Taqorun vətənində...
- Bir şey varsa
dünyada,
o da ki, Tac Mahaldır...
Rabindranat Taqor
1913-cü
ilin ədəbiyyat üzrə Nobel mükafatçısı
Rabindranat Taqor ondan əvvəl və sonra bu ali
mükafatı alanlardan bir çox cəhətinə görə
fərqlənirdi. Birincisi, mükafat ilk dəfə
olaraq Asiyadan olan bir şairə verilirdi. İkincisi,
çox az nobelçilərdəndir ki,
mükafatı almağa getmədiyindən Nobel nitqi də
söylənməmişdir. Üçüncüsü,
böyük yazıçı, dramaturq, rəssam, bəstəkar,
filosof olan Rabindranat bu mükafatı kiçik bir şeir
kitabına görə almışdı. Ən
maraqlısı isə mükafatlandırma komitəsinin
"müəllifin poetik təfəkkürünü
böyük bir ustalıqla ifadə edən, Qərb ədəbiyyatının
tərkib hissəsinə çevrilmiş dərin duyğulu
orijinal və gözəl şeirlərinə görə"
kimi əsaslandırması olmuşdu. Əslində isə
"Hind cəmiyyəti"ndən olan dostlarının
köməyilə müəllifin özünün
çevirdiyi "Gitançali" ("Fədakarlıq
nümunələri") kitabı ingiliscə cəmi bir il əvvəl dərc olunmuşdu. 103 mənsur şeirdən ibarət kitaba Britaniya
şairi Uilyam Batler Yets ön söz yazmış və onu
yüksək qiymətləndirmişdi. Çox
qısa bir zamanda kitab böyük şöhrət
qazanmış, on dəfə təkrar nəşr edilmiş və
müxtəlif Avropa dillərində sürətlə
yayılmışdı. Kitab haqqında ingilis qəzetlərində
çap olunan resenziyaların birində yazılırdı:
"Bu şeirləri oxuyan zaman başa düşürsən
ki, bunlar, sadəcə olaraq yabançı bir mədəniyyətin
maraqlı nümunələri deyil. Bu qeyri-adi
poeziya örnəkləri bizə ingilis dilində əsl
şeirin necə yaradıla biləcəyini göstərir.
Əlbəttə, əgər bizim şairlər
də duyğu ilə düşüncə arasında bu
cür harmoniya yaratmağı bacarsaydılar". Doğrudan da, Rabindranat Taqorun sonrakı
yaradıcılığında - istər şeirlərində,
istər roman və hekayələrində, istərsə də
digər yaradıcılıq məhsullarında bu iki amil -
duyğu və düşüncə harmoniyası
başlıca rol oynayır. Bundan yüz
ildən çox bir zaman keçib; arxada qalmış bu illərdə
Taqor yaradıcılığı dəfələrlə nəşr
edilib, müxtəlif yönlərdən öyrənilib.
Lakin onun Avropanı qısa bir müddətdə
fəth etməsinin sirri hələ də
açılmayıb. Doğrudur, burada Qərb
ədəbiyyatından fərqli duyğu və
düşüncə olması amilini danmaq olmaz, ancaq bu fərqliliyi
yalnız bununla məhdudlaşdırmaq da düzgün
olmazdı. Komitənin "Qərb ədəbiyyatının
tərkib hissəsi" əsaslandırması nə deməkdir?
Bu fikrin arxasında nə durur? Bəlkə bununla rəyçilər seçimlərinin
poetik kəşflərini düzgün açmayıblar? Bu fikirlər şairin
poeziyasının bədii dəyərini olduğu kimi əks
etdirirmi?. Həm də belə
çıxırdı ki, bu ali ədəbiyyat
ödülünü ancaq Qərb ədəbi təfəkkürü
və ona yaxın örnəklər ala bilər. Əslində isə Taqor poeziyasında Qərb ədəbi
təfəkkürünə məxsus heç nə yox idi; təbiiliyi,
saflığı, bulaq suyu kimi təmizliyi və ümumbəşəriliyilə
yanaşı, ən əsası bütünlüklə -
Şərq təfəkkürünün məhsulu idi. Bu hadisəni bir qədər də XIX yüzildə
Mirzə Şəfi Vazehin F.Bodenştedtin tərcüməsində
Avropanı fəth etməsi ilə müqayisə etmək
mümkündür. O zaman da Avropa oxucuları bənzərsiz
Şərq təfəkkürü və üslubu ilə
qarşılaşmış və bu poetik təfəkkürü
hərarətlə qəbul etmişdilər...
