Allahların ana dilində danışan şair  

 

1.Həyatı, yradıcılığı, fəlsəfi görüşləri

 

Keçən əsrin 90-cı illərində “Cahan” jurnalında çalışarkən Hölderlinin dörd, ya beş şeirini tərcümə etməli olduq. Aradan uzun bir müddət keçdi və böyük lirikin, istedı və fəhmi baxımdan son dərəcə unikal şairin irsinə maraq sönmədi. Bir cəhət var ki, onun şeirlərini dilimizdə səsləndirmək həm asan, həm də çətindir. Mətn kimi tərcümə eləmək olar, ancaq Hölderlinin mətni kimi hər deyəndə alınmır. Həm aradan zaman keçməlidir, həm də bunu necə deyim, Hölderlin sənə icazə verməlidir. Aradan iyirmi ildən artıq bir vaxt keçdi və biz onun 3-4 şeirini də tərcümə etdik. Və bu zaman onun haqqında, poetik təfəkkürünün, həyatının özəlliklərinə dair nəsə yazmaq zərurəti də hiss edildi.

İohann Xristian Hölderlin alman poetik lirikasının aparıcı simalarından biridir. 1788-ci ildə Tübinqenq universitetinin tələbəsi ikən ilahiyyət sahəsində araşdırmalarına başlayır. Universitetdə Georq Hegel, İsaak fon Sinkler və Cozef Şellinqlə eyni kursda oxuyurdu.

1793-cü ildə Hölderlin magistr dərəcəsini qazanır. Növbəti il Fridrix Şiller və İohan Höte ilə tanış olur. Elə həmin il “Qiperon” romanı üzərində işə başlayır. 1797-ci ildən 1800-cü ilə qədərki müddətdə Hölderlin “Empedoklun ölümü” adlı yunan faciəsini üç variantda (hər üçü natamamdır) buraxır, eyni zamanda Alkey və Asklepiada kimi qədim yunan şairlərinin ruhunda odalar yazır.

Bu müddətdə ona şizofreniya diaqnozu qoyulur. Sonrakı dövrdə bir müddət müəllim kimi çalışır, daha sonra Bordo şəhərdə Hamburq nümayəndəliyinin konsulu vəzifəsinə təyin edilir (1802). Hölderlinin fransız şəhərinə gəlməsi onun “Yaddaş” şeirində əksini tapıb – bu onun ən möhtəşəm mətnlərindən sayılır. Öz əsərlərində Hölderlin ellinizmi xristianlıqla birləşdirməyə cəhd edirdi, yəni qədim dəyərləri müasir yaşam tərzi ilə qovuşdurmaq arzusunda idi. Deyək ki, “Çörək və şərab” şeirində İsa Məsih çörəyi torpaqdan, şərabı Diuonisdən çıxan yunan allahalrının davamı kimi nəzərdən keçirilir.

1805-ci ilin 11 sentyabr tarixində Hölderlin psixiatrik klinikaya aparılır və bir ildən sonra onu “müalicə olunmazdır” qeydi ilə evə yazırlar. Şair 1843-cü ildə vəfat edir, dəfnində nə qohumları, nə də köhnə dostları iştirak edir.

Anası Hölderlinin irsini (o cümlədən atasından ona qalan irsi) ondan gizlədirdi və ölümündən sonra da uzun müddət bu irs bilinməz qaldı. Dünyasını dəyişəndə necə bir zəngin adam olduğundan xəbərsiz idi.

Fridrix Hölderlin 1770-ci ildə Vurtemberqdə, Nekar sahillərində anadan olmuşdu. Sadə kənd çobanı olan atası Hölderlin dünyaya gəldikdən iki il sonra vəfat edir. Anası ikinci dəfə ərə gedir, ancaq o da tezliklə öldüyündən ailə Nurtingenə köçür. Burada Hölderlin kənd məktəbində təhsil alır və iki qadın müəllimə onun gələcək taleyinə təsir edir. Bu qadınlardakı zəriflik və çox şeyi poetik duyğularla anlada bilmək bacarığı Hölderlinin ruhuna əbədilik köçür. Bu təsir o qədər güclü və əsaslı olur ki, zənguləsindən asılan quşlar kimi (S.Sərxanlı) kiməsə tabe olmaq hissi ölənə qədər ona olmazın əzablar verir. Qardaşlarıyla bərabər yolları-izləri dolaşır, əfsanə və xatirələrlə dolu çöllər onda qəribə hislər oyadırdı. Yazıb-oxmağı öyrəndiyi andan Höteni kiçik qardaşları üçün ucadan oxuyardı.

