Mir Cəlal nəsrinə metodoloji
yanaşmanın yeni aspektləri
Azərbaycan nəsrini yeni bədii düşüncə axarında inkişaf etdirərək ona yaşarılıq və başarılıq keyfiyyətləri aşılayan, elmi ədəbiyyatşünaslığı bir məktəb olaraq reallaşdırıb ucaldan professor Mir Cəlal Paşayev xaraktercə bütöv, müstəqil düşünən kamil bir şəxsiyyət idi.
C.Məmmədquluzadə və Ə.Haqverdiyev hekayə yaradıcılığı ilə formalaşan poetik ənənələri yeni şəraitdə davam və inkişaf etdirən ən böyük ustad sənətkar, əlbəttə ki, Mir Cəlaldır. Sovet gerçəkliyinin ideolji
basqılara rəvac verib sənəti siyasət atının
yedəyinə aldığı şəraitdə hekayə
kimi çevik bir janrı çağın ədəbi
prosesinin aparıcı forması olaraq gündəmdə
saxlamaq kifayət qədər müşkül məsələ
olsa da, məhz mütəfəkkir yazıçı Mir Cəlalın
sənətkar cəsarəti, əzmi və iradəsi sayəsində
bu janr mövzu dairəsini genişləndirdi, poetik-struktur
imkanlarını qədərincə artırdı.
Mir Cəlal Azərbaycan ədəbiyyatında
miniatür romanlar müəllifi kimi də şöhrət
qazanmışdır. "Dirilən adam", "Bir gəncin manifesti",
"Açıq kitab", "Yaşıdlarım",
"Təzə şəhər", "Yolumuz
hayanadır" əsərləri isbat etdi ki, roman kimi epik
vüsətli bir janrda da sənətkar sözlərin
meydanını daraltmaqla bədii fikrin təsir
imkanlarını hədsiz dərəcədə artıra bilər.
Mir Cəlal sözü gedən əsərlərin
süjetini lirik-psixoloji axara salmaqla ümumən roman
janrına daxili nəfəs genişliyi gətirmiş oldu.
***
Mir Cəlal haqqında çox yazılmışdır. Aparılan tədqiqatlarda
böyük sənətkarın
yaradıcılığının mövzu, ideya və sənətkarlıq
xüsusiyyətləri haqqında bu gün də öz
müasirliyini saxlayan dəyərli fikirlər söylənmişdir.
Mir Cəlalın bədii
yaradıcılığı polifonik məzmuna və dərin
məna potensiallarına malikdir. Təsadüfi
deyil ki, müstəqillik dövrünün tədqiqatçıları
da onun ədəbi-bədii irsinə çox həvəslə
nüfuz edir, yaradıcılığının yeni-yeni sirlərini
elmi təhlil müstəvisinə gətirirlər. Təyyar Salamoğlunun "Mir Cəlal nəsri və
müasirlik (metodoloji münasibət kontekstində)"
araşdırması məhz bu baxımdan diqqəti çəkir
və ciddi elmi əhəmiyyət kəsb edir.
Təyyar Salamoğlu imzası elmi-ədəbi ictimaiyyətə
və geniş oxucu kütləsinə yaxşı
tanışdır. Professor T. Salamoğlu tənqid və ədəbiyyatşünaslıq
istiqamətində məhsuldar bir yaradıcılıq yolu
keçmişdir. Ədəbi-elmi ictimaiyyət
onu nəsr tənqidçisi və roman tədqiqatçısı
kimi daha yaxşı tanıyır və qəbul edir.
T.Salamoğlu intellektual və orijinal düşüncə
tərzinə malik bir ədəbiyyatşünas-tənqidçidir. Bu cəhət
onun estetik zövqündə, bədii dünya duyumunda və təhlil
üslubunda özünü aydın göstərir. Alimin faktı, tarixi-bədii sərvətləri
mahiyyət müstəvisinə yönəldib konsepsiya yaratmaq
istedadı təqdirəlayiqdir. Belə ki,
tədqiq etdiyi çoxsaylı ədəbiyyatşünaslıq
problemləri haqqında mülahizələri (əslində
konseptual mövqeyi) belə bir fikir formalaşdırır ki,
o, bu problemləri araşdırmaq yolunda sərt dönüm və
döngələri keçməyə iqtidarlı bir ədəbiyyatşünasdır.
