İki şair yuxu görürdü...
Bir evdə iki xalq
şairi yaşayırdı…
Bir evdə iki xalq
şairi yuxular görürdü…
Onlar yuxuda gördüklərini şeirə
çevirirdilər.
Rəsul
Rza Azərbaycan poeziyasında yuxu mövzusuna müraciət
edən "peşəkar
yuxugörənlərdən"dir. (Və bu yazının
adını "R.Rza
və N.Rəfibəyli
yaradıcılığında yuxu motivi" qoyub, rahatca elmi jurnala verə
bilərdik).
Yuxu onun simvolik dili "dil oyunlarından" biridi. Əsl yuxugörmələrdən fərqli olaraq, poetik yuxuları estetik funksiyası olan mətnlərdir.
"Rəngli yuxular" şeirlər silsiləsini yazıb.
Səhv etmirəmsə, "rəngli
yuxu" ifadəsini poeziyamıza Rəsul Rza gətirib.
Neçə gündür
Rəngli
yuxular görürəm,
"Tanış olmayan bir qadına
Yazılmış məktub" düşür
yadıma.
Yaxud:
Yuxularım rənglidir
Həyatın özü kimi.
Yaxşı, pis insanların
Əməli, sözü kimi.
Böyük şairin assosiativ-metaforik təfəkküründə yuxuda
hər rəngin bir məna yozumu
var. Məsələn, şirmayı
rəng "yuxularda insanların arzularla vüsalı" ("Rənglər")
mənasındadır. Bu silsiləyə daxil olan şeirlərdə - fraqmentlərdə ("Həyat
adamı", "Həyatdan
parça", "Rənglər
aləmində") rəng
əsas məna kodudur. O, rəng simvolları ilə ölkənin taleyindən
də yazır.
Yuxuda bir uşaq gördüm
gözləri qapqara,
badamı.
Yuxuda xatırladım
Vyetnamı.
Gördüm qırmızı bir
qan gölməçəsi,
Gölməçə yanında bir uşaq...
Rəsul Rzanın ruhunda Mirzə Cəlildən gələn bir emosional başlanğıc
- nigaranlıq var. Nigaranlıq
şairin yuxu mətnlərinin havasında,
ritorik sualların mayasındadır.
Son zamanlar
səni tez-tez
yuxuda görürəm,
Təbrizim!
Yuxuma qəmli gəlirsən
hər gecə.
Suyun, çörəyin
varmı?
Nəğmən necə?
Rəsul
Rza "yuxuların"ın
janr tipologiyasını
təxminən belə
təqdim etmək olar: yuxu-rəvayət (mif), yuxu-xatirə, yuxu-alleqoriya, yuxu-pritça.
Şair
bir gecə "yuxu məntiqi ilə" uşaqlığının
qəmli nostaljisini yaşamalı olur, yuxuda anası ilə "görüşür":
Bu gecə yuxu gördüm
Gördüm,
çörək dadı
kimi tanış bir otaq
Tavandan nənni asılıb,
Nənnidə bir uşaq...
Nənnini yelləyən qadın
anasına oxşamaması
yalnız layla səsindən onu tanıması - şeirin süjeti hardasa yuxu obrazlarının məntiqsizliyini, anlaşılmazlığını
da xatırladır.
Şair
"mifik yuxular" da görür.
Yuxusunda gah Prometeyi görür,
gah Ezopla söhbətləşir. Görürük ki, qayaya zəncirlənmiş
Prometeyin kökçünü
bir qartal didib parçalayır amma onun gözlərində
bəxtiyarlıq işığı
var.
Yuxu personajlarının
seçimi (Məryəm
ana, Ezop, Prometey, İblis…) də maraqlıdır - böyük şairin xarakteri, yaşam fəlsəfəsi ilə
(şüuraltı həqiqətləri
ilə!) bağlı olmalıdır. "Yuxuda
gördüm" ifadəsini
şeirlərdə o qədər
inamla işlədir ki, sanki Prometey,
Ezop mifik personajlar deyil, həyatda tanıdığı
gerçək insanlardır.
"Yuxuma gəlmişdi Ezop" şeirinin siyasi mənası bir yana,
Ezopun ağlaması təsiredicidir. Və bu "yuxu"ya
yozum verməkdənsə,
şeirin bütöv
bir parçasını
örnək verməkdən
özümü saxlaya
bilmədim. Şairin
nə demək istədiyi onsuz da ortadır:
... "Yenə də varmı dünyada
Ağalar, qullar?" - dedi,
Var, - dedim.
Neçə xalq, neçə
cəsur insan
Azadlıq yollarında
vuruşurlar - dedim.
Ezop örtdü
əllərilə üzünü.
Ezop birdən ağladı,
Ezop yaman ağladı.
Ezop elə ağladı ki,
Əsim-əsim əsdi dağlar
Bu qorxunc hönkürtüdən.
Susdu bütün dünyada
Köhnə, yeni yaraqlar.
