Anar fenomeni: hər zaman
nikbin və güclü
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anar artıq sağlığında
milli mədəniyyətimizin parlaq simaları, ədəbiyyatımızın
simvolları sırasında layiqli yer tutmuş şəxsiyyətdir. Heç
şübhəsiz, bizim nəslin
dünyagörüşünün formalaşmasında
"60-cılar" ədəbi nəslinin böyük rolu
olub. Bu baxımdan, ən əsas rollardan
biri də məhz Anara məxsusdur.
Anar mədəniyyətimizin ən müxtəlif sahələrində
misilsiz xidmətlər göstərmiş, möhtəşəm
uğurlara imza atmış, universal yaradıcılığa
malik insandır. Buna görə də təkcə yazıçı
kimi deyil, həm də nüfuzlu mədəniyyət adamı
və ictimai xadim kimi müasir Azərbaycan cəmiyyətinin, ədəbi-mədəni
mühitinin formalaşmasına əsaslı təsir göstərib.
Sadə vətəndaşlardan dövlət rəhbərliyinə
qədər hər bir azərbaycanlıdan ötrü, eləcə
də Türk dünyasında fəal mövqeyə malik hər
kəs üçün müstəsna bir Anar obrazı var və o, Azərbaycan
ziyalılığının qiymətli təcəssümüdür.
Mənim Anar müəllimə dərin rəğbətim,
yüksək münasibətim hələ çox gənc
yaşlarımdan formalaşıb. Əvvəlcə
atamın, sonra isə özümün şəxsi kitabxanamda
Anarın kitabları həmişə xüsusi və
üstün yer tutub. İlk dəfə
onun atamın kitabxanasındakı "Molla Nəsrəddin-66"
kitabını oxudum. Müəllifin
oradakı çevik zəkası, yazıçı və
insan kimi aydın mövqeyi, fərqli üslubda təzahür
tapan yumor hissi məndə heyranlıq oyatdı. Sonrakı illərdə Anarın filmləri,
tamaşaları mənim hər dəfə maraqla
baxdığım, "Sizsiz" əsəri sonsuz həyəcanla
oxuduğum yaradıcılıq nümunələri oldu.
"Beşmərtəbəli evin altıncı
mərtəbəsi" əsəri isə, şübhəsiz
ki, ən çox sevdiyim romanlardan biridir.
Ancaq Anar yaradıcılığına, onun
çoxşaxəli fəaliyyətinə rəğbət və
ehtiramım təkcə ədəbi kontekstlə məhdudlaşmır. Anarın
yaratdığı və uzun illər rəhbərlik etdiyi
"Qobustan" jurnalı da hələ lap gənc
yaşlarımdan diqqətimi çəkmişdi. Jurnalda
yer alan yazılar mövzu və məzmun,
dünyagörüş və yanaşma baxımından məni
heyrətləndirirdi. Zaman keçdikcə
anlayırdım ki, Anarın xarakterindəki millilik və
ziyalılıq, qadağa və çərçivələrlə
barışmazlıq, şablonlardan qaçmaq meyli,
düşüncə çevikliyi, həssaslıq və dəqiqlik
"Qobustan"da da özünü göstərib. Nəticədə, bu jurnal mətbuat və fikir
tariximizin ən dəyərli nümunələrindən birinə
çevrilib.
Əvvəllər Anarı kənardan, uzaqdan izləyərək
heyranlıq duyurdumsa, tale elə gətirdi ki, sonradan onunla
yollarımız kəsişdi. Doğrudur, mən Anar
müəllimi əvvəlki illərdə də çox
görmüşdüm, dəfələrlə onunla söhbət
etmək fürsəti qazanmışdım. Məsələn,
Şuşadakı Vaqif Poeziya Günlərində, hələ
çox gənc ikən - 22 yaşımda Yusif Səmədoğlu,
Anar, Vaqif Bayatlı, Zakir Fəxri kimi dəyərli insanlarla
bir məclisdə olmuşdum. Onların qeyri-adi
söhbətlərini hələ də çox xoş, sehrli
məqamlar kimi xatırlayıram.
