Xoşbəxtliyin açarı
Bəşər tarixinin ən müxtəlif dövrlərində, Şərqin və Qərbin çeşidli ölkələrində böyük mütəfəkkirləri - şairləri, alimləri, filosofları, dövlət xadimlərini - insan səadəti düşündürmüşdür vədüşündüklərini fərqli janrlarda qələmə almışlar - fəlsəfi traktatlar, öyüd nəsihət kitabları, poemalar…
Bir-birindən çox fərqlənən bu mətnlərdə müxtəlif ifadələrlə bir ümumi fikir əks olunub - insanın səadəti, fərdin xoşbəxtliyi cəmiyyətin əmin-amanlığı, sabitliyi, dövlətin ədaləti ilə bağlıdır.
Çin filosofu Konfutsi tarixin dərinliklərində qalmış bir dövrdə imperator ŞU-nun zamanında insanların bəxtəvər yaşadıqları cəmiyyətin mövcudluğunu xəbər verir.
Nizami Gəncəvi "İskəndərnamə"nin "İqbalnamə" hissəsində Makedoniyalı fatehin gəlib çıxdığı ideal ölkəni təsvir edir, ölkənin bütün sakinləri hürr və xoşbəxt yaşayırlar.
İnsan səadəti və ədalətli dövlət, ağlın gücü və adil hökmdar - bütün bu məsələlər bu gün əlimizdə olan ilk türk poeması "Qutadqu-bilik"də də müəllifi düşündürən əsas məsələdir.
Türk xalqlarının ortaq ədəbi sərvətlərindən olan "Qutadqu-bilik" ədəbiyyat tariximizdə özəl yer tutur. Xas Hacib Yusif Balasaqunlunun (1017-1077) bu möhtəşəm əsəri vaxt etibarı ilə türk dilində yazılmış, türklərin İslam dinini qəbul etmələrindən sonra qələmə alınmış ilk poemadır. Daha doğrusu, bu gün əlimizdə olan ilk poemadır, çünki tədqiqatçıların doğru qeyd etdikləri kimi türk dilində birdən-birə belə mükəmməl poetik əsər yarana biməzdi, şübhəsiz onun sələfləri də olmalıydı. Bununla bağlı mülahizəmi bir qədər sonra söyləyəcəm. Onu da qeyd etmək lazımdır ki, əsərdə Allah yox, Tanrı, Peyğəmbər yox, Savçı, Yalavaç kəlmələri işlənir.
Əsərin adı haqqında
Qədim türk dilində və indiki Türkiyə türkcəsində "Qut" (qutlu olsun, qutlamaq-uğurlamaq) - səadət, xoşbəxtlik deməkdir, deməli "Qutadqu-bilik" də "Xoşbəxtlik biliyi", "Səadət elmi" yəni xoşbəxt olmaq təlimatı anlamına gəlir.
Əsərin dili haqqında
1983-ci ildə Moskvada "Nauka" nəşriyyatı tərəfindən S.İvanovun çevirisi və akademik A.N Kononovun redaktəsiylə çap olunmuş poemaya şərhlərdə "Qutadqu-biliy"in dili haqqında mütəxəssislərin müxtəlif rəyləri verilir. Əsərin Qaraxanilər dövlətinin xaqaniyyə dilində yazıldığını deyənlərlə yanaşı, uyqur dilində (V.V.Radov) yaxud qədim uyqur dilində (S.Malov) yazıldığını sayanlar da var. N.Baskakov və A.Şerbak əsərin qarluq dilində, R.Tenişev qaraxani - uyğur xaqaniyyə, buqraxan dilində, əsərin rus dilinə poetik tərcüməsini etmiş şair Naum Qrebnev "d" uyğur dilində yazıldığını iddia edirlər. Q.Blaqova isə qarluq və qıpçaq dillərinin qarışığında yazıldığını hesab edir. Türkiyəli dilçi A.Dilaçarın fikri də maraq doğurur: onun rəyincə poemanın dili oğuz qrupu dillərinə yaxındır. Və nəhayət, böyük türkoloq V.V.Bartoldun fikri: "Şübhə yoxdur ki, qaraxanilərin təbəələri özlərini uyğur adlandırmırdılar və Yusif Balasaqunlu üçün də poemasını yazdığı dil uyğur dili deyildi".
