Dəli Bəybala
Hekayə
Şəhərdə onu Dəli
Bəybala çağırırdılar. Yaşı əllini
keçsə də, bədəninin
cılızlığına görə, ona otuz-otuz beş yaşdan artıq vermək olmazdı. Saçları heç vaxt daranmayan, gözlərinin
içi qıpqırmızı olan, bu arıq vücudlu
adamın, yay-qış əynində bir dəst köhnə
paltar olardı. Nə qışda qalın
geyinər, nə də ki, yayda əynini yüngül edərdi,
elə həmişə bir görkəmdə gözə dəyərdi.
Qışda da, yayın cırramasında da,
ayağında rezin qaloş olardı. Şalvarının
balağı ayaqlarına dolaşmasın deyə, onu
cırıq və kirli corablarına salardı.
Bu adamın işi, sənəti səhərdən-axşama
kimi şəhərin
bu başından, o başına pay-piyada gedib-gəlmək
idi. Əllərini qoynuna qoyub,
barmaqlarının ucunda dartına-dartına yeriyən bu
adamın görkəmi, hamının diqqətini cəlb eləsə
də, heç kəsin onunla işi olmazdı. Əslinə qalsa, Dəli Bəybala da heç kəsə
dəyib-dolaşmazdı. Qarşısına
çıxan qız-gəlinə, uşağa, qocaya bir kəlmə
də olsun artıq söz deməzdi. Qarşılaşdığı
adamların yolundan çıxıb yol verər, bir dəfə
də olsun kimsənin qarşısını kəsib narahat
etməzdi.
Dəli Bəybala qırx il idi ki, yollardaydı. Səhər
açılan kimi evdən çıxar, bir də
qaşqaralanda geri dönərdi. O, kasıb bir ailədə
doğulmuşdu. Ata-anasını erkən
itirdiyindən, qardaşının himayəsində
yaşayırdı. Gözünü
dünyaya açıb, ağlı bir şey kəsməyəndən,
adının qarşısına qoyulmuş "dəli" sözü
onu hey düşündürüb, narahat edərdi. Bəybalanın "dəli" sözündən
lap əvvəldən zəhləsi gedərdi. O, bu
söz üstündə bir neçə dəfə
qonum-qonşunun uşaqlarının baş-gözünü də
vurub yarmışdı. Anlaya bilmirdi ki, camaat ona
niyə dəli deyir? Gündə neçə
hoqqadan çıxan məhəllə uşaqlarını niyə
bu adla çağırmırdılar?!
Bəybalanın
başından cinlərini oynadan "dəli" kəlməsi
deyildi. Onu əsəbiləşdirən qonum-qonşunun
öz uşaqlarına "mənim ağıllı" balam
demələriydi. O ağıllı balalar ki, gündə
neçə kərə ağılsız işlər görərdilər.
Elə pis-pis işlər tutardılar ki, Bəybala
ömründə belə işlər görməmişdi.
Pis-pis işlər görən bu
"ağıllı balaların", ağıllı
ata-analarına baxanda, o, əlini-əlinə vurub, qəh-qəhə
çəkər və gülməkdən uğunub gedərdi.
Öz-özünə fikirləşərdi ki,
vallah, bunların başları çatmır.
Sonradan yaşa dolduqca, nəinki
tay-tuşlarının, onlardan böyük uşaqların, hətta
yaşlıların da pis-pis əməllər
tutduqlarını görəndə, Bəybala istəmirdi ki,
bu adamlarla adı eyni çəkilsin. İstəyirdi ki,
qonum-qonşudan, tay-tuşlarından, elə bu şəhərin
adamlarının hamısından fərqlənsin. Və istəyirdi ki, onun adı, elə "Dəli
Bəybala" qalsın. Çünki bu
ağıllı adamlardan onun gözü su içmirdi.
Özlərini ağıllı sayıb, dəli-dəli
işlər görən bu adamlara qoşulmaqdansa, elə dəli
olub ayrıca gəzmək lazımmış, -
düşünürdü. Onun
düşüncəsinə görə, dəli olmaq
dünyanın ən yaxşısı olmaq deməkdir.