Təxminən
iki il əvvəl akademik İsa Həbibbəylinin
təşəbbüsü ilə Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda Azərbaycan-Asiya ədəbi əlaqələri
şöbəsi yaradıldı. O zaman akademik bu şöbənin
yaradılmasını əsaslandırmaq üçün sadə
bir məntiqə əsaslanmışdı; indiyədək
dünya ədəbiyyatı adı ilə öyrəndiyimiz ədəbiyyat
daha çox Qərbi və Amerikanı təmsil edir. Əslində isə dünyanın böyük bir
hissəsinin ədəbiyyatı bu kontekstdən kənarda
qalır. Çin, hind, Korey, yapon, əfqan
və b. Asiya xalqları ədəbiyyatının da prioritet təşkil
etdiyini yalnız bu xalqların ədəbiyyatına bələd
olduqdan sonra görmək olar. Artıq
akademik İsa Həbibbəylinin rəhbərliyilə bu
xalqların ədəbiyyatını öyrənmək və
araşdırmaq üçün istiqamətlər müəyyənləşmiş,
tədbirlər görülmüş, müqavilələr
bağlanmışdır. Şöbə əməkdaşları
bu ölkələrdə keçirilən müxtəlif
konfranslara qatılır, müzakirələrdə iştirak
edir, məqalələr dərc etdirirlər. Keçən
il akademik İsa Həbibbəyli və mən
Çində böyük bir simpoziuma
qatılmışdıq. Filologiya üzrə fəlsəfə
doktoru Bəsirə Əzizəliyeva isə Pakistanda Məhəmməd
İqbal yaradıcılığı ilə bağlı məruzə
etmişdi. Bu günlərdə isə mən
Hindistanın Assam ştatının Quvahatı şəhərində
konfransa qatılmışdım. Quvahatı Universitetinin
fars bölümünün hər il
fevralın 8-10-da keçirdiyi "Mədəniyyətlərarası
dialoq: Hindistan, İran, Türkiyə və Mərkəzi Asiya
arasında elmi və mədəni ideyaların mübadiləsi"
adlı konfransın bu dəfəki toplantısı Sasani və
Qutba sülalələri irsinə həsr olunmuşdu. Azərbaycandan
prof. Nadir Məmmədli "Ərəb, fars və Azərbaycan
dilində yalançı ekvivalentlər", f.ü.f.d.Nəzakət
Məmmədova "Firdovsi və Əttar yaradıcılığında
müştərək məqamlar", f.ü.f.d. Tahirə
Əliyeva isə "Avropada sufizmin öyrənilməsi
problemləri", mən "Rabindranat Taqor və Azərbaycan
ədəbi-elmi mühiti" mövzusunda məruzə etməli
idim. Taqor mövzusu məruzələr
içində hind ədəbiyyatını təmsil edən
tək məruzə etdi. Əslində
burada bir qanunauyğunluq da var idi. Əvvəldə
qeyd etdiyimiz kimi, Taqor yaradıcılığında
Avropanı cəlb edən sirli poetik təfəkkürün əsasında
hind ekzotikası ilə yanaşı, təsəvvüf fəlsəfəsi
və mistikası da mühüm yer tuturdu. Avropanı cəlb edən, lakin etiraf olunmayan amillərdən
biri də şairin təsəvvüf fəlsəfəsi və
mistikası ilə yaxından səsləşən
poeziyası olmuşdu. Bunu mən iki ildən
bəri Taqor yaradıcılığını
araşdırarkən bir daha özüm üçün kəşf
etdim. Taqorun dünya ədəbiyyatında müəyyən
yer tutmasında Şərq düşüncəsinin, eləcə
də təsəvvüf fəlsəfəsi və
mistikasının rolu az olmayıb. Elə Taqor yaradıcılığının Azərbaycanda
bu qədər yaxından öyrənilməsinin nədənlərindən
biri də, heç şübhəsiz, klassik Şərq poetik
təfəkkürü ilə səsləşməsi olub.
