Türkçülüyün banisi

 

Kaşğarlı Mahmud Qaraxanlılar imperiyası dövründə (840-1212) Doğu Türküstanda, XI əsrin birinci yarısında dünyaya gəlmiş, ona ölməzlik qazandırmış "Divani lüğat-it-türk" adlı türkcə-ərəbcə lüğətini 1070-ci ildə başlayıb 1076-1077 illər arasında bitirmişdir. Bu əsər dünyada analoqu olmayan lüğətdir. Hər iki dilin lüğətidir, həm izahlı lüğətdir, həm də dialektoloji lüğətdir. Amma bununla da "Divan"ın önəmi bitmir. O həm   türk xalqlarının folklor, ən müxtəlif şeir biçimləri, əfsanə və deyimlərinin, zərb-məsəllərin  antolojisidir.

"Divan" qədim türk ədəbiyyatının  o sıradan qədim türk şeirinin örnəklərini bizə çatdıran nadir məxəzdir. Əsərdə adı çəkilən türkdilli şeirlərin müəllifi Cücü ortaq türk ədəbiyatının bizə adı bəlli ilk şairidir. Başqa türk ləhcələriylə bir sırada Mahmud Kaşğari bizə oğuz dilində yaranmış ilk şeir nümunələrini də çatdırmışdır. Orxon yazılarından və Dədə Qorqud söyləmələrindən sonrakı türk şeirinin inkişaf mərhələsini əks etdirən nümunələr - Kaşğarinin topladığı şeir örnəkləri - bugünkü  poeziyamızın  heca və qafiyə sisteminə uyğundur. Bu  şeir nümunələri hecalarının sayı - onbirlik, səkkiz və yeddi hecalı qoşma, gəraylı və bayatı biçimləriylə eynidir. Qafiyə sistemi də qoşma və bayatının sistemidir.

O da maraqlıdır ki, ölümündən əsrlər, bəlkə min il keçəndən sonra əfsanəvi türk bahadırı Alp Ər Tonqanın (Əfrasiyabın) vəfatına həsr olunmuş sağu (ağı)  da "Mahmud Kaşğarinin "Divan"ında hifz olunmuşdur.

Alp  Ər Tonqa öldümü?

İsuz açun qaldımı?

Ödlək öcun aldımı?

İmdi ürək yırtılır

Çağdaş dildə:

Alp Ər Tonqa öldümü?

Pis dünya qaldımı?

Zaman öcün (qisasın) aldımı?

İndi  ürək yırtılır.

"Divan" ən müxtəlif türk xalqları haqqında məlumat verən, çoxlarının adlarını tarixdə saxlayan  ilk türk ensiklopediyasıdır.

"Divani lüğat-it-türk"ün Azərbaycan nəşrinə yazdığı ön sözdə kitabın tərcüməçisi və tərtibçisi Ramiz Əsgər qeyd edir ki, Mahmud Kaşğari Qərbi Avropa maarifçiləri - ensiklopedistlərini - Russonu, Didronu, Volteri, Monteskyönü  7 əsr qabaqlamışdır. Ramiz Əsgər  yazır:

"Divanın digər ən mühüm özəlliyi dünya dilçiliyi tarixində müqayisəli metodun əsasını qoyması, türk dillərinin müqayisəli qrammatikasını yaratması və zəngin türk dilini köklü ərəb dili ilə qarşılaşdırmaq surətilə bu iki dilin müqayisəsini aparmasıdır. Dillərin müqayisəsi sahəsində Mahmud Kaşğari öz böyük  xələfi "Mühakimət ül-lüğəteyn" əsərində türk dilinin fars dili ilə müqayisəsini verən dahi mütəfəkkir və şair Əlişir Nəvaini 4 əsr, F.Ğrap, Ü.Qrim, V.Humbolt, R.Rask kimi məşhur dilçiləri isə təqrilən 8 əsr qabaqlamışdır".

Bu məsələni  "Divan"ın Azərbaycan nəşrinə Ön söz yazmış Süleyman Dəmirəl də vurğulayır:

"Türkologiyanın bahadırı M.Kaşğari yalnız türk dilçiliyinin deyil, bütövlükdə  dünyada tarixi-müqayisəli metodun, elmi dilçiliyin banisidir".

Mahmud Kaşğari özü qeyd etdiyi kimi 1015 il ərzində bütün türk ellərini şəhər-şəhər, kənd-kənd, oba-oba gəzərək 30-dan yuxarı türk ləhcəsini incəliklərinə qədər öyrənmişdir. Bu ləhcələrin (bu gün bir çoxu  müstəqil dillər olan) arasında oğuz, qıpçaq, bulqar, tatar, türkmən, başqurd, uyğur adlarını xüsusi qeyd edirəm. Müəllif özü qeyd edir ki, "Mən türklərin, türkmənlərin, oğuzların, çiğillərin, yağmaların, qırğızların şəhərlərini və məskənlərini uzun illər başdan-başa dolaşdım, sözlərini topladım, müxtəlif sözlərin xüsusiyyətlərini öyrəndim, yaddaşıma həkk elədim. Mən onlara o qədər diqqət edirdim ki, türk, türkmən, oğuz, çiğil, yağma, qırğız boylarının dilləri bütünlüklə məndə cəm oldu".

Deməli, bizim günümüzdə meydana çıxan ortaq dil məsələsini doqquz əsr bundan qabaq Mahmud Kaşğari  türk dillərini mükəmməl mənimsəməkdə görürdü. Əsərdən gətirdiyim bu sitat başqa bir cəhətdən də maraq doğurur. Kaşğari   "türk, türkmən, oğuz" yazır, deməli, hər halda ən azı bu üç xalqı bir-birindən fərqləndirir. Bu mənada qədim türklərin varisləri bugünkü Anadolu türkləridirsə, türkmənlərin varisləri indiki türkmənlərdisə, oğuzların varisi olmaq bizə, azərbaycanlılara düşür.

