Milli istiqlal yazıçısı
Müasir dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın xalq yazıçısı, milli kimliyimizin ləyaqətli bələdçisi Anarın şərəfli səksən yaşı tamam olur. 10 il öncə Anara "Anlamaq dərdi içində" adlı yubiley məktubunda yazmışdım: "XX əsrin 14 mart 1938-ci ili təkcə Azərbaycan ədəbiyyatı tarixinə yox, ümumən türk tarixinə qızıl hərflərlə yazılacaq. Yüz yerdə dediyim sözü burada da təkrar etmədən ötüşə bilmirəm: Anar Azərbaycan milli ziyalılığın emblemidir. Mən bu fikirdəyəm və bu fikrimin üzərində ömrümün sonunadək dipdiri canlı surətdə dayanacağam". Budur, bu fikri bir daha təkrarlamağın vaxtı çatıb. Əgər bu on ildə yanılmamışamsa, bundan sonra da bu fikrimdə israrlıyam. Anar öz mənalı ömrü və zəngin yaradıcılığı ilə iki əsrin və iki minilliyin üzərindən böyük etibarlı mənəviyyat körpüsü saldı. O qalmaqallı XX əsrin ikinci minilliyin və istiqlallı XXI əsrin üçüncü minilliyin korifey sənətkarı ola bildi.
Bu, hər şeydən əvvəl onun sayəsində mümkün ola bildi ki, Anar bütün yaradıcılığı boyu şəxsiyyətinə sadiq sənətkar, şəxsiyyəti ilə yaradıcılığı vəhdətdə olan yazıçıdır. Mənə belə gəlir ki, istəmədiyi bir işi ona gördürmək olmaz. O, bütün bədii əsərlərini qəlbinin hökmü ilə yazıb. Ümumən böyük şəxsiyyətlərə xas belə bir xüsusiyyət var ki, bəzən zəmanələrin və yaşadıqları rejimin diktə etdiklərini beyinləri ilə qəbul etsələr də, qəlbləri ilə inkar edirlər. Anar belə şəxsiyyətlərdəndir. Onu tanıdığım 35 il müddətində müşahidə etmişəm ki, Anar öz şəxsiyyəti, yaradıcılığı, ədəbi tarixi və milli ictimai mövqeyi ilə istedadlı adama hörmət etdirməyi bacarır. Bu, həqiqi yazıçının öz cəmiyyəti üçün icra edə biləcəyi ən yüksək missiyadır. Anar həmişə bəzən doqqaz arvadlarının qeybətləri səviyyəsinə enən xırdaçılıqlardan həmişə yüksəkdə dayanır.
Anar klassik bədii ənənələrə ən yüksək səviyyədə hörmət edən ruhən türk epos mədəniyyətinə bağlı olan ("Dədə Qorqud" filminin senarisi!) yaradıcılıq qayələrində türkçülük və azərbaycançılığı - uca tutan bir sənətkardır.
O, keçmiş ümumittifaq, xüsusən Azərbaycan ədəbiyyatında yeni mərhələ olan "60-cı illər" mərhələsinin - altmışıncılar nəslinin banilərindən biridi. Altmışıncılar bizim nəsrdə - İsa Hüseynov, Sabir Əhmədli, Elçin, Əkrəm Əylisli, İbrahimbəyovlar, İsi Məlikzadə və b. imzalarla təmsil olunur. Bir tənqidçi olaraq mənim üçün altmışıncı illər nəsli - yeni nəsr Anarın "Ağ limanı"ndan başlayır. Bu totalitar rejimə qarşı yazılmış ilk əsərlərdən biri idi. Əsərdə belə bir epizod var: Nemət hər səhər işə gedərkən qəzet köşkündən soruşur: ""Pravda" var? Qəzetçi cavabında - Əşşi pravda hardadı - deyir". Bu eyhamlı cümlə totalitar rejimin bulanlıq səmasında şimşək kimi çaxır. Bu əsər və "Yaxşı padşahın nağılı" əsəri bu gün də öz müasirliyini qoruyub saxlayır.
Anar və altmışıncı illər komandası bizim nəsrdə bədii fəlsəfi cəhətdən əsl çevriliş yaratdı və bu gün də nəsrimiz Mövlud Süleymanlının Seyran Səxavətin, Afaq Məsudun yaradıcılıqları ilə davam edir.
Anarın yaradıcılığı zəngin və çoxcəhətlidir. O, yazıçı ssenarist, dramaturq kinorejissor kimi səmərəli fəaliyyət göstərir. Mənim fikrimcə, "Beşmərtəbəli evin altıncı mərtəbəsi" bədii nəsrimizdə, "Şəhərin yay günləri" pyesi dramaturgiyamızda, "Uzun ömrün akkordları" və "Dədə Qorqud" bədii filmləri kino sənətimizdə, "Qobustan" dərgisi jurnalistikamızda mərhələ yaratmış orijinal sənət hadisələridir. Bu yerdə ondan görkəmli tənqidçi və publisist kimi də xüsusi bəhs etmək olar. Təfsilata varmadan deyim ki, "Nəsrin fəzası" əsəri müasir yazıçı tənqidinin konseptual nümunəsidir.
Anar Azərbaycan ədəbiyyatı üçün doğma olan bir janrın - Mirzə Cəlilin "Poct qutusu", "Usta Zeynal", "Qurbanəli bəy", Ə.Haqverdiyevin "Şeyx Şaban", "Xortdanın cəhənnəm məktubları", Y.V.Çəmənzəminlinin "Cənnətin qəbzi", Mir Cəlalın "İclas qurusu", "Kəmtərovlar ailəsi", "Təzə toyun nəzakət qaydaları" və s. kimi hekayələrin poetik ənənələrini davam və inkişaf etdirmişdir. Başlıcası isə o, Azərbaycan gülüş mədəniyyətinin kinayəli üsullarından istifadə edərək "Molla Nəsrəddin - 66"-nı yaratdı. Mən Anarı müasir Azərbaycan ədəbiyyatı üçün, o cümlədən istiqlal dövrü mərhələsi üçün yazdığı "Otel otağı", "Göz muncuğu", "Ağ qoç, qara qoç", "Kərəm kimi" bədii və fəlsəfi əsərlərini xüsusi təhlil etmək fikrində deyiləm. Anarın yaradıcılığı həmişə ədəbi tənqidin diqqət mərkəzində olub və bundan sonra da o daha böyük nəzəri tədqiqatların predmeti olacaq.
Anar 30 ildən artıqdır ki, Azərbaycanın mənəvi fikir mərkəzi olan Azərbaycan Yazıçılar Birliyinə uğurla rəhbərlik edir.
Tarixi epoxaların, ictimai sistemlərin,
tez-tez dəyişildiyi bir
zamanda milli-mənəvi dəyərlərin
qloballaşan, dünyada
çətinliyə düşdüyü
dövrdə xalq yazıçısı Anar bir sənətkar və
vətəndaş ziyalı kimi 80 ildir öz şəxsiyyətini
Azərbaycan ədəbiyyatının nüfuzunu
ən böyük sərvətimiz olan milli
istiqlalımızı ləyaqətlə qoruyub
saxlayır. Ona daha böyük tarixi vəzifələri
həyata keçirmək üçün
uzun ömür və
uğurlar arzulayıram.
Nizaməddin Şəmsizadə
Ədəbiyyat qəzeti.- 2018.- 10
mart.- S.7.