Heç bir xarici yazıçı və
şair Taqor qədər Azərbaycan ədəbi mühitinin
diqqətini çəkməyib. Cəmi bir neçə
ildən sonra milli ədəbi mühitin Taqorla
tanışlığının yüz ili
tamam olacaq. İndiyədək heç bir xarici
yazıçı və şairin səkkiz cildi Azərbaycan
dilinə çevrilməyib. Açığı
məni Taqor yaradıcılığına bağlayan da təkcə
onun mücadiləçi, müstəmləkəçiliyə
qarşı mübarizə aparan bir yazar olması
olmamış, həm də son dərəcə orijinal poetik təfəkkürə,
zəngin ifadə vasitələrinə, dərin fəlsəfi
düşüncəyə malik bir şair, yazıçı
olması idi. Bu konfransda iştirak etmək həm də
Azərbaycan ədəbi, elmi mühitini tanıtmaq
baxımından əhəmiyyətli ola
bilərdi. Bunun üçün Hindistan səfirliyinə
viza müraciətimə müsbət cavab verildi. Pasportu götürərkən gözləmədiyim
halda səfirin mənimlə görüşmək istəyini
bildirdilər və otağına dəvət etdilər.
Məlum oldu ki, edəcəyim məruzə
Hindistanın Azərbaycandakı səfiri cənab Sancay
Rananın diqqətini çəkib. Səfirlə
yarım saatlıq söhbətimizdə də bu marağı
aydın hiss etdim. O, Taqor yaradıcılığına
müraciətimin səbəbi ilə maraqlandı. Mən
AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü
ilə Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda yaranan Azərbaycan-Asiya ədəbi əlaqələri
şöbəsində həm də hind ədəbiyyatının
öyrənilməsi və bir elmlər doktorluğu üzrə
dissertasiya işinin yazılması haqqında məlumat verirəm.
Cənab səfir Sancay Rana ilə söhbətimiz
səmimi alınır. Taqor haqqında monoqrafiya
yazdığımı duyunca onu hansı dildə
oxuduğumla maraqlanır. Mən ona yüz ildən
bəridir zaman-zaman bu böyük dahinin əsərlərinin
Azərbaycanda nəşr edilməsi barədə müfəssəl
məlumat verirəm. 60-cı illərdə Taqorun 8
cildlik "Seçilmiş əsərləri"nin çap olunduğunu, hətta müstəqillikdən
sonra əsərlərinin bir neçə dəfə kitab
şəklində buraxılması faktları onu sevindirir. Görünür ki, bu məlumatlar cənab səfir
üçün tamamilə yeni olmaqla, həm də fərəhləndirici
idi. Sancay Rana Taqorun əsərlərinin
hansı dildən tərcümə olunmasını da
soruşur. Əlbəttə, bu əsərlərin
əksəriyyəti rus dilindən edilib. Sovet
dövründə orijinaldan tərcümə milli
respublikalarda nadir hallarda həyata keçirilirdi. Hər hansı bir əsər əvvəl ruscaya tərcümə
olunmalı, ruscadan isə başqa xalqlar öz dilinə
çevirə bilərdi. Və burada deməliyəm
ki, Taqordan olan tərcümələrin bir çoxu heç də
ürəkaçan deyil. Çünki
bunların heç biri orijinaldan edilməyib. Hətta bəzən bu tərcümələrdə
müəllifin nə demək istədiyi sadəcə
aydın olmur. Taqor
yaradıcılığını bütün fəlsəfi
dərinliyi, mistik aurası ilə yalnız orijinaldan yüksək
tərcümə sayəsində çatdırmaq
mümkündür.
Cənab səfir mənim Quvahatıya hansı
marşurutla getməyimlə maraqlanır. Artıq bilet
aldığımı bildikdə isə təəssüflənir.
