"Bu əsər insanlığın bizə gəlib
çatan ən qədim sənət nümunələrindəndir"
Məmmədhüseyn
Hüseynovla ART müsahibə - Layihə
Müsahibimiz
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Bədii
toxuculuq və xalça sənəti kafedrasının dosenti
Məmmədhüseyn Hüseynovdur
- Dünyanın ən qədim xalçası olduğu
üçün Pazırıq xalçasına bu
coğrafiyada yaşayan bir çox xalqlar sahiblənmək istəyir.
Bu yöndən azərbaycanlı bir sənətkarın bu
xalça ilə bağlı fundamental əsər yazması
misilsiz xidmətdir. Kitabın yazılma səbəbini sizin
dilinizdən eşidək.
- Pazırıq xalçasının yazılması iki amillə bağlıdır. Birincisi, bu xalçanın dünyanın ən qədim xalçası olmasıdır. Çünki bu əsər insanlığın bizə gəlib çatan ən qədim sənət nümunələrindəndir.
İkinci səbəb isə dediyiniz kimi, bu xalçaya iddialı olan digər millətlərin, ölkələrin, insanların ortaya çıxmasıdır.
- Azərbaycanda sizə qədər bu xalça ilə
bağlı hansı mənbələrdə məlumat yer
alıb?
- Azərbaycanda bununla bağlı Lətif Kərimovun II cild "Azərbaycan xalçası" kitabında məlumatlar var. Lətif Kərimov bu xalçanı Midiya dövlətinə aid olduğunu, daha dəqiq desək, bu dövlətin Xorasan şəhərində toxunduğunu bildirir. Bu fikirləri Lətif müəllim təxminən elə xalçanın aşkarlandığı illərdə qələmə alıb. Çünki Pazırıq xalçası aşkarlandığı zaman Lətif Kərimovu da bir mütəxəssis kimi Sankt-Peterburq şəhərinə, "Ermitaj" muzeyinə dəvət etmişdilər. Ona görə də bu xalça haqqında bizə ilk məlumatı Lətif Kərimov verib.
Bu mənbədən əlavə, Azərbaycanda bir neçə xalçaçı rəssam Pazırıq xalçası ilə bağlı qısa məlumatlar qeyd ediblər.
Mənim bu xalça barədə kitab yazmağım xalçaçı rəssam olmağımdan irəli gəlir. Mən bu işə eyni zamanda onun bədii təhlilini, kod dilini bilən bir şəxs kimi yanaşdım. Pazırıq xalçası ilə 1987-ci ildə tanış olmuşam. 1987-ci ildən 1990-cı ilədək Sankt-Peterburq şəhərində yaşamışam. Bu müddət ərzində "Ermitaj"da tədqiqatlar aparmışam. Doğrusu, o zamanlar Pazırıq xalçasını tədqiq edəcəyimi, onun haqqında kitab yazacağımı bilmirdim.
Son 20 ildə ermənilərin türk dünyasının mədəni sferasına müdaxilə cəhdlərini görürük. O cümlədən türk dünyasının ən qədim xalçası olan Pazırıq xalçasını da erməni xalçası adlandırmağa başlayıblar.
Guya bu xalça onların təbirilə desək, "Arsax"da toxunub, Hun imperatoruna hədiyyə kimi göndərilib. Onlar hətta bəzi avropalı xalçaşünasları da bu işə cəlb edib, onları öz nağıllarına inandıra bilib. Məsələn, Şurman və digər bir neçə araşdırmaçı öz kitablarında qədim türk xalçasının erməni xalçası olduğunu yazıblar.
Öncə Pazırıq xalçası haqqında bu kitab Azərbaycan Rəssamlıq Akademiyasında bir metodik vəasit kimi düşünülmüşdü. Daha sonra tədiqiqatlar genişləndirildi və daha geniş bir kitab ərsəyə gəldi.
- Kitab Pazırıq xalçası haqqında hansı
məqamları özündə ehtiva edir?
