Simurq kimi
Bir neçə ay öncə
Kaspi liseyində yazıçı Anarla görüş planlaşdırılanda şagirdlər
arasında tədbirin
adını və ideyasını soruşdum.
Cavab belə oldu: "Torpağın oğlu". Hətta, şagirdlər fikirlərini
əsaslandıraraq dedilər
ki, "Torpaq, dəniz, od, səma"dan ruhlanıb verdiyimiz bu ad onun bütün yaradıcılığına
aiddir. Anar yaradıcılığının
əsl mahiyyətini dərk edən şagirdləri heyranlıqla
dinləyirdim. O, nə
yazdısa Vətən,
millət, xalq taleyi, dövlətçilik
təəssübkeşliyi, vətəndaş mövqeyi
ilə birləşərək
qoyulan mövzuda ali ideyaya
çevrildi. Anarın Azərbaycan
əbəbiyyatında kübar
yeri hər zaman onu sevdirdi,
bəzən də ona qarşı qısqanc münasibət yaratdı. Onun ədəbi yaradıcılığı
Azərbaycan xalqının
folklor yaddaşı ilə həmyaşıddır.
Millətin ruh yaddaşı
bütün əsərlərində
hər sətirdə
boy verdiyi üçün
onun yaradıcılığı
ruhumuzun tərcümanıdır.
Ədəbiyyatımızda, mədəniyyətimizdə, kinomuzda Anar dəsti-xətti milli taleyimizin "anlamaq fəlsəfəsi" ilə
birləşir. Anar bu fəlsəfənin işığıyla
dərinliklərə endi,
qədim türk yaddaşına yol aldı, Dədə Qorqudla görüşdü,
onun tapşırığını
öz düşüncəsinə
köçürərək "torpağı əkib-becərməsən,
qorumağa dəyməz,
qorumadınsa, əkib-becərməyə
dəyməz" düsturunu
minilliklərə ərməğan
etdi. "Torpağın, vətənin,
dövlətin taleyi hər birimizin taleyidir" fikri onun əsərlərinin ana xəttini təşkil etdi. Əsil-nəcabət, soy-kök etibarilə
ruh yaddaşından ərməğan aldığı
dövlət, bayraq sevgisini əsərlərində
hər zaman oxucusunun qəlbinə ötürə bildi.
20 Yanvar hadisələrində
Akademiyanın binasında
keçirilən iclasın
sədri kimi, Ali Sovetin yüksək tribunasından dünya ictimaiyyətinə müraciət
edən Anar müəllim xalqının
başına gələn
müsibətləri yana-yana
çatdırırdı. Yenə yadıma liseydəki görüşdə Anar müəllimin babaları
Ələkbər bəyin,
Xudadat bəyin AXC-nin taleyində oynadığı müstəsna
rolu haqqında şagirdlərin söylədikləri
çıxışlar düşür.
Anar müəllim qürur və iftixar tariximiz olan AXC-nin qısa
ömür taleyində
rol oynayan babaları haqqında, 20 Yanvarda onun özünün
ictimai fəaliyyəti,
dünyaya müraciəti,
eləcə də o vaxt rus dilində
yazılan "Beda" (Müsibət),
"Şəhidlər dağı",
"Qara yanvar" haqqında bir daha şagirdlərdən dinlədi. Yaradıcılığı, romanları, film ssenariləri ilə yanaşı, millətin qeyrətli oğlu kimi, mübariz ictimaiyyətçi kimi fəaliyyətinin yaddaşlarda
yer alması məktəblilərin təhlilləri
kontekstində çox
qürurverici idi.
Anar müəllim babalarının
tarixi arzularında yarımçıq qalan dövlətçiliyin varisi
kimi bu gün
günü-gündən inkişaf
edən müstəqil
Azərbaycanın ziyalısı,
yazarı olaraq məktəbliləri sevinclə
dinləyirdi. Kimi
onun əsərləri
haqqında, kimi onun "Dədə Qorqud", "Xatirələr
sahili", "Gecə
işıqları", "Gün keçdi",
"Torpaq, dəniz, od, səma", "Qəm pəncərəsi"
kinossenariləri, kimi də onun hələ
sovet dönəmlərində
cəsarətlə qələmə
alınan "Yaxşı
padşahın nağılı"ndan
söz açdı. Həmin gün bütün söhbətlər müxtəlif
məcralara yönələrək
yenə Anar müəllimi böyük
vətəndaş, əsl
ziyalı, dövlətçiliyə
sədaqətli, görkəmli
sənətkar kimi xarakterizə edirdi.
Bu yaxınlarda yazıçı
Anarın əsərlərini
yandırmaq təklifi
ilə çıxış
edənlər sivil vətəndaşa yaraşmayan
təkliflə çıxış
edirdilər. Almaniyada
Tomas Mannın, Haybedin,
Langenin, Freudun və başqalarının
əsərləri bir
vaxtlar yandırılmağa
məruz qalıb. Tarix boyu müharibələr zamanı qalib dövlətlərin sərkərdələri
məğlub etdikləri
dövlətin kitabxanalarını
mənimsəyərək öz
dövlətlərinin mütaliə,
elm və mədəniyyətini
yüksəltmək üçün
aparmışlar. Barbar ölkələrin
sərkərdələri isə
dərk etmədən
istila zamanı kitabxanaları yandırmış,
yalnız qızıl,
pul xəzinələrini
mənimsəməklə kifayətlənmişlər.
Bir anlığa düşünürük: Bizim
cəmiyyətdə bu
təkliflə çıxış
edənləri belə
söyləməyə nə
vadar edir? Dövlətinə, dövlətçiliyinə, ölkəsinin müstəqilliyinə,
sabitliyinə qarant olan hakimiyyətə münasibətini düşünülmüş
ziyalı mövqeyindən
izah edən Anar müəllimi qorxudan bir şey
varsa, o da cəmiyyətdə laqeydlik
xəstəliyinin olmasıdır.
Dövlətinə, bayrağına sevgiylə,
sədaqətlə yanaşmaq
onun tarixi ruh yaddaşı ilə bağlıdır. Əslində o, yenə də müstəqil Azərbaycanın
dövlətçilik ənənələrinə
münasibətində əsl
Azərbaycan ziyalısının
və yazarının
mövqeyini nümayiş
etdirdi. Anar müəllim əlli il-altmış il
əvvəl ifadə etdiyi ideyalarla indi də qürur
duya biləcək, yüz il sonra
da yazdıqlarına cavabdehlik və məsuliyyət hissinə
şərəflə sahib çıxmağa
qadir olacaq yazarlarımızdandır. Xəzərə,
Bakıya, qədim İçərişəhərə ürəyimizdə uyuyan,
izaholunmaz sevginin yozumunu Anarın əsərlərindən öyrəndik.
Anarın əsərlərini yandırsaq belə, külündən ruhumuzun
Simurq kimi sapsağlam çıxdığını
görəcəyik. Axı
ruhlar ölümsüzdür!
Sona VƏLİYEVA
"Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri
Ədəbiyyat qəzeti.- 2018.- 10
mart.- S.10.