Bəs hansı dil idi? Bu sualın ən elementar cavabını poemanın mətnində tapırıq, müəllif hər yerdə əsərini türk dilində yazdığından bəhs edir.
Şərq ellərində,
bütün türklərdə
Buna bərabər kitab yoxdu.
Yaxud:
Turanlılar onu (bu kitabı)
"Qutaqdu-bilik"
adlandırırlar,
Və ya:
Türk dili müdrik kəlamlar
dilidir.
Başqa bir yerdə:
Bu barədə türklərin
atalar sözü var.
Nəzmlə yazılmış
müqəddimədə belə bir beyt də var:
Belə kitablar ərəblərdə
taciklərdə çoxdur,
Bizim dildə bu
başlanğıçdır.
(Füzuli yada düşür:
"Ətrakıdə ol fəsanə yoxdur")
Müasiri Mahmud Kaşğari kimi
Yusif Balasaqunlu da əfsanəvi türk bahadırı Alp
Ər Tonqadan söz açır:
Türk bəyləri içində
nə çox şərəflisi var,
Onların arasında ən məşhuru
Alp Ər Tonqadır.
Taciklər onu Əfrasiyab
adlandırırlar.
Poeamadan belə misalların
sayını artırmaq da olar.
Və nəhayət, əsərin ən son səhifələrində
Yusif Balasaqunlu sanki bu məsələyə
yekun vurur:
Tükrlərin sözü dağ
keyiki kimi qaçırdı,
Mən onu ram edib əhliləşdirdim.
(Yenə də Füzulinin məşhur beyti
yada düşür).
"Qutadqu-biliy"in öz
mətnindən gətirdiyimiz sitatlar nəyi sübut edir? Bu dövrdə türk dilləri müxtəlif
ləhcələrə bölünmüşdüsə də,
şüarlarda hamısı
eyni bir sözlə "türk dili" anlayışıyla
müəyyənləşirdi.
Yusif Balasaqunlu eyni əsrin - XI
yüzilliyin digər böyük şəxsiyyəti Mahmud
Kaşğarinin yerlisi və çağdaşıdır. Amma təqribən eyni dövrdə, eyni dövlətdə,
çox vaxt eyni Kaşğar şəhərində
ömür sürmüş bu iki türk dahisi bir-birindən
xəbərsiz olublar. Hər halda
tanışlıqları haqqında tarixdə heç bir iz
soraq qalmayıb. Halbuki, bu lap fantastik faktdır - Yusif
Balasaqunlu poemasını Qaraxanlılar dövlətinin
hökmdarı Tabğaç Buğra xaqana ithaf və təqdim
etmişdir, Tabğaç Buğra xan isə akademik Ziya
Bunyadovun təyin etdiyi kimi, Mahmud Kaşğarinin əmisidir(!).
Ümumiyyətlə, türk mədəniyyəti,
ədəbiyyatı, elmi sahəsində misilsiz xidmətləri
olan bu iki şəxsiyyət haqqında tarixi sənədlərdə
cüzi məlumat qalmaması tədqiqatçıların təəccübünə
səbəb olur. İkinci,
üçüncü dərəcəli şairlər
haqqında məlumatları hifz etmiş qədim əlyazmalarında
neçin belə böyük insanlar haqqında bilgilərə
rast gəlinmir? Tarixin müəmmalarından
biri də budur.
