"O, bir əsr üçün deyil, bütün
zamanlar üçündür"
XX əsr Azərbaycan mədəniyyəti
bir sıra görkəmli şəxsiyyətlərin
adları, imzaları ilə qürur doğurur.
Əsrin əvvəllərində Sabir, Mirzə Cəlil,
Hüseyn Cavid, Əli bəy Hüseynzadə, Üzeyir
Hacıbəyli, Məhəmməd Hadi, az sonra bu pleyadaya
qoşulan Səməd Vurğun, Mikayıl Müşfiq,
Süleyman Rüstəm, Rəsul Rza, Şəhriyar, Mirzə
İbrahimov, Süleyman Rəhimov, İlyas Əfəndiyev, Mir
Cəlal, Bəxtiyar Vahabzadə mənim təsəvvürümdə
XX əsr Azərbaycan mədəniyyətinin ən nəhəng
simalarıdır. Mən təkcə
bu mədəniyyətin söz, qələm bürcünü nişan
verdim və olsun ki, bu sırada kimlərinsə adlarını
çəkmədim. Təbii
ki, dünya xəritəsində bir bənövşə
yarpağı boyda yer tutan Azərbaycanımız XX əsrdə çox ziddiyyətli,
təzadlı, olduqca mürəkkəb və
üzüntülü dövrlər, mərhələlər,
illər yaşayıb, amma bu bənövşə
yarpağı boyda torpağın
sinəsi cadar-cadar olsa da, üstündə
işğalçı orduların tökdüyü qanlar hələ
silinməsə də, kişilər, qəhrəmanlar, dahilər
yetirməyə qadirdir.
Keçən əsrin
altmışıncı illəri XX əsr Azərbaycan mədəniyyəti
tarixində üçüncü İntibah dövrü
sayıla bilər. Və
İntibah deyəndə mən yeni
dünyagörüşünü, mədəniyyət,
xüsusilə, ədəbiyyat aləmində baş verən əhəmiyyətli
dəyişiklikləri nəzərdə tuturam. Yeni dünyagörüşü
yeni mədəniyyət, yeni ədəbiyyat yaradır və
sovet quruluşunun, bərqərar olmuş sistemin hələ
çökmədiyi, amma barometrin tezliklə fırtına göstərəcəyi
bir dövrdə ədəbiyyatın - söz sənətinin
yeni bir gəncliyi doğuldu.
"Altmışıncılar" ədəbiyyata gəldilər
və bu yeniləşməyə təşəbbüs göstərən
ustadlarla bir sırada
ədəbiyyatın sifətini, xarakterini dəyişməyə,
onu milli ənənələrdən təcrid olmamaq şərti
ilə dünya ədəbiyyatı
ilə qovuşdurmağa can atdılar. Artıq sosrealizmin
prinsipləri, onilliklər boyu "Şair, hökmdarın
hüzurundasan", "Ədəbiyyat işi ümumproletar
mexanizminin bir təkərciyi, vintciyidir" hökmləri sınmağa, müqavimət
göstərsə də, tədricən sönməyə,
öləziməyə
başladı. Ədəbiyyatda "müsbət qəhrəman",
"aparıcı insan" modelləri dağılmağa
üz qoydu. "Müstəsna" qəhrəmanları
adi, lakin mənəviyyatca zəngin insan obrazları əvəz etdi. İnsanı hərtərəfli, həm müsbət,
həm də ziddiyyətli -"boyaların
qatışığında" təsvir etmək prinsipi, həyatı,
gerçəkliyi bəzəmək yox, bütün təzadları
ilə təsvir etmək meyli getdikcə güclənməyə
başladı. Bu prosesdə yaradıcılığa əllinci
illərdə başlamış İsa Hüseynov, İsmayıl
Şıxlı, Sabir Əhmədli və
"altmışıncılar" - Anar, Elçin, Yusif Səmədoğlu,
İsi Məlikzadə, Əkrəm Əylisli, Maqsud və
Rüstəm İbrahimbəyov qardaşları, Fərman Kərimzadə,
Sabir Azəri, Əlibala Hacızadə mühüm rol
oynadılar.
