Pasxa günü xaç yürüşü
Miniatür
ƏDƏBİYYAT
ÜZRƏ 1970-Cİ İLİN NOBEL MÜKAFATÇISI:
Aleksandr SOLJENİTSIN
(Rusiya)
Rus yazıçısı,
dramaturq, publisist, şair, ictimai xadim Aleksandr İsayeviç
Soljenitsın 1918-ci ildə Rusiyanın Kislovodsk şəhərində
anadan olub. Atası Şimali Qafqazda doğulmuş rus kəndlisi,
anası ukraynalı varlı iqtisadçı qızı olub.
Erkən yaşlarından ailələri
dağılıb və Aleksandr anası ilə birlikdə
Rostov şəhərinə köçüb.
1936-cı ildə Rostov
Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə
daxil olub, 1941-ci ildə təhsil ocağını əla qiymətlərlə
bitirib. Yaradıcılığının ilk mərhələsində
I Dünya müharibəsinin tarixi ilə ciddi maraqlanıb,
1937-ci ildən etibarən "Samson faciəsi" ilə
bağlı materiallar toplamağa başlayıb. Teatrla, poeziya ilə maraqlanıb. 1943-cü ildən Böyük Vətən
müharibəsində zabit kimi iştirak edib.
Yaradıcılığında
sovet quruluşunu, cəmiyyətdəki neqativ halları,
kommunist partiyasına nifrətini əks etdirən yazıçı
sovet "KQB"-sinin caynağından qurtulmaq
üçün bir müddət İsveçrəyə,
ABŞ-a mühacirət etməli olub. "Arxipelaq qulaq"
adlı məşhur romanı ilə sovet rejiminin qanlı idarəçilik
sistemini bədii boyalarla ifşa edib. Adı
çəkilən roman dünyanın 50-dən artıq
ölkəsində böyük tirajla çap olunub. Müəllif 1970-ci ildə ədəbiyyat üzrə
növbəti Nobel mükafatına layiq görülüb və
mükafat ona "rus nəsrinin ənənələrinə bəxş
etdiyi danılmaz zəhmətə görə" verilib.
Rus ədəbiyyatı tarixində ikinci Nobel
mükafatçısı olan böyük yazıçı 2008-ci ildə Moskvada
dünyasını dəyişib.
Pasxa günü
xaç yürüşü
İndi bizim bilicilər
deyirlər ki, hər şeyi olduğu kimi, yerli-yataqlı
yazmaq lazım deyil. Yəni hər şeyi rəngli şəkildəki
kimi göstərmək olmaz. Gərək
bir şey haqqında fikrini əyri-üyrü xətlərlə,
üçbucaqlardan və dördbucaqlardan istifadə edərək,
üstüörtülü şəkildə verəsən.
Mənsə inqilabdan
yarım əsr sonra - pasxa günü Peredelkin kilsəsindəki
xaç yürüşündə iştirak edən
lazımlı simaları canlı təsvir edə biləcək
elə bir rəngli şəkili ağlıma gətirə
bilmirəm. Bircə bugünkü xaç
yürüşünü köhnə vaxtların
qaydalarına uyğun, hətta üçbucaqlardan istifadə
etmədən təsvir edə bilsəydik, onlar bizə
çox şey deyərdi.