O da diqqətəşayandır ki, tarixdə ilk türk xəritəsini yaradan da məhz Kaşğari Mahmud olmuşdur və "Divan"da verdiyi dairəvi dünya xəritəsində bizim vətənimiz Azərbaycan da "ərzi Azərabadqan" şəklində göstərilir.

Beləliklə, böyük dilçi, neçə-neçə dilin və ləhcənin bilicisi, ensiklopedist, folklorçu, etnoqraf, tarixçi, ədəbiyyatşünas, coğrafiyaçı kimi müxtəlif sahələri öz şəxsində cəmləşdirən Kaşğari Mahmudun bir vacib missiyası da vardı. O, tarixdə ilk türkçü, türkçülüyün banisi, nəzəriyyəçisi və təbliğatçısı kimi də qalır. Əlbəttə, bu  Mahmud Kaşğarinin unikal dahiliyi ilə bağlıdır, amma eyni zamanda  bu çoxtərəflilikdə dövrün də damğası var. Qaraxanlılar imperiyası tarixdə ilk türk-müsəlman dövlətidir. Türklərin islamı qəbul etmələri nisbətən dinc yolla olmuş   Mahmud Kaşğari da iki dünyanın, iki uyğarlığın (sivilizasiyanın), iki mədəniyyətin qovuşduğu bir dövrdə yaşamışdır. Mahmud Kaşğari öz tarixi missiyasını ərəb dünyasına türk dünyasını bütün əlvanlığı ilə tanıtmaqda görürdü. Odur ki "Divan"ın elə müqəddiməsində türklər haqqında söylədiyi sözləri mübaliğə kimi qəbul etmək düz olmaz. Mahmud Kaşğari yazır:

"Tanrının inayəti ilə günəş türk bürclərində doğdu və göylərin bütün dairələri  onların mülkləri üzərində  döndü. Tanrı onlara türk adını verdi və onları yer üzünə hakim qıldı. Dövrümüzün xaqanlarını onlardan çıxardı. Dünya millətlərini idarə etməyin cilovunu onların əlinə tapşırdı, onları hamıdan üstün elədi, onları haqq üzrə qüvvətləndirdi… Türklərin oxlarından qoruna bilmək üçün onların yolunu tutmaq hər bir ağıllı adama layiq və münasibdir. Dərdini söyləmək və türklərin könlünü fəth etmək üçün onların dilində danışmaqdan başqa yol yoxdur".

Nə yazıq ki,  böyük alimin bu müdrik fikri əsrlər boyu bir çox hallarda qulaq ardına vurulub, nəinki başqa millətlərdən olanlar, heç türklərin özləri də öz ana dillərində danışmağı man bilib.

Mahmud Kaşğari davam edir:

"And içərək deyirəm ki, mən bunu Buxaranın mötəbər imamlarının birindən və nişapurlu  başqa bir imamdan şəxsən eşitmişəm. Onlar ikisi də sənəd sübutla  bildirirdi ki, peyğəmbərimizin  qiyamətin əlamətlərini, axır zamanın fitnə-fəsadlarını və oğuz türklərinin (altını mən cızdım - A.) ortaya çıxacağını söylədiyi vaxt "Türk dilini öyrənin, çünki onlar üçün uzun sürəcək hökmdarlıq vardır" - deyə buyurmuşdur".

Ərəb alimi İbn Mühənnanın türk lüğəti   yəqin elə bu məqsədlə yaradılmışdır. Nə yaxşı ki, bu qiymətli lüğət axır ki, Azərbaycanda da nəşr olundu.

Mahmud Kaşğarinin bir fikri də çox vacib və əhəmiyyətlidir, deyir ki, ən təmiz türk dili başqa millətlərlə təmasda olmayan, yəni dilinə yad kəlmələr qarışmamış  türklərin dilidir. Böyük alim sanki gələcək əsrlərdə ərəb və fars dillərinin ədəbi dilimizi qəliz izafetlərlə, yabançı sözlərlə  doldurulmasının təhlükəsini  çox  öncədən görürdü.

Bir hədisdə isə deyilir ki,  "Uca Tanrı, mənim bir ordum var, ona türk adı vermişəm, onu Şərqdə yerləşdirmişəm. Bir millətə acığım tutanda türkləri onun üzərinə müsəllət edirəm" - deyir.

Görkəmli dilçi alim Tofiq Hacıyev bununla bağlı doğru fikrə gəlir ki,  bu hədis islamdan qabaqkı türklərin yürüşləriylə, özəlliklə Attilanın (Atlı xanın) Roma imperiyasına yürüşləriylə bağlı meydana çıxmışdır.

Türklük təəssübü, türkçülük ideyası beş ortaq abidəmizdə Orxon yazılarında, "Kitabi-Dədəm Qorqud"da "Divani lüğat-it-türk"də, Yusif Balasaqunlunun "Qutadqu-bilik" poemasında, Xoca Əhməd Yasəvinin hikmətlərində bu ya digər dərəcədə öz ifadəsini tapmışdır. Amma bu ideya ən ardıcıl şəkildə, həm də konkret linqvistik, etnoqrafik, tarixi və folklor  materiallarına əsaslanaraq Mahmud Kaşğarinin ölməz kitabında əks olunmuşdur. Odur ki, bu böyük alimi haqlı olaraq türkçülüyün banisi adlandıra bilərik.

 

26 fevral 2018

 

ANAR

 

Ədəbiyyat qəzeti.- 2018.-3 mart.- S.2.