Anar- o illərdə bu prosesin
aparıcı nümayəndələrindən biri, indi XXI əsrdə bütün millətin
tanıdığı, təqdir etdiyi sənətkar, Azərbaycan
mədəniyyətini
sözün həqiqi mənasında bütün
dünyada təmsil edən görkəmli mədəniyyət
xadimi kimi etiraf etdiyimiz bu böyük ziyalı 80 yaşına
qədəm qoyur. Mən onu təkcə
XX əsrin yox, XXI əsrin də fikir, düşüncə, əqidə, Azərbaycan həqiqətlərini
yüksək tribunalarda səsləndirən bir ziyalı hesab
edirəm. İngilis şairi Ben
Consonun U.Şekspir haqqında söylədiyi bir fikri
xatırlayıram: "O, bir əsr üçün deyil,
bütün zamanlar üçündür". Anar da məhz belə bir şəxsiyyətdir.
İllər, əsrlər keçəcək,
Anarın adı bütün zamanlarda anılacaq.
Anar Rəsul oğlu Rzayev
ensiklopedik bir zəka sahibidir və onu təkcə
yazıçı-sənətkar kimi qəbul və etiraf etmək
azdır. Azərbaycan və dünya mədəniyyətinin elə
bir sahəsi yoxdur ki, Anar ona bələd olmasın. Musiqi, rəssamlıq, memarlıq, opera sənəti,
folklor, xaricdə mövcud olan bütün sənət cərəyanları
Anarın bilgi dairəsindədir.
Anar- XX və XXI əsrdə Zərdabi,
Sabir, Mirzə Cəlil, Üzeyir bəy ənənələrini
yaşadan, bu ənənələrə sadiq qalan, amma həmişə
novatorluğa, yeniliyə can atan qüdrətli qələm
sahibidir. O, klassik ədəbiyyatla müasir ədəbiyyat, Füzuli ilə
öz müasirləri arasında uçulmaz, dağılmaz
canlı bir körpü yaradan müasirimizdir.
Anar - bütün varlığı
ilə Azərbaycana, onun keçmişinə, milli-mənəvi
sərvətlərinə bağlı olan, onun müstəqilliyini
arzulayan və bu amal uğrunda mübarizə aparan, təkcə
əsərləri ilə deyil, ictimai-siyasi fəaliyyəti ilə
də böyük ziyalı, vətənpərvər
obrazını öz varlığında əks etdirən azərbaycanlıdır.
Xatırlayıram, 90-cı ilin iyununda, SSRİ
Ali Sovetinin sessiyasını. Sessiyada 20
Yanvarla bağlı müzakirə aparılırdı. Anar şəhidlərin xatirəsini yad etmək
üçün bütün iştirakçıları
ayağa qaldırdı. Qorbaçov bunu
etmək istəmirdi.
Anar - türk
dünyasının sayılan, seçilən,
türkçülüyü, turançılığı təkcə
sözdə deyil, əməldə nümayiş etdirən bir
türkdür.
Anar - Azərbaycan mədəniyyətini dünya arenasında təbliğ
edən, dünyanın Azərbaycan kürsüsündə söz deməyə ixtiyarı və
səlahiyyəti çatan xalq və dövlət
adamıdır.
Anar - bugünkü Azərbaycan
ədəbiyyatının başında duran, ona yön, axar,
istiqamət verən, ağsaqqallıq səlahiyyətini
layiqincə yerinə yetirən bir şəxsiyyətdir.
Anar - kinomuzun,
teatrımızın, mətbuatımızın
inkişafında yadda qala biləcək, unudulmayacaq sənət
əsərlərinin müəllifidir.
Anar - gəncliyin dostudur.
***
1938-ci il, mart
ayının 14-də Azərbaycanın iki gənc şairi - Rəsul
Rza və Nigar Rəfibəylinin ailəsində bir oğlan
uşağı dünyaya gəlir.
Adını Anar qoyurlar.
"An" - saniyə, Anmaq
- yada salmaq, Anım - assosiasiya.
Oxucularla görüşdə birisi
soruşur:
- Adınızın mənası nədir?
- Anar, - anmaq feilindəndir, anmaq - yada
salmaq, anar - yada salar. Anar - yada salan.