- Kitab 4 hissədən ibarətdir. Kitabın birinci hissəsində xalçanın tapıldığı məkan və onun texniki rəng xüsisiyyətləri barədə yazmışam. İkinci isə böyük hissədir: "Pazırıq xalçası tarixin aynasında". Amma mən kitabda bu hissəni böyük ixtisarlarla verdim. Çünki qeyd etdiyim mövzu çox genişdir, bu əlavə bir cild olmalı idi.
Üçüncü hissə isə Pazırıq xalçasının kompozisiya quruluşuna həsr olunub.
Dördüncü hissə nəşr olunan kitabda ən geniş yeri tutub. Bu xalçanın quruluşu və elementlərin rəmzləri barədə olan hissədir.
- Rəmzlər demişkən, düşünürəm
ki, bu Pazırıq xalçasının ən diqqət
çəkən tərəfi və əslində, bu
xalçanın hansı millətə xas olması məsələsindəki
mübahisələrə son qoya biləcək məqamdır.
- Bəli. Pazırıq xalçası qədim türk kodlaşma sisteminin ən qədim və izahı mürəkkəb olan müstəvisidir. Bu müstəvi çox maraqlıdır və izahı uzun axtarışlar tələb edir.
Hazırda yaşadığımız coğrafiyadan xeyli uzaqda tapılmasına rəğmən Pazırıq xalısında rast gəlinən rəmzlərin bugünkü xalçalarımızda olması əslində o xalçanın bizə, yəni türklərə aid olmasını başqa dəlillərə ehtiyac duymadan sübut edir. Bu xalçanın 2500 il əvvəl toxunmasına rəğmən günümüzə gəlib çatması da bildiyiniz kimi bir möcüzədir. Xalça yerləşdiyi kurqana su sızması nəticəsində buz bağlayıb və uzun illər bu buzun sayəsinə çürüməyib.
Alimlər arasında daim mübahisə doğuran məsələ bu xalçanın harada toxunması ilə bağlıdır. Mən isə kitabımda bu məsələyə deyil, xalçanın kimlər tərəfindən toxunmasına önəm vermişəm.
Xalçanın radiokarbon analizləri nəticəsində 2500 yaşı olduğu sübut edilib.
- 2500 yaşlı xalçanı araşdırarkən sizi ən çox təəccübləndirən nə oldu?
- Bildiyimiz kimi, Pazırıq xalçası XX əsrdə aşkarlanıb. Bu gün xalçalarımızın sxematik quruluşlarının Pazırıq xalçası ilə eynillik təşkil etməsi məni təəccübləndirdi. Bugünkü xalçalarla müqayisə edildikdə Pazırıq daha çox Azərbaycan xalçalarına yaxındır. Pazırıq xalçasında elementlərin quruluşu, düzülüşü həm şəcərəvidir, həm kosmoqonikdir, həm metafizikdir, həm də kod və simvollarla zəngin bir kitabədir.
- Bu simvollardan danışaq. Bildiyimiz kimi? xalçada
bir neçə mübahisəli simvol var. Bunlardan biri qədim
türk totemlərindən olan, sonra xristian dünyasında da
müqəddəs sayılan maral, yəni sığın
obrazıdır. Bir tədiqatçı kimi bu simvollar
haqqında sizdən eşidək.
- Pazırıq xalçasında ara sahələri, ara qurşaqları var. Bu qurşaqlarda bir elementin 24 dəfə iştirakı, yəni enində 4, hündürlüyündə 6 sayda yer alması düşündürücüdür. Bu elementin müxtəlif adları var; Hun gülü, xaç, lotos, zanbaq, Günəş və s.
