Ramiz HƏSƏNOĞLU:
"Anar mənim
üçün çox böyük bir
ölçüdür"
- Ramiz müəllim, əksər
oxucular, tamaşaçılar Anarı tanıyırlar. Lakin onunla uzun illər bir yerdə
çalışmış, birgə layihələrə imza
atmış biri kimi sizin Anarla bağlı təəssüratınız
daha zəngin olmalıdır. Yaxın günlərdə 80
yaşını qeyd edəcək sənətkarımızı
sizin dilinizdən eşitmək, sizin gözlərinizlə
görmək maraqlıdır.
-
Anarı mən lap çoxdan tanıyıram. Biz
müəyyən müddət eyni idarədə
çalışmışıq. O Azərbaycan
televiziyasında radio verilişlərinin ədəbiyyat
redaksiyasında çalışırdı, mən də
televiziyada rejissor köməkçisi işləyirdim. Bizim şöbənin müdiri Həbibə Məmmədxanlı
idi, yazıçı Ənvər Məmmədxanlının
bacısı, Anar tez-tez bizim redaksiyamıza gələrdi, Həbibə
xanımla kənara çəkilib söhbətləşərdilər.
Yəqin ki, yaxın olan, qohum olan adamların
söhbətlərinin mövzusu tükənməzdi, amma mən
düşünürəm ki, onlar sənətlə
bağlı danışırdılar.
Mən ilk dəfə 1975-ci ildə Anarın
yaradıcılığına müraciət elədim. "Mən, sən,
o və telefon" hekayəsini ekrana gətirdim. O vaxtadək
o hekayəyə film də çəkmişdilər. Samsonov çəkmişdi filmi. "Mosfilm"də
çəkilən bu film Anarın hekayəsinin motivləri əsasında
lentə alınmışdı. Anar bu
filmdən çox narazı qalmışdı. Çünki ona demədən hekayəsinə
müdaxilə etmişdilər, ona görə film Anarın
ürəyincə deyildi.
Və biz o əsəri yenidən işlədik. Əsas
rollarda Əminə Yusifqızı və Həsən Əbluc
oynamışdı. Çox təəssüf
ki, o film hazırda yoxdur. O zamankı videoların
formatı fərqli idi və yeni avadanlıqlar bu formatı dəstəkləmədiyi
üçün o filmi biz itirdik. Həm də
düşünürdük ki, hələ qabaqda
zamanımız var və yeni işlərimiz olacaq. Düzdür, yeni işlərimiz də çox oldu.
Amma o tamaşanı azından Həsən
Əblucun yadigarı kimi saxlamalı idik. Zamanında
həmin tamaşa böyük uğur qazanmışdı.
Daha sonra mən Anarın növbəti əsəri
üzərində işlədim. Həmin əsərin
qəribə bir tarixçəsi var. Demək, o vaxtı bizim
sədrimiz Qurban Yusifzadə idi. Yusifzadə kommunist əqidəsinə
sadiq bir adam idi, partiya tarixindən də dərs
deyirdi. Anar əsərinin adını ilkin olaraq
"Qəm pəncərəsi" qoymuşdu. Bir müddət sonra bu adda film də çəkdi.
O zaman Yusifzadə demişdi ki, axı bu "Qəm pəncərəsi"
nə deməkdir? Biz hansı dövrdə
yaşayırıq? Nə qəm? Əsərin adını dəyişmək
lazımdı. Anar da dəyişiklik
söhbətinə heç də narazılıq etmədən
əsərin adını dəyişib Mirzə Ələkbər
Sabirin şeirindən seçdiyi bir misraya uyğun olaraq
"Dindirir əsr bizi..." qoydu. Sədr
də bunu bəyəndi. Daha
düşünməmişdilər ki, Anar bunun arxasında
Sabirin dediyi o sərt, acı satiranın davamına işarə
edir.
