Anarın YAŞAMAQ HAQQI
Baş redaktordan
Özəl sayımız üçün
Anar haqqında yazılmış məqalələrə
göz atarkən daha çox fəlsəfə müəllimim
Niyazi Mehdinin sözləri diqqətimi cəlb etdi. Yazır ki,
altmışıncı illərdə
Anarın təmsil etdiyi "qıraq dünya" modernitenin, ekzistensializmin, Sartrın dünyası idi. Haqlıdır. Anar o "qıraq dünya"
ilə Azərbaycanın
yaxınlaşmasına, birləşməsinə,
bütövləşməsinə vəsilə olan nadir insanlarımızdan biridir.
Üç mədəniyyətin sintezinə görə Hüseynzadəyə, yazıçılığından
dramaturqluğuna, ədəbi
tənqidçiliyindən redaktorluğuna,
hətta qalın şüşəli gözlüyündən
qəlyanına, şərfinə
qədər Sartra bənzəyir.
Bəzən mənə deyirlər ki, Yazıçılar Birliyinin mətbu orqanına rəhbərlik
edirsən, hər həftə Anar müəllimlə görüşmək,
məsləhətləşmək vəzifə borcundur. Başqaları bunu necə edir, necə edib, deyə bilmərəm. Amma mən
bacarmıram. Çünki Anar mənim üçün bir "vəcd və ideal qaynağı"dır. Nə qədər
yaxın olsa da, o qədər uzaq və əlçatmazdır.
Baxmayaraq
ki, qapısını
müntəzəm açmağa
özümü hamıdan
daha haqlı bilirəm. Təkcə ona görə
yox ki, Anar
müəllimi uşaqlığımdan
tanıyıram. Onda hələ
heç məktəbli
də deyildim. Həyətimizdəki tut ağacının budaqlarından tut dərən
qonaqlarımızın Rəsul
Rza, Əli Kərim, Anar olduğunu çox sonralar biləcəkdim.
Yəni Anarla şəxsi tanışlığımın
tarixi az qala, özümlə yaşıddır. Amma qapısını
ardıcıl açmağa
hamıdan daha çox haqqım olduğunu buna görə deyil, başqa səbəblə
deyirəm.
Bir dəfə
"Əli bəy Hüseynzadə" kitabımı
avtoqrafla Anar müəllimə verəndə
ona "Düşüncələrimin
rəsulu" deyə
xitab etmişdim. Anar müəllim isə on beş il
əvvəl "İrfan
çobanı" kitabıma
yazdığı çox
dəyərli və geniş qapsamlı ön sözü "Türk düşüncəsi"
adlandırmışdı. Və kitab nəşr olunmazdan öncə "Türk düşüncəsi"ni
"Ədəbiyyat qəzeti"ndə
çap etdirmişdi.
On beş il sonra ona
"Mənim düşüncələrimin
rəsulu sizsiniz" demək istəmişdim. Sonralar Anar müəllim ən möhtəşəm
əsərlərindən hesab
etdiyim və rusca yazdığı
"Yaşamaq haqqı"
traktatını mənə
verəndə kitabı
vərəqləyib heyrətimdən
sarsılmışdım. "Yaşamaq haqqı" vaxtilə Anarın Rəsul Rza ilə, Əli Kərimlə birgə tut dərib yediyi həmin həyətdəki
evimizin, "əyalətdəki
mənəvi ocağın"
təsviri ilə, Rəsul Rza barədə ilk monoqrafiyanın
müəllifi olan atamla - Anar müəllimin
təbirincə, "çox
dəyərli insan-alim-ədəbiyyatşünas,
əsl ziyalı" İmamverdi Əbilovla bağlı fikirlərilə
başlayırdı və
"İrfan çobanı"
kitabıma yazdığı
ön sözü tərcümə etmək
əvəzinə "Türk
düşüncəsi" adlandırdığı həmin
yazıdan yola çıxaraq 522 səhifəlik
fundamental bir əsər
yaratmışdı. Anara
görə "İrfan çobanı"nda
müxtəlif mövzulara
toxunulur, amma kitabda Ana xətt kimi keçən fikir, ideya - türklük, türkçülük
düşüncəsi", türkizm idi və əgər türk düşüncəsinin
mahiyyətini iki sözlə ifadə etmək lazım gələrdisə, bunu
"Yaşamaq haqqı"
adlandırmaq olardı.
Və Anarın bu çox dəyərli əsərinin adı da "Yaşamaq haqqı" idi. («Право на жизнь»).
"Yaşamaq haqqı", inadla və israrla deyirəm, son yüzildə istər Azərbaycanda, istərsə
də Türkiyədə
Əli bəy Hüseynzadənin və Ziya Gökalpın yazdıqları istisna edilərsə, türk düşüncəsi üzərinə
qələmə alınmış
bütün əsərlərin
fövqündədir. Mən bu
sətirləri yazarkən
Hilmi Ziya Ülkenin Çağdaş
Türk Düşüncə
Tarixi əsərini görməzdən gəlmirəm.
Hilmi Ziyanın əsəri Türkiyədə
çağdaş türk
düşüncəsini, Anarın
əsəri isə Orxon-Yenisey abidələrindən
başlayaraq, günümüzə
qədər gəlib keçmiş türk düşüncə dalğasını
və tarixini - ədəbiyyatı ilə,
diliylə, siyasəti
ilə Azərbaycan kontekstində tədqiq və təqdim edir.
"Ədəbiyyat qəzeti"nin bu sayını Anara həsr etmək barədə çox düşünmədim, Anar müəllimə də, qəzetlə bağlı bütün məsələləri, adətən, birgə müzakirə etdiyimiz Fikrət Qocaya da bu barədə heç nə demədim. Ona görə ki, Anar müəllim heç bir halda buna imkan verməyəcəkdi, Fikrət Qoca isə məramımızı Anar müəllimə çatdıra bilərdi. Bir halda ki, o Anardır, tutduğu vəzifədən çox-çox ucada dayanan bir mütəfəkkirdir. Bir halda ki, Abidə İnsandır. Niyə də "Ədəbiyyat qəzeti"nin bir sayı təzə-tər yazıları ilə bütövlükdə bu böyük müasirimizin səksən illiyinə həsr olunmasın?.. Həm də illər keçəndən sonra, lap yüz ildən sonra olsa da "Ədəbiyyat qəzeti"nin bu sayının kitabxanalarda nadir nüsxə kimi axtarılacağına inanıram. Bizdən sonrakı nəsillər bu günümüz barədə xoş bir təəssüratla düşünəcəklər ki, nə zamansa ölkənin əksər dəyərli qələm sahibləri öz böyük müasirlərini bu qədər həssasiyyət və sevgi ilə dəyərləndirə biliblər.
Elə bunun özü də Anarın YAŞAMAQ HAQQIDIR.
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2018.-
10 mart.- S.32.