Buna səbəb o idi ki, əgər bilet
almamış olsaydım, mənə Kəlkətədən
(Kəlküttə), onun anadan olduğu şəhərdən
getməyi məsləhət bilərdi. Ona görə
ki, bu şəhərdə Taqorun yaratdığı
açıq universitetlə də tanış
ola bilərdim (Taqor sənətinə vurğunluq nə zamansa
məni onun doğulduğu məkana da aparacaq!). Səfir Hindistanın xəritəsini gətirərək
mənim getdiyim ştatı və şəhəri göstərir.
Məlum olur ki, getdiyim Assam ştatı Hindistanın
şimal-şərqində yerləşir. Quvaxati şəhəri isə regionun kommersiya
paytaxtı kimi tanınır və buranın vacib kommunikasiya mərkəzi
rolunu daşıyır. Şəhərin
gündəlik ticari əlaqələri üç bazarda
(Bazar Paltan, Pen Bazar və Fensi Bazar) həyata keçirilir.
Quvaxatıdəki dövlət muzeyi etnoloji
eksponatlar baxımından çox zəngindir. Burada XV yüzilə gedib çıxan qədim əşyalar
nümayiş etdirilir, zooloji və botanika bağı çox
məşhurdur. XVI yüzilə aid Umananda məbədinə hər il on
minlərlə turist gəlir. Məbəd
Şive allahı və onun həyat yoldaşına həsr
edilmişdir. Buraya gələnləri
çoxlu meymunlar müşaiyət edir. Bizi
həm də Navaqraxa və Sankaradeva Kalakşetra məbədləri
də gözləyirdi. Səfir Sancay Sunay
onsuz da mənim üçün ekzotik ölkə olan
Hindistanın Assam ştatının tarixi, təbiəti ilə
bağlı söylədikləri məni sehrli bir aləmə
salır və bu bənzərsiz dünyanı tezliklə
görmək həyəcanı yaşayıram. Onun Quvaxatının məşhur çayından və
ipəyindən mütləq almamla bağlı xəbərdarlıq
edir. Ayrılarkən cənab səfir məni hər il may ayında Hindistan səfirliyində
keçirilən Taqor günlərinə dəvət edəcəyini
bildirir. Ayrıldıqdan sonra Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda
yaradılan bu şöbənin məqsədinin təkcə
araşdırma aparmaq olmadığı, həm də bir mədəni
missiyanı həyata keçirdiyi qənaətinə gəlirəm.
Cənab səfirin bu sadəliyi uzun müddət nəinki
yaddan çıxmır, hətta bir həftə boyu onun vətənində
olduqda insanlardakı saflıq, təmizlik, sadəlik, qonaqpərvərliyin
haradan gəldiyi mənim üçün aydın olur, hind
xalqının nə qədər zəngin mənəvi-daxili
aləmə, sadə ürəyə malik olduğunu bir daha yəqin
edirəm.