Mən bu elementi analiz edərkən məsələyə xalçaçı rəssam kimi yanaşmağa çalışdım. Məsələ elementi parçalamaqdan gedir. Element parçalandıqdan sonra onun hissələrinin rəmzi cəhətləri ortaya çıxır. Beləliklə, mən hun xaçı, lotos adlandırılan bu işarənin oğuzların ulu əcdadlarının mistik bir işarəsi olduğunu anladım. İşarə həm materiyanı, həm də sakral aləmi özündə ehtiva edəcək enerjiyə malik olan təsvirdir. Bu təsvirin izahı kitabda çox geniş şəkildə verilib. Mərkəzdəki xaç elementi, kənarlardakı parçalanmış Ay elementləri və xaçın daxilində olan xətlər, o şəkildə təmərküzləşib ki, o həm də kosmosla bağlı xüsusiyyətləri ortaya qoysun. Bu elementdə Ay və Günəş kultunun bir inanc modeli kimi özünü göstərməsi heç də şübhə doğurmur. Eyni zamanda, bu elementin xalçada 24 sayda iştirakı bu gün qəbul etdiyimiz 24 oğuz boyundan xəbər verir.
Bundan başqa, xalçanın ana haşiyə qurşağında 28 atlı təsvir olunub. 28 atlının ana haşiyədə istiqaməti soldan sağa doğrudur, yəni Ayın hərəkəti istiqamətində başlayır. Pazırıq atlıları təsvir etibarı ilə bir-birinə oxşayır. Amma onlardan 14-ü atın üstündədir, 14-ü isə atın yanında. Atlılar bir növ Ayın hərəkətini təqib edir. Eyni zamanda, atların quruluşunda quyruqları düyünlü təsvir edilib. Türklərdə atın quyruğunu düyünləmə adəti atın əhliləşdirilməsindən bir neçə əsr sonra yaranıb. Döyüşlərə və müxtəlif rituallara gedən türklər atlarının quyruqlarını düyünləyərdilər. At quyruğunun düyünlənməsi mədəniyyəti türklərdə bu günə qədər qalır.
Atların üzərində yəhər əvəzi, keçədən hazırlanmış xalça qoyulub. Həmin xalçaların üzərindəki təsvirlər atlının xüsusiyyətinə uyğundur. İşarələr atlının kodları və xarakterini ifadə edir.
Xalçada ana haşiyədən
sonra bir bala haşiyə yer alıb. Bu haşiyədə
atların hərəkət istiqamətinin əksinə,
Günəşin hərəkət istiqamətində maral rəsmləri
təsvir olunub. Bu maralların sayı 24-dür. Ay və
Günəşin bir- birinə qarşılıqlı hərəkəti
türk inanclarında geniş yer tutur.
Bala haşiyələrdə 69 qrifon
da yer alıb. Bu qrifonlar çox geniş müstəvidə
izah tələb edir və bu izah da kitabda təqdim olunub.
- Xeyli dərin
mövzulara çəkib aparan simvollardır.
- Bəli. Xalçanın mərkəzindən
çıxan ox atlıların gözündən keçərək
Ayın 28 fazasını yaradan bir sxem ərsəyə gətirir.
Qədim türklər Ayın fazalarını həssaslıqla
dəyərləndirib. Onlar üçün hər faza həyat
üçün önəmli məna kəsb edirdi. Bu üzdən
də düşünürəm ki, artıq xalçanın türklərə
məxsus olduğuna heç bir şübhə qalmır. 2500
il bundan əvvəl xalçanın toxunmasında simmetrik ilmə,
yəni türkbaf ilmədən istifadə olunubsa, bu həm də
xalçaçılığın nə qədər qədimə
söykənən bir sənət olduğunu göstərir.
Xalçaçılıq da yun təsərrüfatının
inkişafından sonra meydana gəlib. Arxeoloji qazıntılar
nəticəsində bəlli olub ki, qoyunçuluq Anadolu və
Azərbaycan arasında yerləşən torpaqlarda yaranıb,
inkişaf edib. Demək, xalçaçılığın
kökü də bu ərazilərə bağlıdır.
- Maral simvolunun qədim
türk totemi olan sığınla bağlılığı
varmı?
