Ədəbi və ədəbli zadəgan
həyatı
Xalq yazıçısı Anar haqqında düşüncələr
Ötən əsrin 70-80-ci illərində
mənim bir gözü bağlı, bir gözü açıq yeniyetməlik
və gənclik çağlarımın kitablardan
doğan romantik xəyalları sərhədsiz
göylərdə avamcasına
gah Qərbə, gah da Şərqə
uçur, Lui Bussenar, Mayn Rid və Həmzə Fəthi Xoşginabi ilə başlanan mütaliə sevgimi Anarın əsərləriylə
("Macal", "Dantenin
yubileyi", "Əlaqə", "Ağ liman" və s.) daha da alovlandırırdı.
O zamanlar mənim kimi düşünən gənclərin əksəriyyəti
Anar kimi yazıçıların əsərləri
ilə yatıb-durur, kükrəyən, aşıb-daşan
və xaotik ehtiras və arzularımız məhz onların yaratdıqları
azad obrazların sevgisiylə qanadlanırdı.
İndiki ayıq-sayıq,
dumansız düşüncəmdən
süzülən suallar
və onların cavabları özümə
də maraqlı gəlir: görəsən
Anara olan sevgi əslində nədən yaranmışdı?
Bəlkə fəzilət və
qəbahətləriylə, tikanları və ətriylə birlikdə qələmə aldığı
azad fikirli insan obrazlarına görəydi? Ya bəlkə
o dövrün sovet həyat tərzinə Anarın bir qədər fərqli baxışlarıydı? Bəlkə elə Anarın yazıçı kimi də, insan kimi də xarici
görünüşüydü, onun sırf özünəməxsus (geyim
tərzi, altında dalğın və iti gözləri olan eynəyi, trubkası, çiynindən
daim asılan çantası, təmkinli
nitqi, hərdən köhnə və yeni Bakının izdihamlı küçələrində
payi-piyada ağır-ağır
yerişi...) atributlarıydı?
Bəlkə elə yazıçının
ədəbi taleyini mənim kimi yeniyetmə gənclərin
sözün yaxşı
mənasında həsəd
obyektinə çevirən
onun ədəb-ərkanlı
zadəgan həyatıydı
- atasından, anasından,
babasından, nənəsindən,
ulu əcdadlarından
gələn enerji, intellektual mədəniyyət
özülündən gələn
enerjiydi? Ya bəlkə sovet hökumətinin o dövrün
yazıçı və
şairlərinə göstərdiyi
"xüsusi diqqət
və qayğı"nın nəticəsiydi?
Bəlkə də hamısından vardı...
amma bu gün
nə mən yeniyetməyəm, nə də Anar qocadır
- o, mənim əbədi
müasirimdir! O, milləti,
xalqı hər hansı yaxın və uzaq ölkədə
təmsil etməyə
qabil (özü də ləyaqətlə!)
böyük ziyalıdır;
o, ədəbi taleyini alın təriylə və istedadıyla yazan, Azərbaycan ədəbiyyatı tarixində
mənim çox sevdiyim azsaylı (Mirzə Fətəli, Mirzə Cəlil, Nəriman Nərimanov, İsmayıl Şıxlı...
kimi) zadəgan nasirlərdən biridir.
Anarın çoxşaxəli və
məhsuldar yaradıcılığına,
onun ictimai fəaliyyətinə dəqiq
və dürüst dəyər vermək, düşünürəm ki,
hər halda, tədqiqatçıların və
mütəxəssislərin boynuna düşür. Qısaca,
xarakteristika verməli
olsam, deyə bilərəm ki, Anar şəxsiyyətində
daha çox diqqətimi çəkən
bir neçə önəmli cəhət də var: onun
həm ədəbi fəaliyyəti, həm də ictimai-siyasi fəaliyyəti (xüsusilə
ötən əsrin
80-90-cı illərində) sanki bir döyüşü,
mübarizəni xatırladır.
