Füzulinin yazıçı
qardaşı
1998-ci ildə
Anarın yubileyi münasibətilə ona
ünvanladığı təbrik məktubunda ümumilli lider
Heydər Əliyev deyirdi:
"Siz
60-cı illərdə ədəbiyyatımıza yeni ab-hava gətirmiş
yazıçılar nəslinin görkəmli nümayəndələrindən
birisiniz. Müasirlərimizin zəngin mənəvi aləmini,
qayğı və problemlərini yüksək bədii səviyyədə
əks etdirən əsərləriniz daim ədəbiyyat həvəskarlarının
diqqət mərkəzində olmuşdur. Bəşəriliklə
milliliyin üzvi vəhdətini (kursiv mənimdir - T.K.) təşkil
edən çoxcəhətli yaradıcılığınız
cəmiyyətimizdə milli şüurun
aşılanmasına və xalqımızın bir çox
ölkələrdə tanınmasına xidmət
etmişdir." (Heydər Əliyev. Ədəbiyyatın
yüksək borcu və amalı, s. 499.)
Ulu
öndərin məktubda işlətdiyi "bəşəriliklə
milliliyin üzvi vəhdəti" ifadəsi, heç
şübhəsiz ki, Anarın Azərbaycan klassik ədəbiyyatına
nə qədər gözəl bildiyinə və yerli-yerində
istifadə etdiyinin işarəsidir.
Anarın
"Beşmərtəbəli evin altıncı mərtəbəsi"
birbaşa Füzuli yaradıcılığının təsiri
altında qələmə alınmış mükəmməl
bir eşq dastanıdır. Dastanlarımızda olduğu kimi,
burada da nəsr və nəzm bir-birini üzvi surətdə
tamamlayır.
"Beşmərtəbəli
evin altıncı mərtəbəsi" romanı on səkkiz
fəsil və epiloqdan ibarətdir. Bunların hamısı
Füzulinin ölməz yaradıcılığından
alınmış dahiyanə beytlərlə başlayır ki,
bu da əsərə ürəyəyatan bir orijinallıq
verir.
Birinci fəslin
epiqrafında verilmiş beyt həmin bölmənin daxili ruhu
ilə tam həmahəngdir:
Bu
vüsala yuxu əhvalı demək mümkün idi,
Əgər
olsaydı yuxu dideyi-giryanımıza.
Bu fəsildə
əsəri üç nöqtədən sonra kiçik hərflə
başlayır. Zənnimizcə, bu da klassik ədəbiyyatdan,
eləcə də Füzuli nəsrindən
yaradıcılıqla bəhrələnmənin birbaşa
sübutudur:
"...amma
qəfilcən sükut çökdü. Yuxunun seyrək
toranlığı içində Zaur, hətta bir qədər
təəccübləndi də. Axı necə oldu ki,
böyük otelin bütün hay-küyü, yad, özgədilli
danışıqların hənirtisi, haradansa çox
uzaqlardan eşidilən musiqi sədaları, liftin hərəkəti
- bütün başqa səslər - qəfilcən qeyb oldu və
bütün bu tanış səslərlə birlikdə
okeanın da uğultusu kəsildi." Füzuli yaradıcılığının
sehrinə söykənməklə qəhrəmanının
psixoloji durumunu mükənnəl şəkildə verməyə
nail olan yazıçı, yuxu ilə ayıqlığın
(bəlkə də xəstə sayıqlamanın) arasında
Zauru gah məişət aləmində, gah da romantik
duyğuların nağıl şirinliyində təqdim edir.
Əsərin kişi qəhrəmanı Zaur (bəri başdan
qeyd edək ki, o, qadın qəhrəmanın möhtəşəm
duyğularının kontekstində bir qədər zəif
görünür!) gələcək ailə
"planlamasını" düşündüyü, otelin həyətində
neçə dənə çətir olduğunu
hesabladığı bir vaxtda romanın növbəti abzası
gözlənilməz bir "zərbə" ilə oxucunu
şoka salır:
"Bu
iyi yuxuda duydu və yuxuda da dərk elədi ki, yuxudadır,
ayılmayıb. Amma yuxuda da tanıdı bu iyi. Bu iy tək
bircə idi, təkrarsız idi. Afrikanın iyi kimi. Amma bu,
Afrikanın iyi deyildi."
Bax, belə!
Bunu ancaq Füzulinin yazıçı qardaşı olan Anar
bacarardı. Hələ əsərin qadın qəhrəmanının
adını bilmirik; ancaq onun təkraredilməz başgicəlləndirici
iyini (daha doğrusu, aromatını, ətrini!) Zaurla birlikdə
hiss edir və sanki Füzulinin bu beytini də
özümüzdən asılı olmadan zümzümə
edirik:
Dedim:
kimdir pərişan eyləyən aşiqlər əhvalın?
Səba
göstərdi tari-sünbüli-zülfün ki: bu eylər!
Qeyd edək
ki, Füzulinin yüzilləri adlayıb gələn ölməz
ruhu bütün roman boyu Anarı və bizi müşayiət
edir, əlimizdən tutub yazmağı, ürəyimizdən
tutub duymağı öyrədir.
Onu da deyək
ki, romandakı Füzuli şerinin təsiri və sehri təkcə
ayrı-ayrı beytlər və bəndlərlə Anar nəsrinin
səsləşməsi ilə bitmir; əksinə, romanda hər
addımbaşı bu sehri, əfsunu duyuruq və
görürük. Məsələn, belə bir kiçik parçada
olduğu kimi:
"Zaur
ağır-ağır göz qapaqlarını
qaldırdı, otağın qatran kimi qatı
qaranlığında bir an gerçəklik hissini itirdi - bilmədi
haradır bura, hardadır özü? Ancaq bir an."
