İthaf
Anarın 80, özümün 60,
"Dantenin yubileyi"nin 50 illiyinə
Bu il yanvarın 5-də yubileyim idi - altmış yaşım tamam olurdu. Təzə il ərəfəsində ürəyimdən Yazıçılar Birliyinə baş çəkmək, imkan düşsə, şəxsən Anar müəllimin özü ilə görüşmək, onu mətləbdən hali eləmək keçirdi. Tez də fikrimdən daşınmalı oldum. Yolumu "Dantenin yubileyi"nin - Anarın düz əlli il bundan əvvəl yazdığı məşhur povestinin qəhrəmanı Feyzulla Kəbirlinski, daha doğrusu, onun yubileylə bağlı mülahizəsinin bir vaxt məndə necə şiddətli ironiya yaratdığı kəsmişdi: "Mətləb deyəndə, yəni bu il mənim altmış illiyim tamam olur. İndi mən nə Ərəblinskiyəm, nə Abbas Mirzə, amma daha, azdan-çoxdan yenə bizim də xidmətimiz olub... Deyirəm, bəlkə zvaniyadan-zaddan..."
Anar müəllimin 80 yaşı ərəfəsində düşüncələrimi bölüşməyə haradan başlamağı götür-qoy eləyəndə də uğuruma "Dantenin yubileyi" çıxır:
"Anarın yubileyi"...
"Dantenin yubileyi"...
Burada assosiasiya yaradan başlıca amil, heç şübhəsiz ki, "yubiley" sözüdür. Ancaq bir az diqqətlə baxanda onu da görməmək mümkün deyil ki, həmin sözdən dərində nəsə var və bu yazını yazmağa hazırlaşanda, "Dantenin yubileyi"ni yenidən nəzərdən keçirəndə dərindəki "nəsə" düşüncələrimi qarabaqara izləyirdi...
"Dantenin yubleyi" 1960-cı illərdə artıq yeniləşmə havasını mənimsəmiş və özünün yeni iqlimini yaratmış, həmin iqlimin içində yeni oxucu zövqü yetişdirmiş Azərbaycan ədəbiyyatının şedevrlərindən biri kimi dünyaya gəldi. Anar müəllim ədəbiyyata fərqli bir obraz - ömrünü qoyduğu teatr sənətində uğur qazana bilməmiş bir insanın şikəst sənətkar taleyini gətirmişdi.
Azərbaycan səhnəsinə Brext, Meyerxold ruhu gətirməyə çalışan gənc rejissorun hazırladığı tamaşada üç kəlmə sözə taxılıb qalan, bu üç kəlməni rejissorun istədiyi kimi deyə bilməyən Kəbirlinski artıq nə səhnəyə, nə də tamaşaçıya lazımdır. Di gəl ki, onun sənətdən üz tutub gedə biləcəyi başqa bir güman yeri, ayrı dayaq nöqtəsi yoxdur. Onun faciəsinin dərinliyi bundadır ki, səhnə üçün lazımsızlığını, gərəksizliyini özü də yaxşı bilir. "Amma mənim altmış yaşım var. Ailə saxlayıram, əlimdə də ayrı heç bir sənətim yoxdur. Olsaydı, gedib pinəçi, ya qalayçı, ya dəllək olardım. Amma neyləyim... İndi pis-yaxşı mənimki də bu artistlikdir"...
Feyzulla Kəbirlinski öz faciəsini dərk eləyə-eləyə, bu faciəni fiziki bir yük kimi daşıya-daşıya yaşayır. Ən pisi budur ki, onun faciəsi ailəsinə də yük olur: radioda çalışan oğlu Eldar atasının xəcalətini çəkir, ətrafdakı insanların ona qarşı aqressivliyi Eldarı mənəvi cəhətdən yaralayır.