Kilsə zəngi
vurulmağına yarım saat qalmış şəhər kənarındakı
"Preobrajeniya Qospodnya" patriarx kilsəsi kənardan baxanda
gözdən-könüldən uzaq fəhlə qəsəbəsinin
ayaq altda tapdanan rəqs meydançasını
xatırladır. Üç-üç, beş-beş gedən, rəngbərəng
yaylıq bağlamış, idman şalvarı geymiş, kilsəyə
tələsən xoşavazlı qızlar (əynində ətək
olanlar da var), amma adam əlindən tərpənmək olmur,
qarılar dünən səhərdən orada özlərinə
yer ediblər, qızlar bayırdan onları
sıxışdırır; kilsə həyətinin
başına dolaşıb həyasızlıqla hay-küy
salır, uzaqdan-uzağa boylanıb divardakı ikonaların
yanında, yepiskopların, baş keşişlərin məzarı
başında yanan yaşıl, narıncı, ağ
şölələrə baxırlar. Qalibiyyət
ifadəsi ilə (görəsən yaşadıqları bu on
səkkiz-iyirmi ildə kimə qalib gəliblər? -
şaybanı qapıya vurmaqdan başqa…) gələn
sağlam və qaraqabaq oğlanların isə az qala
hamısının başında kepka, papaq var,
başında heç bir şey olmayanlar da bura çatarkən
çıxarıblar. Əslində hər
dörd avaradan biri, hər on sərxoşdan, hər iki papiros
çəkəndən biri belə gəzir. Hə,
bunların papiros çəkməyi də iyrəncdir, papirosu
alt dodaqlarına elə pərçimləyirlər ki, adam nifrət edir. Elə bil buxur
tüstülənir, di gəl elektrik işıqlarının
altında buxur yerinə kilsə səmasına yüksələn,
göydən asılıb qalmış buludu xatırladan
tütün dumanıdır. Asfalta
tüpürürlər, zarafatla bir-birlərini itələyirlər,
bir-ikisi də əlindəki tranzistorlu qəbulediciyə səs
verib rəqs edir. Kimisi də qız dostunu görüb elə
yoldaca qucaqlayır, itələyə-itələyə
bir-birinə ötürür, sonra da xoruz kimi boynunu uzadıb
tay-tuşlarına baxır - gözlə, bıçaqlar
işə düşməsin: əvvəlcə bir-birlərinə,
sonra da pravoslavlara. Çünki bu cavanlar pravoslavlara uşaq
böyüyə, qonaq ev sahibinə baxan
kimi yox, qonaq milçəyə baxan kimi baxırlar.
Yaxşı ki, iş bıçağa
qalmır - bir-iki milis işçisi gözdən pərdə
salmaq üçün ətrafda var-gəl edir. Söyüşün
biri bir qəpiyə - həyətdə səs-küy
salmırlar ha, eləcə, ucadan söhbət eləyib
söyürlər, özü də tər-təmiz rus dilində.
Buna görə də milis qayda pozanları
görmür, yavaş-yavaş çoxalan izdihama baxıb,
hırıldayırlar. Milis gedib camaatın
ağzındakı siqareti alası deyil ki… ya da kişilərin
başındakı papağı götürüb yerə
tullamayacaq ha… Axı hər şey küçədə
baş verir və Tanrıya inanmağa konstitusiya ilə
qadağa qoyulub. Milis hər şeyi
yaxşı görür, bilir ki, cinayət işi
olmadığı üçün müdaxilə etməyə
ehtiyac yoxdur.
Qəbiristanlığın
hasarı və kilsə divarları arasında
sıxılıb qalmış inanclılar nəyəsə
etiraz etmək halında deyillər, ürəkləri sapdan
asılı qalıb; bu dəqiqə kimsə onların
qolundan yapışıb bayıra atacaq, kimsə İsa Məsihin
zühuruna qalan sayılı dəqiqələri göstərən
saatı qolundan dartıb tapdalyacaq. Burada, məbəddən kənarda
onlardan -
pravoslavlardan xeyli adam var, yaxşı ki, onları ələ
salanların sayı çox deyil. Onlar
tatarların basqınından betər qorxu və gərginlik
içindədirlər.
Heç tatarlar belə Nurlu
Sabah gününə bu cür lərzə
salmamışdılar.
Cinayət qaçılmazdır,
soyğunçuluq olsa da, qan tökülmür, amma mənəvi
inciklik hökm sürür - bu lotu-lotu danışan dodaqlar,
bu həyasız söhbətlər, bu qəhqəhələr,
mazaqlaşmaqlar, əlləşmələr, papiros
tüstüləri, tüpürcək yağışı -
hər şey İsa Məsihin "əzablarının"
bir-iki addımlığında baş verir. Bu solğun bənizli,
nifrət doğuran avaralar bura babalarının əcdadlardan
qalma ayinləri necə təkrar etdiklərinə baxmağa gəliblər.
