Xoşbəxtliyini böyük kədərdə tapanlar
F.M.Dostoyevskinin
"Karamazov qardaşları" romanı haqqında qeydlər
Görkəmli rus ədəbiyyatşünası
M.Baxtin "Dostoyevski poetikasının problemləri"
kitabında yazır ki, "Dostoyevski dünyanın yeni bədii
modelini yaratmışdır ki, burada köhnə bədii
formanın əsas məqamlarının əksəriyyəti
köklü dəyişikliyə məruz
qalmışdır". Baxtinin kitabı Dostoyevskini anlamaqda müəyyən
mənada oxucuya yardımçı olur. Amma bu qədər
sadəlövh olmayaq, Dostoyevskini anlamaq üçün həm
də dörd səmavi kitabı oxumaq və ilahi həqiqətlərə
vaqif olmaq, XIX əsr Rusiyasını rusun özü qədər
mükəmməl tanımaq, eyni zamanda bəşəriyyətin
indiyə qədər keçdiyi inkişaf yolunu öyrənmək
lazım gəlir. Bunları bilmədən Dostoyevski
öz sirlərini bizə açmayacaq.
Dostoyevskinin irsi olduqca zəngindir
və onun əsərlərinin qəhrəmanlarıyla bir
şəhər salmaq olar. O, əsərlərində rus
insanının bütün xüsusiyyətlərini sonsuz səbir
və təmkinlə incələyir, cəmiyyəti sanki cərrah
kimi təşrih edir. Cansız səhifələrdən
süzülən ruhlar tədricən ətə-qana dolur,
capcanlı görünür, öz yanlışları,
doğrularıyla birgə sizi də öz ardınca
sürüyürlər. Dostoyevski oxucunu çar
Rusiyasının labirintlərində azdırmağı
xoşlayır, xoş bu labirintlərdə azanların
halına! Sonda bu labirintdən mükəmməl insan kimi
çıxmadınsa, demək sən Dostoyevskini heç
anlamamısan...
Deyirlər rəssamlar Londonun göylərində
buludları çəkənədək heç kim bilmirdi ki, London buludlu şəhərdir. Bunu ilk dəfə rəssamlar bizə göstərdilər.
Dostoyevski də rus insanını özlərinə
tanıdan bir dahidir. Onun qəhrəmanları
mücərrəd anlayışları bütlərə
çevirib onların əsiri olmuş və öz
günahlarıyla çarpışan, cinayətlə cəza
arasında tədirgin olmuş, öz ruhunu xilas etməyə
çalışan insanlardır. Dostoyevski
öz qəhrəmanlarını mistik
çıxılmazlığa salmağı sevir, vizual aləmin,
olmuşların və olacaqların ilahi nizama bağlı
olduğunu göstərir. Dostoyevskinin humanizmi "Karamazov
qardaşları" romanının səhifələri
arasından monumental abidə kimi boy göstərir. Amma bu humanizm İvan Karamazovun humanizmindən kəskin
şəkildə fərqlənir. İvan
Karamazov ilahi iradəyə tabe olmayan humanistdir və
ideyaları onu Tanrıyla münaqişəyə gətirib
çıxarır. Alyoşa ilə
görüşündə onun patoloji fantaziyaları
aşıb-daşır. Onun fəlsəfi
idealizmi iflasa uğrayır. Sonda yenə də
ilahi həqiqət qalib gəlir. Amma
Alyoşa Karamazov fatalistdir. Abid Zosima
ölümqabağı sevimli şagirdi olan Alyoşaya vəsiyyət
edir ki, monastırdan get, dünyaya qayıt. Çünki
onun içindəki böyük sevgini görmüşdü,
insanlığın isə bu sevgiyə, mərhəmətə
çox böyük ehtiyacı vardı.
