Edvard Munk müasir dünyanın təlaşını
necə ifadə edirdi
Mənbə: Jon
Mann, "How Edvard Munch Expressed the Anxiety of the Modern World",
www.artsy.net, Jul 10, 2017
Bunu "Kalo müəmması",
ya da "Van Qoq tələsi" adlandırın: bu, incəsənət
tarixində köhnə riskdir. Nə zaman rəssamlar
həyatlarındakı psixoloji sıxıntıların ifadəsi
kimi öz işlərində yüksək səviyyədə
fərdiləşdirilmiş estetika və ya mövzular
yaradırlar, biz sənətsevərlər bu işlərin
arxasındakı mənaların yeganə cavabı kimi onlardan
həvəslə yapışırıq.
Bu asanlıqla "Munk protokolu" da
ola bilər. Norveçin heyranedici simvolist
rəssamı Edvard Munkun rəsmləri (hal-hazırda bu
işlər San-Fransisko Müasir İncəsənət
Muzeyində "Edvard Munk: Saat və yataq arasında"
adlı sərgidə nümayiş etdirilməkdədir)
müntəzəm olaraq onun çətin tərbiyəsi,
narahat ruhi vəziyyəti və gerçəkləşməmiş
romantik həyatından təsirlənmə kimi izah olunur.
Munkun rəsmləri bu təcrübələrə
tamamilə cavab verir, lakin bununla bərabər müasir şəhərlərin
yüksəldiyi, köhnə hakimiyyət strukturlarının
dağıldığı və böyük kataklizm
ehtimalının (nəhayət, Birinci Dünya müharibəsində
gerçəkləşən) hədələyici miqyas
aldığı bir vaxtda - XIX əsrin sonlarında insan
ağlının sağlamlığı haqqındakı
çoxsaylı əndişələrin
illüstrasiyasını da verir. Bunu nəzərə
almamaq hekayəni yarımçıq nağıl etməkdir.
Xəstəlik və
travmadan formalaşmış ruh
Munkun əsərlərinin hətta
adi pərəstişkarları belə onun şəxsi hekayəsini
yaxşı bilirlər: o, 1863-cü ildə dindar Norveç
ailəsində anadan olmuş və həyatının erkən
mərhələsində bir neçə travma
yaşamışdır. Anası və
böyük bacısı 15 yaşı tamam olana qədər
vərəmdən dünyalarını dəyişmişdilər,
kiçik bacılarından birinə ruhi xəstəlik
diaqnozu qoyulmuşdu və qardaşı gənc yaşında
vəfat etmişdi. Özü cılız
uşaq olan Edvard evdə keçirdiyi vaxtı doldurmaq
üçün incəsənətlə məşğul
olurdu.
Mömin atası onun gənclik
dönəmində mühəndislik məktəbini tərk edərək
rəsmlə məşğul olmaq qərarına mənfi
yanaşırdı və 1889-cu ildə Munk ailəsini yoxsul
qoyan vəfatına qədər oğlunu bu "günahkar sənət"dən
vaz keçirməyə çalışırdı. Munkun əsərlərinin analizinin böyük qismi
bu şəxsi dönüşlərlə, eləcə də
1908-ci ildə onun klinik terapiya ilə nəticələnən
xəstəliyi və sonrakı sağalmasının diktəsi
ilə ortaya çıxmışdır.
Munkun əsərlərinin
onun bioqrafiyasına tamamilə üstünlük verən
şərhi ilə bağlı problem bundan ibarətdir ki, belə
bir qənaət bu əsərləri insan beyninin daha geniş
bir psixoloji tədqiqatı kimi nəzərdən keçirmək
əvəzinə bu işlərdə populyar psixologiyanı əks
etdirmək riskini doğurur.
Munk, həqiqətən də,
əzab çəkmiş şəxs idi, ən azından həyatının
müəyyən mərhələlərində. Ancaq o, həmçinin ya
zamanın sonunda yaşadıqlarına ya da insan təbiətini
köklü surətdə yenidən nəzərdən
keçirməyə ehtiyac olduğuna inanan bir çox rəssam
həmkarlarının və mədəniyyət xadimlərinin
olduğu "əsrin sonu"nda
(fransızca-"fin-de-siecle") yaşayan bir mütəfəkkir
rəssam və ziyalı idi.
