Şəxsiyyətin harmoniyası

 

Ədəbiyyatşünaslıq elmində böyük nüfuza malik olan görkəmli tənqidçi, mədəniyyət və incəsənət xadimi, yazıçı, publisist, filologiya elmləri doktoru, fəlsəfə professoru Gülrux Əlibəyli əsərləri ilə özünə böyük rəğbət və məhəbbət qazanan  zəngin və geniş dünyagörüşlü ləyaqətli şəxsiyyət idi.

Gülrux xanımın çoxşaxəli yaradıcılığını bütövlükdə əhatə etmək qeyri- mümkündür, lakin təkcə bədii - fəlsəfi yaradıcılığına nəzər salsaq görərik ki, bütün bədii- fəlsəfi və publisistik əsərlərinin, istər məqalə olsun, istər hekayə və yaxud kiçik esse- hər  birinin  sətirləri axasında zəngin mütaliə, həyat təcrübəsi, dərin düşüncələr, xeyirxahlıq və  gözəllik uğrunda mübarizə durur. Gülrux xanımın əsərləri özünəməxsusluğu və cazibə qüvvəsi ilə seçilir. Bunun da  sirri, ilk növbədə, Gülrux xanımın zəngin dünyagörüşü, cəlbedici və sərrast, şirin qələmidir.

Müəllifin səmimi etirafları, mənəvi əzabları və sarsıntıları, həyatında baş verən hadisələr və bunlarla əlaqədar müxtəlif həyat lövhələri əsərlərində öz əksini tapır. Necə də tanış, ürəkdə dərin çatlar qoyan haqsızlıqlar, iztirablar, ağrılar və acı həqiqətləri üzə  cıxardan düşüncələrdir: 

-  O vaxtdan qəlbimdə fatal bir inam, qarşısı alına bilməyən bir qorxu yuva salmağa başladı, dərk etdim ki, həyat işıqda kölgə, kölgədə işıq, ağda qara, qarada ağ, kədərdə sevinc, sevincdə kədərin  ruşeymləri olan tərzdə dövran edir. Hər sevincin dərinliyində qəm kədər toxumu, hər faciənin içərisində sevinc dəni cücərir...

Bu anlar, əlbəttdə, insanı müdrikləşdirən həqiqətlərdir. Düşünürsən ki, həyatın bu ağrılı-acılı yollarını keçən insanda qibtə ediləcək qədər yaşamaq eşqi olmuşdur.  Deyirlər, sağlam bədəndə sağlam ruh olmalıdır. Gülrux xanımın həyat tərzi bu həqiqətin əyani təstiqidir. Onun fiziki mədəniyyətə  müraciəti, öz etirafına görə,  fiziki cəhətdən zəif olmağından irəli gəlib.

İnsanda nə qədər iradə və təmkin  olmalıdır ki, o, uzun müddət ərzində  dəhşətli ağrılar  və göz yaşları bahasına bir gün də ara vermədən idmanla  müntəzəm məşğul olsun və  heç kəslə məsləhətləşmədən, daxili qüvvəsini  səfərbər edərək fiziki  dirçəliş  cəbhəsinə qatılsın. Xatirələrində  o yazır:

" Mən belə fikirdəyəm ki, həyatım da,  taleyim də iradəmlə hərəkətə gəlir". Təsadüfi deyil ki, daxili aləmi ilə harmoniyada olan bu mərd insan  "təlatümlü dünyamız"  kimi daim hərəkətdə və fəaliyyətdə idi.

Yüksək amallarla yaşayırdı  Gülrux xanım! Həyata gözəllik qanunları və meyarları ilə yanaşırdı bu  insan!  Dünya, zaman və insan  mövzusu onu yazmağa sövq edir: orijinal silsilə kitablar  "Düşünən dünya" ("Razmışləöhiy mir"), "Təlatümlü dünya" ("Mətuhiysə mir), "Hərəkətli dünya" ("Dvijuhiysə mir"), "Dağılan dünya" ("Razruşaöhiysə mir") və yekun olaraq "Zaman və  özüm haqqında" ("O vremeni i o sebe").

Zaman  və insan (özü ) haqqında yazdığı etüdlərin birində  Şərqin  müdrik zəkalarından olan  Yunis Əmrənin "Biz gedirik- gələnlərə salam!" məşhur kəlamını  epiqraf kimi götürən  Gülrux xanım  yazır ki,  "Bu dünyaya  insan xoşbəxt olmaq üçün  gəlir və yalnız xoşbəxt insanın ruhu özündən sonra gələn insanı  alqışlaya  bilər, onun  mənəvi ruhunu  zənginləşdirər.

Dolğun, mənalı  həyatla yaşayan insan üçün  Ölüm qorxulu deyil". Bu  məqamda onun  tez-tez  dilə gətirdiyi Mişel Montenin  müdrik fikri yada düşür:

" Ölüm haqqında fikirləşmək - Azadlıq haqqında fikirləşməkdir". Həmçinin o, çox sevdiyi F.Nitşe fəlsəfəsinin "rəqs edən insan" nəzəriyyəsinə müraciət edərək  "rəqsdə insan özünü daha yüksək " icmanın" üzvü hiss edir"  məşhur ifadəsini epiqrafa çevirib, mən  deyərdim, bənzərsiz və  təsirli bir  esse yaratmışdır - "Rəqs və ölüm".

-  Gözlərimi  yumub həyatımda ilk dəfə özüm-özümlə tam harmoniyada bulunmuşam.

