Sənətə həsr olunmuş 80 il

 

Bir neçə gündən sonra xalq yazıçısı Anarın 80 yaşı tamam olur. Anarın gördüyü işlərə, fəaliyyətinə, yazdıqlarına, filmlərinə, çıxışlarına nəzər salanda bu rəqəm çox fantastik görünür. Adama elə gəlir ki, bütün bu işlər bir insanın gücü daxilində deyil, bir insan ömrünə sığışmaz. Amma Anar müəllimi yaxından tanıyan, onunla ünsiyyətdə olan, xarakterini az-çox bilən adamlar üçün təəccüblü heç yoxdur. Çünki Anar öz missiyasını yaxşı bilir bütün varlığı ilə yazıçıdır, sanki "bir dəqiqə itirmək olmaz" - devizi ilə yaşayır. Bəzən oxuculara sevdikləri yazıçıların şəxsi həyatları, hobbiləri, qəribə xasiyyətləri maraqlı olur. Anar müəllim haqqında elmi yazmağa başlayanda məni ara-sıra belə suallar düşündürürdü. Amma zamanla, yazıçının özü ilə ünsiyyətim artıqca başa düşdüm ki, Anarın bu həyatda yazmaqdan, düşündüklərini oxucuları ilə paylaşmaqdan savayı marağı yoxdur. Doğrusu, bunu yazıram düşünürəm bəlkə səhv edirəm, amma bir anlıq bütün o cildlər, əsərlər, filmlər gözümün önündən keçir başa düşürəm ki, başqa arzu ilə, ayrı maraqlarla bunları etmək olmazdı.

Anar müəllimlə söhbətlərimizdən birində yazıçı kompleksini müzakirə etməyimiz yadımdadı. Mən Çexovu, Tolstoyu, Şekspiri oxuyanda bəzən heç yazmaq istəmədiyimi dedim. Yəni düşünürsən axı o səviyyədə yazmaq alınmayacaqsa, dəyərmi... Anar müəllim qısa çox səmimi cavab verdi: "Mənim gənclik illərimdə belə fikirlərim olub, amma onu da bilmişəm ki, millətim üçün onların hamısından daha çox görə bilərəm." Anar bunu müsahibəsində demirdi, zamansa yaza biləcəyimi ağlına gətirmirdi yəqin. Ən səmimi içdən etirafı idi mənə elə gəlir ki,  Anarı anlamaq üçün bundan gözəl açar ola bilməz. Doğrudan da Anarın hələ ilk əsərlərindən bu günə kimi gördüyü işlərdə böyük bir millət sevgisi, xalqına xidmət missiyası duyulur. "Gecə düşüncələri"ndə heç unutmadığım bir cümlə var:

"Arzuladığım Gələcəyə inamım onunla bağlıdır ki, vaxtilə yazdığım, diqqət mərkəzinə çəkdiyim bir çox şeylər artıq elə bizim zamanda gerçəkliyə çevrilib".   

Əslində, bəlkə Anar ustadı bildiyi Mirzə Cəlildən, Üzeyir bəydən, Mirzə Fətəlidən xalqı yolunda yüz əziyyətlərlə çalışan, mübarizə aparan neçə-neçə mütəfəkkirdən, ziyalıdan daha şanslıdır. Çünki doğrudan da, özünün söylədiyi kimi, uğrunda vuruşduğu çox şeylər "elə bizim zamanda gerçəkliyə çevrilib". Hələ əsasını qoyduğu redaktoru olduğu "Qobustan" toplusunda Cənubi Şimali Azərbaycanın vahid mədəniyyətindən yazmaqla xalqın özünü özünə tanıdırdı. Bunu ulu öndər Heydər Əliyev çıxışlarında xüsusi vurğulamışdı. Həmçinin o dövrdə Anar ictimai fikri  Qobustan qaya rəsmlərinə, İçərişəhərə, Dədə Qorquda, Oğuz şeirinə ümumən xalqımızın əcdadı kimi oğuzlara, xalçaya, muğama cəlb etməyə çalışırdı. Azərbaycanın böyük mütəfəkkirləri Üzeyir bəy Hacıbəyli, Mirzə Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Mirzə Fətəli Axundzadə haqqında filmləri xalqın bu insanların həyatını, yaradıcılığını, böyük çabalarını anlamağına yardımçı olub.

