“Göz yaşı
insanı hər şeydən xilas etmir...”
"Sən yaxşı qızsan
Gülnar..." Bu sözlər hər birimizin xatirində dərin
iz salan "Səni axtarıram" tamaşasındandır. Həmin
tamaşa ki, onu bir gecənin içərisində məşhur
etdi. Milnlərlə tamaşaçı sevgisi
qazandırdı. Bu sevgi bəlkə də ona şəxsi həyatını
qurmaqda da mane oldu. Amma sənətə, teatra, səhnəyə
olan sevgisinə hər gün bir az güc, qüvvət verdi.
Bir müddət səhnələrdən uzaqlaşdı. Amma
tamaşaçının Gülnara olan məhəbbəti
bir an olsun belə azalmadı. O, təpədən
dırnağa səmimiyyətlə, mehribanlıqla
yoğrulmuş insandır. Canı ilə qanı ilə
Şuşalıdır. Bütün qəlbi ilə əsl
aktrisadır. Beləliklə, bu günkü
"Dördüncü divar" layihəsinin qonağı həmişə
yaxşı qız olan Milli Akademik Dram Teatrının aktrisası,
xalq artisti Firəngiz Mütəllimovadır. (Samirə
Əşrəf)
- "Almaz"
tamaşasındakı Fatmanisə rolunuzla sübut etdiniz ki,
aktrisa üçün heç bir ştamp yoxdur. Bu həm də
sizin sənətkar kimi böyüklüyünüzdən irəli
gələn faktor idi...
- Mən
həyatımla rolumun fərqini bilirəm. Həyatda bilirəm
ki, Firəngizəm. Amma səhnədə hər bir rolu ifa edə
bilərəm. Azər Paşa müəllim də Fatmanisə
obrazını mənə həvalə edəndə həmin
obrazı yaratmaq barədə bir xeyli düşündüm.
Çalışdım ki, məhz özümün Fatmanisəmi
yaradım. Misal üçün, müştüklə səhnəyə
çıxmadım. Onsuz da Fatmanisə tez-tez
tüpürürdü. Bu da onun tənbəki çəkməsindən
xəbər verirdi. Sonra da Azər Paşa müəllimlə
birlikdə özüm də müxtəlif tapıntılar əlavə
etdim. Əslində, heç özüm də təsəvvür
etmirdim ki, rol belə yaxşı alınacaq. Çünki biz
səhnədə olanda özümüzü
görmürük. Bizi siz tamaşaçılar daha
yaxşı görürsünüz.
Tamaşçıların və müxtəlif sənət
zövqü olan insanların fikrincə isə Fatmanisə
obrazı alındı. Mənim üçün də
çox xoş oldu ki, tamaşada iştirak edən sənət
dostlarımla birlikdə rolun öhdəsindən gələ
bildim.
- Sizinlə "Qanlı Nigar"
tamaşası ərəfəsində söhbət edərkən
də öz Nigarınızı yaratmağınızı
vurğulamışdınız...
- Bəli.
Mən çox istəyirəm ki, yaradacağım obrazı
öz içimdən gələn düşüncələrim,
rastlaşdığım müşahidələrim əsasında
yaradım. Mən özüm qadınam axı... Misal
üçün mənim on üç yaşımda elə səhvim
olub ki, indi yadıma düşəndə gülürəm.
Niyə də ağlayım? Sonra on beş, iyirmi yaşım
olub. O zaman ürək ağrısı gətirən səhvlər
indi çox xırda görsənir.
- Bəzən otuz yaşda olan səhvə
belə gülmək olur...
- Bəli.
Tamamilə haqlısınız. Bəzən sənə ən
ağır gələn, səni stresə salan nələrəsə
də qəhqəhə çəkib gülə bilirsən.
Göz yaşı insanı hər şeydən xilas etmir
axı. Deyilmiş fikir olsa da, həqiqətən də,
göz yaşı çox vaxt acizliyin əlaməti kimi təzahür
edir. Ona görə də baş verənlərə
gülümsəyərək, gülə-gülə də
münasibət bildirmək olar.
