Kamal Abdulla:

"Anar yaradıcılığı ilə bir neçə fəzada görünə bilir"

 

- Kamal müəllim, Anar müəllimlə ilk tanışlığınız zamandan başlayıb?

- Anar müəllimlə ilk tanışlığım - təbii ki, söhbət əyani tanışlıqdan gedir, qiyabi mən onu tanıyırdım, oxuyurdum, sevirdim - ilk əyani tanışlığımız, əl-ələ görüşməyimiz 1974-75-ci illərdə Moskvada baş verdi. Mən Moskvada aspiranturada oxuyurdum, aspirantlar evində qalırdıq, müxtəlif sahələr üzrə təhsil alan aspirantlarla ünsiyyətimiz var idi. Orada Azərbaycandan da təxminən 15 nəfərə yaxın aspirant qalırdı. Günlərin bir günü eşitdik ki, Anar müəllim Moskvadadı, biz onu aspirantlar evinə dəvət etdik. Onunla görüş keçirmək fikrinə gəldik Anar sağ olsun, bu təklifimizi qəbul etdi aspirantlar evinə gəldi. Orada azərbaycanlı aspirantlarla artıq püxtələşmiş yazıçı olan Anarın görüşü baş tutdu. Mən aspirantlar arasında yeganə filoloq idim, ona görə əsas məruzə, baş məqalə mənə tapşırılmışdı. Orada geniş bir çıxış etdim Anar haqqında ürəyimdən keçən bütün fikirləri dedim. Təbii ki, bu çıxış tərif Anar yaradıcılığı qarşısında vəcdə gələrək deyilən sözlərdən ibarət idi. Anar da orada eyni şəkildə mənim haqqımda fikirlərini bölüşdü. Mənim onun yaradıcılığında toxunduğum məqamları təqdir etdi. O görüşdə maraqlı anlar oldu mən o məqamları sonralar yazılarımda inkişaf etdirməyə çalışdım. Tanışlığımız, ünsiyyətimiz belə başladı.

- Ola bilsin ki, növbəti sualımdakı müqayisə bir az qüsurludur. Amma bunu bilmək maraqlıdır. Anar üslub, dil, yanaşma digər texnikaları ilə hansı müstəvidə qərar tutub? Yəni bu gösətiricilər üzərində düşünsək, Anarı hansı yazıçılarla eyni müstəvidə görmək olar?

- Maraqlı sualdır, mən həmişə çalışmışam ki, bir yazıçını əlahiddə, digərlərindən təcrid olunmuş şəkildə yox, hansısa əlaqədə, bir-birilərilə səsləşən məqamlarda dərk edim. Anar mənim yadıma kimləri salır? Gəlin sualı belə qoyaq. Anar mənim yadıma ən müxtəlif yazıçıları salır; Turgenevdən Borxesə qədər bütün yazıçıları yadıma sala bilər. Bu mənada Anar yaradıcılığı çoxşaxəlidir. Elə yazıçılar var ki, bir istiqamətdə gedirlər, onları başqa istiqamətdə, yaxud fəzada təsəvvür etmək çətindir ya mümkün deyil, Anar isə yaradıcılığı ilə bir neçə fəzada görünə bilir.

- Azərbaycan ədəbiyyatında xüsusi əhəmiyyət kəsb edən bir əsərinin adını çəkməli olsanız, Anarın hansı əsərini qeyd edə bilərsiz?

- Ayırmaq çətindir. İndi bəlkə beynimdə Anarın ən müxtəlif əsərlərindən müxtəlif parçalar birləşib xüsusi bir roman yaradıb, intertekst ərsəyə gəlib. Bir az "Ağ liman"dan, bir az "Beşmərtəbəli evin altıncı mərtəbəsi"ndən, bir az "Şəhərin yay günləri"ndən... Bunlar hamısı beyində bir-biri ilə birləşən və müəyyən bir yaradıcılıq emosiyası yaradan məqamlardır. Amma faktiki olaraq oxuduğum bütün əsərləri yadımdadır. Yadda qalmaq o əsərin süjet xəttini başda-ayağa danışmaq deyil. Yadda qalmaq odur ki, onlar yaddaşıma, içimə hopub və içimdə nəyəsə çevrilib. Ola bilsin yazılarımda bəzən Anarla səsləşən məqamlar tapan olsun və bunu təkrar kimi qiymətləndirsin. Ola bilər. Bundan qorxmaq da lazım deyil. Çünki biz ömür boyu təkrar edirik. Heç kim bu Günəşin, bu solğun ayın altında birinci və orijinal deyil.

- Altmışıncıların Azərbaycan ədəbiyyatındakı rolunu və Anarın bu dalğa fonunda yaradıcılığını necə qiymətləndirirsiniz?