Freyd əsri və
psixoanaliz
Munkun Ziqmund Freyd və psixoanalizin ilk
işartıları
ilə bir nəsildən olduğunu və onun da subyektiv
təcrübənin gücünü və ağlın
irrasional qüvvəsini başa düşdüyünü nəzərə
alsaq, onu öz dövrünün bədii sənətinə və
intellektual trendlərinə yaxşı bələd olan,
insanın daxili vəziyyətinin diaqnostiki kimi daha tam bir şəkildə
görərik.
Munkun ilk işləri onun
yetkin işlərindən daha açıq tonda idi və əhəmiyyətli
dərəcədə 1870-ci və 1880-ci illərin fransız
impressionistlərindən bəhrələnmişdi. 1880-ci illərin
ikinci yarısında daha qaranlıq mövzulara keçsə
də, o, son dərəcə məhsuldar idi və
bütün karyerası boyunca parlaq peyzajlar və ailə
üzvləri, eləcə də dostlarının mülayim
portretlərini çəkməkdə davam edirdi.
1890-cı illərdə onu
tanıdacaq olan daha ağır, simvolist ruhlu əsərləri
həyatının çətin anında
yaranmışdı, lakin eləcə də Pol Sezannın
post-impressionizminin kompozisiya quruluşu ilə əylənən xəfifcə
işlənmiş su peyzajı,
"Sen-Kluda Sena çayı" da bu dönəmə aid
idi. Bu əsər heç bir halda mübarizə
halında olan psixi vəziyyətə işarə eləmir.
İnsan vəziyyəti
üçün vizual dilin kəşfi
Munk 1885-ci ildə başlayan və
1920-ci illərdə yenidən işləyəcəyi seriyadan
biri olan "Xəstə uşaq" kimi daha qaranlıq
mövzularda işləməyə başlayanda, o, xəstəlik
ucbatından parçalanmış bir evdə böyüməyin
psixoloji sarsıntısına
cavab verirdi, lakin o həm də, XIX əsrin sonlarına
doğru özünün bir növ narahat romantizm şəklini
alan simvolist hərəkatın daxili aspektlərini yönləndirirdi.
Munkun ən güclü əsərlərindən
bir çoxu kimi, "Xəstə uşaq" müxtəlif
psixoloji vəziyyətlərə dair bir rəsmdir. Əgər xəstə
uşaq (Munkun vərəm xəstəsi olan öz
bacısı əsasında modelləşdirilmişdir)
ölümün qaçılmazlığını ifadə
edirsə, başını aşağı əyən və
xəstənin baxışlarına cavab verməkdən imtina
edən simasız qadın baxıcı
ölümlülük ideyasını ört-bastır edən
çarəsiz seyrçi kimi bizim yerimizi tutur.
Xəstə
uşağın taqətsiz və məmnun üzü onun əcəlini
qəbul etdiyini göstərir. Munkun subyektlərini
sentimentallaşdırmadan, mürəkkəb və psixoloji cəhətdən
ağır vəziyyəti təsvir etmək
bacarığı sayəsində, həm o, həm də
baxıcı qadın, həyəcanverici dərəcədə
hiss olunan bir içsəlliklə doludur.
Onun çarpayının kənarında
oturmuş narahat, çılpaq qızın məşhur
portreti, "Yetkinlik" (1894-95), həm özünün cinsi
böhran (və basqı) hissləri ilə, həm də
yeniyetmələrdə cinsi yetkinliyin mərhələlərinə
dair erkən psixoloji tədqiqatlar ilə əlaqəli idi. Diqqətəlayiqdir
ki, Freyd özünün uşaq seksuallığının
ilk əsaslı analizlərindən biri də daxil olmaqla
"Seksuallıq nəzəriyyəsi haqqında üç
esse"sini bundan çox zaman keçmədən, 1905-ci ildə
çap etdirəcəkdi.