İnanclılar arasında
bir-iki mülayim yəhudi siması görünür. Ya xaç
suyuna salınmışlardır, ya da qəriblər. Ehtiyatla ətrafa baxırlar, deyəsən onlar da
xaç yürüşünü gözləyirlər.
Yəhudiləri həmişə
söyürük, onlar bizə daima mane olurlar, amma bunların
baxışları xoşdur: gəl ki, biz… bir gör o vaxtlar
necə ruslar böyütmüşük? Baxıb
görsən - yerində donub qalarsan.
Yox, bu 30-cu illərin basqınına
oxşamır, o vaxt əziz pasxa gününü əlimizdən
alıb atmışdılar cəhənnəmin dibinə -
yox! Burada bir az maraq var: televiziya ilə
verilən xokkey mövsümü başa çatıb, futbol
mövsümü isə hələ başlamayıb, -
darıxdırıcıdır. Şam
satılan pəncərəyə soxulurlar, xristianları kəpək
dolu kisə kimi kənara atır, "kilsə biznesi"
deyib, söyür, sonra da nə üçünsə şam
alırlar.
Amma bir şey qəribədir:
hamı ordan-burdan yığışıb gəlib, di gəl,
hər kəs bir-birini adı ilə tanıyır.
Görəsən bu cür
mehribanlığın səbəbi nədir? Bəlkə,
eyni zavoddan gəliblər? Bəlkə
komsomol katibləri eyni adamdır? Bəlkə
bu saatlarda onları drujinaçı kimi işlədirlər?
Kilsə zəngi toplaşanların
başı üstə zərblə səslənir - amma fasilə
ilə: zəng zindana dəyən dəmir zərbələri
kimi gurultu salır. Zəng çalınır,
xaç yürüşü elan olunur.
Elə bu yerdə basabas
düşür! - Yox, inanclılar deyil, yenə bu
çığırğan cavanlardır. İndi
onlar bayaqkından iki-üç dəfə çoxdurlar, həyətə
tələsirlər, amma nə axtardıqlarını özləri
də bilmirlər, hara gedəcklərindən,
Yürüşün hansı tərəfdən
başlayacığından xəbərsizdirlər. Qırmızı rəngli pasxa
şamlarını yandırırlar, hə, sən demə
papiroslarını şamın alovu ilə
alışdırmaq istəyirmişlər! Bir
yerə yığışırlar, elə bil fokstrot rəqsinin
başlamağını gözləyirlər. Burada bircə
pivə köşkünün yeri əskikdir! Yoxsa
bu itələşən uşaqlar pivənin
köpüyünü məzarların üstünə
çiləməkdən zövq alardılar.
Kilsə səkisində
yürüşün başı görünür, budur, xəfif
zəng səsi gəlir. İrəlidə gedən iki nəfər sanballı adam cavanlardan bir qədər sakit olmağı
xahiş edir. Üç addım qabaqda bir nəfər
keçəl kişi addımlayır, deyəsən
kilsə nümayəndəsidir, əlindəki ağacda
ağır, bişmiş şüşədən olan,
içərisində şamlar yanan fənər aparır. Ehtiyatla yuxarı - fənərə baxır, düz
aparmağa çalışır. Bax burdan o yana isə, əgər bacarsaydım məmnuniyyətlə
yazmaq istədiyim mənzərə başlayır: kilsə
nümayəndəsinin qorxmağa əsası var,
çünki yeni cəmiyyəti quranlar hər addımda onun
üstünə atılıb əzişdirə bilərlər…
Bu qorxu ətrafdakı seyrçilərə də
sirayət edir.
Əllərində şam tutmuş
şalvarlı qızlar və damağı papiroslu,
başı kepkalı, yaxası açıq plaşlı gədələr
(geridə qalmış, mənasız, beşliyi bir rubldan
ayıra bilməyən özündən razı sifətlər;
belə sifətlərin çoxu mənim təsvirimdə
özünə yer tuta bilərdi) topa-topa qalıb bu qəribə
mənzərəyə baxırlar, beləsini heç əsl tamaşada
görə bilməzsən.