Dostoyevski bir mülkədar
ailəsində baş vermiş faciədən nəhəng
psixoloji roman yazdı və on illərdir bu əsər ədəbi
və fəlsəfi düşüncənin üfüqlərini
genişləndirməkdədir. Təsəvvür
edirsinizmi, "Karamazov qardaşları"nı tələm-tələsik
yazılmış, məişət çapında kriminal
roman hesab edənlər olub . Tərcümələrdə
isə "Böyük inkvizator" fəslinin adını
"lazımsız" qoyub ixtisar edirmişlər. Onun
ilk əsərini oxuyub bu adamı dahi adlandıran Belinski isə
görün ədəbiyyat tarixçisi Pavel Annenkova məktubunda
nə yazıb: "Dostum, öz aramızdı, "Dostoyevski
dahidir" deyib biz xeyli küyə getmişik!" Belinski onu dahi adlandıranda təbii ki, haqlı idi,
"küyə getmək" məsələsində isə
möhkəm yanılırdı. Zaman hökmünü verdi: Dostoyevski dahidir!
Dostoyevski
yaradıcılığında çox mühüm yer tutan
"Gülməli adamın yuxusu" hekayəsində
yazıçı bəşəriyyətin xilası
yollarını birbaşa göstərir. Bu hekayə
yazıçının bütün
yaradıcılığının yekun nəticəsidir,
hekayənin Dostoyevskinin ömrünün sonlarında
yazılması da təsadüfi deyil. Adam
yuxusunda başqa bir dünyaya gedib çıxır və
orada kin və ədavət yoxdur, cinayət yoxdur. Bəşəri
fəlakətlərin qaynağı olan ehtiraslar bu dünyaya tanış deyil. Dostoyevski
dünyanı belə görmək istəyirdi, onun
yaratdığı yeni dünyanın modeli məhz bu idi.
"Karamazov qardaşları"nda on dörd
yaşlı Krasotkin deyir ki, bəşər tarixi insanların
yaramazlıqlarıyla doludur. Bu uşaq
özünün dediyinə görə "islaholumaz
sosialist"dir. Onun yaşına uyğun olmayan fikirləri
Alyoşanı heyrətləndirir. Krasotkin
deyir ki, mən gülünc görünürəm?
Alyoşa isə belə cavab verir: "İndi qabiliyyətli
insanların çoxu gülünc görünəcəklərindən
qorxduqları üçün bədbəxtdirlər. Məni
təəccübləndirən yalnız sizin bunu belə erkən
hiss etməyinizdir". Dostoyevskinin ədəbi
bədii sistemini ən parlaq şəkildə bu iki əsər
özündə ehtiva edir. "Karamazov
qardaşları" möhtəşəm ictimai
epopeyadır. Əsərin ən maraqlı
surətlərindən biri Abid Zosimadır, o, o, xristian
ideyası mühitində Karamazovlara qiymət verir. Onun
Mitya ilə, İvan Fyodoroviçlə və Alyoşa ilə
dialoqlarını təhlil edəndə görürsən ki,
Abid Zosima bu üç qardaşın hər birinin daxilinə
nüfuz etməyi və onların dünyaya, Tanrıya
münasibətlərindəki ziddiyyətlərdən, tərəddüdlərdən
peyğəmbərcəsinə xəbərdardır və bu
ziddiyyətlərin hardan qaynaqlandığını da
çox gözəl bilir. Ata və oğul Mityanın onun
hücrəsində nümayiş etdirdikləri ədəbsizliyə
son dərəcə təmkinlə yanaşan Zosima məhz həmin
dəqiqələrdə atası və qardaşı
üçün xəcalət hissi keçirən Alyoşa
deyir ki, Tanrı məni yanına çağıran kimi
monastırdan get. Sənin yerin bura deyil. Sənə dünyaya böyük xidmətlər
göstərmək üçün xeyir-dua verirəm.
Bir də romanı oxuyub bitirincə beynimdə fırlanan bu
cümləni pıçıldayır ona: "Böyük kədər
görəcəksən və xoşbəxtliyini həmin kədərdə
tapacaqsan".
Dmitri Karamazov isə
azğın tipdir, onun içində naməlum ideyalar
qaynayır.