Hindistana
professor Nadir Məmmədli, M.Füzuli adına
Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədli
ilə birgə yola düşürük. Əlyazmalar
İnstitutunun başqa bir əməkdaşı Tahirə
Əliyeva isə bir gün sonra gələcəkdi. Yolçuluq uzun olsa da, Taqorun vətənini görmək
marağı bu yorğunluğu unutdurur. Günorta
saatlarında Quvahatıya çatırıq. Bizi hava limanında qarşılayıb
"Lilavati" otelinə aparırlar. Yol boyu
qarşılaşdığımız mənzərəyə
heyrətimizi gizlədə bilmirik; Bakı küçələrinə
nəzərən dar yollarda maşınlar, motesikl və
velosipedçilər bir-birinə çox yaxın və
sıx şəkildə hərəkət edir, hər an qəza törədəcəkləri təsəvvürü
yaradırdı. Lakin orada olduğumuz müddətdə
heç zaman belə bir hadisə ilə
qarşılaşmamağımız hələ də məni
təəccübləndirir. Yol kəsişmələrində
işıqforların olmaması da marağımızı bir
qədər də artırırdı. Bir
neçə saat dincəldikdən sonra Nadir Məmmədli,
onun qızı İzmir Ağ Dəniz Universitetinin memarlıq
fakultəsinin üçüncü kurs tələbəsi
Ulya Məmmədli şəhərə
çıxırıq. Bu cür səfərlərdə
ilk təəssürat adamın yaddaşında həmişəlik
qalır, bəzən o ölkə, yer haqqında müəyyən
fikir formalaşdırır. Lakin oteldən
çıxan kimi küçənin əks istiqamətindəki
oteldə hindli toyu ilə qarşılaşmalı oluruq. Toy otelin həyətində
çalınırdı. Bəzənmiş ağ atın üstündə əyləşmiş
bəyi dövrəyə alıb 5-6 nəfərlik musiqi dəstəsinin
müşayiəti ilə onun ətrafına
toplaşmış adamlar yerində duraraq əlləri,
qolları ilə ritmik hərəkətlər edir, bəy də
onlara qarşılıq verirdi. Otel ətrafında
bəzəkli dayanmış maşınlarıın
markalarından, qonaqların geyimindən zəngin hindlilərin
toyu olduğu görünür. Oynayanları
əhatə edən toy adamları və qonaqlar son dərəcə
maraqlı anları telefonları ilə görüntüyə
alırdı. Bəyin ətrafına
toplaşmış oğlan və qızların rəqsləri
maraq doğururdu. Elə bu zaman gənc yol
yoldaşımız Ulyanın hindli olmadığını
görüb səmimi ortamdan istifadə edərək onu da
oynamağa dəvət edirlər. Ulyanın
gözəl milli oyunu həm toy sahiblərinin, həm də ətrafda
toplanmış tamaşaçıların diqqətini ona
yönəldir. Açıq havada baş
tutan bu mərasimdə hind toyu bizə nə qədər
maraqlı gəlirdisə, milli Azərbaycan rəqsi də
hindlilərə o qədər xoş təsir
bağışlayır. Bir neçə dəqiqədən
sonra bəyin mindiyi atın yüyənindən tutaraq toy adamları
oteldən ayrılırlar. Onların
ardınca bəzənmiş toy maşınları gedir; yəqin
ki, bir-iki tin sonra bəyin adamları bu maşınlarda qız
evinə varacaqdı. Şəhərlə
tanışlıq yaxşı başlamışdı;
acılı yeməklərinə də (
türkiyəli dostumuz dos.dr. Ənvər Uzunun orada olduğu
müddətdə yalnız özü ilə gətirdiyi yemək,
quru meyvə və alma yeyirdi!) öyrəşə bilsək,
qarşıdakı günlərin yaxşı keçəcəyinə
heç bir şübhə yox idi. Otelə
qayıdırıq, foyedə yeni gələnləri
görürük. Axşam yeməyində
konfrans iştirakçılarının tərkibi haqqında
müəyyən təsəvvür yaranır. Fars bölümünün müdiri professor Rekubiddin
Ahmed qonaqların yerləşimi ilə maraqlanır.
Keçən il bu konfransda iştirak edənləri
tanıdığından daha hərarətlə
görüşür, mənim kimi konfransa ilk dəfə
qatılanlara da səmimiyyətini əsirgəmir. İlk dəfə
görsə də, kimin kim olduğunu
yaxşı bilir. Əllidən çox
iştirakçılar içərisində Azərbaycandan 4,
Qazaxıstandan 2, Özbəkistandan 2, Tacikistandan 2, Türkiyədən
2 məruzəçi ilə təmsil olunurdu. Məruzəçilərin
əksəriyyəti İrandan və dünyanın müxtəlif
yerlərindən qatılan fars ədəbiyyatı
mütəxəssisləri idi. Konfransın
Sasani dövrünə həsr edilməsini nəzərə
almış olsaq, bunu təbii qarşılamaq olar.