Ondan sonra
biz Anarla silsilə əsərlər üzərində işlədik:
"Ötən ilin son gecəsi", "Evləri köndələn
yar", "Nigarançılıq". Sonralar
biz Anarla qərara gəldik ki, "Kitabi-Dədə Qorqud"
abidəsinin 1300 illiyi ərəfəsində bu eposu teleserial
şəklində ekrana gətirək. Və
eposun iki boyunu - "Dirsə xan oğlu Buğac",
"Qazan xanın evinin yağmalanması" boylarını
çəkdik. Amma sonradan maliyyə
problemləri ilə əlaqəli layihəni dayandırmaq məcburiyyətində
qaldıq.
- Anarla sizin kinoda da birgə işləriniz
var...
- Bəli,
bildiyiniz kimi Anar həm ali ssenari
kurslarını bitirib, həm də rejissorluq
kurslarını. O, bir neçə filminin həm də
rejissorudur. "Qəm pəncərəsi", "Üzeyir
ömrü" filmlərinin rejissorudur, "Dantenin yubileyi"ndə
isə Gülbəniz Əzimzadə ilə birgə rejissorluq
edib. Anar maarifçilik dalğasında daha iki
ssenari də yazdı, "Cavid ömrü" və
"Sübhün səfiri". O filmləri artıq
uzun müddətli əlaqələrimizdən sonra Anar mənə
etibar etdi. Sağ olsun, mən də bu etibarı
bacardığım qədər doğrultmağa çalışdım.
- Bir rejissor kimi baxdıqda Anar
yaradıcılığında hansı özəlliklər
diqqət çəkir?
- Anar ədəbiyyata
altmışıncılar nəslinin içində gəldi. Bu nəslin həm ədəbiyyata, həm gerçəkliyə
münasibəti çox fərqli idi. Onlar
plakatçılıqdan, şüarçılıqdan uzaq
bir yaradıcılıq nümayiş edirdilər.
Mən onun "Anlamaq dərdi" essesini bu gün də
unuda bilmirəm. Bu essedə sanki Anar Mirzə Cəlilin
ağrılarını təkrar yaşayırdı. Həmin yazı bu gün də aktualdı. Anar Mirzə Cəlilin həyatından film çəkdi,
əsərlərindən ssenarilər yazdı, hansı ki,
onlardan birini, "Nigarançılığ"ı mən
çəkdim. Hesab edirəm ki, Azərbaycan
televiziyasının bəlkə də bədii
yaradıcılıq baxımından ən uğurlu filmi məhz
Anarın ssenarisinə çəkilmiş bu filmdir.
Anar oxucu ilə onun eşitmək istədiyi dialoqlarla danışırdı. "Ağ
liman" müasir Azərbaycan nəsrinin ən gözəl
nümunələrindəndir. Altmışıncılar
dalğasında Yusif Səmədoğlu, Əkrəm
Əylisli, İsmayıl Şıxlı və digər
böyük nasirlərimiz yetişdi, amma Anar bu dalğada tamam
fərqli bir ad oldu. Anar oxucunu,
tamaşanı öz yaradıcılığına cəlb
etməyi çox gözəl bacarır; həm kiçik
hekayələri, həm də böyük əsərləri
ilə.
O, mənim
rejissor kimi ən çox işlədiyim müəllifdir. 1989-cu ildə mən Anarın 50 illiyinə həsr
olunmuş "Anarla üz-üzə" adlı bir sənədli
film çəkdim. Filmdə Anarın bütün
narahatlıqlarını öz əsəri olan "Gecə
düşüncələri"nin
mayasında, işığında qurdum. O filmin qiyməti həm
də ona görə yüksəkdir ki, orada heç kəs
Anar haqqında danışmır, Anar özü
düşünür və danışır... 20 il sonra onun
70 illiyinə "Anarın anları" adlı film çəkdim.
Burada artıq çox dəyişikliklər var
idi. 20 il ərzində çox
şey dəyişmişdi, hətta
yaşadığımız ölkə belə dəyişmişdi,
artıq yeni bir ölkədə yaşayırdıq. Amma Anar yaxşı mənada dəyişməmişdi.