Meyxanada hamının gözü qarşısında
ştaps-kapitan Snegiryovun saqqalından tutub sürüyən və
bununla da onun balaca oğlu İlyuşanın qəlbinə
sağalmaz yara vuran bu adam
qarşısındakı maneələri ağılla yox, zor
gücünə aşmaq istəyir. Dostoyevski bununla
bağlı "Yazıçının gündəliyi"
kitabında yazır: "Dünyanın indiki obrazında
azadlığı azğınlıqda görürlər, əsl
azadlıq isə yalnız və yalnız özünü və
öz iradəsini dəf etməkdədir, belə ki, gərək
axır-axırda elə bir mənəvi vəziyyətə
çatasan ki, daim, hər an özün-özünün
ağası ola biləsən. İstəklərin azğınlığı isə
yalnız sizin köləliyinizə gətirib
çıxarır". Dünya
azadlığı pulda görür, pulun varsa, nə istəsən
edə bilərsən. Amma əsla belə
deyil. Bu da puldan asılı olan bir köləlikdir.
Dostoyevskiyə görə ən yüksək
azadlıq maddi təminatda deyil, nəyin varsa, hər şeyi
hamıya paylamaq və hamıya xidmət etməkdədir.
İncildə də İsa Məsih insanlara bunu məsləhət
görürdü: "Əgər kamil olmaq istəyirsənsə,
nəyin varsa sat, kasıblara payla".
İvan Karamazov ruhun ölməzliyinə
inanmır.
Abid Zosima görün ona nə deyir: "Yaradana sizə
böyük, bu dərəcədə əzab çəkməyə
qadir bir ürək verdiyinə görə minnətdar olun.
...Tanrı sizə qəlbinizin qərarını yer
üzündəykən dərk etməyə imkan versin!" Dostoyevski Karamazovların xarakterini dialoqlar vasitəsilə
açır. Bu dialoqları çox diqqətlə
oxumaq lazım gəlir, bu, oxucuya qardaşların sonrakı hərəkət
trayektoriyasını müəyyənləşdirməyə,
hadisələrin mahiyyətini dərk etməyə
yardımçı olur. Fikrimizin əyani təsdiqi kimi
M. Baxtinin Dostoyevski haqqında kitabında yazdığı bu
sözlərə müraciət edək: "İideya insan beynində
"daimi yeri olan" subyektiv, fərdi-psixoloji bir törəmə
deyildir, xeyir, ideya fərdlərarası və subyektlərarası
bir varlıqdır, onun mövcudluq sahəsi düşüncə
deyildir, düşüncələr arasındakı dioloji
ünsiyyətdir".
İvan Karamazovla Alyoşa arasında
gedən dialoq İvan Karamazovun
dünyagörüşünü sərgiləyir, Mitya ilə
Alyoşa arasındakı dialoq Mityanın daxili aləmini
açır, Mitya ilə Qruşenka arasındakı dialoq Qruşenkanın
sirli və hiyləgər qadın dünyasına işıq
salır. Katerina İvanovna isə sanki
"İdiot"dakı Nastasya Filippovnadır, sadəcə,
adını dəyişib ki, onu tanımasınlar. Abid
Zosima - dünyadan əl götürüb öz hücrəsinə
çəkilmiş bu nurani qoca isə bioqrafiyasına görə
mənə Tolstoyun Sergi atasını xatırladır. Roman o qədər çoxşaxəli,
çoxplanlı və çoxqatlıdır ki, bir yazıda
bütün bunların hamısını əhatə etmək
qeyri-mümkündür, bilmirsən hardan başlayıb harda
yekunlaşdırasan. Romanda bircə təsadüfi
obraz yoxdur, süjet xəttində hardasa təsadüfən
görünüb keçən adamlar da hansısa
düyünün açılmasında rol oynayırlar.
Məsələn, Mityanı atası qətlə yetirilən
gün Mokrıya aparan arabaçı Andrey, Smerdyakovu
(Dostoyevskinin bioqrafiyasını yazmış L. Qrossman onu mənəvi
bədheybət adlandırmışdı) Karamazovların həyətindəki
hamamda doğmuş iylənmiş Lizaveta epizodik
görüntüləriylə sonrakı hadisələrin
dayaq nöqtəsinə çevrilirlər. Onlar
dedektiv təhkiyənin vacib elementidirlər.