Məhəllə
uşaqları Bəybalanı dəli, ağılsız
saydıqlarına görə, öz gizlin işlərini də
onun yanında açıb danışar və elə
düşünərdilər ki, Bəybala belə şeyləri
anlamır. Əslində, Bəybala bu axmaq uşaqların
bütün axmaq işlərindən xəbərdar idi.
Amma öz-özünə fikirləşərdi ki, mən dəliyəm,
özümü onlara tay tuta bilmərəm.
Elə, bir küçədə
yaşadıqları Cabbarla Cəfərin gördükləri
işlər ona gülməli gəlirdi. Bəybalanı
on gün ağaca bağlayıb, nar çubuğuyla
çırpsaydın, belə işlər görməzdi.
Cabbarla, Cəfər hər bazar günü gedib
hamamın pəncərəsindən orada çimən
arvadlara baxardılar. Bəybala bunu bilsə
də, heç kimə bir kəlmə də olsun söz deməmişdi.
Amma bir gün baş verən hadisə bu iki
dostun hamam kefinin üstünə yamanca soğan
doğramışdı. Sən demə, uşaqlar
qarışığa salıb, hamamda lüt-üryan çimən
öz analarının güngörməz yerlərinə
doyunca tamaşa ediblərmiş…
Dəli Bəybala bu hadisəni
eşidəndə əlini əlinə vurub doyunca
gülmüşdü. Bu hadisədən sonra o, Cabbarla Cəfərə salam verməyib, onları görəndə
üzünü yana tutub gedərdi.
Onu yandıran, təkcə
tay-tuşlarının ağılsız hərəkətləri
deyildi. Dəli Bəybalanın ürəyini ağrıdan
böyüklərin də yanlış hərəkətləriydi.
Bir də görərdin, məhəllə
uşaqları pişik balalarını öldürüb,
atıblar şikəst Sənəm arvadın su quyusuna. Qonum-qonşu da, həmin quyudan su daşıyıb
işlədirdilər. Bir neçə
gün keçəndən sonra, bir də görərdin,
kiminsə vedrəsindən ölmüş pişiyin
başı göründü. Aləm dəyərdi
bir-birinə, yığışardılar quyunun
başına. Bir hay-küy qopardı ki, gəl
görəsən. Çox çənə-boğazdan
sonra, axırda bir nəfər qayıdıb deyərdi: - Bu, Dəli
Bəybalanın işidir!... Bunu uşaq desəydi, Bəybalanı o qədər
də yandırmazdı. Bu sözü deyən məhəllənin
ağsaqqalı Cəfərqulu kişi idi.
Söz Cəfərqulunun ağzından
çıxar-çıxmaz məhəllənin arvadları
tökülərdilər Bəybalanın üstünə:
- İtil get burdan, dəlinin biri dəli!.. Allah səni niyə öldürmür ki,
canımız əlindən qurtarsın, - deyib, onu
gözümçıxdıya salardılar.
Bəybala da, işin
fırıq olduğunu görüb, camaatın içindən
sivişib çıxardı. Uşaqlara da, elə
bu lazım idi, yerdən daş-kəsək parçası
götürüb, onun dalısınca tolazlardılar.
Dəli Bəybala da, daş-kəsəkdən
qorunmaq üçün, pencəyini başına çəkərək,
evlərinə tərəf qaçıb, doqqazın
ağzında dayanar və üzünü camaata tutub, bildiyi
bircə söyüşünü söyərdi: - Dədöün…
Dədöün…
Neçə dəfə öz
qulaqlarıyla eşitmişdi ki, anaları uşaqlarına
deyir: - Dəli Bəybalayla oynamayın ha, onun ağlı
yoxdur, əlindən xata-zad çıxar.
Belə şeyləri
eşidəndə Bəybalanın cin vurardı başına. Ona görə
yox ki, onun bu sözlərdən acığı gəlirdi.
Ona görə ki, həmin ağıllı uşaqlar bir də
gördün məhəllədəki, iki gözündən də
zəlil olan Kərim kişinin əlindən tutub, gətirib
oturdardılar küçənin ortasında və deyərdilər:
- Əmi, bura tualetdi, otur burda, rahat,
peşonu elə…
Yazıq Kərim kişi
də, heç nədən xəbərsiz,
şalvarını aşağı çəkib asfaltın
ortasını isladardı.