Bədii sərvətləri inamlı təfəkkür
gəzişmələri və tipoloji-struktur təhlil prinsipi əsasında
incələməsi onun fikir və mülahizələrini sənətin
həqiqətinə yönəltmək imkanı verir.
Azərbaycan ədəbi-nəzəri fikrində
"sovet" işarəsi ilə işarələndirilmiş
bütün ədəbiyyatın yeganə dəyərləndirmə
meyarı"nın "bədii mətnin özü"
olması haqqında T.Salamoğlunun konsepsiya gerçəkləşdirməsi
ədəbiyyatşünaslığımızda elmi həqiqət
kimi artıq etiraf olunmaqdadır. "Mir Cəlalın
bədii nəsri və müasirlik (metodoloji münasibət
kontekstində)" adlı monoqrafik tədqiqat da bu
konsepsiyanın gerçəkləşdirilməsi istiqamətində
uğurlu bir addımdır. "Yenidən
oxu" konseptini istər bədii, istərsə də ədəbi
mətnlərə münasibətdə əsas yanaşma
metoduna, dəyərləndirmə üsuluna çevirən
Salamoğlu" (S.Rzasoy) Mir Cəlalın roman
yaradıcılığını, xüsusən onun ilk
üç romanını yeni metodoloji müstəvidə
oxuyub, elmi təhlil obyektinə çevirə bilmişdir.
Tədqiqatçı
postmodernist estetikaya dair bir nəzəri prinsipi önə
çəkir: "Bədii əsərin öz strukturu
etibarı ilə bitib-tükənməz məna potensialına
malik olması böyük əhəmiyyət kəsb
edir". Bu nəzəri postulatdan çıxış edərək
Salamoğlu məsələni belə qoyur: "Bəlkə
biz "Bir gəncin manifesti"nə "bitib-tükənməz
məna potensialı" prizmasından yanaşaq? Sovet hakimiyyəti
uğrunda gedən mübarizəni də uzaqbaşı bu məna
potensiallarından biri hesab edək?... Bəlkə, romanın materialını "mətn
hesab edərək onu yenidən "oxu"yaq? Sovet tənqidinin üstündən sükutla
keçdiyi, qabartmaq lazım bilmədiyi milli və bəşəri
məzmunu önə çəkək?" Maraqlı və ən təqdir
olunan cəhət budur ki, tədqiqatçı "Bir gəncin
manifesti"ndə sovet hökuməti uğrunda mübarizəni
tam arxa plana keçirən milli və bəşəri məzmunun
ifadəsini kəşf edib ortalığa çıxara, bizi
öz təhlillərində və məntiqində haqlı
olduğuna inandıra bilir.
Tədqiqatçı
"Bir gəncin manifesti"ni bizə
öz şərti - metoforik məzmununda, pritçalar
romanı kimi tədqim edir. Romanda altıncı və səkkizinci
fəsillər kimi yer alan "Gecənin
hökmü" və "İtə ataram, yada satmaram"
adlı hissələri T.Salamoğlu bir-birinin məntiqi
davamı olan və eyni zamanda tam müstəqil pritcalar kimi
oxuyur. Məhz bu "oxu" prosesində romanda əks
olunan tarixi dövrə - 1918-1919-cu illərdə doqquz
aylıq zaman kəsiyində ingilislərin Azərbaycana
müstəmləkəçi mudaxiləsini əks etdirən
tarixi proseslərə yazıçının vətəndaş
münasibəti aydınlaşır. T.Salamoğlu
tarixi proseslərlə roman mətnini müqayisəli təhlilə
cəlb edərək əsərdəki ingilis
obrazlarının müstəmləkəçi rejimi
simvollaşdırması məsələsini qoyur, hər iki
pritçada ingilis- Sona qarşıdurmasını milli
varlığın müstəmləkəçi rejimə
müqavimət hərəkatını simvollaşdıran təsvirlər
kimi izah edir. "İtə ataram, yada
satmaram" pritçasında Sonanın milli
varlığı müdafiə mövqeyinə
hesablanmış hərəkətlərində ümumxalq dəstəyi
və sevgisinin ifadəsi isə bütövlükdə
xalqın müstəmləkə rejiminə qarşı
mübarizə əzminin ifadəsi kimi dəyərləndirilir.
