Xeyirxah alman
Hekayə
"Funk və
K" poladtökmə zavodunun
sahibi zavodun baş ustası İvan Karloviç Şveyi Tverə hansısa sifarişi yerinə yetirmək üçün göndərmişdi. İvan sifarişlə
dörd ay əlləşdi
və cavan arvadı üçün
o qədər darıxdı
ki, iştahasını
belə itirdi, iki dəfə də ağladı.
O, Moskvaya qayıdanda bütün yol boyu gözlərini əlləriylə örtüb
düşündü: evə
gələcək, aşpaz
Marya qapını ona açacaq, arvadı Nataşa da boynuna sarılacaq
və sevincindən qışqıracaq..."Nataşa
məni gözləmir"
fikirləşdi. "Belə daha yaxşı olar. Qəfil sevinc yaxşıdı, lap yaxşıdı..."
O, Moskvaya axşam qatarıyla gəldi. Artelçi onun yükünün dalınca gedib gələnə kimi İvan artıq bufetə girmişdi, iki butulka da
pivə vurmuşdu...
O, pivədən xumarlanıb
daha xeyirxah olmuşdu; faytonçu İvanı vağzaldan Presnaya gətirəndə
o, yolda elə hey donquldanırdı:
- Bax, sən faytunçusan, özü də yaxşısından...Mən
rusları sevirəm...Sən russan, mənim arvadım da rusdur... və
deməli, mən də rusam... Mənim atam almandır... mənsə rusam, rus adamıyam...
Mən Almaniyayla dava eləmək istəyirəm...
Qapını onun üzünə fikirləşdiyi kimi aşpaz Marya açdı.
- Elə sən də russan, bax, elə
mən də rusam...- deyə çamadanını Maryaya
verərkən yenə
mırtıldadı. - Biz hamımız
rusuq... rus dilində danışırıq...
Bə Nataşa hardadı?
- Yatıb.
- Sssssss... Oyatma... Özüm oyadacam... İstəyirəm
onu qorxudam və sürpriz olsun... Ssssss!
Marya yuxulu-yuxulu çamadanı
götürüb mətbəxə
keçdi.
İvan Karlıç
əllərini silib gülə-gülə, göz
vura-vura ayaqlarının
ucunda yataq otağının qapısına yaxınlaşdı,
cırıltı gəlməsin
deyə ehmalca qapını açdı...
Yataq otağı qaranlıq idi, sakitlik hökm sürürdü...
"İndi onu qorxudacam..." İvan Karlıç düşündü və
kibrit yandırdı...
Lakin (yazıq alman!) əlindəki kibrit çöpü yanıb qurtarana kimi belə bir mənzərənin şahidi oldu: divarın yanındakı çarpayıda yalnız
çılpaq dabanları
görünən və
başını yorğanın
altına soxmuş qadın yatmışdı;
o biri çarpayıda
isə kürən saçlı, bığları
uzun yekəpər kişi uzanmışdı...
İvan Karlıç
gözlərinə inanmadı,
o biri çöpü
yandırdı... O, dalbadal
kibrit çöplərini
yandırırdı və
hər dəfə də inanılmaz mənzərə, dəhşətli
və biabırçı
səhnə görürdü.
Almanın ayaqları əsməyə
başladı, kürəyi
soyuqdan qurudu. Pivənin dəmliyi başından uçub getdi; ona elə gəldi
ki, içi də alt-üst oldu. Beyninə gələn ilk fikir
bu oldu - stulu götürüb var gücüylə o kürənin başına
çırpsın, sonra
da xəyanətkar arvadının çılpaq
dabanlarından yapışıb
onu pəncərədən
bayıra elə tullasın ki, çərçivəylə birgə
kəlləsi üstə
yerə düşsün. "Ahhhh, yox, yox...bu az olar!"
bir qədər düşündükdən sonra
qərara gəldi.
"Əvvəlcə qoy
onları rüsvay edim, gedim polis çağırım, qohumlarını
çağırım, sonra
onları öldürərəm..."
Az sonra İvan kürkünü geyinib küçəyə
çıxmışdı. O, acı-acı ağlayırdı.
Ağlayırdı və
düşünürdü, adamların nankor və vəfasız olması barədə düşünürdü... "Bu çılpaq dabanlı qadın bir vaxtlar kasıb toxucuydu, mənsə onu xoşbəxt elədim, onu dərəcəli bir usta arvadı elədim... Özü də "Funk və
K" zavodunda ildə
750 rubl maaş
alan bir ustanın arvadı! Sən bir işə
bax, bu qadın
heç kim
idi, heç kim; xadimələr kimi çit paltarda gəzirdi...mənə görə adam oldu. İndi
şlyapa qoyur, əlcək geyir, hətta "Funk və
K" da onunla "siz"lə danışır..."
İvan düşünürdü:
bu qadınlar necə də hiyləgər və kələkbaz olurmuşlar!
Özünü elə
göstərirdi ki, guya məni ehtirasla sevir, sanki buna görə
mənə ərə
gəlib, hər həftə də Tverə sevgi dolu zərif məktublar yazırdı...
"Ah, ilanın
biri ilan!" Şvey küçədə
gedə-gedə donquldanırdı.