- Firəngiz xanım, müxtəlif erkən yaş səhvlərinə
daha kamil yaşlarda gülmək nəyin əlamətidir? Təcrübə,
ya həyat insanı tədricən gülməyə vadar edir?
- Həyat,
təcrübə insanı məcbur edir, döyə-döyə
öyrədir. Sonradan fikirləşirsən ki, ilahi nəyəsə
və yaxud da kiməsə
görə o qədər göz yalaşarına dəyərdimi?
Cavabı da elə tanrı yox, insan özü verir ki, dəyməzdi.
- Çoxsaylı teatr və
televiziya tamaşalarınız olub. İndi onları izləyəndə
aktrisalıqdan əlavə, həm də bir peşəkar
tamaşaçı kimi hansı hisləri keçirirsiniz?
- Hərdən
olur ki, fikirləşirəm filan tamaşada bunu belə etsəydim,
daha yaxşı olardı. Və yaxud da etməsəydim. Amma
elə rollarım da var ki, düşünürəm ki, onlara
heç bir əmma qoymaq lazım deyil. Korlana bilər. Elə
necə varsa, elə də yaxşıdır. Onu da deyim ki, hər
yaşın da öz təcrübəsi var. Bu sənətdə
də belədir. Sənətdə atdığın ilk
addımlarda rollarını necə ifa etmisənsə, elə
də qalsa, daha yaxşıdır. Sadəcə elə rollar
olub ki, ürəyimcə olmayıb, amma məcbur olub ifa
etmişəm.
- Bəs rejissorlarla iş prosesi məsələsində
necə, o dövrün rejissorları ilə bu dövrkülər
arasında fərq var?
-
Yox, mənə görə fərq yoxdur. İş elə gətirib
ki, mən bir çox rejissorlarla işləmişəm. Rəhmətlik
Mehdi Məmmədov, daha sonra məni əlimdən tutub teatra gətirən
rəhmətlik Əşrəf Quliyev, Hüseynağa Atakişiyev, Oruc
Qurbanov, sağ qalanlardan Mərahim Fərzəlibəyov, Bəhram
Osmanov, Azər Paşa Nemətov və.s rejissorlarla iş
birliyimiz olub. Yəni elə bir rejissor yoxdur ki, onunla işləməmiş
olum. Bu da aktrisa üçün böyük xoşbəxtlikdir.
Əlbəttə ki, hər bir rejissorun öz iş prinsipi
var. Elə rejissor var ki, onunla işləmək daha asandır.
Onun səndən nə istədiyini tez qavrayırsan. Elə
rejissor da var ki, fikirlərini bir az gec çatdırır. Onda
yük, təbii ki, aktyorun çiyninə düşür. Gərək
aktyor özü axtara, tapa. Bütün bunlar həm də
iş üslubunun gedişatından asılıdır.
- Həssas sual olsa da,
maraqlıdır ki, xəstəliyinizdən sonra səhhətinizlə
bağlı rejissorlardan özünüzə qarşı hər
hansısa eyham, ehtiyatkarlıq hiss etdiniz?
- Qətiyyən.
Əksinə, özümə qarşı dayaq, qayğı
hiss etdim. Azər Paşa müəllim gələnə qədər
mən ancaq repertuarımda olan tamaşaları
oynayırdım. Yəni yeni tamaşada iştirak etməmişdim.
O gələndən sonra elə bil, mənə ikinci ruh verdi.
Elə sənət dostlarım, Nurəddin Mehdixanlı və
digərləri də mənə çox dayaq oldular ki,
"Almaz" tamaşasının məşqlərində mən
səhhətimlə bağlı hər şeyi unudurdum.
Rejissorların heç birindən hansısa eyham hiss etməmişəm,
eşitməmişəm də. Mən ümumiyyətlə, səhnədə
nə desələr, edə bilərəm. Fatmanisə
obrazı kiçik rol olsa da, emosional və hərəkətlidir.
Civə kimi bir yerdə dayanmır. Mənim əməliyyatdan
sonra bircə problemim bu olub ki, hündür dabanlı
ayaqqabılar geyinə bilmirəm.