Dəfələrlə ən müxtəlif insanların ədəbiyyatı məhz Anarı oxuyub sevdiyini eşitmişəm. Fərqli nəsillərdən olan adamlar Anarı oxuyandan sonra kitaba marağım yarandı, bədii ədəbiyyat oxumaq həvəsim artdı - deyəndə heç təəccüblənmirəm. Çünki Anar hekayələri, povestləri, romanları ilə insanı özü haqqında düşündürən yazıçıdır. Hələ ilk hekayələrindən sadəcə insanı anlamağa anlatmağa çalışan yazıçı əsərlərinin yüksək peşəkarlığı ilə yanaşı, həm həyatiliyi ilə oxucu sevgisini, marağını qazanıb. Təsadüfi deyil ki, hələ Sovet dövründən yüksək tirajlarla çıxan, əl-əl gəzən kitabları bu gün dəfələrlə təkrar nəşr olunur, ən çox satılan kitablar siyahılarına düşür.

Anar zamanla Türk dünyasında ümumiyyətlə, dünyada Azərbaycanın ziyalı simovluna çevrilib. Ən müxtəlif ölkələrə səfərlərimizdə insanların Azərbaycandan danışarkən məhz Anarın adını çəkdiklərinin, Azərbaycan deyəndə məhz Anarı yada saldıqlarının şahidi olmuşam. Bu da onun öz millətinə xas olan dəyərləri tanıtmaq, mədəniyyəti təmsil etmək xasiyyətinin nəticəsidir. Dəfələrlə ondan "LİK Azerbaydjana" 3 cildliyini niyə məhz rusca çap etdiniz - deyə soruşurlar. Səbəb isə çox sadədir, Anar ədəbiyyatımızı, mədəniyyətimizi, incəsənətimizi rusdilli oxucular arasında, ölkə hüdudlarından kənarda da tanıtmaq istəyir. Müxtəlif ölkələrə səfərlərində, konfranslarda, simpoziumlarda çıxışlarında Qarabağ həqiqətlərini dilə gətirən yazıçı bədii yaradıcılığında da bu dərdi özünəməxsus şəkildə ifadə edib.

Bəzən yazıçıdan birbaşa mövqe gözləyən, ziyalının kəskin etirazını istəyən oxucular onun əsərlərini nəzərə almırlar. Yəni əslində bütün etirazlar, bütün üsyan o əsərlərdədir. Hələ Sovet dövründə az qala dissident statusuna yaxınlaşan yazıçı əsərlərində dövrə, rejimə öz üsulları ilə üsyan edib. Sonralar da millətinin dərdlərinə heç vaxt biganə qalmayıb, bunları müxtəlif janrda əsərlərində yazıya alıb. Eyni zamanda Anar xalqı üçün ən prinsipial məqamlarda heç vaxt susmayıb Rəsul Rza demiş, mübarizənin ən ön sıralarında olub...

Anarın 80 yaşı tamam olur. əlbəttə ki, kiçik bir yubiley təbrikində onun gördüyü işləri, əsərlərini, filmlərini sadalamaq mümkünsüzdür. Sadəcə, qısa da olsa gördüyü işləri sadalamaqla bir onu deyə bilərik ki, bu 80 il birbaşa ədəbiyyata, mədəniyyətə həsr olunmuş illərdi. Mən Anar müəllimi 80 yaşı münasibətilə təbrik edirəm, ona cansağlığı arzulayıram. demək istəyirəm ki, qarşıda görüləsi çox , yazılası çox yazı var... Doğum gününüz mübarək, sevimli yazıçım!

 

PƏRVİN

 

Ədəbiyyat qəzeti.- 2018.- 10 mart.- S.18.