Səksənindən doxsanına varanda...
Bir neçə gündən sonra Anar həyatının səkkizinci onilliyini başa vurub doqquzuncu onilliyinə qədəm qoyur.
Və təbii
ki, bu həyat
ilk növbədə onun sahibinə
- Anara məxsus olduğundan ürəyi necə istəyibsə elə də yaşayıb: ata- anasına layiqli övlad, övladlarına layiqli ata olub… Əlbəttə,
bu, dünyaya təşrif buyurmuş hər bir insanın
heç də hər
kəsə müyəssər
olmayan birinci missiyasıdır ki, Anar həmin missiyanı həmişə
şərəflə yerinə yetirib. Və bu gün
də təkraredilməz
bir nümunə
göstərir…
Gözlərini ədəbi mühitdə açdığına
görə ədəbi
yaradıcılığa neçə yaşlarında
başladığını demək çətindir. Ancaq bilirik ki, keçən
əsrin altmışıncı
illərində meydana
çıxıb yetmişinci
illərində özünü
təsdiq etmiş
"yeni ədəbiyyat"ın
yaradıcılarından biri
olmuşdur. Onu da bilirik ki, həmin
illərdə Anar həyatının üçüncü
onilliyini yaşayırdı…
Və artıq dünya miqyasında
tanınmağa (Azərbaycan
ədəbiyyatına hörmət
gətirməyə) başlamışdı.
Otuz, qırx yaşlarında (keçən əsrin yetmişinci, səksəninci
illərində) qazandığı
böyük yaradıcılıq
uğurları Anarı "canlı
klassik", "Azərbaycan
ədəbiyyatının qara
saçlı ağsaqqalı"
səviyyəsinə yüksəltmişdi.
Və bu nüfuz onu çox mürəkkəb
bir ictimai-siyasi dövrdə (daha doğrusu, həmin dövrün başlanğıcında)
Azərbaycan Yazıçılar
Birliyinin başçılığına
gətirib çıxardı…
Əgər bu illərə qədər Anar daha çox
öz şəxsi (və yaradıcılıq)
həyatını yaşayırdısa,
bundan sonra onun üçün "həyat" anlayışı
xeyli dərəcədə
ictimai məzmun kəsb etməyə başladı. Və həyatının altıncı onilliyi, demək olar ki, bütünlüklə,
mənsub olduğu millətin tərcümeyi-halına
çevrildi. Heç
şübhə etmirəm
ki, Anarın 80-ci illərin sonu 90-cı illərin əvvəllərindəki
həyatının "kardioqramı"
çıxarılsa, aydın
görmək olar ki, bütöv bir millətin ürəyi necə döyünür.
Azərbaycan xalqının ümummilli
lideri (və müstəqil Azərbaycan
dövlətinin qurucusu)
Heydər Əliyev böyük yazıçı-
mütəfəkkirin yaradıcılığına həmişə
yüksək qiymət
vermiş, xalqına ürəkdən xidmət
edən bütün milli ziyalılar kimi onu da
hələ yetmişinci
illərdə hər cür siyasi-ideoloji təqiblərdən qorumaqla
sərbəst fəaliyyət
göstərməsi üçün zəruri şərait yaratmışdı.
Ümummilli liderin uzaqgörənliyi idi ki, sonralar İsmayıl
Şıxlı, Bəxtiyar
Vahabzadə, İsa Hüseynov (Muğanna), Xəlil Rza Ulutürk, Nəriman Həsənzadə,
Anar, Yusif Səmədoğlu, Fikrət
Qoca, Vaqif Səmədoğlu, Elçin
kimi ziyalılar Azərbaycan xalqının
müstəqillik uğrunda
mübarizəsinin önündə
getdilər. Və Anarın o çətin, mürəkkəb, hər
cür təxribatların
meydan suladığı
illərdə cəsarətlə
dediyi sözlər bu günə qədər yadımdadır:
mən nə "yuxarılar"ın, nə
də "aşağılar"ın
diktəsi ilə hərəkət etmirəm…
Azərbaycan ziyalısının bu cür müstəqil düşüncə (və
həyat) yolu olmasaydı, əlbəttə,
Azərbaycanın indiki
müstəqilliyi də
olmazdı.