O vaxt gənc olan, ədəbiyyatın yenilikçi (modernist də deyə bilərik) təmayülünü təmsil edən Anar, Kəbirlinskinin faciəsini bütün rəngləri və çalarları ehtiva edən canlı ştrixlərlə, dolğun detallarla verir. Bu detallar Kəbirlinskini yaxına, oxucunun gözünün önünə gətirir. Əsər boyu Kəbirlinskini içində olduğu sənət mühiti bizə istedadsız "tupaya morda", mətn isə insan kimi təqdim edir. Mətnin təqdimatına görə, teatrda, sənətdə nə qədər istedadsız və faydasız olsa belə, Kəbirlinski "dünyanın əşrəfi" - ən şərəfli məxluqu adlandırılan insandır. Onun çevrəsindəkilər, hətta öz ailəsinin üzvləri də ondan xeyli uzaqdadırlar - oxucu Kəbirlinskiyə daha yaxındır və oxucu ilə Kəbirlinski arasındakı məsafə əsər boyu getdikcə sanki transfaktor texnikası ilə daraldılır, Kəbirlinski kütlədən seçilib iri plana gətirilir. Oxucu Kəbirlinskinin səmimiyyətini də, qeyri-səmimiyyətini də başa düşür.
Əsərdə oxucu üçün rəngi bəlli olmayan fərqli bir obraz da var: Kəbirlinskinin sənət mühiti, onu əhatə edən insanların əmələ gətirdiyi kütlə.
Azərbaycan ədəbiyyatında kütlə obrazını Mirzə Fətəli Axundzadə "Hekayəti-Molla İbahimxəlil"də nuxuluların timsalında vermişdi: nadanlığın girovluğuna düşmüş kütlə fırıldaqçı Molla İbrahimxəlilin qarşısında xorla susur, xorla danışır, gözlərinin qarşısında peyda olan meymunu xorla uzaqlaşdırmağa çalışır.
Cəlil Məmmədquluzadə insan kütləsini "Ölülər", "Dəli yığıncağı" şəklində təqdim etmişdi...
Misal gətirdiyimiz əsərlərdə kütlə geriliyi, nadanlığı, cəhaləti təmsil edir. "Dantenin yubileyi"ndəki kütlə isə tam fərqlidir: bu, dirilərin, modernistlərin, Brext, Meyerxold teatrı yaratmaq, səhnəni "kötüklərdən" təmizləmək arzusu ilə yaşayanların kütləsidir. Müəllifin bizə daha yaxından göstərdiyi Feyzulla Kəbirlinski də elə həmin kütlənin bir parçasıdır: istedadsız parçası!
Povestdə dirilər kütləsinin sənətdə yaratdığı yeniliyin, Kəbirlinskidən fərqliliyin nə olduğu konkret detallarla göstərilmir. Əsərin başlanğıcında səhnə bomboş və qaranlıq teatr salonundan təqdim edilir. Bir hissəsi işıqlandırılmış səhnədə qrimsiz, öz paltarında iki aktyor məşq edir: onlardan biri Kəbirlinskidir. Onun tamaşa boyu deyəcəyi üç kəlmə söz var. Ancaq Kəbirlinski bu üç kəlmə sözü deməyin öhdəsindən gələ bilmir ki, bilmir.
-Bu gecə
bu qoca bu ocaq.
-Bu gecə.
Bu qoca. Bu ocaq.
-Bu gecə,
bu qoca, bu ocaq.
Məsələnin ən maraqlı tərəfi də
budur ki, rejissorun Kəbirlinskidən nə istədiyini
heç oxucu da anlaya bilmir. Mənə elə gəlir
ki, Anar mətnlə oxucu arasındakı oyunu da elə bunun
üzərində qurub. Əsər boyu, məsələn,
Cəfər Cabbarlının "Oqtay Eloğlu" pyesində
olduğu kimi səhnənin, teatrın taleyi deyil, Kəbirlinskinin
taleyi izlənilir. Biz istedadsız Kəbirlinskini
onu daim cəzalandıran, ondan
istedadsızlığının hesabını çəkən
sənət kütləsinin böyüdücü cihaz
altında böyüdülmüş bir fərdi kimi
görürük.
