"Uğursuz" Ceyn Ostin
"Obrazlarım
kiçik sıxıntılardan
sonra arzuladıqları
hər şeyə
sahib olacaqlar." Ceyn Ostin
Minimalizmlə bağlı
araşdırma apararkən
çox maraqlı bir cümlə diqqətimi çəkmişdi:
"Həyatda ən böyük xoşbəxtlik
itirməkdir, yəni məğlub olmaq". Bu cümləyə daha gənc yaşlarımda rast gəlmiş olsam, mahiyyətini anlamaz, inkar edər və əksini sübuta yetirmək üçün çoxlu
dəlillər (əsassız)
gətirərdim. Lakin
indi az
da olsa, anlayıram, itirmək, doğrudan da, bəzən tapmaqdır. Və ya məğlub olmaq, əslində, qalib gəlməkdir.
Çünki istənilən halda
məğlubiyyət və
itki bizə yenidən ayağa qalxmaq, qalib gəlmək üçün
təcrübə və
vasitələri də
gətirir. Sənin
məğlubiyyətin böyük
bir qələbəyə
çevrilə bilər,
əgər anlaya bilsən...
Hər zamankı
melanxolikliyimə, eləcə
də sufi
ədəbiyyatına olan
sevgimə sadiq qalaraq Şəms Təbrizidən misal gətirməyi özümə
borc bilirəm: "Üzülmə, bu gün olmadı deyə ağladığın
bir şeyə, gün gələr olmadı deyə sevinərsən".
Haqqında danışacağım müəllifin
eynilə Şəms Təbrizinin dediyi kimi gənc yaşında yaşadığı
uğursuz sevgi hekayəsinə nə vaxtsa - daha yetkin
vaxtlarında sevinib-sevinmədiyini
dəqiq deyə bilmərəm, lakin həmin uğursuzluğun
ona sonradan böyük uğurlar qazandırması, şübhəsiz
ki, gerçəkdir. Təbii ki,
Ceyn Ostinin yaşadığı talesizliyi
sufizmə və Şəms Təbriziyə
gətirib çıxarmağım
absurd görünə bilər.
Nə qədər absurd görünsə
də, müdafiə etməyə çalışdığım
fikrin fərqli forması bu güclü qadının
həyatından da yan keçməyib. Bəli, söhbət 20 yaşında
yaşadığı uğursuz
sevgi hekayəsindən
sonra bir-birindən maraqlı və uğurlu əsərlər
yazan məşhur ingilis yazıçısı
Ceyn Ostindən gedir. Ceyn Ostinin bioqrafiyasını
yazıb mövzunu uzatmaq istəmirəm, çünki vikipedik materialları istənilən
yerdə tapmaq olur.
Ceyn Ostini, adətən, yaşadığı
uğursuz sevgiyə rəğmən bütün
əsərlərini xoşbəxt
sonluqla bitirən yazıçı kimi tanıyır və təqdim edirlər. Bu hər zaman
belədir. Yazıçı və ya şair
nə qədər uğur qazanırsa-qazansın,
insanların maraq dairəsində həmin adamın şəxsi həyatı, yaşayış
tərzi, hər hansı qeyri-adi davranışı, faciəli
taleyi daha çox dayanır. Yazdığı əsərlərdən daha çox müəmmalı həyatı
ilə daim diqqət mərkəzində
olan Tomas Pinçonu buna nümunə gətirmək olar.
Ceyn Ostin də taleyi
əsərlərinə olduğu
kimi, oxucularına və onların münasibətinə təsir
edən yazıçılardandır. Oxucuları
da onu belə
xatırlamağı və
barəsində danışarkən
bu cümləni mütləq qeyd etməyi özlərinə
borc bilirlər: "Özü sevdiyi adama qovuşa bilməsə də, bütün əsərlərində
bir-birini sevən gənclər qovuşur və əsər xoşbəxt sonluqla bitir".
Əminliklə deyə bilərəm ki, dünyanın hansı yerində Ceyn Ostin barədə
maraqlansaq, bu məlumatı mütləq
eşidə bilərik. Elədir ki
var, Ceyn sevdiyi adamdan ayrıldıqdan sonra qələm-dəftərini götürüb
otağının bir
küncünə çəkilir
və bir-birindən maraqlı 6 roman yazır.
Zamanının bəzi məhrumiyyətlərinə
baxmayaraq, təhsil aldığı üçün
çox şanslıydı.
Bu ona öz
daxili dünyasını
və bu dünyanın qəhrəmanlarını
təsvir etməsinə,
eləcə də yaşadığı duyğusal
təlatümlərin ifadəsinə
imkan yaradırdı.
Bəs görəsən,
Ceyn Ostinin sevdiyi adam
kim idi, onların sevgisi niyə baş tutmamışdı?!
Əslində, bu hər kəs tərəfindən bilinən
əhvalatdır: Zəngin
oğlan, kasıb qız. Bu hekayənin
əvvəli də, sonu da bəllidir.
Atası olmadığına
görə Lord olan əmisinin himayəsində böyüyən
Tom Lefroy Londonda hüquq təhsili alırdı. O, bir neçə müddətliyinə
Ceynin yaşadığı
şəhərə gəlir.