Uşaqlar da bu mənzərəyə
tamaşa edə-edə, əllərini əllərinə vurub
bərkdən gülüşərdilər.
Uşaqların bu hərəkəti
Dəli Bəybalanı yaman hirsləndirərdi. Gedib Kərim
kişinin əlindən tutar və yolun ortasından çəkib
aparardı.
Bəybala on dörd yaşına
çatanda, evlərindən iki küçə o yana yaşayan bir qıza vurulmuşdu. Qıza vurulmuşdu deyəndə, qız ona
sataşırdı. Bəybalanı hər dəfə görəndə
dilini çıxardar, barmaqlarını dodaqlarının
üstünə qoyub ona öpüş göndərərdi.
Bəybala əvvəlcə
qızın bu hərəkətlərindən bir şey
başa düşmədiyindən, iri bərəlmiş
gözlərini onun üzünə zilləyib,
mattım-mattım baxardı. Sonra get-gedə
qıza elə öyrəşdi ki, hara getsəydi, yolunu
onların küçəsindən salardı. Saatlarla
qızgilin əncir ağaclarının altında durub, ona tamaşa eləyərdi.
O, qızı yaman çox istəyirdi. Hətta
gecələr qız onun yuxusuna da girirdi.
Bu hal bir müddət beləcə
davam etdi. Bir
gün qızın anası Balaxanım arvad Bəybalanın
qıza, qızın da Bəybalaya baxdığını
görüb yamanca əsib-coşdu:
- Buna bir bax, - dedi, - kül mənim
başıma, camaata it hürsə, mənə də
çaqqal hürər. İtil get burdan, avaranın biri, avara. Hansı dərənin dəlisi,
axmağı var gəlib məni tapır. Ədə,
cəhənnəm ol, çıx get xarabanıza da, nə kəsdirmisən
bu darvazanın ağzını.
Sonra o, dönüb qızına:
- Külü qoyum sənin olmayan
ağlına, adam tapa bilmirsən söhbət
etməyə? Küçənin
ağıllı, gözəl-göyçək
oğlanları qalıb, gedib ilişmisən dəlinin birisinə.
Daş düşsün sənin qız başına!.. Bir də səni o avarayla
cikkildəşən görsəm, dədəmin qızı
olmaram sənin saçından tutub bu küçədə
sürüməsəm.
Dəli Bəybala o gündən
sonra bir də həmin evin qarşısında dayanıb
qıza baxmadı. Ürəyindən qızı görmək
keçsə də, Balaxanımın qorxusundan onlar yaşayan
evin yanına çatan kimi, dabanına tüpürüb
qaçardı. Bir müddət beləcə
ötüb keçdi. Amma bir yay günü
gördüyü hadisə yaddaşında həmişəlik
ilişib qaldı və o, bu hadisədən sonra bir daha heç bir qızı
sevməyəcəyinə söz verdi.
… Həmin gün Bəybala
evlərinə dönəndə yolunu sevdiyi qızgilin
küçələrindən salmışdı. Fikirləşdi ki, uzaqdan da olsa, bəlkə onu
görə bildi. Çoxdan idi ki, bu tərəflərə
hərlənmirdi.
Qızgilin evininin
yanındakı incil ağacının yanına çatanda
gözlərinə inanmadı. Sevdiyi qızı
qonşu oğlanları araya alıb, onunla şit-şit
zarafat edirdilər.
Bəybala elə qəzəbləndi
ki… Əyilib yerdən bir çaydaşı
götürüb onlara tərəf atdı. Daş, əncir ağacının iri
yarpaqlarını qıraraq, yerə tökdü.
Xışıltı salaraq qırılıb yerə
tökülən yarpaqların dalısınca, tükürpədici
bir səs qopdu:
- Ay an-aaa… öldüm!..
Qışqıran
qonşunun oğlu Əliniyaz idi. Daş onun
başına dəyib paralamışdı.
Oğlanlar qorxusundan pərən-pərən
olub hərəsi bir yana
götürüldü. Qız isə, bir
gözqırpımında evə qaçdı. Onun evə girməsi ilə, anasının eşiyə
çıxması bir oldu. Balaxanım
arvad özünü canhövüllü həyətə
salıb, incil ağacına tərəf qaçdı.
