddətdə, Avinyonda dükandan satın alınmış ağac maketi divar kağızı ilə tamamlanan ilk papye-kolle (yapışdırılmış kağız və ya kollaj). O, Brakın işlətdiyi fəndlərə qısqanclıqla baxırdı. Hər dəfə Pikasso sənət bilicisi Duqlas Kuperə baş çəkdikdə, gedib Kuperin qürurla yatağının başından asdığı "VIII Studiya" (1954-55) əsərini tədqiq edərdi. Nə düşündüyünü soruşduqda, öz-özünə mızıldanardı: "Başa düşmürəm, başa düşmürəm."
Brakın sirli "Studiya"ları (1949-56), hər şeyin və bütün anlayışların sığınacağı, Pikassonu yarışa çağırdı. O, çağırışa studiya rəsmlərinin ən məşhuru, Velaskesin "Meninlər"inə 1957-ci ildə ilk variasiyası ilə dolayı yolla cavab verdi. Lakin o, hallusinasiya doğurucu həmin kətanlarda Brak tərəfindən nail olunan elementar qəribəliklə, ölçüyəgəlməzliklə, tam əhatəliliklə müqayisə edilə bilməzdi. "Yetkin Brak"- Baxın, Rembrandtın və ya Rilkenin son işləri ilə bir sıraya qoyula biləcək ali fərqlənmə işləridir, lakin onlar nə rəssamın öz karyerası ilə, nə də ümumi mədəni irs fondu ilə demək olar ki, oxşar deyildir.
Nəhayətində, Pikasso şəxsiyyətin özünə həsəd aparırdı. Brakın edə bildiyi, lakin onun edə bilmədiyi şeylər tapmaca və provokasiya idi. Brakın onun ola bilməyəcəyi bir şey olması müntəzəm bir əzab idi. Mənəvi və metafizik olaraq, Brak rəqabət xaricində olan bir məqama sahib idi, o əlçatmaz idi. Brak mövcudluq anına köklənmişdi. "Az sayda adam deyə bilər: mən buradayam"- o, müdrikcəsinə deyirdi. "Onlar özlərini keçmişdə axtarırlar və gələcəkdə görürlər". Onun demək olar ki, mistik bir aurası var idi, amma insanlar arasında ən az xəyalpərəst olan da, o idi. O, hamiyə çevrilmişdi, müstəqil, gözdən uzaq, dərkedilməz həqiqi incəsənət ustası. Yaşlı Brak haqqında hekayətlər Dzen halqasına bənzəyir. O, həmişə "istedad"a şübhə ilə yanaşırdı və israr edirdi ki, onda o yoxdur. Onun fədakarlığı tam idi. "Rəssamlıq hər şeyə bir cavabdır" - o, Nikola da Stala deyirdi, "hətta uğura da".
"Ondan
sonra, kim?" deyə Amede Ozanfan soruşurdu. O, sadəcə
nüfuzlu deyildi, o çox daha nadir bir fərqliliyə malik
idi. O özü üçün Pol Valeri tərəfindən
gözəl ifadə edilən bir şöhrət
qazanmışdı: "Başqa birisi üçün fədakar
həyatın nümunəsi olmaq, yabançı biri tərəfindən
gizlicə anılan, təsəvvür edilən və onun
öz düşüncələrinin
sığınağında yerləşdirilmək və beləcə
ona bir şahid, bir hakim, bir ata, bir müqəddəs müəllim
kimi xidmət etmək." Jorj Braksız Pikasso, Pikasso
olmazdı. Bir çoxları da bunu hiss edirdilər.
Üçüncü adam tonu təyin etmişdi. O,
böyük tərəfdar kimi rol almışdı. Nəhayət
ki, o, yalnız öz tərəfində durur. Onun
özünün tanınmasının zamanı gəlib
çatmışdır.
Aleks Dançev
İngilis dilindən tərcümə
edən:
Günay Rzalı
Ədəbiyyat qəzeti.- 2018.- 30 iyun.- S.31.