Sonrakı dövrdə Anar müəllim Azərbaycan Mətbuat
Şurasının üzvü oldu və biz daha sıx
görüşməyə başladıq. "525-ci qəzet"ə
ilk dəfə yazılarını göndərdiyi gündən
indiyə kimi biz hər zaman Anarın yazılarını
çap etməkdən böyük zövq almış və
qürur duymuşuq. 2003-cü ildə Anar
özünün "Ağ qoç, qara qoç" povestini
qəzetimizə təqdim etdi və mən povestə ön
söz yazdım. Beləcə, əsər
hissə-hissə qəzetimizdə çap olundu. Bu əsər Azərbaycanın gələcəyi ilə
bağlı çox böyük narahatlıqlar keçirən
həssas və ustad bir yazıçının qələminin
təkrarsız məhsuludur.
Anar müəllimi mənə doğmalaşdıran ən
önəmli cəhətlərdən biri də onun
Şuşaya münasibətidir. Məlum hadisələr
başlayanda onun "Qarabağ şikəstəsi"
adlı yazısı çap olundu. Həmin
yazısında Laçına, Şuşaya səfərindən
çox təsirli dillə söz açırdı. O
yazıda belə bir yer var: "Özüm də bilmirəm,
Şuşanı niyə bu qədər sevirəm. Burda doğulmamışam, burda
yaşamamışam, qohum-əqrəbam burda yaşamır.
Amma imkanım olsaydı, bütün
ömrümü burda keçirər, öləndə də
vəsiyyət edərdim ki, məni bu şəhərdə
basdırsınlar". Anarın 80-ci illərin
ikinci yarısında qələmə aldığı,
Şuşaya ülvi münasibətini əks etdirən bu
yazısının ruhu, məzmunu mənim Şuşaya
münasibətimlə çox yaxından səsləşirdi.
Çünki mən də Şuşanı
müqəddəs bir yer hesab edirdim. Bəlkə də
Azərbaycanın böyük mədəniyyət xadimlərini
yetişdirən, musiqimizin, muğamımızın beşiyi,
Üzeyir bəyin yurdu olan Şuşaya Anarın belə ali münasibəti, onu çox sevdiyim
üçün, məndə də dərin həyəcan
yaratmışdı. Görünür, arada hansısa
görünməz tellər var ki, Anar müəllimin
yazdıqları da, keçirdiyi narahatlıqlar da bizim
üçün həssas yanaşmalı olduğumuz məsələlərə
çevrilir. Zaman-zaman çap etdiyimiz
bütün yazılarında onun bu kimi
narahatlıqlarını duyaraq
bölüşmüşük.
Yadımdadır ki, bir dəfə Anarın "Kim Dali,
yaxud yaşasın söz azadlığı" adlı,
tezliklə çox məşhurlaşan yazısını
çap etmişdik. Orada müəllif bayağı jurnalist
davranışlarına, mediadakı gülünc hallara
özünəxas yumorla, ironiya ilə yanaşır,
onları satirik dillə gülüş obyektinə
çevirir, problemli nöqtələri nişan
verir. Bu keyfiyyətlərinə görə də neçə
il hər Mətbuat Günündə biz o
hekayəni təkrar çap etdik.
2004-cü ildən Anar müəllimlə birlikdə
çalışırıq. Yazıçılar Birliyinin XI
qurultayında onun təklifi ilə mən Birliyin Gənclərlə
iş üzrə katibi seçildim. Bundan sonra
Anar müəllimlə daha yaxından təmasda olmaq imkanı
qazandım. Onun həm böyük bir
yaradıcı qurumun rəhbəri, həm də insan-şəxsiyyət
kimi bir sıra xüsusiyyətləri mənimçün daha
da aydınlaşmağa başladı. Bu
aydınlaşma sayəsində mənim təsəvvürümdə
o zamana qədər formalaşmış Anar obrazı daha dəyərli,
daha parlaq cizgilər aldı. Onun gözlədiyimdən
də artıq dərəcədə təmkinli, həssas, eləcə
də bilikli və təcrübəli bir şəxsiyyət
olduğuna məndə qəti əminlik yarandı. Bu cəhətləri sırasında onun inanılmaz
dərəcədə yüksək yumor hissi,
hazırcavablığı ayrıca qeyd olunmalıdır.
