Anar-80

 

Azərbaycanın xalq yazıçısı, görkəmli nasir, dramaturq, publisist Anarın yaradıcılığının başlanğıcı ötən əsrin 60-cı illərinə təsadüf edir; yəni o da "altmışıncılardandır". Lakin əslində, bu , sadəcə zamanı etibarı ilə zahiri bir təsadüf deyil, bu, həmin dövrdə dünyanın dörd bir tərəfində - bütün qitələrdə yəqin ki, hansısa bir qanunauyğunluqdan doğan möhtəşəm bir prosesin ədəbiyyatda, sənətdə XX yüzilin 50-ci illərindən başlanan intibahın tərkib hissəsidir. Çox dərin kökləri və zəngin ənənələri olan Azərbaycan ədəbiyyatı bu qlobal hadisədən, yeniləşmədən kənarda qala bilməzdi və bilmədi də, Anar eləcə də o dövrün istedadlı gəncləri və əsrin tələbləri ilə ayaqlaşa bilən orta nəsil yazıçıların timsalında dünya ədəbi prosesinə qoşuldu.

Anar həm yaradıcılığı - konkret əsərləri ilə, həm də sağlam ədəbi qüvvələri bir araya gətirmək qabiliyyəti ilə 60-cı illərdə yaranan ədəbiyyatın inkişafına və istiqamətlənməsinə çox güclü  əməli təsir göstərdi.

Anar yaradıcılığının ümumiyyətlə, bir ziyalı kimi şəxsiyyətinin ən əsas xüsusiyyəti onun milli qaynaqlardan bəhrələnməsi, milli-mənəvi dəyərlərə söykənməsidir; bir də - yenilikçiliyi. Bununla belə, bəşəriliklə milliliyi, yeniliklə ənənəni çox orqanik şəkildə qovuşdura bilmək bacarığı, məharəti Anar fenomeninin bel sütunudur.

Bu gün Anarın 80 yaşı tamam olur; mübarəkdir. Saçları ağarsa da, yaşanmış ömrün ağrı-acılarının, yəni qısası, yaşın zahiri görkəminə müəyyən təsiri olsa da, Anar gənclik əzmini, müasirlik duyğusunu qoruyub saxlaya bilib! Əminəm ki, bundan sonra da qoruyub saxlayacaq.

Sənə möhkəm cansağlığı arzulayıram, Anar!

 

İntiqam QASIMZADƏ

"Azərbaycan" jurnalının baş redaktoru

 

Ədəbiyyat qəzeti.- 2018.- 10 mart.- S.8.