Anarın Azərbaycan ədəbiyyatına, mədəniyyətinə
çoxlu sayda töhfələr verməsi
öz yerində, yazıçı kimi maraqlı olduğundan, nəsrini həmişə
həvəslə oxumuşam.
Azərbaycanda "intellektual nəsr"
anlayışı deyəndə,
ağlıma ilk gələn
nasirlərdən biri də Anardır.
Bu gün ədəbi
mühitdə ən çox müzakirə olunan "Bizim yazıçılar dünya
səviyyəsində nəsr
əsərləri ortaya
qoya bilirlərmi?"
sualıdır. Məsələn, "XX əsr
dünya hekayələr
antologiyası" hazırlansaydı,
Anarın "Dantenin yubileyi", "Ağ liman", "Asılqanda
işləyən qadın",
"Ötən ilin
son gecəsi" əsərlərini
o topluya çox rahatlıqla salmaq olardı. Ən azından, "Dantenin yubileyi"ndəki saf,
sadəlövh və yazıq Kəbirlinski obrazı dünya oxucusunu təsirləndirməyə
bilməz. Ümumiyyətlə, bu povest həssas oxucunu uzun müddət öz təsirində saxlayan əsərlərdəndi.
"Sizsiz" memuar-essesi ilə yazıçımız, məncə, zaman kontekstində fanilik, əziz adamların itkisindən doğan ağrı haqda monumental bir əsər ortaya qoyub. Vaxtın ətəyindən yapışıb saxlamaq istəyən, saniyələri, dəqiqələri, anları dayandırmaq istəyən Anar sonda yüz günün ağrılarını, itki duyğusunu elə yazır ki... Hələ keçən əsrin 80-ci illərinin əvvəllərində elə bu memuar-essesində yazdığı "İntihar zəiflikdir" deyənlərə inanmayın. Belə bir addımı atmaq hər adamın hünəri deyil. Amma bəlkə intiharın astanasında, beş qarışlıq, bir məhəccərlik, doqquz mərtəbəlik məsafəsində özünü tutub saxlaya bilmək də iradə istəyir. Mən yaşamalıyam. Özümçün yox, başqalarıyçün, yaxınlarım, uşaqlarımçün. Güvəndikləri, inandıqları mən olan neçəsi varsa - onlarçün, fikirləri bu gün intihar hallarının artdığı bir zamanda da aktualdır.
Anar həm də müalicəyə ehtiyacı olan yazı adamlarına əl tutan humanist insandır. AYB-nin bu istiqamətdə apardığı fəaliyyətdə onun rolunu xüsusi vurğulamaq lazımdır.
Fürsətdən istifadə edib gözəl yazıçımız Anarı 80 illik yubileyi münasibətilə təbrik edir, cansağlığı və yaradıcılıq ruhu arzu edirəm.
Alpay Azər
Ədəbiyyat
qəzeti.- 2018.- 10 mart.- S.23.