Bir az əvvəl
Yusif Balasaqunlunun ədəbi sələfləri haqqında
söyləycəyimi yazmışdım. Tədqiqatçıların
belə kamil poetik
əsərin birdən-birə boş yerdə yaranacağına
şübhəylə yanaşdıqlarını qeyd
etmişdim . "Qutadqu-biliy"in müxtəlif yerlərində
müəllif
adını çəkmədiyi müdrikdən
misal gətirir, onun fikrini poetik şəkildə təqdim
edir. Həm də poema məsnəvi şəklində
yazılsa da, bu parçalar rübai biçimindədir.
Tədqiqatçılar bunu müəllifin fəndi kimi
yozurlar - Yusif Balasaqunlu
öz sözlərini başqa birisinin fikri kimi gətirir.
Sual olunur: niyə, nə məqsədlə? Böyük
bir poemanı öz adından yazan Yusif niyə müəyyən
fikirlərini özgəsinin şeiri kimi qələmə
verir? Bəlkə belə bir fərziyyəyə
yol verək ki, bu sitatlar hansısa doğrudan da mövcud
olmuş bir poetik əsərdəndir. Həm də bu
gün əlimizdə olmayan, elm aləminə məlum olmayan əsər
türk dilindədir, çünki belə isnadları gətirən
Yusif Balasaqunlu qeyd edir:
Bu fikir türklərə mənsubdur,
qoy sənə də məsləhət
olsun.
Bu sözlərdən sonra gətirilən
rübaidə İlahi vergisi olan Ağıl tərənnüm
olunur.
Yalnız əsərin bir yerində gətirilən sitat taciklərə
aid edilir və bu
xüsusi vurğulanır:
Dinlə müdrik tacik nələr
söyləmiş
Taciklərin müdrikliyi
hörmət qazanıb.
Bu sözlərdən sonra alimlərin heç bir
tacik (fars) mətnində rast gəlmədikləri
dördlük - rübai gətirilir.
Deməli, bu halda da Yusif Balasaqunlu bu gün elm aləminə məlum
olmayan məxəzlərdən də istifadə edibmiş.
Müəllif "Qutadqu-bilik"
poemasını Tabcaq Boğra xaqana təqdim etdikdən sonra əsəri
çox bəyənən hökmdar ona Ulu Xas Hacib (saray naziri,
saray işlərinin rəhbəri) rütbəsini verir.
"Qutadqu-bilik" əruzun kəsik
(qısa) mütaqarib bəhrində yazılmışdır,
poemanın Azərbaycan türkcəsinə poetik tərcüməsini
etmiş unudulmaz şairimiz Xəlil Rza Ulutürk belə hesab
edir ki, "Qutadqu-bilik"dən həm onbirlik hecaya, həm də
əruza uyar bol-bol misallar gətirmək olar".
"Qutadqu-biliy"in Azərbaycanda
ilk tədqiqatçılarından
mərhum dilçi Fərhad Zeynalovu hörmətlə
anıram, Kamil Vəliyev (Kamil Nərimanoğlu) və Ramiz
Əsgər poemanın sətri tərcüməsini etmiş
və Bakı nəşrinə Ön söz yazmışlar.
Başqa mühüm
türk abidələri və müəllifləriylə
bağlı faydalı işlər görən Ramiz Əsgər
sonralar "Qutaqu-biliy"in biblioqrafiyasını
hazırlamış və nəşr etdirmişdir.
Əsərin giriş hissəsi
nəsrlə yazılmışdır. "Qutadqu-biliy"in
mükəmməl tənqidi mətnini Türkiyədə nəşr
etmiş görkəmli alim Rəşid Rəhməti
Aratın fikrincə, bu nəsrlə yazılmış müqəddimə
Yusif Balasaqunlunun deyil, sonradan kim tərəfindənsə
edilmiş əlavədir. Bu fikir məntiqidir,
çünki nəsrlə bu qısa müqəddimədən
sonra nəzmlə yazılmış müqəddimədə
eyni sözlər və fikirlər təkrar olunur.