- Bəli. Maral qədim türklərdə
5 müqəddəs heyvandan biri olub. Hətta bu heyvan atın əhliləşdirilməsindən
də əvvəl istifadə olunub. Totem kimi türk mədəniyyətinə
daxil olan ilk heyvan obrazıdır. Çox vaxt maralı Avropa
xalqlarına aid edirlər. Amma türklərin mədəniyyətində
maralın özünəməxsus yeri var. Bu obrazları
qoruyan ən qədim sənət nümunələri Altay və
Sibir türklərinə məxsusdur. Azərbaycan ərzisində
də maral kultuna aid işarəvi sistem qalmaqdadır. Azərbaycan
xalçalarında maral buynuzları dekorativ şəkildə
təsvir edilib. Amma sırf maral təsviri az gözə dəyir.
- Xalçadakı simvolları
gördükdə, ümumiyyətlə qədim dönəmin
abidlərində, mətnlərində yer alan kodlar
açıldıqda bəzən elə təəssürat
yaranır ki, inkişaf dediyimiz bu nəticələr, texniki-tərəqqi
əslində bizi irəli yox geriyə aparır.
- Xalçalarda aparılan kodlaşma
gələcək üçün bugünkü
informatikanın, internet resurslarının, bazalarının
daşıdığı informasiyadan dəfələrlə
zəngindir, kəşf olunmayıb. Və müasir informasiya
sahələri insanlara müəyyən mənfi zərbələr
vurursa da, xalçadakı kodların açılması belə
deyil.
- Simvolların
araşdırılmasında hansı metoddan istifadə etmisiz?
Hansı qanunauyğunluqlarla tədqiqat aparmısız?
- Xalçaçılıqda
elementlerin araşdırılması üzrə 7 sistem
mövcuddur. Bu sistemlərlə tədqiqat apardıqda
ornamental xalçalarda gələcəyə hesablanmış
elementləri açmaq mümkün olur. Birinci şərt
oxşarlıq şərtləri üzrə
axtarışdır. İkinci şərt isə uyğungəlmə
şərtidir. Dünya üzrə bugünkü
xalçaşünaslıq bu iki sistem üzrə iş
görür. Amma bu yanaşma ilə tədqiqat həssaslıqla
yerinə yetirilə bilmir, yəni bu üsulla elementlərin
tam açılması mümkün deyil.
Üçüncü şərt
interval üzrə axtarışdır. Dördüncü
şərt isə riyazi şərtdir. Beşinci semantik,
alıncı estetik şərtdir. Axırıncı şərt
isə ağacşəkilli axtarışdır. Mən
Pazırıq xalçasını bu şərt üzrə
araşdırmışam. Ağacşəkilli şərt az
öncə sadaladığım bütün şərtləri
özündə birləşdirəcək gücə
malikdir. Bu şərtlə xalçanın toxunma məqsədi,
təyinatı tam şəkildə tədqiq edilə bilir.
Quranda xalça haqda ayə var. Ər-Rəhman
surəsində "Onlar orada yaşıl balışlara, incə
ilməli, gözəl naxışlı, xovlu xalılara
söykənmiş olacaqlar" ifadəsi qeyd olunur.
Xalçanın göydən gəldiyini, onun cənnət
materialı olduğunu Allah Qurani Kərimdə xəbər
verir.
- Məmmədhüseyn
müəllim, ermənilər bu xalçaya iddia etdikdə
hansı dəlilləri önə çəkirlər? Nəyə
əsaslanaraq xalçanın özlərinə aid olduğunu
deyirlər?
- Onların və bu fikri dəstəkləyən
alimlərin fikrincə bu hüzn, ölü mərasiminə
göndərilən bir xalçadır. Yəni iddiaya görə,
bu xalça ermənilər tərəfindən toxunaraq Altaya,
dünyasını dəyişmiş Hun imperatorunun dəfn mərasiminə
göndərilib. İndi gəlin bir məqama diqqət çəkək,
onların Arsax dedikləri ərazidən Altaya qədər
olan məsafəni ölçsək, bunun çox uzun bir məsafə
olduğunu görərik. Burdan ora xalçanın
aparılması - nəzərə alsaq ki, o dönəmdə
ən yaxşı halda bunu atla apara bilərdilər - bu
çox uzun zaman tələb edəcəkdi. Eyni zamanda belə
bir xalçanın texniki layihəsinin hazırlanması və
onun toxunması xeyli vaxt alacaqdı. Toxunma prosesi azından 6 ay
vaxt tələb edirdi. Bununla yanaşı ölüm xəbərinin
Altay dağlarından bura gəlib çatması da müəyyən
vaxt tələb edir. Alimlər isə bunun məhz ölü
törəninə hazırlandığını deyir.
