İllər uzun qış gecələri
kimi
Bir gün bütün gedənlərin
ayaq səsləri kəsilər dəhlizdən,
Bir gün bütün
ayrılıqlar xatirə olar.
Bir gün dərdlərinə
gülüb
keçə bilməyənlərə gülərsən.
Hamını, hamını
özün bilərsən.
Addım səslərindən
tanıdıqların da silinər yaddaşından.
Ya yaddaş sözə baxmaz,
ya sən xəbər tutarsan ömrün
qışından.
İllər uzun qış gecələri
kimi gələr,
İllər hər
düşündükcə ağrılarına çevrilər.
Boş dərman şüşələri
kimi
düzülər göz önünə.
Ürəyin uşaq kimi atlanar,
uşaq kimi can atar bir günəşli
aprel gününə.
***
Tanrım,
ölümə tələsdirməsəydin
bizləri,
Heç birimiz
gözüaçıq getməzdik
dünyadan.
Kimsənin əlinə
ehtiyac olmazdı,
Gözlərimizi qapamağa.
***
Sual işarəsinin
kölgəsi qədərdi
Ürəyimdəki sərinlik.
Nə bir addım irəli var,
nə bir addım
geri.
Ürəyini buz kimi saxla deyənlər,
Səsimi duymasa, ürəyim yanacaq.
***
Yolunda kipriyimizlə
qor götürdüyümüz adamlar,
Gözlərimizə mil çəkdilər.
Bildilər,
Onları görməyə gözümüz
yoxdu daha.
Küsdülər.
Sonra,
Yenə böyüklük
onlarda qaldı,
Məzar daşı
alnımızdan
üç kərə öpüb əl çəkdilər.
İntiqam Yaşar
Ədəbiyyat
qəzeti.- 2018.- 3 mart.- S.13.