Poemanın mətnində hadisələri öz
adından nəql edən Yusif bu nəsr müqəddiməsində
özündən üçüncü şəxs kimi
danışır: "Yusif Balasaqunlunun adı və şöhrəti geniş
yayılıb" - yazır. Əsər boyu təvazökarlığı
təbliğ edən adamın özü haqqında bu sözləri
yazması inandırıcı deyil. Həm nəsrlə
yazılmış müqəddimədə, həm də
şeirlə yazılmış mətndə
"Qutadqu-bilik" bəzi başqa xalqların ədəbiyyatında
mövcud olan əsərlərlə
müqayisə edilir. Onlardan mənə tanış
olan yalnız Firdovsinin "Şahnamə"sidir.
Bundan çıxış edən bəzi tədqiqatçılar "Qutadqu-biliy"i türklərin
"Şahnamə"si adlandırırlar. Məncə,
bu məntiqi bənzətmə deyil, çünki hər iki
poema tamamilə fərqli janrlarda yazılmışdır.
"Şahnamə" kökləri
"Avesta"ya gedib çıxan rəvayətlərdən
istifadə etməklə Sasani şahlarının poetik salnaməsidir. Müəyyən dərəcədə
türk mifologiyasından yararlanan "Qutadqu-bilik" isə,
tamam başqa səpkidə yaradılıb. Poemada yerli türk ənənələrinin təsirindən
Y.Bertels də yazır.
Əgər analogiya vacibdirsə,
"Qutadqu-biliy"i Şərqin bəzi başqa ədəbi
abidələriylə - "Kabusnamə"ylə, Nizam ül
Mülkün "Siyasətnamə"siylə,
Sədi Şirazinin "Bustan"
və
"Gülüstan" əsərləriylə tutuşdurmaq olar, çünki
bütün bu abidələrdə
istər dövlətçiliklə, istərsə də fərdi
insan xislətiylə bağlı öyüdçü
-didaktik motivlər mühüm
yer tutur. Bu cəhətdən "Qutadqu-biliy"i hətta Qərb
təfəkkürünün yaratdığı müəyyən abidələrlə müqayisə etmək olar.
Eramızdan əvvəl V əsrdə
yaşamış qədim yunan filosofu Platon (Əflatun)
"Dövlət" adlı dialoqlarında ideal siyasi quruluşun layihəsini
verərkən bunu utopiya kimi deyil, çağdaşı olan
hökmdara tövsiyə kimi, öyüd-nəsihət kimi
yaratmışdı. Platondan təqribən iki min il sonra italyan mütəfəkkiri Nikkola Makiavelli
də "Hökmdar" traktatını yaradır və yenə
də məqsəd eynidir - adil dövlət, ədalətli
hökmdar, azad insanlar Makiavellinin də tövsiyə etdiyi
amallardır, hakimi mütləqlərə öyüd və nəsihətidir.
Qürur duyuruq. Odur ki, bu iki tarix arasında
XI əsrdə
Orta və Mərkəzi Asiya sahələrində
yaşayan bir türk oğlu da
eyni məramla əzəmətli poema
yaratmışdır.
"Qutadqu-biliy"in
bütün pafosu - məhz ədalətli cəmiyyətdə
insanın xoşbəxt yaşamasıdır. Bu baxımdan
müəllifin tövsiyələri, ixtiyar sahiblərinə
öyüd-nəsihətləri əslində xoşbəxtliyin
açarı kimi də qəbul edilə bilər.
Amma əsl sənətin bir
möcüzəsi də ondadır ki, bu əsər sırf
didaktik tövsiyələr məcmusu, öyüd-nəsihətlər
toplusu deyil. Xoşbxətlik haqqında bilgilərə həsr
olunmuş əsər həm də çox hüznlü bir əsərdir.
Elə ilk
başlanğıc səhifələrində həyatın
fanilyindən söz
açılır:
Gənclik ötəcək, ömür də bitəcək.