"Ağ liman", "Dantenin yubileyi",
"Macal" əsərləri 60-cı illər haqqında ən
gözəl serialdı. Bu əsərlər həmin illər Azərbaycan
gerçəkliyinin ensiklopediyasıdır. Anar nəsrində Azərbaycanın bütün
müasir problemlərini əks etdirib.
Bütün bunlarla bərabər mən həm də
Anarın dostuyam. Anar haqqında düşünəndə qəribə
bir güc hiss edirəm.
- Hazırda ortaq işləməyi
planlaşdırdığınız bir layihə varmı?
- Biz
yaradıcılıq təmasının davamı
üçün mütəmadi söhbətlər etmişik.
Anarın çox gözəl bir ideyası var, Cəfər Cabbarlı
haqqında bir film çəkmək istəyirik; "Azad bir
quşdum" adlı. Cəfərin qısa,
amma çox keşməkeşli bir həyatı olub. Biz
bu vaxta qədər belə mövzulara bir az
ehtiyatla yanaşırdıq, amma bu dəfə imkan olsa, istəyirik
ki, Cəfər Cabbarlını olduğu kimi çəkək.
Bər-bəzəklə iş getmir axı. Reallığa
gedib çıxmaq üçün ciddi səylər və
vicdan lazımdır. Bu barədə
lazımi yerlərə müraciət olunub.
- Bəllidir, Anarın əksər əsərlərində
dramaturji xətt çox dinamikdir, əsərlər
rejissorların diqqətini özünə çəkməyi
bacarır. Ekran həyatı yaşamayan, lakin buna layiq olan bir əsərinin
adını çəkməli olsanız, hansını
vurğulayardınız?
- Məncə,
"Macal". Burada qəhrəman çox
maraqlıdır. Əslində o müsbət
qəhrəman deyil, amma çox maraqlıdır. Mən bu əsərin davamını "Göz
muncuğu"nda gördüm. Bu əsərdəki
personaj mənə "Macal"ı xatırlatdı. "Macal" polifonik əsərdir.
Anar fəaliyyətində çox şeyi əhatə
eləyib. Bəzən
düşünürəm ki, Anar maarifçiliyə can
yandırmasaydı, daha çox bədii nəsrlə məşğul
ola bilərdi. Ancaq Anar bu fəaliyyəti
özünə borc bilir. Bütün
bunlar da onun böyüdüyü ailədən, mühitdən
irəli gəlir. Rəsul Rza, Nigar Rəfibəyli və
bu nəsillərin təsiri artıq Anarı
formalaşdırmışdı.
- Az əvvəl vurğuladınız ki, siz həm də
dostsunuz. Yaradıcılıq müstəvisindən kənara
çıxsaq, dostluq münasibətlərində Anar
haqqında nə deyə bilərsiz?
- Mən
heç vaxt Anarın vaxtını hansısa problemimə
ayırmağına qıymıram. O, da heç vaxt
yaxınlarını problemlə yükləyən insan deyil. Anar öz varlığıyla bir təmiz hava nəfəsliyidir.
İnsan özünü Anarın yanında həmişə
səfərbər hiss edir. Mən onunla söhbət
edərkən onu düşündürən mövzuların
səviyyəsində olmağa çalışmışam.
Bizim söhbətimizin mövzusu heç vaxt
giley-güzar olmur. Oxuduğumuz bir əsər,
baxdığımız bir kino haqqında analizlərimizi
bölüşür, sənətdən yaranan təəssüratlarımzı
danışırıq.
Mən Anarı anlayandan sonra hər şeyə başqa
cür yanaşmağa başladım. Anar mənim
üçün çox böyük bir
ölçüdür. Bu gün mən ona ilk növbədə
can sağlığı arzulayıram. Arzulayıram
ki, bizim yaradıcılıq fəaliyyətimiz davam etsin.
Söhbətləşdi: Sərdar
Amin
Ədəbiyyat qəzeti.- 2018.- 10
mart.- S.13.