- Sırf sizin üçün nəzərdə
tutularaq yazılan səhnə əsəri olub?
-
Sırf mənim üçün olmayıb. Amma rəhmətlik
İlyas Əfəndiyev "Tənha iydə ağacı"
pyesini yazarkən Gülgəz obrazını məxsusi mənim
üçün yazmışdı. Mənim zarafatlarım,
hisrlənməyim, sevinməyim həmin rolda təzahür
edib. O vaxtı İlyas müəllimdən soruşanda ki, siz
necə olub ki, mənim xasiyyətlərimi belə dəqiqliklə
hiss etmisiniz? O da deyirdi ki, sən bilmirsən, mən məşq
vaxtı səni ağladırdım, güldürürdüm
ki, xasiyyətini öyrənim. Çünki təzə pyes
yazırdım.
- İlyas müəllimin bir
çox əsərlərində iştirak etmisiniz.
- Bəli.
Onun hardasa yeddi, səkkiz əsərində rolum olub. Elə
Elçin müəllimin də xeyli əsərlərində
iştirak etmişəm. Özü də baxmayaraq ki,
Elçin müəllim İlyas Əfəndiyev kimi
böyük dramaturqun oğludur. Amma onların sənətkarlığı
arasında xeyli fərqlər var. Elçin müəllimin əsərləri
daha fəlsəfidir. Əsərə, obraza vardıqca daha da dərinlərə
gedirsən. Və maraqlı olan budur ki, bu gediş bitmək
bilmir. Bu da aktyor üçün çox yaxşı iş
prosesidir. Hər aktyor da Elçin müəllimin aktyordan nə
istədiyini dərk edə bilmir. Mən Elçin müəllimin
"Şekspr" əsərini öz tələbələrimlə
birgə hazırladım. Tamam başqa aləmə
düşmüşdüm.
İlyas
müəllim də isə sırf vətənpərvərlik,
nakam sevgilər mövzusu qabarıq idi. Fikir vermisinizsə,
onun əsərlərində sevən sevdiyinə heç vaxt
qovuşmur. Həm də İlyas müəllim heç vaxt
heç nədən çəkinmirdi. Hələ sovet
dövründə o tay, bu tay məsələlərini mərd
mərdanə, cəsarətlə öz əsərlərinə
gətirmişdi. Həm də İlyas müəllimin elə
cümlələri vardı ki, onu hər aktyor da bacarıb deyə
bilmirdi. İkisi də mənə görə böyük və
qüdrətli sənətkardı.
- Bu yaxınlarda Zərnigar
Atakişiyeva evində tənha vəziyyətdə rəhmətə
getdi. Və yaxud da elə xalq artistimiz Səfurə
İbrahimova da hal-hazırda tənha yaşayır, heç
kimlə ünsiyyət qurmur. Sizcə, nə etmək
lazımdır ki, aktyor ömrünün sonunda tənha
qalmasın?
-
Bilirsiniz, təhna qalmamağa aktyor gərək
özünü məcbur edə. Mən o günləri efirdə
Səfurə xanımı gördüm. Nə qədər
sevindim ki, nə yaxşı ki, efirə çıxıb. Səfurə
xanım həm çox gözəl, həm də istedadlı
aktrisadır. Biz səhnədə həmişə onlara
baxıb öyrənmişik. Amma sonra o, qəfildən
küsdü və getdi... Düzdür, mən indi bunun səbəblərini
tam dəqiqliklə bilmirəm. Çünki yaş etibarilə
də onlar bizdən yaşlı nəsil hesab olunurlar. Mən
həmişə də böyük sənətkarlarımızın
hörmətini saxlamışam.
Amma
istərdim ki, insan özü-özünü tənhalığa
asanlıqla təslim etməsin. İnsanın kənara çəkilib
özünə qapanması pisdir. Hamımız insanıq.