-Bəs deyirlər adınız belə
açılır: Anam Nigar, atam Rəsul.
-Yox, bu uydurmadır. Kim
uydurubsa, maraqlı uydurub. Heç vaxt
atamla anamın ağlına gəlməyib. Təkrar edirəm: - Anar - anmaq feilindəndir, anmaq -
yada salmaq" ("Sizsiz" povestindən).
Atası Rəsul Rza, anası Nigar Rəfibəyli.
Bu ailənin Azərbaycan ədəbiyyatına
necə töhfələr verdiyi danılmazdır.
Böyük türk şairi Nazim Hikmətin "özünəməxsus
orijinal şair, xalq şeirinin, klassik poeziyanın böyük pərəstişkarı,
axtaran şair" adlandırdığı Rəsul Rza XX əsr
Azərbaycan poeziyasında ədəbi məktəb yaradan
şairdir.Otuzuncu illərdən ömrünün sonuna kimi o, ədəbiyyatımızda
yenilikçi - novator şair kimi şeirimizin milli ənənələri
ilə beynəlmiləl ünsürlərini bir vəhdət
halında birləşdirdi. Sərbəst şeirin ədəbiyyatımızda
intişarı, onun milli poeziya ərazisinə daxil olması və
burada qəti olaraq milliləşməsi Rəsul Rzanın
adı ilə bağlıdır. İncə,
zərif nərgiz çiçəyi öz yenilməz həyat
qüvvəsi ilə qalın asfaltı yarıb günəşə
boylandığı kimi, Rəsul Rza poeziyası ədəbiyyatda
belə bir missiyanı yerinə yetirdi. Nigar
xanım Rəfibəyli isə öz zərif, bahar bənövşələrini
xatırladan, şeirlərində Bakının, Xəzərin,
Azərbaycan təbiətinin gözəlliklərini əks
etdirən incə ruhlu şair idi. Heç
kimə bənzəmirdi. 1981-ci ildə,
aprelin 1-i ilə iyulun 10-u arasında keçən yüz
gün ərzində Anar dünyada bu iki əziz adamını
itirəcək. Amma həyat davam edir: "Ömür
keçir, qatar keçir, işıq keçir. Dünyada qəm də, sevinc də keçəridir".Bu
ailənin təməli ədəbiyyatla yoğrulub və
Anarın Günel qızı, Tural oğlu da söz
adamıdırlar. Əlbəttə,
onların anası Zemfira xanımı - görkəmli sənətşünas,
akademiki də unutmaq olmaz.
***
Bu yazını qələmə
alarkən Anarın 2003-2006-cı illərdə nəşr
olunan altıcildliyinə nəzər yetirdim. Deyim ki, Anarın ilk
yazılarından sonuncu "Göz muncuğu" povestinə
qədər nə yazıbsa, hamısını oxumuşam,
amma onun yaradıcılığı haqqında bəlkə ən
az söz deyən mənəm. Onun əsərləri
nəinki Azərbaycanın, keçmiş SSRİ məkanının
və xarici ölkələrin (əsasən Rusiya və
Türkiyə) tənqidçi, ədəbiyyatşünas və tanınmış
söz adamları tərəfindən yüksək qiymətləndirilib.
Amma Anar həm də
yaradıcılığının müəyyən dövrlərində
sərt, acı tənqidlərə də məruz qalıb.
Xatırlayıram, altmışıncı illərin
sonlarını. Bir tənqidçi yazmışdı
ki: "Anarın qəhrəmanlarının heç birində
yüksək, işıqlı həyat idealı yoxdur". Sosrealizm məntiqi ilə söylənilən bu fikir
çox tezliklə iflasa uğradı. Amma Anar bu yaşacan yenə "tənqidlərdən",
yersiz qınaqlardan, bəzən hətta təhqirlərdən
yaxa qurtara bilmir. Anarın bir hekayəsini yaza bilməyən bəzi
cavanlar ona hərzəvü-hədyanlar
yağdırdılar. İndi də onun kitablarını
yandırmaq təşəbbüsündə bulunanlar var. Ancaq
onlara bu həqiqət çatmır ki, Anar uzaq gələcəkdə
də görünən bir həqiqətdir!
Mətləbdən
uzaqlaşmayaq.
