Dərviş heybəsindəki risalə
Bu
"risalə"ni oxumaq zahirən sadə, səmimi və
doğma görünsə də, "təfsir"ində qəlb
aynasındakı hikmətlərin əzəmət və
üsyanı eyni zamanda həmin aynadan ana laylası kimi həlim
həzinliyə bürünmüş can
çağrışının gözlə deyil, fəqət
ruhun aynasından baxılırkən əks olunan illüziya -
qeyb effekti öz bəlirində - söz bəlirində
zühurunu tamamlayır:
Ayın
bir üzündə sən,
Ayın
bir üzündə mən,
Telefonda
həzin səs,
Telefonda
bizim səs...
Ezoterik
əhvali-ruhiyyə səciyyəsinin motivasiyası "qəmim pünhan tutardım mən"
bəyani-mükərrəməsindən intişarına
görə assosiativliyi baxımından açıq-aydın
diqqəti cəlb edə bilir. Telefondakı
"həmin səs
- bizim səs" nostaljisi özünün eyhami mündəricəsinə
görə tam lirik - psixoloji effektinin bəlirində dastanlaşa
və bəlkə də lirik ricətli nağıllar silsiləsini
özündə ehtiva edə biləcək qədər Əjdər
Ol misralarında özünü nümayiş etdirə bilməsi
ilə yadda qalır. Qeyd etmək lazımdır ki, bu lirik
psixologizm, əslində, bir yaradıcılıq manerası
olmaqla Əjdərin yalnız şeirlərində deyil,
ümumən bir leytmotiv mündəricəsi ilə
bütün yaradıcılığında təzahürləri
ilə diqqəti cəlb edən üslubi səciyyə və
daha çox özünəməxsusluq manerasıdır. Belə
ki, günün reallıq ahəngi (daha çox rezonans -
psixologizm) səciyyəsini müşahidə Əjdər Ol
şeiriyyətinin başlıca leytmotivini təşkil edir
desək, yəqin ki, səhv etmərik. Bahəm və birgə
mənsub olduğumuz ədəbi nəsildaşlıq
dövrümüz Əjdərin qələmində heç
birimizdə heç vaxt ola bilməyəcək incə və
məhrəm ifadə səmimiyyəti ilə təqdimatı
baxımından tarixin özüdür. Qeyd etmək
lazımdır ki, yazıçı və
yaradıcılıq mühitlərinin elmi epistolyarlıq
analitikası tarixən olmuş və bu epistolyarlıq ədəbi
mərhələ anlayışının demək olar ki, bədii-poetik "pasport"una çevrilə
bilmişdir. Və hətta,
bu "pasport" ədəbiyyat
tarixinin mərhələ prinsipləri nöqteyi-nəzərdən
elmi araşdırmaların mizan lemmativliyini dəqiq və
doğru-dürüst ədəbiyyat tarixinin özünütəsdiqində
kifayət qədər salğar və sanbal səciyyəviliyini
özündə ehtiva edə bilmişdir. Məhz bu anlamda Əjdərin
nəinki publisistikasında, hətta şeirlərində belə
kifayət qədər nümunələrlə nəfəs-nəfəsə,
üz-üzə qala bilirik:
Hüzn
çadırın
yelkən açırdı.
Yasına
gələnlərin hamısı
sağlığında səndən
qaçırdı.
Biz yaşamaq dəlisiydik,
sağlıq dostuyduq.
İşini bilmişdin,
mənə demədən
Qəfil
ölmüşdün...
Bu misraların həniri, bu misraların salğar və sanbalı mənim
yaxşı tanıdığım, yaxşı bildiyim Əjdərin
halallığı və bu halallıqdakı ömür yollarından mənə
eynən Əjdərin bərəkətli
gülüşü ilə tanış və məhrəmdir.
Həmişə özünü yazdığına, həmişə
sanki qələm dostlarının məhzərində "səksənincilər"in ədəbiyyata gəlişindəki
səciyyəvi maneranın "körpü
bayrağı"ndakı halal əzəmətlə rezonans -
əks - səda
halallığını əziz tutan və bütün
misralarında bu səciyyəvi leytmotivi qoruya bilən Əjdər
Ol yaradıcılığı bütünlüklə
özü olmaqla, səmimiyyətin səməni
simsarlığında yamyaşıl zəmi bərəkətinin
dalağalanan bəlirində həmin halallığın elə
bir yol yolçusudur ki, nə bu yol Əjdərdən, nə də
Əjdər bu yoldan ayrılmaz, necə ki, halal
misralarındakı bədii məntiqin "yol göstəricisindəki"
küdrü mərifətinin sehrində olduğu kimi:
Gözümün ilk ovu, ilk görəcəyi,
Asfalt, stansiya,
şoran düz olub.
