Anar arxetipi

 

Böyük qələm sahiblərinin əsl böyüklüyü onda olur ki, hər bir sevən oxucu sadəcə həmin əsərləri sevmir, o əsərləri özününküləşdirir, əsərlərdəki hadisələr və əsasən də obrazlar yavaş-yavaş xalqın içində yayılaraq, kollektiv təhtəlşüurun dərin qatlarına enərək ARXETİPLƏR-ə çevrilir.

Azərbaycan mədəniyyətində tanınmış, istedadlı simalar çox olsa da, arxetip yarada bilən sənətkarları barmaqla saymaq olar.

... Anar müəllimin yaratdığı arxetiplər sadəcə ədəbiyyat yox, həm də kino vasitəsilə kollektiv təhtəlşüura oturuşub, simvola çevrilib. Bu isə o qədər də asan iş deyil. Onlarla, yüzlərlə əsərlər var ki, hətta böyük uğur da qazanır, oxucular tərəfindən sevilir, öz müəllifinə şöhrət və nüfuz gətirir... Lakin bütün bu əsərlərin müəllifi öz xalqına bircə arxetip də bəxş edə bilmir.

Anar müəllimin həm ədəbi yaradıcılığı, həm də ssenarist-dramaturq fəaliyyəti xalqımızın kollektiv təhtəlşüurunu onlarla arxetiplə zənginləşdirib ki, bu arxetiplər bizim xalqın spesifik mentalitetini daha yaxından tanımaq üçün şərait yaradır. Hər bir arxetip kollektiv təhtəlşüurun dərin qatlarına enmək üçün açardır.

Budur, qarşımızda Təhminədən tutmuş Kəbirlinskiyə qədər onlarla arxetipik obraz var ki, hər birini araşdırmaq, psixoloji dərinliklərinə enmək ayrıca araşdırma mövzusunu təşkil edir və əvvəl araşdırıldığı kimi, bundan sonra da araşdırılacaq. Çünki bu arxetiplər hər bir fərdin yaddaş müstəvisində yer almış obrazlarla üst-üstə düşür - sadəcə adlar fərqlənir.

Ancaq məsələ təkcə bununla da bitmir. Anar müəllim təkcə yaradıcılığında arxetiplər yaratmaqla məhdudlaşan sənətkarlardan da olmadı. Onun öz həyatı və ictimai həyatı da zənnimcə, bir arxetipə çevrilib - ağır, keçid dövründə yaşayan, xalqının bütün problemlərini, çətinliklərini öz ruhundan və yaradıcılığından keçirən müdrik bir Şərq ziyalısı, Şərq ağsaqqalı arxetipidi…

80 il əslində bir müdrik ağsaqqal, böyük ziyalı arxetipinin tam yaranıb formalaşmağı üçün çox azdır. Hələ qarşıda uzun illərin gərgin fəaliyyəti, fasiləsiz yaradıcılıq prosesləri durur. Və qarşıdakı bu illər Azərbaycan xalqının kollektiv təhtəlşüurunun ayrılmaz hissəsi olan "Anar arxetipi"nin bir qədər də zənginləşməsinə, bir qədər də genişlənməsinə xidmət edəcək təbii ki…

Sonda Anar müəllimə qarşıdakı uzun yaradıcılıq illəri ərzində həqiqi mənəvi rahatlıq arzulayıram. Gərginliklərdən, streslərdən uzaq həqiqi mənəvi rahatlıq. Bu mənəvi rahatlığa bu saat Azərabycanda ən çox haqqı olan insanlardan biri, bəlkə də birincisidir Anar müəllim. Və əminəm ki, bu mənəvi rahatlıq içində o, sehrli-sirli səksəndən üzü doxsana, yüzə doğru öz ağır addımlarıyla yol alacaq. Və ən əsası da budur ki, indiyə qədər heç bir işində, heç bir yazısında, heç bir əsərində tələskənlik nümayiş etdirmədiyi kimi, bundan sonra da səbirli olacaq və tələsməyəcək...

 

İlqar FƏHMİ

 

Ədəbiyyat qəzeti.- 2018.- 10 mart.- S.22.