Konfransı
Quvahatı Universiteti fars fakultəsinin
müdiri prof. Rekubiddin Ahmed açır. Daha
sonra universitetin prorektoru Mridul Hazarikaya söz verilir. Panel iclasında Hoyatollah Abedi, Bhabeş Gosvami, Seyid
Amir Hasan Amin, Seyid Aynul Hasan, Roşan Ara Begumun məruzələri
dinlənilir. Seksiya iclasları da eyni
maraqla davam edir. Axşam milli hind musuqisi və
rəqsinə qonaq oluruq. İkinci gün də
konfrans seksiyalarda davam edir. Məruzələrdən
sonra suallar başlayır, qızğın müzakirələr
gedir. Məruzələrin slaydla göstərilməsi
zamanı aparatda problem yaranır. Bu zaman
dövrəyə Ulya girir və tez bir zamanda nasazlıq aradan
qalxır. Hamı ona əl çalır.
Ulya ikinci alqışı türk və azərbaycanlı
məruzəçilərin dil problemi zamanı ingiliscəyə
tərcüməsi zamanı alır. Gənc qonağın
ünvanına alqış bir də axşam gəmi gəzintisi
zamanı gəlir. Ulya royal arxasına
keçir və bəstəkar mahnısı ifa edərək
bir gündə üçüncü dəfə
hamının alqışını qazanır. Gənc azərbaycanlı qızının bu
intellektuallığı və istedadı yalnız qürur
hissi doğurur. Burada Milli İslam Camiəsi Univeritetinin
professor köməkçisi Mohsin Ali ilə tanış
oluruq. Məruzəm onun da diqqətini çəkir.
Mənə iki gündən sonra Dehlidə Taqorun urdu dilində nəşr edilmiş
beşcildliyini bağışlayacağına söz verir. Ümumiyyətlə, Hindistanda olduğum günlərdə
hər yerdə Taqorun təsvir etdiyi yerləri görür,
onun qəhrəmanları ilə rastlaşırdım.
Elə ikinci günü gəmi gəzintisi zamanı
çayın sahilində tanış
olduğum Romeş adı mənə yazıçının
"Fəlakət" romanından yaxşı tanış
idi. Təsadüf, ya zərurətdənmi konfransda tanış olduğum əməkdaşlardan
birinin də adı Kamola idi. Kamola da "Fəlakət"
romanının qəhrəmanlarından biridir (tərcümədə
bu ad gah Kəmalə, gah da Kamola gedib). Konfransın
üçüncü günü də proqramın sıx
olması Quvahatını və onun məşhur üç
bazarını gəzməyə imkan vermir. Üstəlik həmin gün günorta təyyarə
ilə Dehliyə çıxmalıyıq. Deməli ki, bağlanış toplantısına qatıla
bilməyəcəyəm. Cənab səfir
Sancay Rananın çay və ipək məsləhətini
xatırlayıram. Dr.Mohsin Ali ilə imkan
tapıb çay ala bilsəm də, məşhur ipək məhsullarını
görməyə vaxt və imkan qalmır.
Dehlidə məni Dehli Cəvairləl Nehru Universitetinin
professoru Ahlak Ahan qarşılayır. Mən onunla keçən il Bakıda Nəsimiyə həsr olunmuş
konfransda tanış olmuş, hind və Azərbaycan ədəbi
əlaqələrinin yeni mərhələsində birgə
işlər görməklə bağlı söhbətlər
aparmışdıq. Əvvəlcədən
danışdığımız kimi, Dehlidə olduğum iki
günün birini Aqraya getməliyəm. Bunun
üçün prof. Ahlak Ahan türk dili mütəxəssisi
ilə calaşdırır. Səhəri gün Cəvairləl
Nehru Universitetinin türk dili bölümünün
başqanı dr.Gous Maşkoor Xanla səhər saat 7-də
Aqraya Tac Mahal möcüzəsini görmək
üçün Dehli dəmir yol vağzalına gəlirik.