- Altmışıncılar dedikdə ağla yeni bir nəfəs gəlir. Bu nəsli İsa Muğannasız, Anarsız, Əkrəm Əylislisiz, Elçinsiz təsəvvür etmək mümkün deyil. Bu adlar bir-birinin yanında durub Azərbaycan ədəbiyyatının gözəl bir səhifəsini yaradıblar. Bu səhifəsiz Azərbaycan ədəbiyyatı tam ola bilməzdi. 1960-70-ci illərdə yazıb-yaradan yazıçıların əsərləri olmadan biz Sovet dönəmi Azərbaycan ədəbiyyatının son etapını qiymətləndirə bilmərik. Yeni nəfəs o demək deyil ki, onlardan qabaqkı nəfəs köhnəlmişdi, yaxud yaramırdı. Əli Vəliyev, Süleyman Rəhimov, Mehdi Hüseyn, Əbülhəsən var idi, bunlar möhtəşəm yazıçılardır. Yeni nəfəs əslində başqa nəfəs deməkdir, nüansın içinə girmək və s. yeniliklər... Bu nəslin nümayəndələri elə fərqliliklər etdilər ki, onları oxumaq istəyənlərin sayı çoxaldı, gənclər bu müəlliflərə müraciət etdi. Yaxud ola bilər ki, gənclərin öz təbiətində hansısa elementlər yaranmağa başlamışdı; tənbəllik, kəmhövsələlik. Tutaq ki, 4 cildlik "Şamo"nu oxumaqdansa, "Dantenin yubileyi"ni oxuyub ondan zövq almaq fiziki baxımdan bəlkə də daha asan göründü. Burada müxtəlif faktorlar rol oynaya bilər; ən təsadüfi səbəblərdən başlamış, ən dərində olan, fəlsəfi nöqteyi-nəzərdən insanı təəccübləndirən faktorlara qədər. Hətta ən adi psixoloji nüanslar da bu amillərə daxildir. Onlar ədəbiyyata kiçik hekayələrlə gəldilər. Sonra İsi Məlikzadə, Mövlud Süleymanlı, Şahmar, Azər Abdulla gəldi. Bu şəxslərə də elə həmin nəslin davamçıları, bir kitab səhifəsinin övladları demək olar.

- Anar bu nəslin içində həm də kinoya ən yaxın yazıçılardan idi.

- Anarın Azərbaycan kinosuna xidmətlərilə bağlı məsələni mütəxəssislər daha düzgün qiymətləndirə bilər. Mən bu barədə çox maraqlı bir təəssüratımı bölüşə bilərəm.  Məni Strasburq Universitetinə dəvət etmişdilər, orada mühazirə deyəcəkdim. Mühazirəni fransız professorla bir yerdə dedik. Ardınca məni Azərbaycan mədəniyyətilə bağlı bir dərsə dəvət etdilər. Artıq orada dərsin bir iştirakçısı idim. Bu Azərbaycan mədəniyyətinə həsr olunmuş bir mühazirə idi mühazirə Anarın "Üzeyir ömrü" filminin nümayişi ilə keçirildi. O film nümayiş etdirilirdi müəyyən məqamlarda filmi saxlayırdılar, orada gördüyümüz şəxsiyyətlər haqqında məlumat verirdilər. Məsələn, Haqverdiyev başqa şəxslər filmdə göstərildikdə kadr saxlanılır, bu adamlar haqqında danışılırdı. Baxın, Anarın filmi budur. Bu, Azərbaycan mədəniyyətini başqa bir mədəni müstəvidə vicdanla, ləyaqətlə təmsil edən bir ziyalı mövqeyidir.

Anar böyük bir şəxsiyyətdir, o mənada ki, xalqının istəyini duyur, ona sədaqətlidir, sadə insanların, qəhrəmanlarının mənafeyini heç zaman bada vermir. Xalqın istəyi anlayışı bizi çaşdırmasın, əslində fərdlərin istəklərini ümumiləşdirsək, xalqın da bir istəyi ortaya çıxır. 9 milyonluq vətəndaşlarımızın mənafeyini düşünmək yetmir. Bizim sevimli yazıçılarımızın - Anarın, İsa Hüseynovun, Süleyman Rəhimovun qəhrəmanları, Dədə Qorquddakı qəhrəmanlar da azərbaycanlılardı, həm ölməz azərbaycanlılardılar. Anar bütün bu insanların arzusunu öz arzusu kimi ürəyində yaradıcılığında saxlayan bir adamdır.

 

Söhbətləşdi: Sərdar Amin

 

Ədəbiyyat qəzeti.- 2018.- 10 mart.- S.6.