Dostoyevskinin az
qala, bütün əsərləri dedektiv üzərində
qurulub. "Cinayət və cəza"da Raskolnikovun sələmçi
qarını baltalaması, "İdiot"da Roqojinin Nastasya
Flippovnanı öldürməsi, "Utancaq qız"
povestində Lukeriyanın sələmçi ərindən
bezib intihar etməsi, "Əbədi ər"də
zavallı qızcığaz Lizanın ərlə oynaş
arasındakı nifrətin qurbanı olması və sair bu
kimi nümunələrin sayını xeyli artırmaq olar. Məhz həbsxanada bu obrazların içindəki
insan oyanır. Alyoşa Mitya ilə həbsxanada
görüşərkən qardaşı ona deyir ki, katorqada
Tanrısız qalmaq mümkün deyil. Bu
fövqəlbəşər ilahi qüvvə onun iradəsini
gücləndirir. Dostoyevski bütün bu
hissləri öz şəxsi həyatında
yaşamış bir insandır. Həbsxanada
oturub edamını gözləyərkən axirət
haqqında düşüncələr onun idrakını
sönməyə, iradəsini sarsıtmağa imkan verməmişdi.
Bu haqda yazıçı özünün
"Ölü evdən qeydlər" romanında geniş
yazıb. Yazıçı məhbəsdə bəzi
kitabları oxuduğunu qeyd edir və bu kitablardan
aldığı təəssüratları haqda belə
yazır: "...əminəm ki, bu təəssüratları
çoxları başa düşməyəcək. Öz
üzərində hiss etmədən bəzi şeylər barəsində
mühakimə yürütmək olmaz. Bir şeyi deyim: mənəvi
məhrumiyyət bütün fiziki əzabların
hamısından daha ağırdır". Dmitri
Karamazova da məhz mənəvi məhrumiyyətlər əzab
verir, rahatlığını əlindən alırdı.
Yenə "Ölü evdən qeydlər"ə istinad edək:
"Bəzən həbsxanada bir neçə ildir
tanıdığın insan barəsində onun insan deyil, vəhşi
olduğunu düşünür və ona nifrət edirsən.
Və birdən təsadüfən elə bir an gəlib
çatır ki, onun qəlbi qeyri-iradi bir əsinti ilə
açılır və siz bu qəlbdə elə bir zənginlik,
duyğu, ürək, özünün və başqalarının
işgəncələrini elə aydın şəkildə
anlamaq qabiliyyəti görürsünüz ki, sanki gözləriniz
açılır və eşidib gördüklərinizə
ilk anlarda özünüz də inana bilmirsiniz". Dmitri Karamazov məhz bu tipli insanlardandır.
Onun haqqında həqiqətə ən yaxın sözü
Karamazovlar ailəsini dərindən tanıyan həkim
Gertsenştube məhkəmədə dedi: "...zavallı
cavan oğlanın taleyi bundan qat-qat yaxşı ola bilərdi, çünki təmiz ürəyi
var..." Amma bu təmiz ürək onu katorqadan
xilas edə bilmədi.
Dostoyevskini ən
böyük detektiv yazıçı saymaq olar, xüsusən
"Karamazov qardaşları" triller süjetlərlə zəngindir,
amma bu, onun nəhəng ədəbi qüdrətini xeyli
kiçiltmiş olar. Dünya ədəbi-bədii fikrinə
yön vermiş bu nəhəng rus
yazıçısının ideyalarıyla silahlanıb qələmə
sarılmış yüzlərlə yazıçı olub
ki, onların fikir, düşüncə qaynağı məhz
Dostoyevski dühası olub. Adını
dünya ədəbiyyatı tarixinə yazmaq istəyən bir
çox yazarlar məhz "Karamazov qardaşları" kimi
bir əsər yazmaq istəyiblər. Hətta
günümüzün yazarlarından Haruki Murakami də
müsahibələrindən birində bu romanı ideal bir əsər
kimi qiymətləndirmişdi və "hədəfim məhz
"Karamazov qardaşları" kimi bir əsər
yazmaqdır" demişdi.
"Karamazov
qardaşları" elə bir əsərdir ki, Dostoyevskinin
bütün əsərlərindən bu romanda nəsə
tapmaq mümkündür.
Kənan HACI
Ədəbiyyat
qəzeti.- 2018.-3 mart.- S.7.