Küsdüyümüz, bezdiyimiz anlar olur. Şəxsən mən
özüm əməliyyatdan qayıdandan sonra ümumiyyətlə
yaşamaq istəmirdim. Amma həkimlər başa
salırdılar ki, sən yaşamaq istəməsən də,
yaxınların sənin yaşamağını istəyirlər.
Sonra tədricən özüm də ümidlənməyə
başladım. Axı bu həyatı, ömrü bizə
allah verib. Onunla necə gəldi davrana bilmərik. İnsan həyatın
müəyyən məqamlarında yaşamaq
üçün heç bir səbəb tapa bilmir. Həmin məqamda
mütləq insanın doğmaları, qohumları,
yaxınları onun ətrafında olmalıdır ki, ruh
düşkünlüyü dərinləşməsin. Allah
heç kimə tənha sonluq qismət etməsin.
- Mütaliə edirsiniz?
- Bəli.
Son
vaxtlar da daha çox kitab oxuyuram. Düzdür, sənətimlə
bağlı olduğundan daha çox pyeslər oxuyuram. Bu yaxınlarda Orxan Pamuku oxudum. Amma
belə pis çıxmasın, mənə klassiklər, loru
dillə desək, köhnələr daha maraqlıdır.
Misal üçün, Dostoyevskinin əsərlərini
dəfələrlə oxumaqdan heç vaxt yorulmuram. Və yaxud da Mopassanın novellalarını oxuyanda
bir aktrisa kimi təsəvvür edirəm ki, mətndə bəhs
olunan təbiətin, meşənin, hadisələrin içərisindəyəm.
İndikilərdən isə həmin ləzzəti
ala bilmirəm. Bu yaxınlarda Jorj Sandın
"İndiana" əsərini yenidən oxudum. Çünki mənə elə gəlirdi ki, acam və
həmin əsəri oxuyub doymalıyam.
- Şəxsi
kitabxananız var?
- Əbəttə, evdə
özümün şəxsi kitabxanam da var. Çox kitab var.
Orda mənim üçün ən qiymətli kitablar müəlliflərin
öz imzaları ilə mənə
bağışladıqları kitablardı.
Tələbə vaxtı mənim pullarım demək
olar ki, ancaq kitablara xərclənirdi. Dünya uşaq ədəbiyyatından
tutmuş, özümüzdə çap olunan yeni nə
olurdusa, mütləq tapıb alırdım. İnanın birdən fikirləşirəm ki,
kitabların çoxu mənə lazım deyil. Amma atmağa heç vaxt əlim gəlməyib.
- Öz sənətinizlə
bağlı nələr oxuyursunuz? Ümumiyyətlə,
peşənizlə bağlı özünüzü nə dərəcədə
inkişaf etdirirsiniz?
- Son
vaxtlar türk serialları mənə maraqlı gədiyindən
indi daha çox onların ssenariləri, aktyor ifaları ilə
bağlı materiallar oxuyuram. Bu da sadəcə
maraqdan irəli gələir. Amma
bütün hallarda görürəm ki, bizim məktəb,
"Stanislavski texnikası" daha güclüdür. Hətta bu barədə onları bizimlə
müqayisə belə etmək olmaz. Yəni bacardıqca
oxumağa çalışıram. Həm
də hər gün vaxtımın müəyyən hissəsini
saytlardakı xəbərləri oxmağa ayırıram.
Bəlkə də bu bir az mənim
mütaliəmə mane olur. Tələbələrimlə
yeni tamaşa üzərində işləyirik. Beynim çox vaxt bununla məşğul olur. Yəni mənim üçün oxumaq və ya izləmək
çətin məsələ deyil. İstədiyim
hər şeyi internet vasitəsi ilə tapa bilərəm.
Bu yaxınlarda İngiltərə teatrı
"Hamlet" tamaşası ilə Bakıya gəlmişdi. Mən vaxt
itkisi olmasın deyə, təkrar gedib ona baxmadım. Çünki İngiltərənin özündə
həmin tamaşaya baxmışdım. Və
sizə deyim ki, bizim teatrda Azər Paşa Nemətovun
quruluşu ilə səhnəyə qoyulan "Hamlet"
tamaşası mənim daha çox xoşuma gəlmişdi.