Mir Cəlalın qələmində milli şüura
yeridilən işğalçılığa barışmaz
münasibət ideyası vətən övladını yeni
bir mücadilə meydanı açmağa, "ağ
ayı" ilə mübarizəyə səfərbər
edirdi. "Bir gəncin manifesti" bir də bitib-tükənməyən
bu mübarizə pafosu ilə müasirdir".
Mir Cəlalın romanları arasında ən çox
mübahisələrə səbəb olanı,
büsbütün zidd mövqelərdən qiymətləndiriləni
"Açıq kitab" olmuşdur. Romanın
yazıldığı zamanda onun haqqında ən uzaqgörən
və obyektiv fikri M.C.Cəfərov söyləmişdir.
Tədqiqatda oxuyuruq: "... 1945-ci ildə yazdığı
"Açıq kitab"
adlı məqaləsində M.C.Cəfərovun romanı
"həqiqətin üzünə dik baxan" əsərlər
sırasında görməsi və bunu xüsusi ahənglə
qeyd etməsi görkəmli tənqidçinin zamanına
görə açıqlaya bilmədiyi çox mətləblərdən
xəbər verir". O, məsələni belə qoyur:
"M.C.Cəfərovun "Açıq kitab" məqaləsində
dilə gətirdiyi həqiqətləri daha da inkişaf etdirməyə,
demədiyi, deyə bilmədiyi həqiqətləri
açıb ortalığa qoymağa bizə nə mane
olur?"
Kitabda yer
alan "Bizim də
zoşşenkolarımız olubmu? və
"Açıq kitabın açılmamış sirləri"
yazılarında romanın "zamanına görə
açıqlana bilməyən" mətləblərindən
danışılır.
Tədqiqatçı
"Açıq kitab"ı "zamanını qabaqlayan
roman" adlandırır: "Məsələ
burasındadır ki, təsvir predmetinə çevirdiyi həyat
hadisələrinin obyektiv inikası və insan talelərinin
önə çəkilməsi, başqa sözlə, humanist
pafosu və idealı ilə "Açıq kitab" onunla
eyni dövrdə yazılan romanlarla yox, ondan xeyli sonra
yazılmış "Yanar ürək", "Yeraltı
çaylar dənizə axır" və s. tipli digər əsərlərlə
birləşir. Bu mənada "Açıq
kitab" zamanı qabaqlayan bir romandır".
Tədqiqatçı
Gəldiyev obrazının, "gəldiyevçiliy"in tam
fərqli - şərti-metaforik məzmununu açır:
"Açıq kitab" romanının satirik qəhrəmanı
bu mühitdən (sovet rejimi mühitindən - H.Q.) güc alan və onun xarakterini ifadə edən bir obraz
kimi yaradılmışdır... Mir Cəlal Kərim
Gəldiyevi fərdi xarakterin ümumiləşdirilmiş
obrazı kimi yaratmayıb. Onun simasında siyasi rejimin
"mənəvi dünyası"nı əks
etdirib. Kərim Gəldiyev şərti-metaforik
obrazdır. Zamanın xisləti Kərim Gəldiyevin
üzərinə köçürülüb". Bu mülahizələrdən sonra T.Salamoğlu
Zamanın Kərim Gəldiyevin üzərinə
köçürülən xislətinin əlamətdar
keyfiyyətlərini sıralayır. Bu
sıralanmada sovet rejiminin milli varlığa münasibətinin
müstəmləkəçi xarakteri bütünlükdə
əks olunur. T.Salamoğlu iddia edir ki, sovet
rejiminə kəskin tənqidi münasibətlərin tarixi
50-ci illərin ortalarından yox, elə 30-40-cı illərdən
başlayır. Bu isə o deməkdir ki, alim belə bir
mövqe üzərində israr edir ki, 20-ci illərdən
50-ci illərin ortalarına qədərki milli ədəbiyyatı
büsbütün "sosrealizm çevrəsində" təsəvvür
etmək heç də özünü doğrultmur.