Burada onların sevgisi başlayır. Lakin tezliklə
aralarında olan təbəqə fərqi ayrılmalarına səbəb
olur. Daha sonralar Tom Lefroy
əmisinin basqısı
ilə zəngin və əsilzadə bir qadınla ailə həyatı qurur. Ceyn isə həyatının
sonuna kimi evlənmir. Onlar ayrılsalar da,
Tom Lefroy 1802-ci ildə
doğulan qızına
Ceyn adını verir. Daha yaşlı vaxtlarında
bu münasibət barədə danışan
Tom Lefroy "uşaqcasına
bir sevgi idi" desə də, Ceynin ölümü zamanı onun dəfninə getməyi özünə
borc bilir. Ceyn Ostin də əzablı
sevgisinə qarşı
soyuqqanlı olmağa
çalışır, bacısına
yazdığı məktubunda
Tomu "kişilərin
ən dözülməzi,
özünübəyənmişi və ədəbsizi" kimi təsvir edirdi. Lakin yenə də
bacısına etirafında
onu "sahib ola biləcəyim hər şey" adlandırırdı.
Ceyn Ostin bütün əsərlərində İngiltərədə
orta sinif insanının yaşantılarını
və sevgisini ən dərin müşahidə və psixoloq gözüylə təsvir edirdi. Təsadüfi deyil ki, onu
zamanının ən
yaxşı psixoloqu adlandırırlar. Bu əsərlərdə
qadın obrazları daha çox diqqət çəkir.
Lakin eyniyyətdən daim qaçan Ceyn bir-birini təkrarlayan qadın obrazları əvəzinə bir-birinin
əksi olan məğrur, qürurlu Elizabet obrazı ilə yanaşı zarafatcıl, uşaq təbiəti ilə seçilən Emma obrazını
da yaratmışdı.
"Sense and Sensibility" ("Ağıl
və duyğu") əsərini isə sevimli bacısı Kassandra Austen və onun uğursuz sevgisi haqqında yazmışdı. Austen ailəsi qadınlarının
sevgi cəhətdən
bəxti gətirməmişdi
və Kassandra da bacısı kimi ömrünün sonuna qədər ailə qurmamışdı.
Lakin Ceyn yaşadığı
uğursuzluğu yüzillərlə
davam edəcək uğura çevirə bildi.
Şübhəsiz ki, Ceyn Ostini
daha çox "Qürur və qərəz" romanına
görə tanıyırlar. Çünki o, burada, sevgilisi Tom Lefroyun obrazını yaratmışdı. Əsər
məğrur, sevgiyə
inanmayan Elizabet (Liza) ilə ən az onun qədər qürurlu və əsilzadə olan cənab Darsinin sevgisindən bəhs edir. Təbii ki, əsərdə əsilzadə və yüksək təbəqəyə
aid olan Darsi Tomu təmsil edirdi. Yəqin ki, Tom Lefroy
cənab Darsi qədər ideal deyildi, görünür, Ceyn sevgilisini öz gözündən gördüyü
kimi təsvir etmişdi. Necə deyərlər, "Leyliyə Məcnunun gözü ilə baxmışdı". Sadə bir
ailənin qızı
olan Elizabet də cənab Darsinin önündə qürurlu olmağa, nə olursa-olsun, sevgidən qaçmağa
çalışır. Lakin əsərin sonunda hər iki qəhrəman
öz qürurlarından
vaz keçərək
bir-birlərinə olan
sevgilərini etiraf edirlər. Və əsər Ceynin
həyatından fərqli
olaraq xoşbəxt sonluqla bitir.
42 illik həyatına altı
roman və bir neçə əfsanəvi
hekayələr sığdıran
Ceyn Ostin müasir zamanın insanında melanxolik və nostalji duyğular yaratmağı
hələ də ustalıqla bacarır. Ceyn Ostinin
sevgi romanları tipik sevgi romanlarından
fərqlənir. Çünki burada təkcə sevgi münasibətləri
deyil, sadə insanların gündəlik
həyat tərzləri,
yaşamları içdən
bir səmimiyyətlə,
açıqlıqla ifadə
olunur. Bu səbəbdəndir
ki, Vircinia Vulf onun haqqında
deyirdi: "Ceyn Ostin böyüklüyü
anlaşıla bilən
ən çətin yazarlardandır". Yəni, onun
əsərlərinə bəsit
sevgi romanı damğası vuraraq səthi yanaşmaq və Ceyn Ostin
yaradıcılığının ciddiyyətinə vara bilməmək günah olar.
Ceyn Ostin haqqında çəkilmiş "Becoming Ceyn" ("Ceyn Olmaq") filmində Tom Lefroy Ceyni yaşamadıqlarını
yazmaqda və buna görə də əsərlərinin
süni olmasında günahlandırır. Əsl sevgini
dadmadan sevgi romanı
yazmağın absurd olduğunu
bildirir. Ceyn əvvəldə
Tomla razılaşmasa da,
onu sevəndən və ayrıldıqdan sonra sevgilisinin nə deməyə
çalışdığını anlayır. Bundan sonra
yaşadığı duyğuları əsərlərində
daha aydın, anlaşıla bilən səmimiyyətlə
ifadə etməyə başlayır. Demək ki,
Ceynə böyük bir
xəyal qırıqlığı yaşadan,
əzab çəkdirən Tom Lefroy həm də ona həyatının
ən böyük mükafatını vermişdi:
İstedadlı yazıçı olmaq
və əsrlərlə sevilərək xatırlanmaq! Yəni,
itirərək qazanmaq!
Cahanxanım Seyidzadə
Ədəbiyyat qəzeti.- 2018.- 3 mart.- S.31.