Latın dilini ibtidai məktəbdə öyrənməyə başlayır. Antik sənətə məhəbbət də elə bu zaman oyanmışdı. Hölderlin imtahan verdikdən sonra Nurtingendən Deukendorf, daha sonra isə Maulbronn seminariyasına keçir, pulsuz dini təhsil alır. İlk dəfə ailəsindən uzaq yerdə yaşamalı olan gənc darıxır və sıxılır. Əlac dostlar və yazışmalar olur. İlk məhəbbət bu zaman qarşısına çıxır. Evin dəhlizində və bağda unudulmaz görüşlər... Hölderlinin özünü oxuduğu romantik əsərlərin qəhrəmanları kimi hiss etməsi... Candərdi dini təhsil alsa da, əvvəl-axır ədəbiyyat və poeziya ehtirası üstün gəlir. Eyni ehtirsa tutulan və sonralar dünyaca məşhur olan  yaşıdı dotlarıyla hər gün görüşür, fikir mübadisləsi aparırdılar. Xarakteri etibarı ilə çəkingən idi, insanlara əlbəəl uyuşa bilməzdi. Daxili alovunun ifadə olunduğu üz cizgilərinin gözəlliyi qarşısıalınmaz cazibə haləsi yaradardı. Dostlarından biri bu barədə elə belə də yazmışdı: “Nahardan sonra yeməkxanaya tərəf qalxıb zalda eninə-uzununa gəzişəndə sürgün olunmuş Apollona bənzəyərdi, sanki qərar tutduğu məğrurluq zirvəsindən yerə boylanar və yer insanları ilə məcburən ünsiyyətdə olduğundan kədərli görünərdi”.  Əksər dostları kimi şeir yazardı və elə onlar kimi fəlsəfəylə uğraşardı. Günlərin birində bağda gəzdiyi zaman skamyada oturmuş Hegellə tanış olur, sonra Şellinqlə. Onların hər üçü Şiller kimi Şvab hersoqluğundan idi. Bu torpaq yerdə qalan alman ərazisindən xüsusi xarakteri ilə seçilirdi (xeyirxahlıq və qəzəb, sentimentallıqla təmkinliliyin qəribə xəlitəsi), elə adamları da.  Bu xarakterdə belə deyək, ağır formaların altında var gücüylə tutuşub yanan tonqal gizlənir və həmin alovun çınqıları dilin həyəcanı kimi ifadə olunur. Hölderlinin lirikasının başlıca mənbəyi də elə budur. Məsələn, berlinlilərdə olduğu kimi onların davranışında iddialı rişxənd və mühafizəkarlıq oyunları yoxdur, zəriflik, fikri incəliklərlə ifadəyə qarşısıalınmaz ehtiras var. Belədə, abstraksiya ilə poeziya ən gözlənilməz kombinasiyalarda bir-birinə qarışır, yeri gəlmişkən bu cəhət Hegelin mətnlərində də hökmrandır. Adı çəkilən dövrdə Hegel hələ tanınmırdı, tələbə kimi çox zəhmətkeş idi, necə deyərlər, Kantı “eşələməklə” məşğul idi. Hegel üçün Hölderlin xüsusi önəmə malik idi və əvəzedilməz idi. Yaşları eyni idi, zövqləri üst-üstə düşürdü, hər ikisi antik yunan sənətinə vurğun idilər, Sofoklu yerdən göyəcən sevirdilər. “Məntiq”dən başlamaqla onun din və incəsənə mövzularına qədərki əsərlərini bir əldə toplasaq bu məcmuda dominant olan düşüncənin əxlaqda dərin uçurumun olması, ağılla hissin arasındakı konflikdən ibarət olduğunu görürərik. Hegel onların vəhdətini Hölderlin kimi ellinizmdə görürdü. İnsanda əxlaqi güclərin vəhdəti, sonradan onlar arasıdna ayrılığın (nifaqın-!) baş verməsi onun nəzərində klassik və romantik düşüncə tiplərinə aid iki nəhəng situasiya kimi nəzərə çarpırdı və bu əsasda onun din, tarix və estetika ilə bağlı konsepsiyası yaranıb-formalaşırdı - ellinizmin alman düşüncəsində təzahürü. Fransız mütəxəssisi bu barədə yazırdı ki, burada biz şairin Hegel kimi filosofun düşüncəsinin formalaşmasında misilsiz iştirakını iddia etmək fikrindən uzağıq, ancaq belə bir maraqlı faktı diqqətə çatdırmaq olar ki, universiteti bitirdikdən bir neçə il sonra Hegel Eleusis himnini yazıb Hölderlinə göndərir və burada indikindən daha mükəmməl inancların yerlə yeksan olmasından və bunun müasir elmə nüfuz edib onu səthiləçdirmnəsindən söz açır. Hegelin şeirinin bəzi məqamlarını xatırlatmaq yerinə düşərdi:

 

Elevsində hökmdar olan Serela,

üçün məbədin qapıları mənə açılmır?

