Yuxu
Hekayə
Şahzadə Abbas Mirzə kəhrəbadan düzəlmiş
təsbehi var gücüylə sarayın divarına
çırpdı. Səhra rəngli xırda dənələr
hərəsi bir tərəfə səpələndi. Qəzəbdən alışıb-yanan
gömgöy gözlərini dostuna zilləsə də,
baxışları sanki Xorasandan birbaş Qəzvindəki
şah sarayına baxırdı.
-Atamın
gözləri tamam tutulub. Nəinki bütün saray, rəiyyət
də bilir ki, daha hakimiyyəti idarə edə bilmir... Saray qızılbaş əyanlarının əlindədir,
mənsə oturmuşam Xorasanda. İşim-gücüm
şətrənc oynamaqdır.
-Hər
şeyin öz vədəsi var, tələsmə, Abbas Mirzə
- dostu Sadiq bəy on altı yaşlı Abbası sakitləşdirməyə
çalışsa da, şahzadə hirsini cilovlaya bilmirdi.
Şərabın təsirindən səndələyə-səndələyə
dostuna yaxınlaşdı.
- Bu
dünyada ən axmaq şey bilirsən nədir, Sadiq bəy? Səfəvi
xanədanında balaca şahzadə
olmaq... Bəradərim Şah Məhəmməd
Xudabəndədən sonra taxta
Həmzə Mirzə keçəcək. Çünki
böyük qardaş odur. Şamlılar da, rumlular da
başına and içir. Hərçənd, Həmzə
Mirzə taxta keçən kimi məni adam yerinə də
qoymayacaq. Mən də bu xərabət sarayda
çürüyüb gedəcəm.
Abbas Mirzə
şərab dolu piyaləni başına çəkəndən
sonra hər dəfə əsəbiləşəndə
olduğu kimi, gözlərini qıydı, səsi
tutqunlaşdı.
-Sən də
hələ ki, mənim yanımdasan, Həmzə Mirzə
şah olan kimi atıb gedəcəksən.
Keçəcəksən onun tərəfinə. Həyatın
qanunu belədir, güc kimdədirsə hamı onun yanında
olur.
-Əstəğfürullah,
Abbas Mirzə. Sən elə indi də mənim
üçün şah kimisən. Belə şeylərlə
o mübarək əqlini məşğul eləmə - Abbas
Mirzənin xasiyyətini yaxşı bilən dostu onu sakitləşdirmək
üçün əlindən gələni edirdi.
Abbas Mirzə şərabdan tamam məst olmuşdu.
-Kaş mən
Səfəvi şahzadəsi doğulmazdım. Bu
cahanın ən mənfur taleyinə niyə məhz mən bəxti
qara tuş olmalı idim?! Mənim Həmzə
Mirzədən nəyim əskikdir axı? Çox
da ki, döyüşkəndir. Olsun da... Mən ondan ağıllıyam,
dərrakəliyəm, uzaqgörənəm... Çi
fayda. Yaşım azdır deyə bəradərimin
yerinə Həmzə Mirzə keçəcək. Çehelsütunda əyləşib Səfəviyyəni
idarə edəcək. Mən də saray
xacəsi kimi bütün günü burda oturacam. Ədalət axı bunun harasındadır?!
Kaş burda doğulmazdım, Osmaniyyədə göz
açardım dünyaya... Şahın yox,
sultanın xələfi olardım. Hər
şey də tamam başqa cür olardı.
Abbas Mirzə səndələyə-səndələyə
otağın küncünə gəlib, özünü
döşəkçələrin üstünə atdı.
- Səfəvi
taxtı mənim olmalıydı. Amma bilirəm
ki, onu mənə verən olmayacaq. Anam Məhdi
Ülyanı necə qətl elədilərsə, mənim də
axrıma elə çıxacaqlar.
-Sən
dincəl, Abbas Mirzə. Fikir-filan da çəkmə.
Hər şey düzələcək.
Abbas Mirzə getdikcə yumulan gözlərini dostuna dikib
təəssüf hissiylə başını buladı.
-Sadiq bəy,
kaş Allah şahzadələrə elə bir fürsət
verəydi ki, hansı xanədanda şahzadə
olmağını özü seçəydi. Səd heyif ki,
bu zalım dünyada belə şeylər olmur...
Abbas Mirzə başını döşəkçəyə
qoyan kimi yuxu onu apardı. Sadiq bəy ona
baxıb səssizcə otaqdan çıxdı.
Abbas Mirzə yuxudan ayılanda heyrətlə ətrafa
baxsa da, əvvəlcə heç nə başa düşmədi. Bura onun
otağı deyildi. Pəncərəyə
yaxınlaşıb, çölü seyr eləyəndə
onu vahimə basdı. Bura heç Xorasan da
deyildi. Bu vaxt pəncərədən
görünən yaşıl qübbəli məsciddən
azan səsi eşidildi. Abbas Mirzə diqqətlə
qulaq asdı. Yox, nəsə azan səsi də
bir başqaydı. Minarələrin
görünüşü də fərqliydi. Xorasanda bu cür ucu şiş minarələr yox
idi. Öz-özünə fikirləşdi
ki, bəs bura haradı? Mən bura necə
düşmüşəm? Heç cür
cavab tapa bilmədi. Bu vədə
küçədən təbil səsləri eşidildi.
