Öz adıyla yaşıd olan yazıçı

 

 Martın on dördü Anarın ad günüdü. Səksən yaşı tamam olur. Həm də, təkcə özünün yox, adının da. Mən bilən, Anar Azərbaycanda öz adıyla yaşıd olan ilk yazıçıdı.

Səksən il əvvəl Rəsul müəllimlə Nigar xanım ona, təzə doğulan ilkbeşiklərinə o günəcən Azərbaycanda olmayan bu adı verəndə nə düşünüblər? Bilmirəm. Amma bu gün həm bir insan, həm də bir yazıçı kimi Anarın bütün ömrünü və yaradıcılığını göz önünə gətirəndə onun mahiyyətini bu ad qədər dəqiq ifadə eləyən ikinci bir ad tapmaq çox çətindi.

Bir məlum həqiqət var ki, şairlik, yazıçılıq, bəstəkarlıq, ümumiyyətlə, bədii yaradıcılıq insanın özünü ifadə formasıdı. Amma Hegel yazının və yazıçılığın əsas missiyasını gedəni, öləni, itəni bədii təxəyyülün gücünə bərpa edib saxlamaqda, yaşatmaqda, yəni zamanı maddiləşdirməkdə görürdü.

Hələ lap gəncliyindən, uzaq altmışıncı illərdən bəri Anarın yaradıcılığında bu iki cəhət həmişə bir-birini tamamlayıb; bir yanda "Ağ liman", bir yanda "Dədə Qorqud". Yetmişinci illərdə; bir yanda "Macal", bir yanda "Üzeyir ömrü". Səksəninci illərdə; bir yanda "Beşmərtəbəli evin altıncı mərtəbəsi", bir yanda "Qəm pəncərəsi" (Mirzə Cəlil haqqında).

Sonrakı illərdə; bir yanda "Otel otağı", "Ağ qoç, qara qoç", bir yanda da "Cavid ömrü", "Sübhün səfiri" (M.F.Axundov haqqında).

Mən inanıram ki, bu qoşa siyahı davam edəcək. Çünki bir yanda artıq Anarın son illərdə yazdığı çox maraqlı "Göz muncuğu" romanı var. Yəqin lap yaxın zamanlarda, bir yanda da Anarın "Cəfər Cabbarlı"sı olacaq. Mən Anara uzun ömür və cansağlığı arzulayıram. Qoy onun yaradıcılığındakı bu qoşa siyahı çox davam eləsin. Çünki hər ikisi gündən-günə yaddaşını itirən ədəbiyyatımız və mədəniyyətimiz üçün eyni dərəcədə dəyərlidi. Amma birinci siyahıdakı əsərlər mənə nə qədər doğma olsa da, bir yazıçı və şəxsiyyət kimi əziz dostum Anarın özünün yeri çoxdandı ki, ikinci siyahıdadı. Buna mənim heç bir şübhəm yoxdu.

 

Ramiz Rövşən

 

Ədəbiyyat qəzeti.- 2018.- 10 mart.- S.10.