Görək
bəs Füzuli belə anlarda nə deyərdi:
Gərçi
canandan dili-şeyda üçün kam istərəm,
Sorsa
canan, bilməzəm, kami-dili-şeyda nədir?
Ya da bu
beytdəki kimi:
Zülfü
rüxsarı xəyalilə nədir halın, demən,
Öyləyəm
kim, gecəvü gündüz bərabərdir mana.
Şərq
dahilərindən biri demişdi ki, dünya ancaq bir andan ibarətdir
və əslində Zaurun da dünyası həmin ana müncər
olaraq onunla da qapanır və Zaur bizim gözümüzdə
ancaq həmin "anın" sahibi kimi yaşayır. Anar
"ancaq bir an" deyərkən məhz həmin ölməz,
əbədi, bütün dünyaya və bütöv həyata
dəyməyə qadir olan həmin anı nəzərdə
tuturdu. Ancaq həmin anda Zaura Təhminədən "əmanət"
verilibmiş sən demə:
Dün
Füzuli arizin görgəc rəvan tapşırdı can,
Laf edib
derdi ki, canım var, əmanətar imiş.
Bəlkə
də Zaurun özü ilahi məhəbbət mərtəbəsinə
qalxmadığı üçün həmin anın müqəddəsliyini
dərk etmir və Anar da qəhrəmanının dili ilə
buna işarə vuraraq yazır:
"Bəlkə
də Zaurun nicatı məhz bundaydı -
özüyçün deyil, başqalarıyçün, Firəngiz
üçün, gələcək
övladlarıyçün yaşamaqda... Və elə bir həyat
qurmaqda ki, zahirən belə həyat hamıya - o cümlədən
Firəngizə və gələcək övladlarına bəxtiyar
bir yaşayış kimi görünsün... Və bəlkə
o zaman - Firəngizin, gələcək övladlarının
gözlərində bu xoşbəxtliyi,
arxayınlığı, qayğısızlığı
görərkən Zaur özü də səadətin yoluxucu
təsirini duyacaq, öz içində ailə sevincinin əks-sədasını
eşidəcəkdi."
Yaxasından
yapışmış, onu didib-dağıtmağa,
param-parça eləməyə hazır olan bu ziddiyyətin əsici
ağırlığı altında Zaur da bir qədər
düşünməyə məcbur olur:
"Zaur
hələ də yuxu içində idi, yuxu içində
fikir eləyirdi: hardan gəlib çıxdı bu qoxu bura, Dakara,
otelin 17-ci mərtəbəsinə? Yuxuda fikirləri elə
bil qıc olub tutulmuşdu, silkinib yuxudan çıxa,
ayıla bilmirdi və buna görə də daha da eymənirdi.
Bu iyin nə iy olduğunu, bu qoxunun kimin qoxusu olduğunu bilirdi
axı... hələ də yuxudaydı, amma bu qoxudan başqa -
Təhminənin qoxusundan başqa - müxtəlif fransız ətirlərinin
qarışığından yaranan bu təkrarsız qoxudan
başqa heç bir şey duymurdu. Bu ətir
qarışığının sirrini bircə Təhminə
bilirdi və bu sirri hamıdan gizlin saxlayırdı."
Görəsən Füzuli nə deyərdi bu yerdə öz
kiçik yazıçı qardaşına kömək
üçün?
Səbadən
gül yüzündə sünbüli-pürpiçü tab
oynar,
Sanasan, pər
açıb gülşəndə bir mişkin qürab oynar.
Əlbəttə,Təhminə
Leyli deyil, ancaq Leyli vəfası, Leyli sədaqəti, Leyli kimi
məhəbbətinin sirrini öz içində dəfn etməsi
onu öz böyük bacısına bənzədir.
Canını
canana verməkdir kəmalı aşiqin,
Verməyən
can, etiraf etmək gərək nöqsanına!
Bu cəhətdən
Təhminə nöqsansızdır, bəs Zaur kimdir Anarın
gözündə?
"Zaur
gələcək güzəranlarını, mənzillərinin
quruluşunu, avadanlığını xəyalında
canlandırmağa çalışdı, amma hiss elədi ki,
darıxır, ürəyi qısılır. Ayrı bir
şey haqqında düşünmək istədi, fikri bir məsələdən
başqasına qaçdı, bilmədi nə barədə
düşünsün və ümumiyyətlə, bir şey
haqqında düşünmək vacibdirmi... Bəlkə də
yox, amma onda da bilmirdi ki, qəfil ayıldığı bu gecə
saatlarını - yata və dura
bilmədiyi bu qeyri-müəyyən vaxt boşluğunu nəylə
doldursun..."
Beləliklə,
iki qardaşın birinin nəzm, birinin nəsr dili ilə əsrlərin
üzərindən sənət yarışına girərək
ölməz əsərlər yaratdığını
görürük.
Əlbəttə, "Füzuli və Anar" mövzusu dibi görünməyən dərya timsalındadır. Bu yazıda ondan bir qətrə ala bildiksə, deməli "mənzili-məqsudumuza" çatdıq...
Teymur
KƏRİMLİ
akademik, M.Füzuli adına Əlyazmalar
İnstitutunun direktoru,
AMEA Humanitar elmlər bölməsinin
akademik katibi
Ədəbiyyat qəzeti.- 2018.- 10
mart.- S.27.