"Köhnələrlə" "yenilər"
arasındakı mübarizədə Kəbirlinski köhnənin
- keçmişin təmsilçisi olmaqdan daha çox
parodiyasıdır. Özünün sənətə nə gətirdiyi
aydın olmayan, hər replikası ilə müasirlik təsəvvürü
yaratmaq istəyən,
sənət ölçüləri dəqiq
görünməyən qarışıq kütlə bu
canlı parodiya ilə əylənir. Həmin əyləncənin
hədəfi isə parodiyadan o tərəfə - Azərbaycan
teatrının keçmişinə uzanır, keçmiş
məsxərəyə qoyulur. Kütlənin
aqressivliyi sadəcə Kəbirlinskiyə qarşı deyil,
onun içindən gəldiyi keçmişə və dəyərlərə
qarşıdır. Bu məqam Kəbirlinski
ilə radioda redaktor işləyən Məcidin dialoqunda daha
aydın görünür. Kəbirlinskinin öz təxəllüsünün
tarixi ilə bağlı söhbəti onun özü
üçün əziz bir xatirə, onu söhbətə təhrik
edən Məcid üçün şit bir əyləncə,
onların söhbətinin şahidi olan Eldar - Kəbirlinskinin
oğlu üçünsə dözülməz işgəncədir:
"Feyzulla
tam bir sadəlövhlüklə:
- O vaxt
mod eləydi, ay bala, - dedi, - hərə özünə bir təxəllüs
götürmüşdü.
Məcidin vurnuxan gözləri arabir Eldarın nəzərləriylə
tuşlaşır və bu ani baxışlarda hər ikisi
bir-birinin halını başa düşürdü. Eldar
içini yeyirdi. Məcid isə
çoxdandı belə ləzzət çəkməmişdi.
Kəbirlinskini Eldarın gözü
qarşısında əməlli-başlı dolayır, daha
doğrusu, Feyzulla heç bir şey duymadan - öz
danışıqlarıyla özü-özünü
dolayır, Məcidə sonsuz zövq verir, Eldarı
odsuz-tüstüsüz yandırırdı.
Bixəbər
Feyzulla:
- Hərə
bir ad götürmüşdü, - deyə davam edirdi. - Ərəblinski,
Sarabski, Ağdamski...
Məcid
asta-asta:
- Kəbirlinski,
- dedi.
- Zəhrimar
Kəbirlinski, çor Kəbirlinski, - deyə Eldar axır
partladı..."
Yenilərin, yenilikçilərin, modernistlərin, brextçilərin,
meyerxoldçuların kütləsi o vaxt hələ konkret
adları dilə gətirmirdi. Yəqin ki, onun
üçün heç Kəbirlinski problemi də yox idi.
Kütlə üçün "qocamanlar",
"kötüklər" problemi var idi və bu həm əxlaq,
həm sənət, həm də sosial baxımdan çox
ciddi problem idi və ciddiliyini saxlamaqdadır. Həmin
problem indi - əsərin yazılmasından əlli il keçəndən sonra daha kəskin
görünür. Elə o vaxt da görünməmiş
deyildi. Ancaq Kəbirlinskinin
düşdüyü vəziyyətlərin hər
addımbaşı yaratdığı ironiya nəzərləri
gözmuncuğu kimi özünə çəkir, əsas
problemdən "yayındırır". Tam ciddi
danışan gənc teatr tənqidçisi "qocaman"
sözünə gələndə ironiyasız keçinə
bilmir:
"Axıra yaxın eynəkli cavan bir oğlan söz
aldı. Feyzulla onu tanımırdı. Əlikram
pıçıldadı ki, teatr tənqidçisidir, Moskvada
qurtarıb təzəcə gəlib, özü də filankəsin
oğludur... Gənc tənqidçi:
- Mən
bir məsələyə də toxunmaq istəyirəm, - dedi,
- kötüklər məsələsinə...
...O
kötüklər ki, inkişaf yolumuza yıxılıb bizi
irəliləməyə qoymurlar. ...ayrı-ayrı adamlara
yazığımız gəlir, amma sənətimizə
yazığımız gəlmir, ayrı-ayrı şəxslərin
qeydinə qalırıq, amma səhnəmizin qeydinə
qalmırıq, ayrı-ayrı qocamanların - "qocaman"
sözünü açıq istehzayla dedi, - bəli,
ayrı-ayrı qocamanların hörmətini saxlayırıq,
amma işimizin, peşəmizin hörmətini
saxlamırıq"...