Anar müəllimlə çox səfərlərdə
olmuşuq və bu səfərlərin hər birində onun nəslindən,
ailəsindən, aldığı yüksək tərbiyədən
gələn alicənablığına dəfələrlə
şahidlik etmişəm. Bu nəcibliyi və
ağayanalığı, qardaş Türkiyə başda
olmaqla, bütün Türk dünyasının, bir çox
başqa xarici ölkələrin sayılıb-seçilən
insanlarında Anara böyük sevgi, dərin hörmət
yaradıb. Yadımdadır ki, 2012-ci ildə
Qazaxıstanda Anar müəllimə Türk dünyasında
İlin Ədəbiyyat adamı ödülü verildi. Həmin mərasimdə mən də iştirak
edirdim. Biz bir neçə gün fərqli
məkanlarda olduq, müxtəlif insanlarla
qarşılaşdıq və ünsiyyət qurduğumuz hər
kəsin Anar müəllimə sonsuz rəğbəti məndə
bir daha heyranlıq doğurdu. Eyni ürəkaçan
halları mən Qırğızıstandan Türkiyəyədək,
dönə-dönə müşahidə edib, qürur
duymuşam. Türkiyədə
insanların, hətta sadə xalqın nümayəndələrinin
belə, Anar müəllimi tanımalarına, ona ehtiram göstərmələrinə
çox şahid olmuşam. Bütün
bunlara görə əminliklə deyə bilərəm ki, Anar
müəllim nəinki günümüzdə Türk
dünyasında İlin adamı olmağa layiqdir, o, elə
bütün zamanlar üçün Türk
dünyasının fikir və söz öncüllərindən
biridir.
Onunla hələlik sonuncu səfərlərimizdən
biri yenə də Türkiyəyə olub. İLESAM tərəfindən
Anar müəllimin "Yaşamaq haqqı" kitabı
çap olunmuşdu və biz də onun təqdimat mərasiminə
getmişdik. Düşünürəm ki,
bu nəşr Azərbaycanda hər bir insan tərəfindən
oxuması vacib bir kitabdır. Təəssüf
ki, o kitab dilimizdə ayrıca çap olunmayıb, hissə-hissə
"525-ci qəzet"də çıxıb. Bu, öz tarixini,
soyunu, kökünü bilmək istəyən hər bir azərbaycanlının
evində olmalı, oxunmalı kitabdır.
Anarın rusca çap olunmuş "LİK
Azerbaydjana" üçcildliyində Azərbaycan
xalqının dühaları, mədəniyyətimizdə izi
olan böyük simalar haqqında vacib, maraqlı bilgilər
toplanıb. Elə bu cildlər də Anarın millətinə
xas olan dəyərləri necə qorumasını, onların
keşiyində durmasını göstərir.
Anar müəllimin Yusif Balasaqunlu haqqında
"Türkçülüyün banisi" adlı yeni
yazısı "Ədəbiyyat qəzeti"ndə təzəcə
çap olunub.
Həmin yazını oxuduqca Anar müəllim -
qısa müddət öncə ağır əməliyyatdan
çıxmış bir insan kimi - özünün tükənməz
həyat eşqi, yaradıcılıq əzmilə, geniş
erudisiyası, araşdırma həvəsilə məni yenidən
heyrətləndirdi. Və mən bir daha əmin
oldum ki, bədbinlik, ruhdan düşmək, ətalət hissi
Anar müəllimə tamamilə yaddır. O,
gördüyü işlərin,
yazıb-yaratdıqlarının lazımlı, dəyərli
olduğunu çox yaxşı bilir, onların
unudulmazlığından əmindir və bu da böyük
xoşbəxtlikdir.
Bu günlərdə 80 yaşını fərəhlə,
qürurla qeyd etdiyimiz Anar müəllim ruhu, zəkası və
qəlbilə yenə də gəncdir, güclüdür. Mən
inanıram ki, Anar müəllim hələ uzun illər öz
qaynar fəaliyyətini davam etdirərək, Azərbaycan
xalqına, ədəbiyyatımıza və mədəniyyətimizə
yeni töhfələr verəcək.
80 illik
yubileyiniz mübarək olsun, Anar müəllim!
Rəşad MƏCİD
Ədəbiyyat qəzeti.- 2018.- 10
mart.- S.19.