HƏR YERDƏ SƏHƏRİ
YAZ AÇDI BU GÜN
Yolları, izləri yığdım
gözümə,
Dağları, düzləri yığdım
gözümə,
Baxmadım baxmaqdan yorulduğuma,
Təzədən vuruldum vurulduğuma...
Görmədim qaşın var
deyən göz üstə,
Çılpaq qaya üstə, qalın buz üstə.
Bahar çiçəkləri iz
açdı bu gün,-
Hər yerdə
səhəri yaz
açdı bu gün.
Ətir nəfəsini
duydum güllərin,
Zəhmət həvəsini gördüm
ellərin.
Sevincindən qaynayıb-daşdı qayalar,
Şəlalə saçını açdı
qayalar...
Günəş zər ələdi
yala-yamaca,
Kəpənək üz tutdu çiçək
dalınca.
Bir körpə dünyaya göz açdı bu gün,
Hər yerdə
səhəri yaz
açdı bu gün.
Həyat
yaşamalı, ömür bəxtiyar,
Ana təbiətdə özgə
sehr var;
Səma
buludsuzdur, üfüq
ağappaq,
Elə bil bəzəkli gəlindi
torpaq.
Budaqlar quşlandı, gülləndi
nəğmə,
İlham pərisinin xətrinə dəymə.
Oğlana
qəlbini qız açdı bu gün,
Hər yerdə
səhəri yaz
açdı bu gün.
Bu dağlar qardaşım, kəhrizlər bacım,
Maralgöl, Göygölüm gözəllik
tacım.
Ulumdan yadigar qranit dastan-
İlk sənət
izimdir ulu Qobustan.
"Araz bir qolumdur,Kür bir
qolumdur",
Yollar tükənməyən
ömür yolumdur.
Həqiqət dağ keçdi,
düz aşdı bu gün,
Hər yerdə
səhəri yaz
açdı bu gün.
Heyrətdən
zirvədə donan qara bax,
Bura Mil düzüdür,
bura Qarabağ.
Barlı
Abşerondu, Muğandı
bura,
Gəncədi, Şəkidi, Şirvandı
bura-
Mənim
ana yurdum can içrə
candır,
Dünyada tanınan Azərbaycandır!
Könül gör nələrdən
söz açdı bu gün,-
Hər yerdə
səhəri yaz
açdı bu gün.
Soltan Abbas
Ədəbiyyat qəzeti.- 2018.- 17
mart.- S.21.