Nəriman Həsənzadə və Mir Seyid Həmzə Nigari

 

Bir neçə il əvvəl Bakıya getmişdim. Bir həftə orada qaldım. Bu bir həftə içində həm çox gözəl xatirələrim oldu, həm də çox gözəl dostlar qazandım. Aradan xeyli vaxt keçdi və bəziləri ilə əlaqəm kəsildi. Amma o gündən bəri heç üz-üzə görüşməsək də, böyük xalq şairi Nəriman Həsənzadə ilə dostluğumuz indiyədək davam edir.

Bir axşam  Bakıda yemək yediyimiz vaxt mənə "Nuri Paşa" şeirini oxudu və: "Bunu Türkiyədə nəşr etdirə bilərsənmi?" - deyə soruşdu. Çox uzun bir şeir idi. Əvvəl şeiri türk dilinə tərcümə etdim. Sonra da bir jurnalda və gündəlik çıxan bir qəzetdə nəşr etdirdim. Hər halda bu onun çox xoşuna gəlmişdi. Ona görə də bir incəlik göstərərək "Nuri Paşa" adlı kitabının ikinci hissəsində mənim tərcüməmi, yazdığım yazını və haqqımda qısa məlumat vermişdi.

Hər dəfə telefonla danışdığımız zaman məni Bakıya dəvət edib "qonağım ol" - desə də, Azərbaycana bir də getmək qismət olmadı.

Bir gün yenə o dost səsini telefonda eşidəndə çox şad oldum. Artıq 86 yaşına gəlmiş olan  dəyərli ağsaqqal Nəriman müəllim, hələ də gənc bir dəliqanlı enerjisi ilə yazıb-yaradır, ədəbiyyat dünyamıza  yeni gözəlliklər bəxş etməyə davam edir. "Pir Həmzə Nigari türbəsi" əsərini mənə göndərdi və onun da tərcümə edilib Türkiyədə nəşr edilməsini arzu etdiyini bildirdi. 120 səhifəyə yaxın olan bu gözəl kitabı gecə-gündüz çalışaraq  qısa bir müddət ərzində türk dilinə təcümə etdim.

Bu iş mənə həm Azərbaycanda istifadə edilən dilimizi yenidən xatırlamaq və inkişaf etdirmək imkanı verdi, həm də heç ağlımda olmayan, daha doğrusu, bilmədiyim bir mövzu haqqında məlumat sahibi olmağıma səbəb oldu. Eləcə də, Amasyada olan Seyid Həmzə Nigari türbəsi və  bir çox başqa  mövzular haqqında da bilgi aldım.

O cümlədən Sadiq Ağa, Cındır Osman, Nərminə İsgəndərzadə və ən önəmlisi Nəqşibəndi Şeyx Həmzə Nigari haqqında da çox şeylər öyrəndim və onları tanımaq imkanım oldu. Xüsusilə də hörmətli Həsənzadənin meydana gətirdiyi Həmzə  Nigari əsərindəki o təfsilatlı şeirlər, keçmişimizdən bu günümüzə uzanıb gələn bir yolun həm əziyyətini, həm də ülviyyətini bizlərə  təqdim etdi.

Nərminə xanımın şeyxin türbəsini yenidən təmir etdirməsi, müridlərinin sədaqətinə yaraşan  bir hala gətirməsi, doğrudan da çox böyük bir iş. Nəvələrinin gələcəkdə görəcəkləri işlərə örnək olması baxımından da çox gözəl bir davranışdır.

Türbənin dağılıb getməsinin qarşısını alaraq, onu yenidən bərpa edən,  canlandıran  xeyirxah Nərminə İsgəndərzadə sanki bu poemanı yaratması üçün  Nəriman Həsənzadəyə  ilham vermişdir.

Yazıçımız:

Hünər qadın hünəridir,

Bu hökmü də zaman verir.

Sən türbəni göstərirsən,

Türbə səni nişan verir...

- deyərək onun xidmətini misralarında ölümsüzləşdirir. Həsənzadə daxili gözəlliyini çöhrəsində əks etdirən Nərminə xanıma necə dəyər verdiyini, ona olan heyranlığını bir çox misralarında  dilə gətirmişdir.

"Ey Nərminəm, Paşam mənim" - deyə başlayan misralarda onun qeyrətinin müqəddəs bir ibadət dərəcəsində olduğunu açıq şəkildə dilə gətirmişdir.

Seyidin müridlərindən olan Səfər bəyin ruhunun da beləcə şad olduğunu və ən  önəmlisi:

Bu torpağın  sən fitnəsiz cəsur qızı,

Yazdın türkün tarixinə bizim də türk adımızı.