Belə olsaydı, ehtirasdan dili-dodağı təpmiş halda

kahinin işıq haləsi kimi titrədiyini görərdim,

onda sizin simvolların ilahi mənasını anlayar

allahların sotolunda oxunan himnləri eşidrədim...

 

2.Şairin missiyası, yaxud fransız inqilabının dərsləri

 

Bu suallara paralel olaraq Hölderlinin 1800-cü ildə qələmə aldığı “Çörək və şərab” silsiləsindən bir misranı nümunə gətirə bilərik: fəlakət zamanı şair nəyə yarayar? Bu misra nə dərəcədə filosoflara aiddir? Geniş mənada götürsək, müasir insanlara bu nə dərəcədə aid edilə bilər, bu misranın içindəki məna indi və gələcək üçün nə dərəcədə əhəmiyyətlidir? Hölderlin bu sualı verirdi. Bu suala cavab eyni zamanda növbəti sualların meydana gəlməsinə yol açırdı: biz kimik və üz-üzə gəldiyimiz həqiqət XIX əsr alman şairinin şeirlərində hansı dərəcədə ifadə oluna bilərdi.Yəni, bu o demək olardı ki, bu sualı verən və növbəti suallara cığır açan şair bununla təkcə həməsri olduğu insanları ifadə etmirdi, eyni zamanda gələcək nəslin də duyğularını rəsm etməyə, onların düşüncəsini yönləndirməyə can atırdı. Bu, ağlımıza ilk növbədə gələ bilən və özünü bəlirləyən elə bir paradoksdur ki, burada şairin vəzifəsiylə peyğəmbərin missiyasını qarışdırmaq təhlükəsi yaşanır, yəni dəqiq olaraq şairin vəzifəsiylə filosofun işi nə ilə fərqlənir? İfadə olunan fikir, ideya kontekstində onların hər ikisi üçün ümumi olan cəhətlər var. Yəni, məlum ideya birində insanla varlıq arasındakı, digərində isə insanla allahlar arasındakı qədimdən qədim əlaqələri təsbit edir. Amma yenə sual meydana çıxır: niyə, nə üçün? Hölderlin özünün dərin mənalı himn və elegiyalarını qələmə alanda, deyək ki, 1934-cü ildə Haydeggerin şərh yazdığı mətnlərini qələmə alanda mətn altında fransız inqilabının dərslərini nəzərdə tuturdu. Yaşıdları olan bir çox insanlar kimi (məsələn, Hegel və Şellinq) bu inqilabdan çox şey gözləyirdi, onlara görə bu inqilab bəşəriyyət üçün bir mesaj idi: dünyada düşüncə və varlıq tərzi kökündən dəyişir...Öz yazışmalarında da o, yeni ideyanı bu şəkildə izah edirdi. “Mən gələcək konsepsiyaların və keçmişdə bildiklərimizi silib-süpürəcək görmə rakursunun inqilabına inanıram.” Yəni, Hölderlində baş vermiş dəyişikliklər müstəvisindən baxdıqda gələcəkdə nələrin olacağı barədə heç bir şübhə yox idi. İnqilabı salamlamaqla o dövrün mənəvi qəhrıəmanı olan Russonu salamlayırdı (“Reyn” şeirində Russoya müraciətlə deyirdi: ürəkdən gələn şeylərin qarşısını bir çay da almaz daha...).  Dolayısı ilə bu o deməkdir ki (Hölderlinin baxışıyla), insanla varlıq arasındakı əlaqəni təkcə hər hansı fəlsəfi təlim çərçivəsində anlamaq kifayət etmir; bu əlaqələri eyni zamanda fəlsəfi təlimlərin meydana çıxmasından qabaqkı dövrdə hakim olan ilahi başlanğıcla onun poeziyadıkı təfsiriylə birlikdə anlamaq zəruridir. Hölderlin bu fikri din haqqındakı essselərinin birində belə ifadə edirdi: bu halda hər bir din mahiyyətincə elə poetik olacaq. Bu kontektdə “ilahi” sözü həm yunan, həm də xristian inancında hamı tərəfindən tarixin özülündə dayanan bir nəsnə kimi anlaşılır və məntiqlə düşündükdə adı keçən tarixin virajı (dönüş, yan keçmə) kimi nəzərdən keçirilə bilən fransız inqilabı elə həmin özülün dağılmasıdır; şair bu dönüşü qəza anında ondan yan keçmə, özülə qayıtma kimi mənalandırırdı.