O illərdə Anar və "altmışıncılar"
işıqlı həyat idealını "kommunizm
ideallarında" deyil, həyatın özündə axtardılar.
Nədir xoşbəxtlik, nədir səadət,
insan hansı amallar uğrunda mübarizə aparır, insan nədən
ötrü yaşayır? Vaxt, zaman
amansızdır, dünya fanidir, insan ona bəxş olunan bu
ömür payını necə yaşamalıdır?
"Altıncı mərtəbə"nin
ünvanı haradır, ağ liman və qırmızı gəmilər
bizi hara səsləyir? Təbiətə, kəndə,
keçmişə, ilkinliyəmi? Məncə,
Anar və "altmışıncılar" bu suallara tam və
dolğun cavablar verdilər. Yalnız gələcəyə!
Vaxtilə Məmməd Arif yazmışdı ki:
"Anarın qəhrəmanları ən adi adamlardır,
onlar ən adi işlər görür, ən adi sözlər
danışırlar. Ustalıq da elə
ondadır ki, bu adilikdə insan mənəviyyatının
dialektikasını, qeyri-adilikləri duya biləsən".
Arif müəllimin məqaləsindəki bu
"qeyri-adilik" ifadəsini təkcə onun ədəbi qəhrəmanlarına
deyil, seçdiyi mövzulara, həyat materialına, nəsr və
dram əsərlərindəki sənətkarlıq
boyalarına da aid edirəm.
"Mənim 20 yaşım
vardı və mən belə düşünürdüm. Mənə elə gəlirdi
ki, insana səadət verilməmişdir: ona yalnız səadət
arzulamaq, xoşbəxtlik ümidində, bəxtiyarlıq
gümanında yaşamaq, sevincin kölgəsində
daldalanmaq haqqı verilmişdir. Səadətə
çatdığın an o öz təravətini, ətrini,
gözəlliyini, cazibəsini itirir. Səadət
üfüq kimidir: görünən və çatılmaz,
yaxınlaşdıqca uzaqlaşan" ("Taksi və
vaxt"). Səadətin üfüq kimi
görünməz olduğu, amma insanın ümidlə
yaşamaq ideyası o dövr ədəbiyyatı
üçün qeyri-adi idi. Anar bu həqiqəti "Mən,
sən, o və telefon", "Gürcü familiyası"
hekayələrində , "Ağ liman", "Beşmərtəbəli
evin altıncı mərtəbəsi" əsərlərində
bədii həqiqətə çevirdi. Anar ədəbiyyata yeni qəhrəman
tipajları gətirdi. Bu Zaur, bu Təhminə, bu Məmmədnəsir,
bu Feyzulla Kəbirlinski, bu Nemət. Onların
heç biri "müsbət qəhrəman" deyildi, amma
reallığın özündən doğan insan idilər.
Hər birinin öz həyat idealı, yaşamaq prinsipi
vardı və Anar sübut elədi ki, cəmiyyətdə bir-birinə oxşar,
bir-birinin təkrarı olan insan modelləri yoxdur.
Böyük tənqidçimiz
Yaşar Qarayev yazırdı ki: "Nəsrdə
altmışıncı illərdən start götürən
gəminin yan aldığı sahildə "Ağ liman"
sözləri yazılmışdı. Dövrün
ideya axtarışları və onun nəzəri
özünüdərki Anarın həm bədii, həm də
ədəbi-tənqidi fəaliyyəti ilə
bağlıdır".
Və birdən-birə Anarın
"Ağ liman" həqiqətindən "Molla Nəsrəddin-66"
gülgüsünə meyl edib Mirzə Cəlil
manerasını xatırladan bir üsulla "cəmiyyəti
böyük mənəvi bir ideal və arzular naminə"(Y.Qarayev)
tənqid etməsi də gözlənilməz deyildimi? Anar yaradıcılığında kifayət qədər tənqidi
realizm ünsürləri və güclü yumor xətti
axtaranlar heç də səhv eləmirlər. Onun əksər
əsərlərində (xüsusilə, bir sıra televiziya
tamaşalarında) bu tənqid və yumor xətti uğurludur. Anar bu mənada
ustadı Mirzə Cəlildən çox şey əxz edib,
Mirzə Cəlil kimi o da təkcə güldürmək
naminə deyil, düşündürmək üçün
yazıb bu əsərləri.
