Anara

 

Müxtəlif vaxtlarda yazıb çap etdirmədiyim üç şeir

 

 I

 

Tək təhər-tövründən,

görkəmindən yox,

xasiyyət sarıdan

növ-növdür insan, -

düzü-əyrisi var,

oxlov udanı,

biri də civətək

zəhərlidir, sürüşkən, yumru

Əyrini kəsməsə

düzün qılıncı

Çökdürər diz üstə

Anar yumoru.

 

Zaman pis zamandır,

hər ucuz alan

çəkib matahını

çox baha satır,

Satır, övlad satır,

bax, satır ata.

Kimin haqqı var

ona söz ata.

ya da bir misra,

həcv sətir ata, -

əfsanə, əsatir

satirlərindən

güclü, amansızdır

o satirada!..

 

II

 

Tut onu qızıla,

bürü xəz ilə,

canlı bir mücrüdür,

dürlü xəzinə.

xalq ağıl yatırı

dolu daxıldır.

Ora həm sədaqət,

namus-qeyrət ,

hünər daxildir.

Kiməsə saraydır.

kimə daxaldır.

Mənimçün isə

söz-söhbət zəmisi,

əkin-biçində

verimli toxumluq,

qızıl taxıldır.

O elm dəryası,

bilik bankıdır.

Faizsiz kredit

paylar hamıya;

qaytaran da olur,

alıb danan da

O, xotkar oğludur,

Hatəmliyi var.

O, Qorqud Atadır,

Bəhlul Danındə.

Təkdir o, vahiddir

sırada, vərdə.

Axtarma bihudə,

tapılmaz ondan

ucqar uzaqda,

həndəvərdə

 

III

 

O qədər təmizdir

dili durudur,

onu hər arif ,

avam da qanar.

O qədər parlaqdı,

elə işıqlı,

onu tək kor danar,

nadanlar qınar.

o qədər açıqdır,

elə cürətli,

cəhd edib sancmaqçın

üstünə hər cür

ilan-şəyən cumar,

hər cür mar cumar.

Dayağı elidir,

Xalqıdır qəhmar.

Bişibdi zamanın

od kürəsində.

Yanar qovğalardan

keçibdir Anar.

Sarsılmaz əzmiylə,

kəsərli sözlə

paxılı, xəbisi

biçibdir Anar.

Qələmi qılıncdır,

təlaş eləmə,

heç vaxt qırılar,

ki sınar.

Tək zaman sınayar,

onu vaxt sınar.

Zaman fəzasından

keçəcək Anar.

Türk oğuz ruhlu o

qardaşımızdır

Şükür ki, yenə

vaxtdaşımızdır.

 

Çingiz ƏLİOĞLU

 

Ədəbiyyat qəzeti.- 2018.- 10 mart.- S.9.