Əli Kərimin ad gününə  

 

Filologiyada "şairin dili" məsələsi var. Bunu biz belə başa düşürük ki, müəyyən mətnlər yazılıb dünyada (söz kəhkəşanında) öz yerini aldıqdan sonra şair təbiətin dilinə yiyələnir, yaxud təbiət onu özününküləşdirir, özünə qatır, bu dili ondan "borc aldığı" ən müxtəlif nəsnələrlə zənginləşdirir. Təbiət, onun hər bir detalı, ünsürü, nəsnəsi... yanından keçdikdə sənə nəsə deyir, anladır, göstərir, bu şəkildə qarşılıqlı anlaşmanın fərqində olmursan, sevinir, kədərlənir, düşünürsən. Bu elə bir dil, elə bir həqiqətdir ki, onu ifadə etmək üçün sözə ehtiyac qalmır. Şairin dili sözdən o yana, sözə sığmayan şeylərin yaratdığı bir dildir. İçinə, daxili dünyana qəbul etdiyin şeylər orada ayrıca bir məmləkət qurur və zaman keçdikcə təbiətdən gələn şeyləri təshih etməklə uğraşır. Bu dildə danışan (daha doğrusu, susan...) şairlər yer üzündə heç də çox deyil. Bu dil xalqın şair haqqında yaratdığı mif qarşısında olur ki, illərlə susur, çünki bu mifin qalın divarlarını yarıb-keçmək mümkünsüzdür. Həm də, bu dil bəzən on, bəlkə yüz illər boyu onun mətnlərindən damcı-damcı süzülən xalis poetik həqiqətlərin qovşağından, onların təsadüfi kombinasiyasından yaranır. Bu dilin, yəni heç bir qatqısı olmayan xəlitənin şair mifinə uduzması baş verdikdə xəyallarda o mətnlərdən qurulan məmləkət də çökür və bu daha çox xalqın qəlbini yaralayır. Lübov Turbina adlı tədqiqatçı bu problemdən danışarkən deyir ki, klassiklərdən hansısa bir dəfə ağzından qaçırmışdı ki, yeni dövrdə qəhrəmanlar haqqında mif şairlər haqqında miflə əvəz edilib; Avropa xalqlarından hər birində şair mifi var. Bu həmişə yaradıcılığı və şəxsiyyəti etibarı ilə parlaq, ancaq həyatdan tez köçən, yaxud faciəvi şəkildə həlak olan bir şairdir. Həyatdan köçdükdən sonra ədəbi irsiylə bərabər şairin həyatı ilə bağlı faktlar da bədiiləşir, şayiələrlə dolub-boşalır və zaman keçdikcə açıq mif yaradıcılığına çevrilir. Xalqın ruhunda bir cür, mətnlərində tam fərqli olan şairlər...

Adını çəkdiyimiz filoloq Belarus şairi Anatol Sısdan bəhs edərkən yazır ki, "dünya onun poeziyasında bir damcı suyun içindən deyil, göz yaşları prizmasından görünür..." Hər bir şairdə dünya və gerçəkliyin hardan görünməsi, seyr edilməsi önəmli məsələdir. Müəllif daha sonra belə bir mühüm faktı vurğulayır: "Dünya onun şeirlərində göz yaşı içindən göründüyü üçün gerçəkliyin özü bizim əcdadların dünyasına bənzəyir, burada insan canlı olan hər şeyin ağası deyil, olsa-olsa bütövün ayrılmaz bir hissəsidir və onun mövcudluğu dünya evi üçün bir elə əhəmiyyət daşımır. Şairin əcdadının həyat yolu "dişi canavarın kölgəsi" metaforası ilə verilir, o, insanın ayaq izlərini yalaya-yalaya irəliləyir, əcdadsa  bozarmış kürkündə marala bənzəyir. Dünyanı dəyişdirmək naminə gedən ağır "döyüşlərdən" sonra hər şey dəyişir - canavar xeyirxah keyfiyyətlərə sahib olur, insansa vəhşiləşir. Belarus ədəbiyyatı və folklorşünaslığında belə bir təkamülə o vaxta kimi rastlanmamışdı..."

Dünyanın bu şəkildə dəyişməsi şübhəsiz ki, şairin mətnlərində sətirlər arasındakı həqiqətlərin üzə çıxmasına təkan verir. Alman şairi F.Hölderlində dünyaya qarşı duran məhz bu dildir. İndi də susmayıb, danışır, ekstaz vəziyyətindən sükunət halına keçdikdə poeziyanın əslində yerlə bir elə əlaqəsinin olmadığını təsdiqləyir. Bu sonsuz, ucsuz-bucaqsız aləmə antik ölçülərlə yanaşan şair əslində, təbii şəkildə cəmiyyətdə qüsurlu olan hər şeyi rədd edir, bəli, bütün bunlara qarşı xüsusi dava açmadan. Bu tip şairlər yer üzündə bəlkə də barmaqla sayılacaq qədər azdır. Hölderlinin bu fikri o dövr üçün nadir hadisədir, Stefan Sveyqin fikrincə, alman poeziyasında ona qədər heç kəs içinin eybsiz təmizliyini poeziya anlayışına bu şəkildə qoymamış, ona qədər heç kəs poeziyanın ilahi başlanğıcına bu qədər fanatikcəsinə inanmamışdı, Novalis də daxil olmaqla. Bu yöndə, yəni ilahi başlanğıca inanc mənasında şairlər həm fərqlənir, həm də birləşirlər.