İspan filosofu Xose Orteqa-Qasset 1920-ci illərin sonunda qələmə
aldığı "Kütlələrin qiyamı" əsərində
göstərir ki, indiyə qədər dünya kütlələrlə
azad azlıqların rəngarəng birliyindən ibarət
olub, bu günsə vahid kütləyə çevrilir. Tarixi məsuliyyətdən
məhrum olan bu kütlə mənən xəstə toplumun bəhrəsidir.
Qassetin müəyyənləşdirdiyi kütlə (və ya
kütləni təşkil edən insan) axmaq və geridə
qalmış deyil: özünə həddən artıq
inanır, lovğalığı və şöhrətpərəstliyi
yerə-göyə sığmır. Kütlə
sivilizasiyanın əsasını təşkil edən dəyərləri,
qayda və normaları qəbul etmir. Ən
pisi də budur ki, özünü vəziyyətin tam hakimi
hesab edir. "Kütlə qəfildən
üzə çıxmağa başladı, o, "cəmiyyətin"
ən çox sevdiyi yerlərdə yerbəyer oldu. O əvvəl
də var idi, ancaq sosial səhnənin arxa planında yer tutaraq
nəzərə çarpmırdı; indi ön səhnəyə
çıxıb, səhnənin ortasına əsas qəhrəmanların
yerinə keçib. Qəhrəmanlar yoxa çıxıb,
yerində xor qalıb"...
Xor ritmi ilə hərəkət edən kütlə
özünə - onu təşkil edən fərdlərə
qarşı çox amansızdır. Onun üçün
müqəddəs dəyər yoxdur. Bu mənada,
Kəbirlinski heç də istisana deyil.
Anarın təqdim etdiyi sənət kütləsinin
yaratdığı ən bənzərsiz əsər isə Kəbirlinskinin
"Dantenin yubileyi"nə "dəvət edilməsidir". Özünün
oynadığı tamaşaya bilet verilməyən Kəbirlinski
dərdini kütlənin aparıcı fiqurlarından olan Məcidə
danışır. Məcid ona ikiadamlıq
dəvətnamə verir. Kəbirlinski arvadı da
qoltuğuna vurub, akademiyaya, elitar bir tədbirə -
"Dantenin yubileyi"nə gedir... və orada tədbirin bir həftə
əvvəl keçirildiyini deyirlər...
Beləliklə,
qarşımızda iki "Dantenin yubileyi"ni
görürük. Qiyam etmiş kütlənin
yaratdığı "Dantenin yubileyi" və Anarın
yaratdığı "Dantenin yubileyi".
Kütlənin
əsəri olan "Dantenin yubileyi"ni
insanlıq baxımından şərh etmək, ona interpretasiya
vermək çox çətindir: bu, sözün bitdiyi
yerdir.
Anarın yaratdığı "Dantenin yubileyi" isə
hələ öz aktuallığını saxlayır. Çünki
kütlələrin qiyamı davam edir. Rəngi və tərkibi
indi daha qarışıq olan kütlə daha ağlagəlməz,
daha amansız "əsərlər" yaradır: heykəl
yıxır, kitab yandırır... Axtarsan Feyzulla Kəbirlinski
də, Kəbirlinskinin bir zamanlar Moskvada oxumağı, gəlib
Bakıda böyük vəzifə tutmağı niyyət eləyən
oğlu da qiyamçıların arasındadır...
Anarın yaratdığı "Dantenin yubileyi" bu
qiyam içində təbəssümlə yanaşı,
sarsıntılı ağrı doğura-doğura Azərbaycan
ədəbiyyatının klassik nümunələrinin
sırasında dayanır. Əsər hamını Dantenin əlli
il bundan əvvəl keçirilmiş
yubileyinə dəvət edir...
Məti OSMANOĞLU
Ədəbiyyat qəzeti.- 2018.- 10 mart.- S.31.