Abbas Mirzə yenidən pəncərəyə yaxın gəldi. Təbilçi var
gücüylə qışqırırdı: "Ey əhali,
sultan öldü. Osmanlı taxtına Sultanın büyük
oğlu III Murad çıxacaq", "Yaşasın
padişah III Murad!", "Yaşasın padişah III
Murad"
Bu sözləri eşidəndə Abbas Mirzənin
gözləri tum dənəsi boyda kiçildi, rəngi
ağappaq ağardı. İndi fəhm elədi ki, Osmanlı
torpağındadır. "İlahi, mən
bura necə düşmüşəm axı? Mənim burda nə işim var" - deyə
içində götür-qoy edirdi ki, qapılar taybatay
açıldı. Otağa bir zənən xeylağı,
onun ardınca da iki-üç adam daxil
oldu. Qadın elə hey ağlayırdı.
Adamlardan biri qadına təskinlik verir,
dil-ağız edirdi.
-Xanım,
niyə ağlayırsız? Axı oğlunuz
taxta çıxıb. Siz daha çox
sevinməlisiz. Bilirsiz ki, dünya
ölümlü dünyadır. Sultanımızın
məmatıyla barışmaq, yeni sultanımız
üçünsə sevinmək lazımdır.
Qadın otaqdakı adamlara baxdı, gözlərində
qəribə peşmanlıq qarışıq iztirab hissi əmələ
gəldi.
-Özünüz
də bilirsiz ki, Osmanlı taxtına böyük qardaş çıxan kimi
özündən balaca şahzadələr öldürülməldir.
Bu bizim törəmizdir-Qadın bunu deyib göz
yaşlarını güc-bəlayla saxlamağa
çalışdı.
Abbas Mirzə elə yerdə dayanmışdı ki,
görünməsin. Qadının axrıncı sözlərini
eşidəndə qanı qaraldı. Qeyri-iradi
fikirləşdi ki, heç Səfəvi adətlərində
belə şey yoxdu. Qəfilcən, əlindəki təsbeh yerə
düşdü, dənələr döşəməyə
dağıldı. Abbas Mirzə dumanlı
da olsa düşündü ki, axı mən təsbehi
Xorasandakı otağımda divara
çırpmışdım. Sonra yenə onu vahimə
basdı: "Ay Allah, mən bura necə gəlib
düşmüşəm".
Otaqdakılar təsbehin zəif cingiltisinə
çevrilib Abbas Mirzəyə baxdılar. Şahzadə
gizləndiyi yerdən bir-iki addım önə
çıxmışdı, onu görmüşdülər.
Abbas Mirzəni soyuq tər basdı. Ürəyindən keçirdi ki, artıq mənim
axırımdır. Səfəvi şahzadəsi olduğumu bilən kimi
atacaqlar zindana, ya da ki, boynumu vurduracaqlar.
Qadın Abbas Mirzəni görən kimi gözlərində
yaş gilələndi. Abbas özünü təmkinli
aparmağa çalışsa da, qorxu onun bədənini
yavaş-yavaş əsir almağa başlamışdı.
Qadın onun yanına gəlib, boynuna
sarıldı.
-Mənim
nakam balam. Mənim bəxtsiz Mehmetim...
qardaşın sultan oldu. Mənim
xınalı quzum.
Qadın Abbas Mirzəni qucaqlayır,
hönkür-hönkür ağlayırdı. Abbas Mirzənin bütün
bədəni keyimişdi, ona elə gəlirdi ki, bədəninə
qara qarışqalar daraşıb onun qanını sovururlar,
bir azdan dərisi deşik-deşik olacaq, qarışqalar
qanını tamam içəndən sonra başlayacaqlar ruhunu
gəmirməyə...
Abbas qadının qolları arasında nə edəcəyini
götür-qoy etməyə çalışırdı. Beyni qaynar
qazana dönmüşdü, sanki kimsə əlinə
çömçə alıb beynindəki fikirləri
qarışdırmaqla məşğul idi. Abbas qazana dönmüş beynində bir neçə
şeyi aydınlaşdırmaq istəyirdi. Birincisi, o bura necə düşüb, ikincisi niyə
qadın ona Mehmet deyib sarıldı.
Üçüncüsü o, mən Abbasam, Mehmet deyiləm
desə nə olacaq...
Qadın göz yaşını sildi, üzündə qəribə
amiranəlik yarandı. Abbasın alnından öpüb gözlərinin
içinə baxdı.
-Bizim
törəmizi bilirsən, oğlum. İstədim,
son dəfə səni doyunca öpüm, qoxlayım. Bu da sənin taleyindir. Sənin
ölümünü izləyə bilməyəcəm. Bu bir ana üçün çox ağırdı.
