Anara oda
Yazıçı
Anar ədəbiyyatımızda epoxadır. Yarım əsrdən
çoxdur ki, qəlbləri fəth etməkdədir. Hər
bir yazıçının hünəri məgər oxucu qəlbinə
saldığı yollardan keçmirmi?! Ən yaşlı nəslin
oxucuları bugün də Anarı "Ağ liman"dan
xatırlayır, sevir, ən gənc nəsil - "Göz
muncuğu"ndan tanıyır, sevir. Hələ bu
aralıqdakı nə qədər dolambaclar, lağımlar,
labirintləri demirəm... Demiş olsam: "Bayram həsrətində"
- "Asqılıqda işləyən qadın" -
"Taksi və vaxt" - "Yağış
yağır" - "Gürcü familiyası" - "Mən,
sən, o və telefon" - "Təhminə və
Zaur"... - bir cür nostaljidir; "Yaşıl
maşın" - "Molla Nəsrəddin-66" -
"Adamın adamı" - "Qırmızı limuzin"
- "Muhakkaq görüşəriz"... - başqa bir mənzərə;
"Macal" - "Şəhərin yay günləri" -
"Beşmərtəbəli evin altıncı mərtəbəsi"
- "Əlaqə" - "Otel otağı" -
"Ağ qoç,qara qoç"... - özgə bir hal,
problem, dünya; "Sizsiz" - "Həyatım
ağrıyır" - "Mübarizə bu gün də
var" - "Gecə düşüncələri" -
"Unudulmaz görüşlər"... - unudulmaz
görüşlər... Anar sevir, sevdirir... Anar
ağrıyır, ağrıdır... Anar hər zaman
düşünür, düşündürür... Anar
getdiyi yollardan dönmür, çəkinmir, usanmır, getdiyi
yollarla gedir, gedir, gedir... Bir yazıçının zamanda(n)
qoparası olduğu, qopardığı, qoparağı -
epoxası necə olur ki?!
Anar müasir
ədəbiyyatımızda Simvol-adlardan biridir. Tarixçilərdən
kimisi özündən
əvvələ - içindən
doğulduğu sosializmə
etiraz pafosuna bağlayır, kimisi sonraya - doğurduğu müstəqillik havasına;
fərq eləməz,
belə bir ədəbiyyat var -
60-cılar ədəbiyyatı. Fərqli düşüncəsi,
predmeti, qəhrəmanı;
fərqli üslubları...
Anar bu ədəbiyyatı bilavasitə quranlardandır;
əsərləri ilə,
yazıçı mövqeyi,
əqidəsi, prinsipiallığı
ilə. 60-cılar ədəbiyyatına dəxli
nə varsa, Anarda var. Kimisi lirika, "mən" duyğusu, kimisi mühakimə, fikir, kimisi ağrı, müqavimət, ya aqressiya... - Anar müasir ədəbiyyatımıza
düşünmək mədəniyyəti
gətirib. Doğrudur, kimsə
deyə bilər ki, bu - klassikada
var; klassikada nə yoxdur ki; o sıradan
60-cılarda da klassikadan
bir duz var. Düşünmək, düşünmək,
düşünmək; düşüncənin
yaratdığı aurada
var olmaq... - bu məhz Anarın
yaratdığı bədii
platformadır. Bir
tənqidçinin söylədiyi
kimi: Anar nəsrimizə "düşünən
və düşündürən
qəhrəmanlar" gətirmiş,
yaxud bir başqasının sezdiyi
kimi: "həyat maksimalizmi", ya üçüncü birisinin
bəyan etdiyi kimi: ekzistensial İnsan problemləri... Müasir dünyanın nəfəsi
var 60-cılarda, şəksiz;
o cümlədən bir
çimdik duz da Qərb modernizmi,
modernizm estetikasından.
Amma yazmışam, demişəm; bir də demiş olum: "Azərbaycan yeni nəsri" özəl hadisədir, əzəl mübtədası
Anar olmaqla; biz bu nəsri yalnız
dünya ədəbiyyatı
içrə qavradıqda
əsl çəkisini
duya, sanbalını bilə bilərik...
Xalq yazıçısı Anar
xalqının övladıdır;
xalqın sözünü
hər zaman uca tutub, həmişə,
hər yerdə deyib, arxasında durub... Bir zamanlar
Səməd Vurğun
necə deyibsə, Bəxtiyar Vahabzadə nə sayaq çatdırıbsa,
Anar da bugün
eləcə... Yenidənqurma farmazonluğu dövründə,
Qarabağ hadisələri
zamanı, 20 yanvar faciəsinə qənşər
biz Anarı daima ən yüksək kürsülərdən etiraz
səsini ucaldan görmüşük. Ali sovetin tribunasından da, ən müxtəlif
milli kürsülərdən
də, Müasir Azərbaycanmızın memarı
Heydər Əliyev mövqeyində(n) də Anarı çəkinmədən
çıxış edən,
xalqın sözünü
deyən görmüşük.