O, baş-gözündən qan süzülən qonşunun
oğlunu görüb qışqırdı:
- Ay bala, Əli, nə olub sənə?.. Kim səni bu hala saldı?!..
Qana bulaşan oğlan, əliylə
küçədə dayanmış Bəybalanı göstərərək
hönkürdü:
- Xala, biz incillikdə
oynayırdıq, Dəli Bəybala daşla vurub mənim
başımı yardı.
Balaxanım arvada
elə bil cin toxundu:
- Allah, biz neynəyək, bu dəlinin
əlindən? Başımızı
götürüb hayana qaçaq?! Uşaq-muşaq da
çölə çıxa bilmir bunun qorxusundan.
O, təndirin üstünə
qoyulmuş ikiqanad yabanı götürüb Bəybalanın
üstünə yeridi.
Bəybala, Balaxanım
arvadın əlində yaba ona tərəf gəldiyini
görüb qaçdı. Sonra arvad
qabağında qaçmağı kişiliyinə
sığışdırmayıb, dayandı və eyvanda durub
onlara tamaşa edən qıza barmağını uzatdı.
Sonra oğlanları göstərib, bayaq
onların etdiyi hərəkətləri yamsıladı.
Onun bu hərəkəti Balaxanım arvada elə bil od qoydu. Arvada elə
gəldi ki, Dəli Bəybala bu biədəb hərəkətləri
onun qızı üçün eləyir. Odur ki, əlindəki yabanı düz Bəybalanın
başına çırpdı.Yaba Bəybalanın
başında ikiyə bölündü.
Bəybaladan dəhşətli
bir səs çıxdı. O, bu dəfə arxaya da baxmadan: - Dədöün…
dədöün… - deyə-deyə, evlərinə tərəf
götürüldü. Qaça-qaça
Balaxanım arvadın səsini də eşidirdi.
Balaxanım arvad bayaq qızıyla minbir oyundan çıxan
qonşu oğlanlarına üzünü tutub deyirdi:
- Mənim ağıllı
balalarım, gəlin keçin evə. Sizə
neçə dəfə demişəm ki, o dəlidən uzaq
gəzin. Bala, uzaq gəzin də, o səfehdən!..
Bəybala isə,
başının ağrısını unudaraq, arvadın bu
sözlərinə qəh-qəhə çəkib
gülürdü.
İllər keçəndən
sonra Bəybala həmin qızı şəhərin
başqa-başqa kişiləriylə gəzən
gördü.
Qız günlərlə yoxa çıxıb,
yenidən tapılardı. Hər dəfə
də geyim-kecimi fərqli olardı. Sir-sifətini də, bayram
yumurtası kimi qıpqırmızı rəngə boyayardı.
Bir dəfə Bəybala səkinin
qırağında oturub, çəkdiyi ucuz papirosun
tüstüsünü burnundan havaya fısqırdırdı. Başı
öz aləminə qarışdığından, yanında
dayanan maşından da xəbəri olmadı. Gözləri,
kirli qaloşlarının ucuna dirənmiş, bir cüt
par-parıldayan ayaqqabılara sataşanda, bərəlmiş
gözləri bir az da bərəldi. Başını qaldıranda, gözlərinə ilk
dəyən bir cüt ağappaq qadın qılçaları
oldu. Başını bir az da dikəltdi.
Qarşısında dayanan, saçları tovuz
quşu tükləri kimi üç-dörd rəngə
çalan qızı görəndə, Bəybala əvvəlcə
onu tanımadı. Qızın yekə, boyalı
dodaqları arasından parıldayan ağ
dişləri Bəybalanın bərələn gözlərini
qamaşdırdı.
Qız Bəybalanın ona
dikilən bədheybət baxışlarına məhəl
qoymayaraq, əlini uzadıb barmaqlarının ucuyla, onun
tüklü çənəsini sığalladı. Sonra geri dönüb,
maşının sükanı arxasında oturan yaşlı
kişiyə:
- Bu oğlanı görürsən,
mənim ilk sevgilim olub. Bilirsən, məni necə sevirdi… Yazığın əli heç əlimə də
dəymədi, - deyə qız, həsrətlə Dəli Bəybalanın
üzünə baxıb, dərindən köks
ötürdü. - Arada ürəyimdən keçir ki,
xəlvətə salıb, heç olmasa bircə dəfə
də olsa, onun könlünü görüm, yazıqdı…
Sonra qız əl
sumkasından bir qutu bahalı papiros çıxarıb Bəybalaya
uzatdı.