"Axı mən
nə üçün
rus qadınıyla evləndim? Rus yaxşı adam
deyil. Vəhşinin biri vəhşi! Mənə lənət olsun! Rusiya ilə dava eləmək istəyirəm!"
Bir qədər sonra İvan düşündü: "Və
çox təəccüblüdür
- məni gör kimə dəyişib? Hansısa kürənsaç
lotuya! Heç olmasa, "Funk və
K" ilə sevişsəydi,
dərd yarıydı,
onu bağışlayardım...
Yoxsa, hansısa lütün biriylə... cibində siçanlar oynayan birisiylə! Ah, mən necə
bədbəxtəm!"
Şvey gözlərinin
yaşını silib
meyxanaya girdi və xidmətçiyə
dedi:
- Mənə mürəkkəb və kağız ver görüm! Yazmaq istəyirəm!
Əlləri əsə-əsə ilk öncə
arvadının Serpuxovda
yaşayan valideynlərinə
yazdı. Yazdı ki, bəs, namuslu
və dərəcəli
usta əxlaqsız bir qadınla yaşamaq istəmir, o qadının valideynləri
də, elə özü də donuzdu...Və o da hamıya tüpürmək istəyir...
Sonda arvadının ata- anasından tələb etdi ki, qoy gəlib
qızlarını aparsınlar,
elə o əclaf kürənsaç
yekəpərlə birlikdə...
Və onların hər ikisini də ona görə
öldürmədi ki,
əllərini çirkaba
bulaşdırmaq istəmədi...
O, meyxanadan çıxıb məktubu
poçt qutusuna saldı. Səhər saat dördə
kimi şəhər küçələrində veyilləndi,
öz dərdiylə baş-başa qalıb fikirlərə qərq oldu. Yazıq lap arıqlamış, heydən
düşmüşdü, nəhayət, bu nəticəyə gəldi
ki, həyat taleyin acı istehzasıdır, yaşamaq
da axmaqlıq imiş; namuslu alman yaşamağa layiq deyil! Sonda
isə belə bir qərar verdi: nə
arvadından, nə də o kürənsaç
adamdan intiqam alacaq! Ən yaxşısı budur ki, arvadını öz alicənablığı
və xeyirxahlığı
ilə cəzalandırsın!
"Gedib ürəyimdəkiləri boşaldacam
arvadıma!" deyə
evə gedə-gedə
düşündü, "sonra da intihar
edəcəm... Qoy kürənsaç lotusuyla
xoşbəxt yaşasın,
mən isə ona mane olmayacam..."
İvan xəyalında tutmuşdu
ki, o, ölən kimi arvadı Nataşa vicdan əzabı çəkəcək.
- Hə, bütün malımı-mülkümü
də ona saxlayacam!- deyə
donquldana-donquldana qapının
zəngini basdı. - Kürənsaç məndən
yaxşıdı, hə?!
Qoy o da ildə 750 rubl qazansın görüm!
Bu dəfə
də qapını aşpaz Marya açdı, İvanı
görən kimi çox təəccübləndi.
-Tez elə, Natalya Petrovnanı
çağır,- kürkünü çıxartmadan
çəmkirdi. - Onunla
danışmaq istəyirəm...
Az sonra İvanın qarşısında
əynində köynək,
ayaqyalın və təəccüb içində
cavan bir qadın dayandı... İvan əllərini göyə qaldırıb
ağlayırdı, dedi:
-Mən hər şeyi bilirəm! Məni aldatmaq olmaz! Mən öz gözlərimlə o kürənsaç
donuzu gördüm, uzunbığ kişini!
-Dəli olmusan?!- arvadı
çımxırdı. - Niyə
qışqırırsan? Evdə
adam yar,
yatıblar, oyadarsan!
- Ah, o kürənsaç
lotu!
- Dedim axı qışqırma!
Lül-qənbər olubsan,
qışqırırsan! Get gir yerinə, yat!
- O kürənsaçla
bir çarpayıda yatmaq istəmirəm! Əlvida!
- Vallah, sən dəli olmusan!- arvadı
əsəbiləşdi. - Axı
evdə adam
var dedim! Orda, bizim yataq
otağında indi çilingərlə arvadı
yatır...
- Nə? Hansı çilingər?
- Elə o kürənsaç çilingərlə
arvadı! Mən onları kirayənişin
götürmüşəm, ayda 4 manata!..
Çığırma, onları
oyadarsan!
Alman gözlərini bərəldib
uzun müddət arvadına baxdı. Sonra başını aşağı
sallayıb yavaşca
fit çaldı...
- Həəəə,
indi başa düşürəm...- dedi.
Bir azdan almanın qəlbi yenidən əvvəlki ovqatına qayıtdı. İvan Karlıç indi özünü əla
hiss edirdi.
- Sən mənim rus qadınımsan...- deyə
mırtıldayırdı,-
aşpaz da rusdur, elə mən özüm də rusam... Hamımızın dili rus dilidir... Oy, çilingər, çilingər, sən nə yaxşı adamsan! Onu qucaqlamaq
istəyirəm... "Funk və
K" da yaxşıdı...
Rusiya gözəl ölkədi... Mən Almaniya ilə dava eləmək istəyirəm...
Anton ÇEXOV
Tərcümə etdi:
Kamran Nəzirli
Ədəbiyyat qəzeti.- 2018.- 3 mart.- S.21.