Və ya:
Bilmirəm necə sevdim,
Bu bürkülü sərt
düzü?
Vətən uşaqkən evdi,
Sonra da tale, arzu.
Mətn şərtiliyinə diqqətlə
nüfuz etdikdə Əjdərin poetik əxlaqında
ən ardıcıl obraz Çöl - "şoran
düz", "bürkülü sərt düz"
özünün bütün səciyyə bəlirləri ilə
şərti metaforiklikdən idraki reallıqlara qədər
özünün əhatəli mündəricəsini ehtiva zəminləri
ilə poetizmin obrazlar təqdimatında tamamlaya bilməsi ilə
yadda qala bilir.
Heç şübhəsiz, poeziyanın şeiriyyət
ülgüləri obrazlı düşüncə tərizinin
lakonizmi və eyni zamanda şeir dilinin
axıclığında nəzərə çarpan səciyyədə
bəlliyyatı ilə bəlirlənə bilir. Və bu
xüsusiyyət Əjdərin poetik leksikonunda "anadangəlmə" manera zəminindəki
səciyyəvilikdən qeyri bir şey deyildir:
İtik
axtarıram mən də həmişə,
Ünvandan-ünvana köçüb gedirəm.
Bəlkə adi işə, ucuz görüşə,
Xəzinə üstündən keçib
gedirəm.
Əzizim
Əjdər, bu
"xəzinə" hər kəsin
görə biləcəyi nə həndəsi nə də ki
fəza biçimləri ilə bəlir bulası hikmət
deyil, bu hikmət rizayi-həqqin nütfədə
möhürlənmiş ecazıdır ki, ana südü ilə
gələr və ana laylası ilə lisani-ruhda təcəlla
edər. Əslində, bu lisani-ruh bədii
yaradıcılıqda özünütəsdiqin böyük
meyyarlarında olmaqla yazıçılıq yolunun yol bələdçisidir
və bu "bələdçi" yalnız bir dəfə
doğulur, fəqət ölmür. Eşqin meracı da məhz
elə budur. Məhz bu meracda
"çiçəklərə and içilir",
"ürək Allah evinə çevrilir",
"misranın üstündən deyil, altından xətt
çəkir sərçə dimdiyi".
Ürəyi
Allah evinə çevrilənlərin mükafat müjdələri
hər iki dünyada bəlirsiz qəlb evinin elə öz
gözəlliyidir. Bu mənada bəyani-elandakı
misraların da qayeyi-məramı məhz elə bu hikmətin
miniatür təzahür poetizmi olmaqla Əjdərin qələmində
özünəməxsusluğu ilə bəlirlənə
bilir:
Könlümü vuruşa çıxarmışam
mən,
Səf-səf, qoşun-qoşun kədərlə,
qəmlə.
Mənim
ürəyimin hər
döyüntüsü,
Təzə bir hücumdur, yeni bir həmlə.
Yalnız
cəfakeş əzmkarlıq
yazıçı məsuliyyətinin ana
bətni ola bilir. Əslində, qələm
əhli olumundan fiziki ölümünə qədər kəmiyyəti
bəlli bilinməyən qədər həm ölür, həm
də ki dirilir. Hər iki halda yazıçı yalnız
özünü yenidən tapır, yenidən sözün
meracında dua - iltimas və bəlkə də tövbə
zikrlərinin poetik lemmativliyində təkrar doğulmağın
və eyni zamanda təkrar ölməyin həzzi-ilhamı ecazı ilə
yenidən təklənir, yenidən tənhalığı
qiblə seçir. Məhz elə bu məqami-eşqdən hər
şey gözəlləşir - ölüm də olum kimi qənirsizləşir.
Əjdər Ol poeziyasının
bütün məziyyətlərinin
ümumi məcmusunda məhz bu özünəməxsusluq - kənar
gəlişmələrdən, bəsit pafosdan, moda
mindirilmiş modernizmdən, milli şeir dilimizin
"urulanma"sından əlahiddə səciyyədəki
sadəlik qənirsizliyi dayanır ki, əslində, yazıçı əməyinin mənası
da zənnimizcə, elə bundan qeyri bir şey deyil.
Qənirsizliyin eşq meracındakı yolun mübarək, Əjdər.
Şöhrət Qaraoğlu
filologiya üzrə fəlsəfə
doktoru
Ədəbiyyat qəzeti.- 2018.-
17 mart.- S.15.