Yetmişinci illərin əvvəllərində
isə Anar Dədə Qorqud dünyasına üz tutdu.Xalqımızın
milli-mənəvi dəyərlərinin ilkinliyini özündə
hifz edib bir dastana heç bir zədə toxundurmadan onun
müasir variantını yaratmaq doğrudan da ədəbi
hünər idi. Xalq bəlkə yox, lap həqiqətən
Dədə Qorqudu orijinal mətndən deyil, Anarın
kino-dastanından sevdilər.
Anar Azərbaycan kinosunda
"Torpaq. Dəniz. Od. Səma",
"Dədə Qorqud", "Gün keçdi","Qəm
pəncərəsi", "Üzeyir ömrü",
"Cavid ömrü", "Otel otağı", "Təhminə",
"Sübh şəfəqi" və s. bədii və sənədli
filmlərin ssenari müəllifi kimi silinməz izlər buraxıb
və fikirləşirsən ki, əgər bu filmlər
olmasaydı, kinomuz bir qədər yoxsul görünməzdimi?
Mən Anarın bir dramaturq
kimi fəaliyyətindən də söz aça bilərdim. Və kinomuz
haqqında söylədiyim həmin fikri Azərbaycan teatrı
üçün də məqbul sayıram.
Anar tənqidçidir,
publisistdir, ədəbiyyatşünasdır, sənətşünasdır
və bu fikrimi də sübut eləmək üçün
onlarla təkzibedilməz dəlillər tapa bilərəm. Təbii ki,
onun tənqidçiliyi, ədəbiyyatşünaslığı,
sənətşünaslığı publisistika ilə nəfəs
alır. Ancaq publisistika Anarın söz demək, fikir söyləmək
ehtiyacının münasib ifadə üsuludur.
Əsl fikir sahibinə, professional tənqidçiyə xas olan
ümumiləşdirmə qabiliyyəti Anarın mənim ən
çox bəyəndiyim "Şairin hünəri",
"Şairin zəfəri", "Azərbaycançılıq
haqqında düşüncələr", "Şəhidlər
dağı", "Gecə düşüncələri"
və özünün mənsub olduğu ədəbi nəslin
yaradıcılığı haqqında söz
açdığı məqaləsində , həmçinin
Nazim Hikmət, Rəsul Rza, Ənvər Məmmədxanlı
haqqında qələmə aldığı yazılarında
daha bariz nəzərə çarpır.
Səksən yaşlı Anarda yaradıcılıq
enerjisi qətiyyən tükənməyib və mən bunu
neçə il öncə onun Azərbaycan
televiziyasında ("Mədəniyyət" kanalında) sərasər
neçə il aparıcısı olduğu "Poeziya"
verilişlərində də hiss etdim (o verilişlərdə
mən Anar müəllimlə iyirmi dəfə tərəf-müqabil
olmuşam). Anar 76 yaşında nəsrimizdə
ədəbi hadisə kimi qeyd edilən "Göz
muncuğu" romanını qələmə aldı. Az bir müddət ərzində roman ədəbi
ictimaiyyət və oxucular arasında böyük əks-səda
doğurdu. Bütün yaradıcılığı boyu hər
yeni nəsr əsəriylə
oxucuları düşünməyə sövq edən,
onları narahat edən suallara cavab axtaran və təkcə məzmununa,
təlqin etdiyi fikir və ideya anlamına görə deyil, həm
də bədii-sənətkarlıq
priyomlarına görə seçilən Anar nəsri bu dəfə
də ədəbi aləmi tərpətdi, silkələdi. Görünür, nəsrdə uzun müddət həyatı,
insanı bu səpkidə təsvir edə biləcək əsərlərə
ehtiyac duyulurmuş.
Təbii ki, bu yazıda Anar
haqqında düşündüklərimi söylədim. Tərif
üçün söyləmədim, bildiyim həqiqəti
izhar elədim...
Vaqif YUSİFLİ
Ədəbiyyat
qəzeti.- 2018.-3 mart.- S.4-5.