Dünya sanki bir yuxudur, sənin
də növbən yetəcək.
Müəllif poemanı əlli yaşında
yazmağa başlayıb, amma bu yaşı ömrün sonu kimi dəyərləndirir.
Əsərin başqa bir yerində:
Bütün nemətlərə sahib
oldun
ömürsə keçib getdi. - yazır.
Bu bədbin fikirlər vaxtın
ötücülüyündən başqa ölümün də
qaçılmazlığıyla
bağlıdır:
Hər bir yalanın öhdəsindən yalanla gəlmək olar
Bircə ölümü
heç bir yalanla aldatmaq olmaz.
Ölümü var-dövlətlə
satın alıb başdan eləmək olsaydı, bütün
zənginlər, bəylər ölümsüz olardılar.
Poemanın yaranma tarixi, dili, müəllifinin
tərcümeyi-halı alimləri o qədər məşğul
edib ki, "Qutadqu-biliy"in sırf bədii məziyyətlərinə
az diqqət yetiriblər. Əslində
isə poemanı bu gün də cazibədar edən onun bədii
siqlətidir. Öyüdçülük, didaktika poemada
mühüm yer tutsa da, onun ifadə formaları orijinal
alleqoriyalar şəklindədir, amma bu alleqoriyalar da sırf rəmz biçimində deyil, realist
ünsürlərlə vəhdət
təşkil edir.
Poemanın dörd qəhrəmanı
Güntoğdı, Aydoldı, Ögdülmiş və
Odgurmışdır. Aydındır ki, bu adlar rəmzi,
alleqorikdir. Güntoğdınun
(Gündoğdunun) mənası aydındır, Aytoldı
(Aydoldu) bədirlənmiş Ay, dolğun Ay deməkdir.
Ögdülmiş poemada ağlı, dərrakəni,
Odgurmış aqibəti, qənaəti, hər şeyə
qani olmağı
rəmzi şəkildə ifadə edirlər.
Amma rəmzlərə, alleqoriyalara
keçməzdən əvvəl Şərq poeziyası
üçün ənənəvi olan girişlərdən -
yəni Allahın, peyğəmbərin mədhindən,
hökmdara ithafdan, əsərin yazılma səbəblərindən
sonra poemanın birbaşa süjeti başlayır və bu
süjet sırf realist plandadır. Adı çəkilməyən
məmləkətin başçısı əsərdə elik rütbəsini
daşıyır. Bu rütbə, şübhəsiz,
"el" sözündəndir. Xəlil Rza bu rütbəni
Elbaşı deyə tərcümə edir. Həmin bu
elik-elbaşının adı Gündoğdudur. Onun adilliyi,
məmləkəti ədalətlə idarə etməsi aləmə
yayılıb, son
dərəcədə ağıllı və dərrakəli
gənc olan Aydoldunun da qulağına çatıb. Aydoldu
özünü Gündoğdunun sarayında onun yardımçısı,
məsləhətçisi kimi görür və elə bu məqsədlə sarayın Hacibinin yanına gəlib
niyyətini söyləyir. Oğlanın zəkası
Hacibi valeh edir və o rəyini elikə bildirir. Elik də onunla görüşür və o da gəncin
ağlına, biliyinə heyran qalır. "Bütün
ömrüm boyu sənin
kimi yardımçı aramışam" - deyir. Beləliklə, Aydoldunun saray karyerası sırf
realist boyalarla təqdim olunur. Sarayda
hökmdarın və Aydoldunun mükalimələri Platonun
dialoqları sayağı sual-cavab şəklində təqdim
olunur. Bu dialoqlar da əvvəl-əvvəl
sırf realist düşüncələr, mülazihələr,
fikir mübadilələri şəklindədir. Nəhayət, 6500 beytdən
ibarət olan poeamanın 622-dən
başlanan beytləri
oxucunu müəmma qarşısında qoyur. Təsadüfi
deyil ki, bu beytləri tədqiqatçılar müxtəlif
şəkildə ifadə edir və yozurlar. Bu yerə qədər Aydoldu elik Gündoğduyla nəzakətlə