Bir ziyalı, ədib, söz sahibi nə qədər bacararsa, o qədər... Bir zaman sorağı
Sovet ölkəsinin hər bucağından gələn Anarın səsi indi Ümumtürk zirvə toplantılarından gəlir.
Xalq sözünü eşitdiyi,
əməllərini gördüyü,
ümid bağladığı
şəxsiyyətlərə etibar edir, onu
ucaldır. Mötəbərlik
belə yaranır...
Yazıçı Anar yazıçılıqdan
bir baş daha artıq olubdur həmişə. Bunu deyəndə yada Anarın uzun illər "Qobustan" fəaliyyəti gəlir;
o "Qobustan" ki, ulu öndər bəyənmişdi, "Bizim
bu milli dirçəliş, milli oyanış, milli özünütanıma prosesində
"Qobustan"ın rolu
çox böyük olubdur" deyib təqdir etmişdi... Göz önündən neçə-neçə kino-filmlər
keçir: "Torpaq,
dəniz, od, səma", "Gürcü
familiyası", "Hər
axşam saat on birdə", "Dantenin yubileyi", "Qəm pəncərəsi", "Uzun
ömrün akkordları",
"Təhminə", "Otel otağı",
"Cavid ömrü",
"Sübhün səfiri"
və "Dədə
Qorqud" kino-dastanı
- xalqın yaddaşına
birdəfəlik yazılmış
Anarın Dədə Qorqudu... Nəzərlərimizdə
teatr səhnələri
bir-birini əvəz edir: "Sizi deyib gəlmişəm",
"Zəncir", "Səhra
yuxuları", "Şəhərin
yay günləri"
və "Təhminə
və Zaur"... Üstəgəl: radionun qızıl fondu, onlarla televiziya tamaşaları, KİV - kütləvi
düşüncənin işlədiyi
hər yer... Xalqının maarifçiliyini
yapıb Anar ömür boyu, neo-maarifçik edib usanmadan, yenə, yenə ən böyük Maarifçimiz
olaraq qalır... Çün sözün, sənətin,
qələmin gücünə
inanıb və inanır. İnanmasan yaşamaq, yaratmaq
olarmı, görən?!
Ən nəhayət, məxsusi vurğulamaq gərək: külli-yazıçılarımızın ağsaqqal yoldaşıdır
Anar. Ki, Yazıçılar Birliyi nəhəngliyində
bir qurumu sovet dönəmindən çıxarıb düz
30 ildir çiyinlərində
çəkib-gətirmədə. Bu
barədə çox
deyilibdir, qurultaydan-qurultaya
səslənibdir; bəs
Anar olmasaydı, bugün AYB olamazdı... Özü də etirafını qıldı
bu yaxınlarda
"525-ci qəzet"də: necə olub bu yükün altına giribdir, necə AYB-ni qoruyub-saxlayıb, parçalanmağa,
dağılmağa qoymayıb,
hansı maneələrdən
keçirib-yaşadıbdır... Bəzən qınayırıq:
AYB Anarın yazıçılığından
aparıb, neçə-neçə
yazılmamış əsəri
bahasına başa gəlibdir. Demək ayrıdır; cəfasını
çəkmək bir
ayrı. Cəfasını
Anar çəkibdir; əvəzində, bugün
bizim beş
jurnal, bir qəzet, bir Tərcümə Mərkəzi,
Dövlət əhəmiyyətli,
bütün ölkəni
və hətta dünyanı əhatə
edən yazıçılar
şəbəkəmiz var!
Uzun ömrün
akkordları, adəta,
yubiley günlərində
yada düşür. Bugün Anar
80 yaşın təntənəsini
yaşayır; akkordlar
dolu bir ömrün şadyanalığını
edir. Xalq, dövlət, ictimaiyyət,
oxucuları ilə birgə. Bu - Anarın
qazanılmış zamanıdır.
Alqışlar söyləyək!
Qutlu olsun! - deyək. Dədəm
Qorqud yaşı diləyək!
08.03.2018
Tehran Əlişanoğlu
AMEA-nın müxbir üzvü
Ədəbiyyat qəzeti.- 2018.- 10
mart.- S.22.