Ədəbiyyatşünaslığımız
müasir Azərbaycan ədəbiyyatında yeni keyfiyyət mərhələsinə
keçidin başlanğıcını 50-ci illərin
ortalarına aid edir. Bu zaman keçidi şərtləndirən
əsas əlamətlər sırasında ədəbiyyatımızda
insan amilinin, şəxsiyyət başlanğıcının
önə keçməsi əsas götürülür.
Heç şübhəsiz ki, burada böyük həqiqət
var. Bu tipoloji təsnifatın ictimai-siyasi proseslərlə və
dünya ədəbiyyatında baş verən hadisələrlə,
bu hadisələrin milli ədəbi mühitdəki əsas əks-sədası
ilə şərtlənməsinə də şübhə etmirik . Lakin T.Salamoğlunun Mir Cəlalla
bağlı tədqiqatları 20-50-ci illərin ədəbiyyatını
insan amilindən, şəxsiyyət
başlanğıcından sərt-nəzər etmək fikrinə
tənqidi yanaşma təlqin edir. Onun "Dirilən adam"la bağlı araşdırmaları ədəbiyyatımızda
hətta repressiya dövrünün ərəfəsində
belə insan amilinin, insana humanist münasibətin konseptual
qoyuluşundan xəbər verir.
Tədqiqatçı O.Balzakın "Polkovnik Şaber" və Mir Cəlalın "Dirilən adam" əsərlərini müqayisəli təhlilə cəlb edərək belə qənaətə gəlir ki, "hansı zamanda və şəraitdə yaşamasından asılı olmayaraq ölməmiş insanın öz sağlığını sübut edə bilməməsinin təsviri insana qeyri-humanist münasibəti tənqid kontekstini önə çıxarır". Salamoğlu düşünür ki, XIX əsrin dahi tənqidi realistinin də, XX əsrin sosrealistinin də "dirilən adam" süjetinə verdiyi bədii həll insana qeyri-insani münasibətinə görə ictimai mühiti, sosial - siyasi şəraiti kəskin tənqidə istiqamətlənir. Mir Cəlalın "Dirilən adam" mövzusuna verdiyi bədii həll onu Balzak realizminin varisinə çevirməklə, sənətkarı sosrealizm çevrəsindən çıxaran əsas metodoloji keyfiyyət statusu qazanır. Tədqiqatçıya görə, Mir Cəlalın yaradıcılığının sonrakı mərhələlərində də, xüsusən "Bir gəncin manifesti" və "Açıq kitab"da bədii əksetdirmədə insan amilini davamlı keyfiyyətə çevirməsi bu romanların hər üçünü "İnsanlığın manifesti kimi yaşayan romanlar" kimi xarakterizə etməyə imkan verməklə onun yazıçı üslubunun dominantı kimi çıxış edir.
Prof. T.Salamoğlunun "Mir Cəlal nəsri və müasirlik (metodoloji münasibət kontekstində)" adlı bu əsəri anadan olmasının 110 illiyi ərəfəsində böyük yazıçının yaradıcılığına münasibətin tam yeni elmi və metodoloji aspektlərini üzə çıxaran tədqiqat kimi mühüm dəyərə malikdir. Düşünürük ki, bu monoqrafik araşdırma ədəbi-elmi ictimaiyyətin dərin marağına səbəb olacaqdır.
Himalay Qasımov
Ədəbiyyat qəzeti.- 2018.- 17
mart.- S.22.