Bəybala ömründə
beləsini çəkməmişdi. Ona görə də,
papiros qutusunu almadı.
Qız papiros qutusunu zorla da olsa ona
verib:
- Al götür, utanma. Mənim
sağlığıma çəkib, şellənərsən…
Bəybala bir söz deməyib,
papiros qutusunu qızdan aldı.
Qız maşına oturanda əyilib Bəybalanın
qulağına pıçıldadı:
- Dəlim mənim, gözlə, bir
gün gəlib sənin ağlını başından
çıxaracağam… Sonra o, barmaqlarını
qoşalaşdırıb dodaqlarının üstünə
qoydu və Bəybalaya bir öpüş üfürdü.
Bəybala qızın bu hərəkətini
görəndə, elə bil, itmiş yaddaşı oyandı. Neçə
illər bundan qabaq ona hamıdan əziz olan Qəmzəni
tanıdı. Əvvəl-əvvəl
üzündə təbəssüm işartısı
oyandı, sonra sifəti ciddiləşdi. O, dik ayağa
qalxıb ondan uzaqlaşmaqda olan maşının arxasınca
bir xeyli qaçdı. Sonra nə fikirləşdisə
dayanıb maşına tərəf tüpürdü. Bununla da ürəyi soyumayıb qızın ona
verdiyi bahalı papiros qutusunu ayaqları altına atıb
tapdadı.
Dəli Bəybalanın
"sevgilisi" Qəmzə bir neçə il
keçəndən sonra ağıllı adamların qurbanına
çevrildi. Bir kef məclisində
bıçaqlanıb öldürüldü. Qızın yas mərasimini də aşnaları təşkil
etmişdilər. Anası Balaxanım arvad da
baş-gözünə döyə-döyə o kişilərə
üzünü tutub yalvarırdı:
- Ay başınıza dönüm,
ay qurbanınız olum, balam üçün əziyyət
çəkmisiniz, zəhmətinizi halal edin.
O gün Bəybala Qəmzənin
yasına gələn kişilərin
maşınlarının təkərləri altına
mıxdan, qadaqdan qoyub
hamısını partlatmışdı.
…Dəli Bəybalanın əzabları gecələr artardı. O, gündüzlər gəzib-dolaşdığına görə, başı qatışıq olardı. Necə ki, axşam düşürdü, onunçün ayrılmış balaca otağına keçib yatağına uzanardı. Evdəkilərin onunla işləri olmazdı. Onun da ev adamlarının işinə qarışdığını görməmişdilər.
Qış ayları onunçün dözülməz olardı. Ev-eşiyin buz təki soyuqluğu, otağın zülmət qaranlığı Bəybalanı vahimələndirərdi. Bəybala belə vaxtlarda şər qarışmamış yatağına girər və əllərini dizlərinin arasına qoyaraq, büzüşüb yatardı. Qış aylarında o heç paltarlarını da soyunmazdı. Şalvar-pencəkdə, iki qatlanmış yorğanın arasına girər və nəfəsiylə yerini qızdıranacan orada titrəyərdi.
Gecələr sübhə qədər o, gözlərini bir nöqtəyə zilləyərək, susub qalardı. Gün ərzində gördüyü hər bir hadisəni yenidən xəyalında canlandırıb, xatırlamağa çalışardı. Əzab verirdi ona gördüyü hər şey. Elə bil bu boyda şəhərin camaatının ağrısını o çəkirdi. Adamların hərcayi hərəkətləri, ağılsız tutduğu işlər az qalırdı ki, onun ürəyini infarkt eləsin…
...Günlər
ötdükcə, şahidi olduğu hadisələrə tab gətirməyən
Dəli Bəybalanın az qalırdı ki, başına hava gəlsin...
Meyxoş ABDULLAH
Ədəbiyyat qəzeti.-
2018.- 3 mart.- S.11.