Anar XX əsrdə
xalqımızın yetirdiyi
böyük azərbaycanlıların
sırasındadır
İllər əvvəl məndən
Anar müəllim haqqında soruşanda, onda deyəsən 70 illik yubileyini qeyd edirdi Anar
müəllim, demişdim
ki, milli musiqimiz və musiqi mühitimiz, bütövlükdə mədəniyyətimiz
üçün
Üzeyir Hacıbəyov
kimdirsə, dövrünün
fransız ədəbi-mədəni
mühiti üçün
Hüqo kimdirsə, bugünkü ədəbiyyatımız,
ədəbi mühitimiz,
bütövlükdə mədəniyyətimiz
üçün Anar da eyni işləri
görmüş, eyni
miqyaslı adamdır.
50 ildən artıq
bir dövrü əhatə edən yaradıcılığı boyu
onun toxunduğu mövzuların vacibliyi, əsərdən-əsərə dəyişən çeşidli
yazı manerası və texnikası, heç kimə bənzəməyən dili
və üslubu ilə o, hər şeydən əvvəl daim formada olan
böyük yazıçıdır. Dilimiz, mədəniyyətimiz, dərgilərimiz,
kinomuz, teatrımız,
ictimai həyatımız
üçün ilk əvvəl
"Qobustan" jurnalının
yaradıcısı, kinodramaturq
və rejissor kimi, sonradan Azərbaycan Yazıçılar
Birliyinin rəhbəri, millət vəkili kimi misilsiz işlər görmüş adamdır.
Və xalq yazıçısı Anar
əsl humanistdir, XX əsrdə xalqımızın
yetirdiyi böyük azərbaycanlıların sırasındadır.
Bədii Tərcümə və Ədəbi Əlaqələr
Mərkəzi indi
"Dünya ədəbiyyatı"
dərgisinin Anarın
tərcümələrindən ibarət xüsusi sayını hazırlayır.
Daha əvvəl
Anar müəllimin əksər tərcümələrini
oxumuş, yaxın vaxtlarda isə yaddaşını təzələmiş
biri kimi, indi mündəricatdakı
adlara baxa-baxa yenə düşünürəm:
"Anarı yaradıcılığı
boyu mütəmadi şəkildə tərcüməyə
sövq edən əsas şey nə olub?" Bu, olduqca vacib sualın
ilk və ən dəqiq cavabı Anar müəllimin öz tərcümələrinə
yazdığı "ön
söz"lərdə, şərhlərdə,
sonra isə o tərcümələrin işıq
üzü görənləri
haqqında zamanında
verilən rekasiyalarda
(məsələn, mərhum
tənqidçimiz Zemfira
Əsədullayevanın yazısında)
var, əlbəttə.
Məsələn, həmin o cavablardan
biri təxminən beləydi ki, bəzən yazıçı
Anar məlum siyasi rejim və
senzuraya görə öz orijinal yazıları ilə birbaşa deyə bilmədiklərini tərcümə
elədiyi mətnlərlə
deyirdi. Əlbəttə,
bu belədir, amma "60-cılar" adlanan
ədəbi nəslin
yetişdiyi mühitdən
uzaq olduğuma, onların "nəfəs
almağa məcbur olduqları" o cansıxıcı
atmosferi axıradək
hiss etmədiyimə görə,
nədənsə mənə
elə gəlir ki, daha başqa
cavablar olmalıdır
və ola bilsin, bu
cavablar əvvəlkiləri
bir başqa cür təsdiqləyəcək.
Ədəbiyyat tarixindən bir hadisə yadıma düşür.
Onda (söhbət
elə 60-70 ci illərdən gedir) böyük rus şairi İosif Brodski mühacirətinin
ilk illərini yaşayırdı. Dil mühitindən ayrılmaq
onda dərin fobiya və böhran yaratmışdı:
bundan sonra o yaza biləcəkdimi?.. O dövrdə Brodski böyük polyak şairi, sonradan dostlaşacaqları
Çeslav Miloşdan
məktub alır:
"Baxın, İosif,
siz indi mühacirətdəsiz, bilirəm
ki, sizə olduqca çətindir, mən özüm də bütün bunları yaşamışam.
Düşünürsüz ki, yaza bilməyəcəksiz,
şair kimi məhv olacaqsız..."
Miloş,
məktubla yanaşı
Brodskiyə tərcümə
etməsi üçün
özünün bir neçə şeirini də göndərir.
Brodski kiçiyin böyüyə
göstərməli olduğu
ehtiramla Miloşun məktubunu cavablandırır.
Hətta
onun şeirlərini çevirir. Amma bu şeirlər Miloşun ona göndərdikləri deyildi, Brodskinin özünün seçdiyi
şeirlər idi (məsələn, tutalım,
həm poeziya, sonradan həm də tərcümə sənətinin şedevri olan "Avropanın uşağı" kimi bir şeir).
Elə burda dayanıb iki məqamı qeyd eləmək istəyirəm. Əvvəla, sovet dövründə yazıb-yaratmış olan
bütün böyük
ədiblərimizdə öz
ölkələrində imperiyanın
ucqarında, əyalətdə
mühacirətdəymişlər kimi yaşamaq duyğusu olmalıydı,
varıydı. Bu duyğu, dünya mədəniyyəti, ədəbiyyatı
ilə münasibətdə
bizi mezalyans vəziyyətinə salırdı
və Anar kimi böyük ədibimiz, əlbəttə
ki, bunu bütün aydınlığı
ilə hiss edirdi.