"Şair kimdir, hansı missiyanın daşıyıcısıdır?" sualına da ayrıca cavab vermədən bütün nəfəsi, yaradıcılığı ilə onu hər şeyi yaradan və hər şeyi hifz edən başlanğıcın təcəssümü hesab etmək artıq şairin öz mifidir, yəni yuxarıda vurğuladığımız dilin abstraksiyasıdır. Stefan Sveyqin Hölderlin haqqında povestində bir nümunə də diqqəti cəlb edir: kahinlik missiyası üçün seçilmək azadlıqdan məhrum olmaq deməkdir. Bu mənada seçilmək ucu-bucağı görünməyən meşədə baltanın ağzı üçün qırmızı boyayla işarələnmiş ağaca bənzəyir. Həqiqi poeziya taleyə meydan oxumaqdır. Taleyə meydan oxuyan şair gec-tez bu baltanın zərbəsiylə rastlaşır, fərqi yoxdur, cavan, ya ixtiyar yaşlarında. 

Əli Kərimi insanlar, xüsusən cavanlar niyə çox sevir, niyə onu çox asanlıqla bütün digər "danışan və susan dillərdən" fərqləndirə bilirlər? Bir ayrıntıya ehtiyac var: bizim ədəbi prosesdə iki tip şair olub. Özləri qocalsalar da, mətnləri eyni yaşda qalan şairlər və bir də, özü qocalıb, ya da vaxtsız gedib, şeirləri cavan qalan şairlər. Nə qədər təcrübəylə qazanılan olsa da, müdriklik (uşaq müdrikliyi-!) bədii mətnə çəkilən mina kimidir, cavanlıq iksiridir və şeirdə yerini tutanda (bilinmədən, hay-küysüz) bütün yarış, kimisə ötüb-keçmək ehtirası sönür, sən bu dünyanın başında və sonunda yazılan mətnlərin seyrinə dalırsan.

Bu yöndən baxdıqda Əli Kərimin mətnləri iki tipə bölünür: sanki zamanların arasıyla keçib, indidən keçmişə və əksinə nüfuz edib ləngərlə yazılan mətnlər, bir də birnəfəsə yazılan, deyilən şeirlər. "Babəkin qolları" şeiri bu ikinci tipə aid edə biləcəyimiz ən tipik nümunə sayıla bilər. Ancaq bu mətndə sürət, sürəklilik (ritm baxımından) nə qədər güclü olsa da, burada az qala sözlərə anidən toxunmaqla bir-birinin ardıca gələn mənaları bir sistemin içində "qarışdırmaq" yönü də hiss edilir. Yəni, belə bir metafora çəmbərində qafiyələrin poetik sistemdəki effekti ən sonuncu plana keçir. Nə mənada? Diqqət edin: qan rəngli bir arabada // Şərq boyda bir xarabada. Bir anlıq nəyin nəyə bənzədilməsi gözdən "yayınır", qafiyələr bu "yayınan" mənaları bir-birlərinə assosisiya zənciriylə bağlamaq əvəzinə onları perik salır, vahid xətt üzərindən kənarlaşdırır və nəticədə müəllifin icadı / bədii kəşfi (qollarını görməyəndə // azca rahat olan Babək...) həmin o qana boyanıb xarabazara çevrilmiş məmləkətin bütün dərdlərini göstərə bilir.

Bəzən belə bir sual verilir ki,  mövzu və estetika, sənətkarlıq baxımından Əli Kərim poeziyası indi nə dərəcədə aktualdır? Şübhəsiz ki, bu ayrıca araşdırma mövzusu ola bilər. Əli Kərim mövzu məsələsində müəyyən "ştampları" dəyişdirdi. Bu müstəvidə onun yarada bildiyi fərq 60-cı illərin sonuna yaxın daha da intensivləşmişdi. Həmin dəyişikliyin izlərini görmək üçün onun mətnlərini (bütünlüklə-!) diqqətlə oxumaq lazımdır. "Xəyalla idarkı" bir yerə qatmaq istəyən şairin mətnləri indi şübhəsiz ki, düzgün oxunmur. Necə ki, biz klassikanı düzgün oxumuruq.  Ən yüksəkliklə ən dərin arasında dolaşan şair xəyalı həmişə bizdən nələrisə gizlədir. Çünki

İdrakın zirvəsindən,

Hissin yanğınlarından

Keçir şeirinin yolu...