Munkun sonrakı həyatı
və mirası
Munkun həyatının son iyirmi ili əsasən daha parlaq ton alan rəsmlər
çəkəcəyi Osloda, nisbi tənhalıqda keçəcəkdi.
Bəlkə də onun əhvalının
yüksəlməsi narahatlığını müalicə
etmək üçün qəbul etdiyi klinik terapiya və
öz doğma ölkəsində onun işlərindən bəhrələnilməsini
tənqidin qəbul etməsi ilə bağlı idi.
O illərdə skandinav folkloruna olan
marağı onun tarixçi əmisi Peter Andreas Munkun XIX əsrin
birinci yarısındakı tədqiqatına əsaslanırdı.
Bu həm də bəşəriyyətin
özünü mifologiya vasitəsilə təyin etmək cəhdində
psixoloji prototiplər tapmağa çalışan
sürrealistlərin təcrübələrini də
doğururdu.
"Nyu-York Tayms"ın sənətşünası
Roberta Smitin bir dəfə söylədiyi kimi "Munkun sənəti
dünyada emosional vəziyyətlərin ən təsirli təsvirlərindən
birini - ruhun həqiqi beynəlxalq işarə dilini təqdim
edir". O qeyd edirdi ki, onun qəhrəmanları çox vaxt
anlaşılmaz "kədər, qısqanclıq, arzu və
ya ümidsizlik" hisslərinə qapılırlar. Bu, Munkun
niyə bu qədər uzunmüddətli bir təsirə malik
olduğunu izah etməyə kömək edir: son dərəcə
şəxsi əsərlər gələcək nəsillərdə
başqa necə bu cür qüvvətli rezonans yarada bilərdi?
Munkun axıcı xətləri və
ixtiyari rəng seçimləri - o, daha dərin mənanı
aşılamaq üçün tez-tez canlı, qeyri-təbii və
yad rəngləri seçərdi - Fovizmə və alman
ekspressionistlərinə, xüsusilə də
"Körpü" (almanca- "Die Brücke") qrupunun rəssamlarına
güclü təsir göstərəcəkdi. Onun dinamizmi, bəzən
kəskin rəng kontrastları və "ruh halları"nı təsvir etmək ideyası italyan
futuristlərinin də diqqətini çəkəcəkdi. Və onun burumlanan kətanlarında işlətdiyi
hamarlıq, XX əsrin əvvəllərinin bir çox
abstrakt estetikasını qabaqlayaraq Qustav Klimt və onun Vyana
sesessionist yoldaşlarının işləri ilə bənzərlik
təşkil edirdi.
Munkun rəsmləri bir rəssamın
ən dərin duyğularının əlaqəli təsvirlərini
təqdim edir və eyni zamanda onun dövrünün ən
avanqard intellektual metodları və maraqlarının bir
çoxunun ifadəsinə xidmət edir: psixiatriya və
psixoanaliz insan vəziyyətini ələ almaq yolu kimi;
simvolizm və ekspressionizm incəsənətdə və ədəbiyyatda
anti-rasional göstəricilər kimi; və mif və folklor məna
tapmaq üçün kanallar kimi.
Munkun ən məşhur rəsmi
"Qışqırıq", İkinci Dünya müharibəsi
dövrü ekzistensialist düşüncəsində
çarəsizlik və narahatlığın
illüstrasiyası kimi qəbul edilmişdir. Amma o, qorxu və vahimə təcrübəsini
elə güclü ötürür ki, 124 il əvvəl
olduğu kimi bu gün də müasirdir - çünki Munk
insan vəziyyətinin universal, nüanslı psixoloji təzahürlərini
əhatə edə bilmək üçün öz şəxsi
hekayəsi, travması və ruhi xəstəliyinin
hüdudlarından kənarları da görmüşdü.
Con MANN
İngilis dilindən
tərcümə edən: Günay Rzalı
Ədəbiyyat qəzeti.-
2018.-3 mart.- S.27.