Zamanın bütün
ağır və ağrılı təsir və təzyiqlərinə
rəğmən, o, təmkinli
və şahanə müvazinətini itirmədi,
torpağının, xalqının,
millətinin, evinin, ailəsinin, sarsılmaz mənəvi-əxalqi dəyərlərinin
tərəfində durdu,
yüksək mənsəb
və karyera dalınca qaçmadı,
ziyasını, enerjisini,
sağlam düşüncəsini,
qələmini və istedadını böyük
mədəniyyətimiz yolunda
əsirgəmədi. Belə bənzərsiz
şəxsiyyətlər doğrudanmı
çoxdur? Əlbəttə,
yox!
Məncə, hər bir xalq
ilk növbədə məhz
ona ucalıq gətirən belə şəxsiyyətləri qorumalıdır. Axı Anar
mifləşmiş milli
ideala birölçülü
meyarlarla yanaşan yazıçılardan deyil,
onun əsərlərində
qaldırılan ideyalar
müəyyən məqamlarda
ümummilli səslənsə
də, məhdud etnik çərçivəyə
sığışmır, ümumbəşəridir, dünyəvidir.
Onun obrazları hər şeydən əvvəl azad düşüncəli insandır
- bütün millətlərin,
bütün xalqların
adamına oxşayır,
onlarla yaxınlığı,
bağlılığı var, sevgidə də, biri-birinə insani münasibətdə
də, ümumi həyat qanunauyğunluqlarında
da...
Əlbəttə, onun əsərlərində
adət və ənənələrin, klassik
ideyaların yenidən
canlandırılması və
onlara yeni baxışla yanaşmaq məsələləri barədə
də ayrıca danışmaq olar. Anarın əsərlərində
mənəvi-əxlaqi təkamül
ideyası klassik olsa da, insanı
"öz əxalaqını
təmizləməyə" çağırmaq prinsipi
tamam yeni forma və məzmunda ortaya qoyulur. ("Şəhərin yay günləri",
"Beşmərtəbəli evin altıncı mərtəbəsi" və
s.). Onun əhatəli
biliyi, zəngin həyat təcrübəsi
və hər hansı bir iddilliyadan uzaq iti zəkasından doğan hekayə və povestlərində, eləcə də pyeslərində ərköyün
sentimentallıq yoxdur,
əksinə, sağlam
düşüncə, insani
ləyaqətlər və
ülviyyət var. Məncə,
Anarı həm də bu cəhətlər
maraqlı və sevimli edib.
Anar bu gün də
ehtirasla yazıb-yaradır,
mədəni insan obrazları yaratmaqla bəşəriyyətə çağırışlar
edir: insanın təbii instinktlərindən
başqa, onun şüurlu həyatı
da var - onun həyatına ağıl, hiss, mürəkkəb
həyat münasibətləri...
təsir edir və beləcə, o, əxlaq normalarıyla qarşılaşır, ona
tabe olur və olmalıdır. Onun son illər yazdığı bədii
əsərlərini ("Ağ
qoç, qara qoç") və publisistikasını oxuyarkən
bir daha əminliklə düşünürəm
ki, yazıçı
bütün yaradıcılığı
boyu sadiq qaldığı belə bir məntiqi hökmə bu gün də inanır və arxalanır: insan bioloji səbəblərdən
daha çox, sosioloji səbəblər
üzündən mədəni
varlıq olur, yalnız bu zaman o, azad, harmoniyalı bir cəmiyyətdə rahat və təhlükəsiz
yaşaya bilər. Məncə,
ədəbiyyat da, həyat da yazıçıdan
bunu tələb edir.
Əlbəttə, Anar müəllimin
ədəbi və ictimai fəaliyyətini tam əhatə etmək işinin tədqiqatçı
alimlərimiz tərəfindən
yerinə yetirəcəyinə
əmin olmaq istərdim. Mən isə ürək sözlərimi yazmaqla sevimli yazıçımızın
yubileyini təbrik edir, ona cansağlığı
arzulayır, yorulmaz ədəbi-ədəbli zadəgan
həyatında bol sevinc günləri, bundan sonrakı ömrünün də mənalı və məzmunlu olmasını diləyirəm.
Kamran Nəzirli
Azərbaycan və Belarus Yazıçılar
birliklərinin üzvü
Ədəbiyyat qəzeti.- 2018.- 10
mart.- S.11.