Amma biz ən yenilikçi şairi də bəzən onun ənənədəki opponenti kimi oxuyuruq, çünki şeir zövqümüz belə formalaşıb. Bu mənada hər şeir yalnız məqamında oxunur. Onun 1969-cu ildə yazdığı bir mətn var: "Yeraltı dünyada". Dünya şeirindəki konseptuallığı bizim poeziyamıza ilk gətirənlərdən birincisi Əli Kərim olub. Bu mənada onun şeirimizin gələcəyinə təsiri göz qabağındadır. Həmin şeirdə yeraltı dünya ilə şeir mətni paralel şəkildə araşdırılır. Belə bir üsul "əsrləri axırından oxumağa" məcbur edir, irəli gedə-gedə geri çəkilirik... Yəni, "yeraltı dünya" təkcə metro deyil, heyrət deyil, həm də bədii mətnlərin bətnindəki informasiya və enerjinin araşdırılmasına cəhddir. Həmin ildən, həyatının son məqamından qopan bir kədərli şeiri də var: "Uşaq". Bütün mətn boyu "xəyal" sözü işlədilmir, ancaq işləyir, çox dərinlərə. Mətnin başlanğıcı adi məntiqi çaşdıran misralar var, adətən əlini qaşının üstünə qoyub  önə, uzaqlara baxarlar, şairsə geriyə, uşaqlığına baxır.  "Uşaq" obrazı mətndə gah itir, gah görünür, sanki virtual bir məkanda heç kəsin görə bilmədiyi nəsnələrə tamaşa edirsən. Əli Kərimin mətnində "gözləri dolusu dünyaya tamaşa edən insan" obrazı var. Şeirdən-şeirə adlayır, bəzən gözdən itsə də bunu daxilində, bütün varlığınla hiss edirsən; şeirin, bədii mətnin leksikası da buna uyğun seçilir. "Aut" şeirinə baxın:

Dərslər sona yetir

                o dəqiqə

tökülür keçmişə mühazirələr...

Andrey Belıy yazırdı ki, yaradıcılıqda sənətkarın "həyat sirri" ehtiva olunur. Onun "Simvolizm" məqaləsində qeyd edilir ki, "görünmə (...görüntü) bu sirri göy qübbəsinin əlçatmaz ucalığına itələyir; orada, buludların üzərində "ağılla dərk edilməyən bir məmləkətin sərhədləri" açılır; bu, ona görə baş verir ki, həqiqi şeyin seyr edilməsi onu məndən kənarda mövcud olan təbiət obrazı kimi görükdürür, göy qübbəsi isə mənim təsəvvürümlə fəzadakı həqiqi "mən" arasında sərhəddir; səmanın sərhədindən o yanda qəlbimin yaşantılarını ötən musiqi səslənir: səma da məndən uçub gedib, orada qəlbimin torpağı yaranıb, bu torpaq isə mənim görünən obrazımdır. Görünən təbiət mənim yuxumdur; bu, buludların mavi səmada qaçışıdır..."

Və bu şeir :

Ürəyim boylanır o yerə sarı,

Gözlərim yol çəkir...

çəkir yolları.

Gah hava yolunu, gah su yolunu,

Gah şosse yolunu, arzu yolunu.

Tökülür üstümə yollar qovşağı.

Alnıma, üzümə dolur qırışıq.

Gözlərim yol çəkir neçə diyarla,

şəhərlə qarışıq, kəndlə qarışıq.

Gözlərim o qədər yorğun olur ki,

Gözlərim o qədər yolla dolur ki,

Gecə sübhə qədər, şirin yuxu tək

Tökülür onlardan sinəmə yollar,

neçə kənd, şəhər,

qədər diyar.

Doludur yollarla gözümün içi,

Gözümün üstə də yollara yer var...

Şairlər var ki, onlara qədər gələcək üçün müəyyənləşdirilən missiyanı həyata keçirirlər, tam, yaxud qismən, nəfəsləri çatana qədər, məsələn, Səməd Vurğun gələcək üçün belə bir missiyanın konturlarını hazırlamışdı; şərti olaraq bu ədəbi məktəbə daxil edilən imzalar bu cızılan çərçivədə həmin görəvi icra etdilər, onu yeni üslubi özəlliklərlə zənginləşdirərək bu nəfəsin bəzən hara qədər gedəcəyini, bəzən də hansı istiqamətlərdə dağılacağını güzgüdə görünürmüş kimi əks etdirdilər. Hansı nöqtədən baxırsan bax, bu poeziya tam və əksiksiz görünür, ancaq həmin o missiya icra edildikcə bu tamlıq "pozulur" və zamanla görünən boşluqlar dolur. Əsas məsələ üslub konstantlarının yerdəyişməsi və hərəkətidir, bu gün, yaxud haçansa Səməd Vurğun bizə köhnə görünə bilər, qocalmış, yıpranmış dövrün təzə ləpirləri həmin konstantların gələcək poetik dövr vahidlərində funksionallaşmasıdır.

Əli Kərim də yazı texnikasından çox yazının öz fəlsəfəsilə yeni missiyanın konturlarını cızan və hazırlayan imzalardandır. Bu missiyanın mahiyyəti yuxarıda göstərdiyimiz "şairin dili" anlayışında və məhz onun hüdudlarında əyaniləşir: dünyadan fərqli dünya yaratmaq, onu inkar etməklə içində gizli qalan modeli üzə çıxarmaq...

 

Cavanşir YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2018.- 17 mart.- S.25.