Aqraya Tac Mahal möcüzəsini görmək
üçün iki yol təklif edilmişdi; ya taksi ilə 4
saatlıq yol getmək, ya da sürətli qatar vasitəsilə
iki saata orada olmaq. Gous Xan ikinci yol rahat
olduğunu uyğun görüb bir gün əvvəldən
bilet almışdı. Sürətli qatarla
getməyimiz rahatlıqla yanaşı, bizə həm də
gerçək realizmi də göstərdi. Hər yerdə məni müşayiət edən
romantik hind musiqisini indi gördüyüm təzadlı həyat
gerçəklikləri əvəz edirdi. Yol
boyu evsiz-eşiksizləri, açıq havada yaşayanları
seyr etmək o qədər də asan deyildi. Lakin yol boyu həm də əkilmiş, yaxud artıq
göyərmiş taxıl zəmilərini, bərəkətli
hind torpaqlarını görürük. Budur,
Aqraya çatırıq. Burada gördüklərim isə yalnız
məni deyil, hər kəsi təəccübləndirə bilər.
Qatardan düşən turist axınını
taksi sürücüləri, yaxud öz xidmətini təklif
edən çoxlu insanlar qarşılayır. Onlar səni Tac Mahala ya ucuz aparacaqlarını
bildirir, ya da köməklərini təklif edirdilər.
Lakin bütün bunlar möhtəşəm Tac Mahalı,
ondan bir qədər aralıda yerləşmiş Əkbər
Şah (Kote mari) türbəsini seyr edərkən yaddan
çıxır və bu cür nəhəng sənət əsərlərini
yaradanlara və onu qoruyub saxlayan, dünyaya təqdim edən
hind xalqına minnətdarlıq duyğularını ifadə
edirsən. Tac Mahalı böyük moğollar
sülaləsinin sonuncu hökmdarlarından biri Şah Cahan
(1627-1658) sevimli həyat yoldaşının qəbri
üstündə xatirəsini əbədi yaşatmaq
üçün tikdirib. Şah Cahanın
öz cənazəsi də həmin mövzeleydə dəfn
edilib. Bu gün bu abidə nəinki
Hindistan, eləcə də dünya incəsənətinin ən
nadir incilərindən biridir. Bu gözəl sənət
əsərini seyr edərkən Rabindranat Taqorun
aşağıdakı misraları yadıma düşür:
Şərqi
sən çatdırmısan şöhrətə, ey Şah
Cahan,
Bilirsən ömrü, zəri hara aparır zaman.
Tək kədərdir
əbədi, bəli, həqiqət budur
Sənin əmrin, fərmanın o dünya qanunudur.
...Bir şey
varsa dünyada,
o
da ki Tac Mahaldır,
Döyünürsən ey ürək, de görüm bu
nə haldır?
Səhəri gün professor Ahlak Ahan səhər tezdən
maşını ilə bizi oteldən götürüb Cəvahirləl
Nehru Universitetinə aparır. Universitetin ərazisi mənə
oğlum Səncərin bakalavr təhsili aldığı Orta
Doğu Texniki Universitetini xatırladır. Böyük ərazisi olan Universitetin hər
fakültəsi ayrıca bir binada yerləşir. Tələbə, magistr və doktorantlar
üçün yataqxanalar, qonaq evləri və s. hər şey
kampusun içindədir. Gün ərzində
türklərin Yeni Dehlidə yerləşən başqa bir sənət
möcüzəsi Minar Qütbü və hind məbədlərini
ziyarət etdikdən sonra Ahlak Ahanın evinə gəlirik.
Professor və müəllim heyəti
Universitet şəhərciyində oblar üçün nəzərdə
tutulmuş evlərdə yaşayırlar. İkinci mərtəbədə
yerləşən professorun üç otqalı mənzilində
bizi diş həkimi olan xanımı və doqquz yaşlı
oğlu, 8 yaşlı qızı qarşılayır.