İkinci məsələ, daxili sifariş məsələsi
idi ki, şəxsiyyətin
bütünlüyü və
daxili azadlıq göstəricisi olan bu məsələ olduqca vacib məqamdı.
Yazıçı Anar tərcümə etməklə, xüsusən
mətnləri öz daxili sifarişi ilə müəyyən etməklə həm yazıçı, həm
də tərcüməçi
kimi özüylə mətnlərini çevirdiyi
o böyük ədiblər
arasında, eyni zamanda, Azərbaycanla o vaxtkı azad dünya arasında bir bərabərlik işarəsi qoymağa cəhd edir və qoyurdu.
Oktavio Pas yazır
ki, tərcümə etmək - ən dərin mütaliə və anlama prosesidir.
Yazıçı Anar həm çağdaşlarını, həm də sələflərini ən
dərin şəkildə
anlamış və mütaliə etmiş, anladıqlarını, hiss etdiklərini
ən rasional və duru Azərbaycan
dilində gələcəyə
ötürən böyük
Azərbaycan yazıçısıdır.
Bəlkə də "Dünya ədəbiyyatı" dərgisinin xalq yazıçısı Anarın tərcümələrindən ibarət xüsusi sayı daha əvvəl, hətta Anar müəllim bu tərcümələri öz çoxcildliyinə salmamışdan, "Seçilmiş əsərləri"nin bir cildinə çevirməmişdən əvvəl nəşr olunmalıydı; əlbəttə, bu xüsusi sayın böyük ədibimizin, sözün bütün mənaları və çalarlarıyla şanlı 80 illik yubileyi ərəfəsində nəşri bizim üçün xüsusi əhəmiyyət kəsb edir, olduqca qürurvericidir. Amma bu abzasın ilk cümləsindəcə izhar etdiyim arzumun bir başqa yanı var. Xalq yazıçısı Anarın yarım əsrdən artıq ədəbi bioqrafiyasının, ədəbiyyat naminə gördüyü və bir qayda olaraq həmişə ilkinlik, yenilik xassəsi daşıyan işlərinin sırasında, adətən, "Qobustan" jurnalının təsis edilməsini, nəşrini, zamanında ədəbi mühitə ötürdüyü təzə, azad yaradıcı impulsları xüsusi qeyd edirlər ki, bu da çox doğrudur. Bəs, "Dünya ədəbiyyatı" dərgisi? Məgər onu Anar yaratmayıb? Onun ilk saylarından etibarən nəşrinə maddi və mənəvi dəstəyi o verməyib? Bu gün hər sayı bir xalqın ədəbiyyatına, bir ədəbi janra, növə, bir böyük ədibə və tərcüməçiyə həsr olunma strategiyasını 4 il əvvəl o təklif etməyib? Bu sualların bir qısa cavabı var: "Bəli, o edib". Və mən istəyirəm ki, bundan sonra ədəbiyyat tariximizi yazanlar, Anarın tarixini yazanlar onun bioqrafiyasında bunu da nəzərə alsınlar. Çünki 2003-cü ildə mənə - "Yaxşı, bəs, nə etmək istəyirsən? Nə təklif edirsən?" - deyə sual ünvanlayanda, düşünmədən belə bir cavab verdim: "Bizə tərcümə jurnalı lazımdır, bu sahədə ciddi boşluq var". Bu həmin dövr idi ki, "Xəzər" tərcümə dərgisinin fəaliyyətində durğunluq yaranmışdı, "Mütərcim" böyük fasilələrlə çap edilir, nəşr ediləndə isə daha çox tərcüməşünaslıq, tərcümə nəzəriyyəsi materiallarına üstünlük verir, "Cahan" jurnalı da 5 il əvvəlki işıqlı xatirə kimi yada düşürdü (bütün bunlar haqqında "Tərcümə işinin vəziyyəti ilə bağlı" 2004-cü ildəki məruzəmdə söz açmışam). Və yaxşı xatırlayıram, Anar müəllim o vaxt gənclər və idman naziri işləyən Əbülfəs Qarayevə zəng edib belə bir nəşr üçün dəstək aldı, mənə isə dedi ki, get, dərginin ilk sayını hazırla. Dərginin ilk sayı çıxanda isə, o da yadımdadır ki, ədəbi mühitimizdə ciddi bir hadisənin baş verdiyi o saat hiss olundu. Durğunluq içində olan digər nəşrlər də hərəkətə gəldilər. Bu, əlbəttə, ilk növbədə vaxtilə "Qobustan"ı yaratmış olan gənc Anarın indi də gənc qalan, hər gün, hər saat ədəbiyyata, Azərbaycana, bütövlükdə insanlara xidmət etmək istəyən qəlbinin hesabına oldu.
Sizi təbrik edirəm, Anar müəllim!
Səlim Babullaoğlu
Bədii Tərcümə və
Ədəbi Əlaqələr
Mərkəzinin sədri
Ədəbiyyat qəzeti.- 2018.-
10 mart.- S.9.