- Birdən rəqsin ən yüksək, ekstaz pərdəsində gözlənilmədən,  ölüm gəlir! Deyə bilmərəm ki, onu canlı bir varlıq kimi görürəm...

Sartr, Kafka, Kamyunun ekzistensial  dünyasına yiyələnən, idrakından keçirdən insanın gözləri önündə bir anlıq ölümün  fantasmaqorik cizgiləri və siluetinin  peyda olması heç də təsadüfi deyil, çünki belə xəyal və illüziyalar, belə irreal mötivlər və  obrazlar yalnız ekstremal şəraitdə baş qaldıra bilər və ölümün əbədi məğlubedilməzliyini, onunla mübarizənin mənasızlığını dərk edən insan bunu  sanki bir absurd  kimi qəbul edir və ölüm daha ona qorxulu görünmür.

- Ölüm insanın güzgüsüdür, hər kəsin  ölümü özünə oxşayır. Ölüm də işıqlı olmalıdır. Onu  müdrik, mədəni adam kimi sakit qarşılamaq lazımdır... İçindəki musiqiylə!

-  Mən rəqs edirəm - deməli yaşayıram! Ecaskar musiqi sədaları altında həyatın  gözəlliyini,  dolğunluğunu, varlığını hiss edirəm. Dünya hərəkətdir !  Yer kürəsi dayanmadan fırlanır, hər şey, hər kəs -  hərəkətdir!

Hərəkətsizlik- ölümdür! Olduqca məntiqli və  kəsərli fikirdir.

Gülrux xanımın nurla dolu daxili aləminin, mənəvi dünyasının zənginliyi onun geniş maraq dairəsindən və  mütaliəsindən  irəli gəlirdi, böyük və müdrik  simalara daim müraciət etməsi də təsadüfi deyildi.

Bəşər tarixində adları qarşısında baş əydiyi  Demosfen, Epikur, Monten, Nizami, Nəsimi, Volter, Tolstoy, Dostoyevski və bir çox başqalarının  dünyəvi düşüncələrindən bəhrələnirdi və onları, öz təbirincə desək, "uzaq məsləkdaşları" kimi qəbul edirdi.

Qədim yunan filosofu Epikurun "öz bağını becərən insan" fəlsəfəsini həyat devizinə  çevirmiş və bu  dinamik təlim əsasında mənəvi inkişafa nail olmuşdur. Bir çox hallarda o, irəli sürdüyü fikir və mülahizələrinə təsdiqi və inamı dahi şəxsiyyətlərin  ifadələrində və həyat fəlsəfəsində araşdırır, tapır və onlara istinad edirdi. Əsas maraq dairəsi fəlsəfə, ədəbiyyat, estetika,  mədəniyyət idi.  Onu daha çox maraqlandıran insanın mənəvi- intellektual səviyyəsi idi.

Əsas  oriyentir və istiqaməti -  mənəviyyat, məqsədi isə - mükəmməllik,  onun tənqidcilik ruhu da , əsasən bununla bağlıdır və hətta publisistikasına da  siraət etmişdir.

Onu ən cox narahat edən  cəmiyyətimiz və  bu cəmiyyətdə forma ilə məzmun  arasındakı uyğunsuzluq, başqa sözlə, mənəviyyatsızlıq idi.  "Mənəviyyatsızlıq isə  sahibsiz bir  səhra kimi tənha və  ümidsizdir".

Gülrux xanımın belə etirafları və  müşahidələri,  müasir cəmiyyətin analitik- pisxoloji təhlilləri bizi dərindən düşündürməlidir. Onun milli  dəyərlərə diqqət yetirməsi, estetikanın cəmiyyətdə və onun inkişafında rolu, milli sərvətlərin qoruyub-saxlanılması haqqında fikirləri çox dəyərli və aktualdır.

İncəsənət, teatr, musiqinin rolu insanın və bütövlükdə cəmiyyətin  inkişafında estetikanın əvəzsiz rolundan  bəhs edən  Gülrux xanım hər sahədə dediklərini təhlil edərək əyani sürətdə məqsədinə nail ola bilir və öz zəngin mütaliəsində və praktiki təcrübəsindən  istifadə etməyi də unutmur. (20 il estetikadan mühazirələr oxumuşdu). O, izah edir ki, dünyanın estetik tələbata böyük ehtiyacı var və onsuz inkişaf edə bilməz. Estetik tələbat - təbii tələbatdır və  bununla bərabər o, insan və bəşəriyyətin inkişafında güzgüdə olduğu kimi öz  əksini tapır. Estetika - təkcə incəsənət, təkcə  mükəmməl  forma deyil, estetika insan həyatının məğzidir. Misal üçün, teatr və səhnə mədəniyyətindən danışarkən o, bu incəsənət   məbədinə xüsusi diqqət yetirir, çünki  burada insan  saflaşır, Aristotelin adlandırdığı "katarsis"dən, yəni ruhun  təmizlənməsindən  keçir, yüksəlir.

Ruhu ilə harmoniyada yaşayan, öz geniş fəaliyyəti və xeyirxah əməllərilə xalqına xidmət edən böyük ziyalı, ləyaqətli şəxsiyyət Gülrux Əlibəylinin siması unudulmaz və əbədidir.

 

Aida Feyzullayeva

 

Ədəbiyyat qəzeti.- 2018.- 17 mart.- S.19.