davranır, ona itaət edir, hörmətini saxlayır və
onun hüzurunda özünü ədəblə
aparırdı. Burda isə birdən
ayaqlarını uzadıb oturur. R.R.Arat, S.Malov, V.Radlov,
K.Karimov bu beyti hərəsi bir cür çevirir, amma
bütün tərcümələrdə bir nəzakətsizlik,
qabalıq, kobudluq elementi nəzərə
çarpır. Bundan sonra elik Gündoğdunun sözlərinə
də Aydoldu etinasız yanaşır, gözlərini
qıyır, üzünü yana
çevirir və başqa gözlənilmz hərəkətlər
edir. Əvvəl təəccüblənən hökmdar
get-gedə qəzəblənməyə başlayır və
hətta: "Mən yanılmışammış, sən
nadanın birisənmiş" deyir. Və bu anda poemanın
alleqorik qatı meydana çıxır, məlum olur ki Aydoldu
Səadətin rəmzi imiş və bu hərəkətləriylə səadətin nə qədər
keçici, ötücü olduğunu nümayiş
etdirirmiş. Yəni səadətə inanmaq
olmaz, xoşbəxtlik bir gün səndən üz döndərə
bilər, çıxıb gedər, qeyb olar.
Və Gündoğdu da bu həqiqəti
qəbul etməli olur, amma sonrakı beytlərdən məlum
olur ki, Gündoğdu özü də bir rəmzdir,
alleqoriyadır. O, ədaləti təmsil edir, adilliyin rəmzidir.
Poemının gözəlliyi
və hüsnü ondadır ki, bu alleqorik rəmzi qatla
sırf realist qat bir-birinin sanki içinə girir, gah bir-birinə
qovuşur, gah ayrılırlar. Gündoğdu Aydoldunu - Səadəti
bəslədiyi kimi, Aydoldu da Gündoğduya dövləti
idarə etmək haqqında, xalqla, rəiyyətlə rəftar
haqqında faydalı məsləhətlər verir. Ta o günə
qədər ki, Aydoldu xəstələnmir. Burda da xəstəlik
sırf realist ayrıntılarla verilmişdir, xəstəliyə
xas olan əlamətlər, həkimlərin müalicə
üsulları, dərmanlar, şəfa bitkiləri - heç nə xəstəni
sağaltmır və burda yenə realist qat rəmzi qata
çevrilir - xəstənin nə
üçün Aydoldu adlanmasının mənası
açılır. Dolğun Ay, bədirlənmiş Ay xəstəliyin
ucbatından get-gedə zəifləyir, nazilir, hilala
çevrilir. Bu da öz növbəsində səadətin
nə qədər kövrək, zərif və zəif
olduğunu, solub getdiyini simvolizə edir. Ölüm
yatağında Aydoldunun vəsiyyəti yenə də realist
üslubdadır. O yeganə oğlunun
Ögdülmişin qayğısına qalır,
Gündoğdudan onu himasinə almağı xahiş edir.
Aydoldudan sonra sarayın Xas Hacibi vəzifəsini oğlu Ögdülmiş tutur. Ögdülmiş isə poeamada ağlın, zəkanın,
dərrakənin rəmzidir və onun Gündoğduya -
Ədalət rəmzinə verdiyi məsləhətlər də
sırf rassionalist ağlın məhsullarıdır. O
hökmdarı ölkəni nə vasitəylə idarə etməyin,
əhalinin
müxtəlif kəsimləriylə - vəzirlərlə,
sərkərdələrlə, səfirlərlə, xəzinədarlarla,
alimlərlə, həkimlərlə, sövdəgarlarla,
maldarlarla necə rəftar etməyin, necə davranmağın
yollarını göstərir. Şairlərə
münasibət haqqında tövsiyələri də maraq
doğurur. Bu parçanı çox sərbəst tərcümə
olsa da, Xəlil Rzanın çevirisində gətirmək istəyirəm:
Şairlər kimdir bəs? Mərdi
öyənlər.