Yazıçılar Birliyinin qorunub saxlanması, yeni tarixi şəraitə yalnız formal deyil, məzmun-mündəricə etibarilə
inteqrasiyası Anarın
tarixi xidmətlərindən
biri idi. Bu işin
öhdəsindən ancaq
və ancaq Azərbaycan ədəbiyyatının
gələcəyini görən,
milli ədəbiyyatın
taleyi üçün
məsuliyyət daşıyan,
ədəbi mühit
(və proses)in məlum subyektiv
münaqişələrinin fövqündə dayanmağı
bacaran bir ədəbi lider gələ bilərdi. Və həmin ədəbi lider artıq dördüncü onillikdir
ki, Azərbaycanın ən nüfuzlu yaradıcılıq təşkilatına
rəhbərlik edir.
Keçən on illərdə yeni
ədəbi qurumlar yaradılmasına cəhdlər
olundu, hətta bu qurumların bəziləri özlərini
Yazıçılar Birliyinin
alternativi elan etdilər. Ancaq tarix göstərdi
ki, böyük ədəbiyyatın keşiyində
ömrü o qədər
də uzun olmayan eksperimental qurumlar, tendensioz qruplaşmalar yox, tarixi birlik dayanır
ki, burada Anarın yazıçı-
mütəfəkkir (və
ideoloq!)
nüfuzu ilə yanaşı, demokratizmi mühüm rol oynadı. O demokratizmi ki, Birliyin idarəçiliyində
hər cür inzibati-amiranəlik cəhdlərinin
qarşısını aldığı
kimi, hərc-mərcliyin
ayaq açmasına da imkan vermədi…
Və tamamilə təbii idi ki, ulu
öndər Heydər
Əliyev Azərbaycan
yazıçılarının X qurultayı ərəfəsində
yazıçılarla məşhur
görüşlərində Anarın xidmətlərini
yüksək qiymətləndirdi.
Çox gərgin dövrə (1987- 1997) təsadüf
edən bu tarixi xidmət olmasaydı, yəqin ki, bu gün
Birliyin (və ədəbiyyatın!) müstəqillik
illərindəki böyük
uğurlarından danışmaq
çox çətin olardı…
Bir anlıq təsəvvür edək
ki, milli müstəqillik ərəfəsində
Birlik bir "sovet yaradıcılıq təşkilatı" olaraq
ləğv edilib, nə "Ədəbiyyat
qəzeti", nə də "Azərbaycan", "Ulduz" jurnalları çıxır…
Əgər belə olsaydı, ədəbiyyat
taleyin ümidinə buraxılsaydı, heç şübhəsiz,
bu gün taledən inciməyin, şikayətlənməyin də
bir faydası olmayacaqdı.
Anarın
bir missiyası yeni ədəbiyyat yaratmaqdırsa, ondan az əhəmiyyətli
olmayan digər missiyası mənsub olduğu xalqın ədəbiyyatını yeni
təfəkkür mövqeyindən
təhlil, təqdim və təbliğ etməkdir. "Dədə
Qorqud"dan başlamış
Səməd Vurğuna
qədər elə bir Azərbaycan ədəbiyyatı klassiki
yoxdur ki, Anar onun haqqında
öz mötəbər
sözünü deməmiş
olsun…
Anarın çoxşaxəli yaradıcılığı (və bu yaradıcılığın ən mükəmməl əsəri olan bütöv Şəxsiyyəti!) elə bir milli-mənəvi sərvətdir ki, heç zaman tükənməyəcək, həmişə xalqın mədəni yüksəlişinə xidmət edəcək… Bir epos müasirliyi (və enerjisi!) ilə!..
Nizami Cəfərov
akademik, Milli Məclisin
deputatı
Atatürk Mərkəzinin direktoru
Ədəbiyyat qəzeti.- 2018.-
10 mart.- S.4.