- Bildiyim qədəri ilə olduqca
inanclı insansınız.
- Elədir.
Allaha, dinə inamım böyükdür.
Əməliyyatdan sonra isə hər gün iki
saata yaxın dualar oxuyuram. Və oxuduqca da hiss edirəm
ki, daxilən rahatlaşıb, yüngülləşirəm. Hətta başım ağrıyırsa, dualardan
sonra sakitləşir. Elə bilirəm ki,
hər şey çox gözəldir və belə də davam
edəcək. Dualar mənə həm də
çox böyük inam bəxş edir. Məhərrəmlik,
orucluq aylarında Quran da oxuyuram.
- İsa Məsihin bir fikri var. Ruhunuzu
söndürməyin...
- Əlbəttə. Ruh insanın yaşam
qaynağıdır. Həm də dua oxumaq pis şey deyil
axı. Məninm anam da həmişə
dua oxuyardı. O vaxtı mən tam anlamırdım.
Öz-özümə fikirləşirdim ki, adam
nə qədər dua oxuyar. Sən demə, dualar onu sakitləşdirirmiş...
- Xarici ölkələrə gedəndə
necə, müqəddəs yerləri ziyarət edirsiniz?
- Xarici ölkələrdə, Türkiyədə olanda
camilərə gedirəm. Qardaşım Minskdə
əməliyyat olunanda isə orda məscid tapa bilmədim.
Kilsəyə gedib, ayətül-kürsü
oxuyub salavat çevirdim. Hamı mənə
baxırdı. Amma məncə, burda da qəbahət
heç nə yoxdur. Məsçid də,
kilsə də allahın evi adlanırsa, dinindən
asılı olmayaraq inanclı insanların üzünə
açıqdır.
Bakıda isə daha çox Mir Möhsüm
Ağanın ziyarətgahına, bir də İçərişəhərdəki
evinə gedirəm.
- Şuşada da məscid
vardı.
-
Vardı. Biz ora gecələr xəlvət
gedirdik. Bizə icazə vermirdilər.
Sonralar da oranı muzey elədilər.
- Şuşa işğal olunandan sonra
ananız tez-tez atanıza deyirmiş ki, "xolodelniki" niyə
söndürmədin...
- Şuşa alınmışdı. Artıq yox idi. Atam gəldi,
qapıdan girən kimi anam soruşdu ki, xolodelniki
söndürdün? O da “yox” cavabı verdi.
Anam onda çox hirsləndi, ağladı ki, niyə
söndürməmisən? Atam da ona dedi ki, “Şəfiqə,
mən səni necə başa salım ki, Şuşa artıq
yoxdur. Xolodelnik işləsə də, işləməsə
də erməni artıq Şuşadadır.” Anam həmin ərəfədə şokdaydı.
Əsəb keçirirdi.
İnanmırdı ki, Şuşa
işğal oluna bilər. Atam deyirdi ki, onlar hətta
Şuşada olanda belə son günlərə qədər
anam öz biş-düşündən, mürəbbəsindən
qalmırdı. O inanmırdı ki, Şuşa
işğal oluna bilər.
- Şuşa ilə
bağlı xatirələrinizin tükənəcəyindən
ehtiyat etmirsiniz?
-
Heç vaxt. İndinin özündə də
atamı, anamı yuxuda görəndə mütləq
onları Şuşadakı evimizdə görürəm.
Real həyatda da ətrafımdakı
insanların çoxu şuşalıdır. Bir də görürsən kimsə zəng vurur.
Şuşa barədə
danışırıq, xatirələrimizi
bölüşürük. Nə Şuşa
ilə, nə də xatirələri ilə
üzülüşə bilmirəm. Heç istəməzdim
də...
- Ananız rəhmətə gedəndən
sonra evinizdən böyük bir ordunun çəkilib getdiyini
deyirdiniz. İndi necə, özünüz ailə üzvlərinizə
analıq edə bilirsiniz?
- Hər
bir ailədə ana ordunun başçısıdır. Böyük mən olduğum üçün indi
bacılarmın, qardaşımın anası kimi hesab edirəm
özümü.