Namərdi söyənlər,
lənət deyənlər.
Qılıncdan itidir dili şairin,
Teldən də incədir
yolu şairin.
Öysələr onların mədhi
yayılar,
Söysələr
söyülən bədnam sayılar.
Əzizlə,yaxşı
tut şairi qardaş,
Şairin dilinə
düşməyəsən kaş.
Poemanın bir personajı da
var. Odgurmış. Əsərin müqəddiməsində o
Aydoldunun qardaşı kimi təqdim olunur. Deməli,
Ögdülmişin də əmisidir. Bu personaj da tərki-dünyalığın,
zahidliyin rəmzidir, dünya malında gözü yoxdur nəyi
varsa ona qanedir, qənaətlə yaşamağın rəmzidir,
çöllərdə, qayalarda sivilizasiyadan uzaqlarda
ömür sürür. Ogdülmiş Gündoğduya əmisinin
fəzilətlərindən o qədər bəhs edir ki,
hökmdar mütləq onu sarayına
çağırmağı qərar verir, amma
Ögdülmişin üç dəfə əmisinin
yanına elçi düşməsinə, elikin xahiş məktublarını
ona çatdırmasına baxmayaraq,
Odqurmışı razı sala bilmir. Qardaşı
oğlu saray həyatından, ümumiyyətlə, səhralar
dışındakı həyatdan ətraflı
danışdıqca, o həyatın məziyyətlərindən
söz açdıqca, insan münasibətlərinin əlvanlığından
bəhs etdikcə əmisi nəinki bunlara aludə olur, əksinə,
insanlardan, cəmiyyətdən uzaq, tənha
yaşamağın üstünlüyünü bir daha
qardaşı oğluna izah etməyə
çalışır. Beləliklə, hakimiyyətin ədalətli,
səadətin keçici, ağlın, dərrakənin
möhkəmliyi rəmzlərinə qarşı bir də tərki-dünyalıq,
həyatın faniliyi qənaətiylə
yaşamağın rəmzi əlavə
olunur və poema
didaktik-öyüdçü məsləhətlərdən,
realist ayrıntılardan, alleqorik rəmzlərdən
sıyrılaraq daha yüksək
bir mərtəbəyə - fəlsəfi əsər mərtəbəsinə
ucalır. Odqurmışın rəmzi obrazı və
dünyagörüşü əslində təsəvvüf meyillərinin təcəssümüdür.
Səadət haqqında əsər həyatın
faniliyi, səadətin keçəriliyi barədə fikirlərlə
başladığı kimi ağlı, dərrakəni simvolizə
edən Ögdülmişin xəyal
qırıqlığı,
peşmançılığı ilə sona yetir:
Gəncliyim buludtək uçdu yox
oldu,
Ömrüm də rüzgar ək
əsdi və keçdi.
Səadət yox imiş, insan boş
bir söz,
İnsanlıq da yoxmuş, həyat
da yoxmuş.
"Xoşbəxt olmaq
elminin" acı nəticələri budur.
Bəs onda əsər niyə
belə adlanır? Xoşbəxt olmaq elmi nədən ibarətdir?
Səadətin açarı hardadır?
Bəşəriyyət min
illərdir ki, bu suallara cavab axtarır, tapmayıb və yəqin
ki heç vaxt da tapmayacaq.
Başqa bir müdrik insanın dediyi
kimi, səadəti axtaranlara inanın, "onu tapdım" deyənlərə
şübhəylə yanaşın.
27-28 fevral 2018
ANAR
Ədəbiyyat qəzeti.-
2018.-3 mart.- S.3-4.