Təbriklər
Doğum günü təbriklərinin
məlum intonasiyası
var - tost. Yəni bu
"məşum" gündə
nə danışsan,
necə danışsan
"tost" effekti verir. Olsun. Nə etməli? Zaman-zaman tənqid
etmişik, şimdi Anar müəllim haqqında bir tost da mən
deyim. Qəribə də olsa, mənim Anar imzasıyla ilkin tanışlığım krossvord
müstəvisində olub.
Xatırlayarsınız, 90-larda bir krossvord
bumu vardı, uşaqkən mən də əmimlə krossvord doldurmağı çox sevərdim. Həmin krossvordlarda "yazıçı"
xanasından çıxan
oxun bütün istiqamətlərinə "Anar"
ismi uyğun gəlirdi. Daha sonralar yazıçı Anarın mətnləriylə
tanış olanda bildim ki,
bu, həmin o Anar imiş. Bu səbəbdən mənim şüurüstümdə
deyil, şüuraltımda
yazıçı anlayışı
Anar ismiylə assosiasiya olunur. Yeri gəlmişkən, bu münasibətlə də
Anar müəllimi təbrik etmək olar. )) Xülasə,
bu olsun təbrik mətnimizin yumor tərəfi. Keçək qalstuklu tərəfə.
O, sözün bütün
mənalarında Azərbaycan
ədəbiyyatına, teatrına,
kinosuna ümumiyyətlə,
türkdilli mədəniyyətə
ciddi töhfələr
vermiş imzadır. Füzulinin təbiriylə ifadə etsək, "Anar bəy öz qədərini söz qədərinə qaldırmış
yazıçıdır". Bir neçə ay öncə
Anar müəllimin bir essesini oxudum.
Ürək əməliyyatı öncəsi, yaxud sonrası vidalaşmaydı
sanki. Mətn kimi çox
xoşuma gəldi, olay kimi deyil.
Amma digər tərəfdən
sevindim də. Ki, nə xoş Anar bəy dünyayla
fiziki olaraq dünyadan köçmədən
vidalaşmağı bacardı.
Mənə görə qələm
adamı əsl mətnini dünyayla vidalaşandan sonra yazır. Ol səbəbdən Anar müəllimdən yepyeni, Vaqif Bayatlı demiş, yupyumru bir mətn
gözləyirik. Ömrə davam.
Mövludunuz qutlu olsun, "Anar" təfəkküründən çıxan
bütün mətnləri
"Yazıçı" xanasına tuşlayan adam!
Şəhriyar del Gerani
İlk kitabımın
nəşr xəbərini
Mersində, Aralıq dənizinin sahillərində
almışdım. Dostlarım romanımın
nəşrindən xəbərdar
olan kimi hay-həşirlə məni təbrik etdilər, yüzə yaxın turistin içində məni atıb-tutmağa başladılar. Sonra
ara sakitləşdi,
sahilə enib siqaret yandırdım.
Hədsiz sevinirdim. Bu zaman az əvvəlki mərəkəni seyr edən bir qadın
mənə yaxınlaşdı.
Tatarıstandan olduğunu deyib
vahid türkcədə
danışmağa başladı.
- Yazıçısan?
- İlk kitabım
bu gün nəşr olundu.
- Bayaq gördüm. Anarın ölkəsindənsən, hə?
Təsdiq cavabı verdim və sahilə süzülməkdə olan
toranlıqda "Beşmərtəbəli
evin altıncı mərtəbəsi"ndən, "Ağ liman"dan xeyli danışdıq.
Bir müddət
sonra içimdəki sevinc mənbəyinin kitabımın nəşr
olunması ilə deyil, "Anarın ölkəsi" ilə bağlı olduğunu anladım. Nə gizlədim, bu
ehtişamın içində
yazıçının bir
ölkənin adı qədər böyüyə
bilməsinin sevinci də var idi
və bu an mən Anarın ölkəsində romanı
yenicə nəşr olunmuş gənc idim.
Bəzən dostlarla söhbət zamanı sovetin ən perspektivli gənclərindən sayılan
Anarın dövrün
tələblərinə, gözləntilərinə
məhəl qoymayaraq sənəti daim başı üzərində
tutmağından, fərdi
mənafeyini zərrə
qədər də önəmsəməyib ədəbi
mühiti silkələyən
obrazlar yaratmağından
heyrətlə danışırıq.
"Bizim ayrı-ayrı
adamlara yazığımız
gəlir, amma sənətə yazığımız
gəlmir" fikri yazıçının sənəti
insanlıq səviyyəsinə
qaldrımağından xəbər
verir.
Ölkəmiz müstəqillik qazanandan sonra belə çox yazıçıların
cəsarət edə bilmədiyi mövzuları
sovet maşınının
dörd təkərinin
də durmadan işlədiyi bir zamanda qələmə alması, sənətlə
yanaşı cəmiyyət,
insanlıq naminə əlində saxladığı
işığı heç
zaman sönməyə
qoymaması, Anarı haqqında indiki zamanda danışa bildiyimiz ən böyük şəxsiyyətlərdən
etdi.
Şeir də belədir, qiyməti bəzən haqqında fikir yürüdən insanın
sanbalı ilə ölçülür. Anar müəllim
haqqında öz müstəvisində yetişmiş
insanlardan həmişə
çox yüksək
fikirlər eşidirik.
Uğurlu
sahibkar da, tanınmış cərrah
da, peşəkar elektrik də, hətta ən skeptik xarakterə malik bütün yetişmiş qələm
adamları da Anar adı gələndə
qaşlarını bir
az qaldırır,
tamam ayrı bir fəza haqqında
sözə başlayırmış
kimi boğazını
arıtlayır.
Anar müəllimə yaratdığı
obrazlarının formalaşdırdığı
insanların, onun müsbət qəhrəmanlarına
çevrilmiş adamların
xoş günlərini
könül rahatlığı
ilə izləməsi
üçün ömür
diləyirəm.
Sərdar AMİN
Ədəbiyyat qəzeti.- 2018.- 10
mart.- S.5.