Fənərin arxasınca iki
bayraq daşıyan gedir, amma bir yerdə gedirlər, onlar da
qorxduqları üçün utanırlar.
Onların ardınca isə
on nəfərlik xor oxuyan yaşlı qadınlar
cüt-cüt irəliləyir, əllərində qalın
şamlar yanır. Onlar da mənim təsvirimdə olmalıdırlar! Qadınlar elə kökləniblər ki, bu dəqiqələrdə
lap pələnglə üz-üzə gəlməyə
hazırdırlar. Amma qadınların
ardınca üzlərindən nur yağan ona yaxın
qızcığaz (bayaq oğlanlarla dingildəşən
qızlar yaşda olarlar) addımlayır.
On nəfər qadın
oxuyaraq, inamlı addımlarla irəliləyir. Elə həyəcanlanıblar
ki, sanki ətrafdakı adamlar xaç çəkir, dua söyləyir,
tövbə edir, təzimə əyilirlər. Bu qadınlar papiros dumanı ilə nəfəs
almırlar, onların qulaqları söyüş eşitmir,
onlar kilsə həyətinin rəqs meydançasına
döndüyünü hiss etmirlər.
Beləcə, əsl xaç
yürüşü başlayır!
Nəsə olur, hər iki tərəf bir
qədər sakitləşir.
Qadınlardan sonra sırada
keşişlərlə, kiçik keşişlər gedir -
yeddi nəfərdirlər. Amma dağınıq halda gedirlər,
elə bil əldən düşüblər, bir-birlərinə
mane olurlar, az qala fənər
daşıyanla toqquşacaqlar, dedikləri duaların səsi
də eşidilmir. Hə, aydındır, onu burada tutub
saxlayıblar, yoxsa gedib bütün Rusiyanın patriarxına
xidmət edə bilərdi!
Yavaş-yavaş
sıxlaşıb tələsik addımlarla ötüb
uzaqlaşmaq istəyirlər - Yürüşün ardı gəlmir. Daha heç kəs
qalmayıb! Daha Tanrıya ibadət edən,
xaç yürüşünə qatılan inanc sahibi yoxdur,
çünki geriyə, məbədə gedə bilməzlər.
Dua edənlər də yoxdur və bu yerdə, elə bu yerdəcə
pivələr köpüklənir! Anbarın
qırılmış qapısından içəri soxulub
payını götürməyə, qənimət əldə
etməyə tələsənlərin sayı-hesabı yoxdur.
Oğlanlar da, qızlar da onlara
qarışıb, axı nədən? Özləri
də bilmir.
Bəlkə keşişlər
gözlərinə başqa cür görünürlər? Ya da elə-belə
itələyirlər bir-birlərini - yəni bir vəzifə
kimi.
Xaç yürüşüdür -
dua edən yoxdur! Xaç yürüşüdür -
xaç çəkən yoxdur! Xaç yürüşü
damaqda siqaret, başda kepka, sinədə tranzistorla diqqət
çəkir - bu izdihamın ilk sıralarında duranlar,
hasara sıxlaşanlar - onlar da mənim təsvirimdə yer
alacaqlar, özü də mütləq!
Bax o vaxt, mənim tablom da bitəcək!
Qarı xaç çevirib
yanındakına deyir:
- Bu il
yaxşı keçdi, xulğanlığ eliyən olmadı.
Gör bir nə qədər milis var.
Bax belə! Sənin yaxşı il dediyin budur?
Bəs bizim dünyaya gələn,
böyüyən milyonlarla adamımızın axırı
necə olacaq?
Gələcəyimizdən yaxşı nə
gözləyirik?
Həqiqət belədir: bir gün hər
şey alt-üst olacaq, gəlib hamımızı
tapdalayıb keçəcək!
Elə onları bura göndərənləri
də - hə, onları da tapdalayacaq!
10 aprel 1966
Pasxanın 1-ci
günü
Aleksandr
SOLJENİTSIN
Tərcümə
etdi: Əyyub QİYAS
Ədəbiyyat qəzeti.-
2018.-3 mart.- S.25.