Tez yuxudan ayıldım,
Kaş ki, ayılmayaydım.
Nigar xanım Rəfibəyli də bu evdə
yuxular görürdü…
Həyatda olduğu kimi, yuxularında da çiçəkləri ağacları,
quşları sevirdi, onları oxşayıb əzizləməkdən xoşu
gəlirdi. Ayrılığın simvolları (çiçək,
durna) yuxusuna girirdi.
Yuxuda çiçəklər görürəm
hər gecə
Öpürəm onları gizlicə...
Hər yanım çiçək,
yastığım, yorğanım
çiçək...
Yuxuda çiçək görürəm,
Qərənfili seçir könlüm
çiçəklər arasından.
Elə bil iki damla
qan sızır
ürəyimin yarasından.
Yuxuda durna görmək bir
çox xalqların mifoloji düşüncəsində
ayrılıq simvoludur.
Durna səsi "o dünyanın", ruhlar səltənətinin "bu
dünya"ya xəbəri
kimi yozulur:
Mən
yuxuda durna oluram
gecələr
çırpıb qanadlarımı
yerdən üzülürəm.
Geniş-geniş havalarda səf çəkən
Durnaların qatarında süzülürəm.
Nigar xanım yaddaşındakı
o sevimli obrazları
"yuxu"larında da
təkrar canlandırır.
Z.Freyd tövsiyə edirdi ki, ədəbi yuxuları psixoanalitik kontekstdə deyil, simvol müstəvisində
öyrənmək lazımdır.
(Qəribədir: Freydin
özü ədəbi
qəhrəmanların yuxularını
real insanların yuxugörmələri
kimi şərh edirdi).
Ayrılıq ağrısının tərcümeyi-halında,
təhtəlşüurunda dərin şırımların
açdığı izləri
"Məhsəti" dramatik
poemasında Həmayilin
yuxusunda üzə çıxır.
Qarışıq yuxular görmüşəm
yaman,
Səhərdən çıxmırsan heç
xəyalımdan.
Gördüm qara bulud aldı göyləri,
Sis, duman bürüdü
bütün hər yeri.
Bir qara div çıxıb səni apardı,
Yox olub göylərin dibinə vardı.
Ağladım dalınca, çırpındım
yerdə,
Sən isə yox oldun dərin
göylərdə.
Nigar xanımın
"yuxu mətnləri"
avtobioqrafikdir, ovqatının,
ruhunun işarətləridir. "Yuxu"ları da şeirləri kimi zərifdir. Misralarından
örnəklər: "Yuxularım
çiçək-çiçək",
"Meh əsir oxşayırdı - Yuxulu
kəpənəyi" və
s.
Bir dəfə
isə Nigar xanım yuxusunda
("Vida") öldüyünü görür. Və Nigar xanım hardan biləydi ki, illər sonra alagözlü yarından yuxudakı kimi ayrılacaq...
Yuxuda dünyayla vidalaşardım,
Dünya gözəl idi, ayrılmaq çətin.
Deyirlər, yaxşıdır qocalıb
ölmək,
Belədir qanunu kor təbiətin.
Rəsul Rza bir dəfə
yuxusunda kabus görür ("İblislə
söhbət"). İblis qanlı
Stalin-Beriya - Bağırov
rejiminin (donosçuların,
satqınların, türk
qanına susamış
ermənilərin) ümumiləşdirilmiş
simvolik adıdır.
...Tanıyarsan adamını
bundan sonra
Duz-çörək kəsəndə.
Bu da tanışdır
sənə.
Eləmi?
Baxdım, dinlədim.
Elə bil başıma çevirdilər
aləmi.
Qulağımı tıxadım,
Yumdum gözümü.
Ayıldım.
Qan-tər içində gördüm
özümü.
Gecəlik çırağın zəif işığında
divara düşmüşdü
kürsü üstündəki
pencəyimin kölgəsi.
Nəfəsimi dərdim.
Dedim: nə yaxşı ki,
Yuxuda otağım olmuşdu
İblisin fənalıqlar ölkəsi.
Anar yazır
ki, atası "Son sətirləri şeiri Qlavlitdən - senzuradan keçirmək xətrinə
yazılsa da, yuxularda yox, gerçəklikdə fənalıqlar
ölkəsində, heç
kəsin heç kəsə sona qədər etibarı olmadığı bir quruluşda yaşadığını
dərk edirdi"
("Mübarizə bu
gün də var").
Düz
80 il bundan
öncə, 1938-ci ildə
ağa (Rəsul Rza) oğlunun (Anar) adına "Yadıma düşdü"
rədifli bir qoşma bağlayır.
Sormasınlar nə var dərdli könüldən:
Səni
mən yuxumda görmüşəm dünən...
"Mircəllad dövründə"
- NKVD-nin qara zamanında şair hansı yuxunu görmüşdü? Sonralar Anara
danışmışdımı?
Rüstəm KAMAL
Ədəbiyyat qəzeti.- 2018.-
10 mart.- S.30.