 

3.Allahların ana dilində danışmaq

 

Şeirlərinin birində Hölderlin Allahların iltimasçısı, gözəlliyi və xəyalları xilas etmək üçün dəli olan insan kimi danışır. “İnsan insan olanda allahlaşır”. “İnsanda yuva quran Allahı danmaq olmaz”. Fransız tədqiqatçılarından biri yazırdı ki,  Hölderlin dünyada gəlib-keçmiş bütün şairlər içində Allahla ən yaxın təmas qura bilmiş bir şairdir, o, Allahın bəlkə də fiziki olaraq toxunduğu müqəddəs şairdir. Hölderlin dua edən şairdir, dualarında indi, bu dəqiqə içimizdə dolaşan, var olan allahların zamanının geri qayıtmasını arzulayır. Şerlərində bu məşum ayrılığın sona çatmasını ürək ağrısı ilə yazır. Və özünü təbii şəkildə xristianlığa qədərki antiq dünyada görür, gördüklərinə inanır və bunu dostları Hegel və Şellinqə danışanda ruhunun alovu onları da anidən qarsır və dərindən həyəcanlanırırdı. Şellinq bunu daha sonralar belə formulə etmişdi: öz-özünə / Allahla danışmaq. Ancaq Hölderlin Allahların ana dilində danışırdı. Tədqiqatçılardan biri elə belə də yazırdı: “O, dərddən başını itirmiş, Alman səması altında, boş bir səma altında yaşayan və doğma vətəni üçün qəribsəyib can çəkişən bir yunan idi”. Hölderlinin həm həyatının, həm də poetik düşüncəsindəki (sistemindəki) dramın kökləri ondaydı ki, doğrudan-doğruya belə bir soyuq və yad torpağa atıdldığını güman edirdi; doğma torpaqları isə əbədilik qara kölgələrin arxasında qalmışdı və buna görə də o yurda aparan cığırı tapmaq müşkülə çevrilmişdi. Şeirlərinin birindən belə bir misra keçirdi: indi yaşadığım qərib, yad torpağı qazsam, həsrət və möhnət bir qarış da, bir damcı da azalmayacaq. Alber Kamü “Üsyan edən insan” essesində Hölderlindən bir sitat verir və bu sitatın ifadə etdiyi ideya həmin essenin mərkəziondə bütün situasiyaları izah edən məhək daşı rolunu oynayırdı. “Açıq şəkildə desək, mən ürəyimi cəhənnəm əzabı içində qazdığım və heç yerə çıxa bilmədiyimtorpağa və məşəqqətə məhkum etdim və vaxtaşırı olaraq, müqəddəs gecələrdə onu ölənə qədər, qorxusuz-hürküsüz, kürəyimdə ağır yükünü daşıyaraq sevəcəyimə and içdim”.  Məşhurlardan biri, Bettino Brentano Hölderlinin poetik ruhunu və gerçəklik içində azıb qalmasını daha dəqiq ifadə edirdi:  “...Mən əminəm ki, olsun  ki, göylərdən gələn mistik dalğalar birdən Hölderlinin başının üstünü alır və bütün hissi bu selin içində qərq olurdu. Dalğalar çəkildikdən sonra isə bu hislər sakitləşir, sönür, ruhu isə azıb qalırdı. İçindəki sərgərdan ruh küləyi bir şaman kimi onu çəkib-aparırdı və ekstaz vəziyyətində ona himnlər yazdırırdı. Onun Sofokldan etdiyi tərcümənin dilində iki lay var idi: allahlardan eşitdiyi dilin yenidən doğuluşu və içində dördnala çapan dəliliyin ayaq səsləri. Bu sonuncu təyin Valter Benjaminə məxsusdur. Ömrünün sonunda Hölderlin ruhundan sel kimi axışan işıq selinin içində boğuldu. Hölderlin sürgündə yaşamış və doğma yurduna həsrət qalmış bir aeddir. Hölderlinin bu halı Novalisə də sirayət etmişdi. Şeirlərinin birində o, dərinliyində güclü dalğaların qaynaşdığı dəryaya qərq olmasını işıq içində üzən qəlbə qarşı qoyur. Və deyir: bu qarşıdurmadan kor çıxmasam da, ömrüm boyu sayıqlayıram. Hölderlin də eyni mənzərəni cızdıqdan sonra nə vaxtsa, bilmədiyi qədimlərdə bir mələk olduğunu xatırlayır, olsun ki, bir gün qayıtsın...

 

Cavanşir YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2018.- 3 mart.- S.14.