- deyərək Nərminə xanımın  necə böyük bir yükü çiyinlərinə götürdüyünü vurğulayır. Onun vətəni, torpağı, cəmiyyəti olduğu kimi, bu türbənin də onun qürur mirası olduğunu xüsusilə diqqətə çatdırır. Nəriman Həsənzadənin şah əsəri olan bu dastanın əsl qəhrəmanı Seyid Həmzə Nigaridir. İlham pərisi isə xeyirxah, cəsur və gözəl  türk qızı Nərminə xanımdır. Şair onun üçün çox şey söyləyib, amma sadəcə bu misra belə yüz dəfə təkrarlanaraq oxunsa da,  Nərminə xanım üçün dəyər.

Ey qızların gözünün, gözünün, gözünün gözü

Bu ifadə qarşısında təzim edərək baş əymək lazımdır.

Doqquz yaşında olarkən  gördüyü bir yuxunun təsiri ilə eşqin sehrinə düşən və 80 il "Allah" deyərək ilahi eşqin böyüklüyünü yaşayan Mir Həmzə Nigar adlı bir xanımda Allaha gedən yolu tapmış və  "Nigari" təxəllüsünü alıb doğru yolda irəliləyərək öz divanını qurmuşdur.

Məcnunu Allah yoluna  götürüb Qeys ikən  Məcnun edən də Leyli deyilmi? Saf bəşəri eşqlər zaman keçdikcə ilahi eşqə çevrilmirmi?

Bəli, usta qələm sahibi, böyük şair, həyatının böyük bir hissəsini yazıb yaratmağa, öyrətməyə, doğru yolda  irəliləməyə həsr etmiş dəyərli Nəriman Həsənzadə türbə təmir edildikdən  sonra açılışı üçün Amasyaya gəldiyi zaman o möhtəşəm atmosferin təsiri ilə bu kitabın əsasını təşkil edən şeirini artıq yazmışdı. Şeir Nigarini, Sadiq Ağanı, Cındır Osmanı və əlbəttə, bu hadisənin baş tutmasını təşkil edən Nərminə xanımı həm ayrı-ayrı, həm də bir bütün içərisində anladaraq bizlərə təqdim etmişdir.

Nəriman Həsənzadə onsuz da Azərbaycanın tanınmış böyük bir qələm  ustadıdır. Ancaq bu kitabı ilə qurucu, tanıdıcı, birləşdirici, qucaqlayıcı bir insan kimi illərdən bəri davam edən  sünni-şiə  parçalanmasına həm özünün,  həm də Seyidin  necə qarşı çıxdığını, bunun  imperialist bir oyun olduğunu ortaya qoyaraq İslam qardaşlığının sanki bayraqdarı olmuşdur.

Şeirində də  yazdığı kimi; "Bizim Ömərlə, Osmanla bir davamız yox" deyərək dörd xəlifənin də İslam dini üçün etdiyi xidmətləri vurğulayaraq hər birinə olan sevgi və hörmətini ortaya qoymuşdur.

Bu gün ölkəmizdə də bu məzhəb davasını qızışdıranlara alət olan şüurlu və şüursuz insanlarla olan söhbətlərimizdə mən də  hər zaman deyirəm: "Qardaşım, Vallah Hz. Hüseyni mən öldürmədim. O ki qaldı Əhli-beyti sevməyə, sahib çıxmağa, hörmət göstərməyə bu onsuz da  bizə Hz. Peyğəmbərimizin əmri, tövsiyəsi və əmanətidir. Biz Hz. Əliyə necə sevgi bəsləyiriksə, siz də digərlərinə sevgi bəsləyin və bizi bir-birimizə düşmən etmək istəyənlərə fürsət verməyin." Bu sözləri daha təsirli bir şəkildə misra-misra söyləyən Nəriman Həsənzadənin əzmi və əməyi qarşısında hörmətlə baş əyirəm.

Həmişə sevgi və hörmətlə yad  etdiyim dəyərli Həsənzadə hocama "eşq olsun" deyirəm. Hələ uzun illər ədəbiyyat dünyamıza  gözəl əsərlər bəxş edəcəkdir. Onun "Seyid Həmzə Nigari" poemasını hər kəsin oxumasını tövsiyə edirəm.

Yolun açıq, qələmin kəskin  olsun əziz dost, böyük müəllim Nəriman Həsənzadə.

 

İstanbul-2018

 

İsmət Bora Binatlı

şair-dramaturq

 

Ədəbiyyat qəzeti.- 2018.- 17 mart.- S.29.