Quvahatıda konfransda tanış
olduğum Dr.Mohsin Ali də buraya təşrif buyurur. Sən
demə, onlar yaxın dost imişlər. Mohsin Ali fars dili və ədəbiyyatı üzrə
doktorantura bitirmiş və müdafiə etmişdir. Lakin indi Universitetin Türk dili və ədəbiyyatı
bölümünün başqanıdır. Ona görə də Türkiyədə türk dili
və ədəbiyyatı üzrə magistr dərəcəsi
alıb. İndi isə türk xalqları ədəbiyyatı
üzrə doktoranturya daxil olmaq fikrindədir. Mən ona Azərbaycanda da müdafiə etmək və
türk xalqları ədəbiyyatı indeksi üzrə fəlsəfə
doktoru elmi dərəcəsi almaq imkanının olduğunu
bildirirəm. Bu təklif onun ürəyindən
olur, bizim institutla işlədiyi universitet arasında əlaqələrin
genişlənməsi ilə bağlı fikir mübadiləsi
aparırıq. Ortaq fikir bundan ibarət
olur ki, hind ədəbiyyatı ilə Azərbaycan ədəbiyyatını
bir-birinə bağlayan tellər çoxdur; onu inkişaf
etdirmək, yeni mərhələyə daşımaq isə
bugün qarşıda duran məsələlərdəndir.
Prof. Ahlak Ahan, Gous Xan və Mohsin Alinin simasında həm də Azərbaycan
ədəbiyyatının dostunu tapmış oldum. Hələ gələcəkdə görüləcək
işlərimiz çoxdur. Mohsin Ali beşgünlük
konfrans müddətində Taqorun vətəni ilə tanış olmağın
mümkünsüzlüyünü dilə gətirir. Bu,
doğrudur, ancaq mən artıq Taqorun əsərlərində
Hindistanı başdan-başa gəzmiş, bu xalqın mədəniyyəti,
tarixi, düşüncəsilə yaxından tanış
olmuşam. Gəzdiyim hər yerdə Taqorun təsvir
etdiyi həyatı, obrazlarını görürəm. Nəinki obrazlarını görür, onun Hindistanın
çiçəklənməsi, gənclərin yaxşı
təhsil alması üçün gördüyü
saysız işləri xatırlayıram. O,
xalqının gənclərinin savadlı, təhsilli
olmasını çox arzu edir, bunun üçün
çalışırdı. Ahıl
çağında 1936-cı ildə Kəlkətədə təhsillə
bağlı üç mühazirə oxumasının da əsas
amacı bu idi. "Çitranqoda" əsərinin
musiqili variantını hazırlayıb Kəlkətədə
premyerasını qoymuş, bu uğurlu premyeradan sonra artistlərlə
Hindistan üzrə turneyə çıxmışdı.
Məqsəd Universitet üçün pul
toplamaq idi. Truppa Dehliyə gəldikdə
Mahatma Qandi də burada idi. O, qoca və xəstə bir
şairin Vişhabharati Universitetinə müəyyən vəsait
toplamaq üçün bu yaşında və bu vəziyyətdə
səfərə çıxmasından sarsılır və
Taqora içində 60 min rupilik çek olan konvert göndərir.
Məktubda "itaətkar həmvətənlərindən
ianə" sözləri yazılmışdı. Bir
neçə il sonra Mahatma Qandi və
xanımı şairi ziyarət edirlər. Taqor
Şantinektonun manqo meşəliyində onların şərəfinə
təntənəli qəbul təşkil edir. Bu onların son görüşü olur. Ayrılarkən Taqor ona bir məktub verir. Məktubda Qandidən Vişhabharati Universitetinə
yardım göstərməsini xahiş edirdi. Cənab səfir
də mənim Kəlkətədən getməyimi məsləhət
edərkən məhz bu universitetə baş çəkməyimi
istəyirdi...
Hindistandan ayrılıram, lakin Rabindranat Taqorun bədii
düşüncəsinin, təfəkkürünün cazibəsindən
ayrılmaq hər zaman çətindir. O, bütün
varlığı ilə doğulduğu torpağı, mənsub
olduğu xalqı və vətəni vəsf etmişdir. Gecə
saat 3-də təyyarəmiz Dehlinin sayrışan
işıqları üzərinə qalxarkən mənzərəni
müşahidə edib şairin bu sözlərini beynimdən
keçirirəm:
Sən
dünyanı özünə heyran edən diyarsan,
Şəffaf
qızıl şüalar yayılıb hər yerinə...
Bədirxan ƏHMƏDLİ
Professor
Ədəbiyyat qəzeti.- 2018.- 17
mart.- S.30-31.