- Seriala da çəkilirsiniz. Səviyyə sizi qane edir?
- Tam qane
etmir. Seriallarımız yaxşı formada
başlayır. Sonra sıfır həddinə
düşür. Mən Türkiyə
istehsalı olan seriallara axıra qədər baxıram. Amma bizdə çəkilən seriallara dörd seriyadan
sonra baxa bilmirəm. Sənətdən
başı çıxmayan, istedadı olmayan adamların
çəkildiyi seriala mən niyə baxıb vaxtımı
puç etməliyəm? Misal üçün "Vicdan
haqqı" serialını çox adam tərifləyir.
Amma təəssüflər olsun ki, baxa bilməmişəm. Adamın allahı var, Rövşən İsaq
hansı seriala başlayıbsa, birinci mənimlə
danışıb. Mənim sadəcə
olaraq vaxtlm yoxdur. Həm də səhhətimlə
bağlı özümü çox yormaq istəmirəm.
İndi çəkildiyim yeganə serial
"Bacanaqlar"dı. Ona da həftədə
bircə dəfə gedirəm. Həm də
onlara çox öyrəşmişəm. Belə pis çıxmasın, əməliyyatdan
qayıdanda yanıma gələn ilk insanlardan biri Elməddin
olub. Mən onlardan həmişə
qayğı və diqqət görmüşəm. Həmişə nazımla oynayıblar. Onlara da balam kimi həmişə dəstək
olmuşam.
Fİlmlərə çox böyük mənuniyyətlə
çəkilərəm. Amma seriallar barədə
gərək fikirləşim.
- Son illər sənətlə
bağlı çox itkilərimiz oldu. Ən
çox kimləri xatırlayırsınız?
- Hər
dəfə "Qarabağnamə" əsərində
çıxış edəndə İlham Əsgərov
yadıma düşür. O həm mənim qrup
yoldaşım, həm də "Qarabağnamə"də tərəf
müqabilim idi. Vəfa
Fətullayeva ilə həmişə yaxın olmuşam.
Onun gülüşü tez-tez
gözümün önünə gəlir. Nəcibə
Məlikova, Sofa Bəsirzadə, Məhluqə Sadıqova ilə
səkkiz il bir qrim otağını
bölüşmüşük. Onları
xatırlayıram.
Evimdə Yaşarın (Yaşar Nuri - S.Ə.) hər yerdə
şəkilləri var. Mən elə bilirəm ki, o
sağdır.
Heç cür təsəvvür edə bilmirəm
ki, Yaşar, Telman Adıgözəlov həyatda yoxdular. Telmanın nömrəsini telefonumdan siləndə
çox əzab çəkdim. Öz-özümə
düşündüm ki, bir-bir adları silirəmsə, deməli
artıq onların yoxluğu bir az da bu
cür formada sübut olunur. Dəhşətdir.
- Bəlkə heç
toxunmazdınız adlara. Qalardı...
- Yox. Bu daha pisdir. Hər dəfə
kiminsə adını axtaranda onların adı rastıma
çıxırdı. Çox
sarsılırdım.
Yaşarın qəbrini ziyarət edə bilməmişdim. Bacılarımı
da götürüb getdim. Ordan da İlhamə
xanımın qəbri üstünə getdik.
İnanın, orda o qədər ağladım ki, bəlkə
də heç kim mənim qədər
ağlamamışdı. Bir anlıq
düşündüm ki, hər şeyin sonu bu torpağın
altında bitir. İlhamə xanım
çox həyatsevər insan idi. Ondan
özümə qarşı həmişə hörmət və
diqqət görmüşdüm. Ondan iynənin
ucu qədər də incikliyim olmayıb. Əksinə
başıma bir hadisə gələn kimi birinci yanımda olan
insanlardan biri olub. Allah rəhmət etsin
hamısına. Onları unutmaq
mümkün deyil.
Söhbətləşdi: Samirə
Əşrəf
Ədəbiyyat qəzeti.- 2018.- 17 mart.- S.26-27.