Düzdür, tarixdə belə bir məlumat var ki, İskitlərin
başçısı öləndə onu dərhal
basdırmazdılar, mumyalayardılar, onu el-el gəzdirərdilər.
Amma yenə də bu ritual az əvvəl qeyd etdiyimiz proseslərin
baş verə bilməsi üçün bəs etməz.
Onu da deyim ki, Altayda təkcə
Pazırıq kurqanları deyil Başadar, Tuektin və digər
kurqanlar da var və bu kurqanlardan da çürümüş
xalça hissələri çxır. Onda belə
çıxır ki, ermənilər ancaq xalça toxuyub
Altayda ölənlərə hədiyyə edib? Alimlərin gəldiyi
qənaətlər məntiqli olmalıdır. Bu məsələdə
biz məntiq görə bilmirik.
- Simvollarla
yanaşı, xalçada yəqin ki, önəmli məqamlardan
biri rəng məsələsidir. Pazırıq
xalçasında daha çox hansı rənglərdən
istifadə olunub?
- Pazırıq xalçasının rəngləri hamısı təbiidir. Yəni yun rəngindən, bitkilərdən və qurd qırmızısından istifadə edilib. Pazırıq xalçasının rəng koloriti əsasən oğuzların Salur, Yıva, Bayandur boylarının istifadə etdikləri rənglərə çox oxşayır. Ordakı rəng ardıcıllığı olduqca proffesional şəkildə düzlülüb. Məsələn, bugünkü rəssamlar həmin ardıcıllığı eskiz çəkmədən reallaşdıra bilməz. Kosmos, göy, göylə yer arasında olanlar və yer rəmzləri öz ahənginə uyğun rənglənib. Buradakı rənglərdə də həm maddi, həm də sakral dünyanın energetik prinsipləri görünür. Bunu mən möcüzəvi xalça sayıram, təsadüfən toxunmadığına və 2500 il təsadüfən qalmadığına əminəm. Bu Tanrının insanlığa bəxş etdiyi tarix nümunəsidir.
- Kitabın nəşr edilməsinə nə zaman qərar
verdiniz?
- Kitab üzərində 10-15 il işləmişəm. Düzdür, bu kitab üzərində işlədiyim zamanlarda başqa kitablarım nəşr edilib. Bu kitabın nəşr edilməsi mənə maddi baxımdan çətinlik yaradırdı. Çünki kitabda 1040 dənə təsvir var, bu təsvirləri mən çəkmişəm. Təsvirlərin çox olması və həcmin genişliyi kitabın nəşr məsələsini çətinləşdirirdi.
Nəhayət, 2016-cı ilin sonunda nəşrlə bağlı Heydər Əliyev Fonduna müraciət etdim. Hörmətli Mehriban xanım Əliyeva kitabın nəşrinə dəstək verdi və Mədəniyyət və Turizm Nazirliyi nəşri öz üzərinə götürdü. "Şərq-Qərb" nəşriyyatında çapdan çıxdı. Martın 7-də kitabın təqdimat mərasimi keçiriləcək.
Kitabın yazılması prosesində mən xeyli dəhlizlər qoymuşam, gənc tədqiqatçılar bu yöndə iş apara bilərlər. Mənim tədqiqat aparmağım tədqiqata yekun vurulması demək deyil, əksinə, bu yöndə tədqiqatların davamına təkan verməkdir. Əks halda, boşluğu görən düşmən həmişə orda özünə yer tapır.
Söhbətləşdi: Sərdar Amin
Ədəbiyyat
qəzeti.- 2018.- 3 mart.- S.18-19.