Mən sənin o gözəl boğazını
cəllad kötüyündə necə görə bilərəm
axı? Amma mən səni heç vaxt
unutmayacam. Analar öz övladlarını
heç vaxt unutmurlar - qadın Abbasın üzündən-gözündən
öpdü.
Abbasın rəngi ağardı, dizləri qorxudan titrəməyə
başladı.
Fikirləşdi ki, əgər belə sağ
qalmaq şansım yoxdursa heç olmasa Səvəfi şahzadəsi
olduğumu deyim.
-Siz məni
səhv salırsız. Mən Mehmet deyiləm.
Şahzadə Abbas Mirzəyəm. Səfəvi
şahı Məhəmməd Xudabəndənin oğluyam.
Bilmirəm bura necə düşmüşəm.
Mən öz məmləkətimə
qayıtmaq istəyirəm-Abbas sözlərini deyib qadına
baxdı. Qadın onu eşitmədi, onun əvəzinə
yanındakı adamlara baxdı.
-Mehmetimi
tənha buraxaq. Ölümdən əvvəl
şahzadələr öz cənazə namazlarını
qılarlar həmişə.
Qadın son dəfə Abbasa baxıb - səni heç
vaxt unutmayacam, Mehmetim - deyib yanındakılarla birgə otaqdan
çıxdı.
Abbası
soyuq tər basdı: - Getməyin, mən Mehmet deyiləm, siz məni
səhv salırsız - desə də, heç kim ona fikir vermədi.
Onu heç kimin eşitməməyi qəribə
gəlmişdi.
Bir anlıq gömgöy gözləri parıldadı. "Məni heç kim eşitmədi. Bu necə ola
bilər axı?! Məni görürlər, amma eşitmirlər"
Abbas Mirzə qəfildən nəyisə
xatırladı. "güzgü... hə
güzgü..." otaqda var-gəl edib bir güzgü tapan
kimi özünə baxdı. Yox... üzü də
yerindəydi. Özüydü. "İlahi, bu nə
oyundur, açırsan başıma? Kaş bunlar
hamısı yuxu olardı"
Birdən gözləri bərəldi, üzündə
heyrətlə yoğrulmuş təbəssüm yarandı. "Əlbəttə
ki, yuxu... axırıncı dəfə otağımda yuxuya
getmişdim. Elə indi də yuxudayam.
Röya görürəm. Röyada
isə hər şey olur. Qadın məni
öz oğlu bilir, elə zənn edir ki, qardaşım sultan
olub deyə mənim boynumu vuracaqlar. Doğrudan
da bunların qəribə adətləri var. Yaxşı ki,
yuxudayam. Yoxsa birdən belə bir şey
olardı".
Abbas Mirzə bu müddət ərzində ilk dəfə
ürək dolusu nəfəs almışdı ki, qapı
taybatay açıldı, içəri dörd yeniçəri
daxil oldu. Onlar Abbasa yaxınlaşdılar. Onlardan biri qabağa çıxıb təzim etdi.
-Qaydaları
bilirsiz, şahzadəmiz. Sultan işi yubatmaq istəmir.
Camaat meydana toplaşıb. Boynunuz
vurulacaq.
Abbas Mirzənin canına vəlvələ
düşdü. Əlləri, ayaqları əsməyə
başladı.
-Qardaş,
siz məni səhv salırsız. Həm də
ki, bu yuxudur, indi ayılacam, hər şey təmam bitəcək-Abbas
Mirzə yuxudan ayılmağın yolunu tapmağa
çalışır, amma heç bir şey edə bilmirdi.
Yeniçərilər onu eşitmirdilər.
Abbasla danışan yeniçəri o birilərinə əmr verdi ki, şahzadəni tutsunlar. Onlar
Abbasın qolundan tutub burdular. Abbas
dartınıb onların əlindən çıxmağa
çalışır, hey vurnuxurdu.
-
Buraxın məni, buraxın deyirəm. Mən
Mehmet deyiləm, Abbasam. Bu da bir
röyadır.
Yeniçərilər Abbası eşitmir, onu otaqdan
çıxarmağa çalışırdı. Abbas yuxudan
ayılmaq istəyirdi, gəl ki, heç cür
alınmırdı. Gah özünü
çimdikləyirdi, gah şillələyirdi, nə illah
edirdisə ayılmırdı ki, ayılmırdı. Onu otaqdan çıxarıb uzun dəhlizlə
aparırdılar. Abbas Yeniçərilərə
nə qədər yalvar-yaxar eləsə də, bir xeyri
olmadı. Abbas Mirzə artıq fəhm eləmişdi
ki, bu həqiqi həyat deyil: yuxudur. Yuxunun isə
həqiqəti olmur. Burda hər şey
insanın yox, yuxunun birbaşa özünün iradəsinə
tabedir. Səsini eşitmək istəsələr,
eşidəcəklər; Abbası Mehmet görsələr,
görəcəklər. Bundan
qaçış yoxdur.
Abbas Mirzəni böyük bir meydanın ortasına gətirdilər. Ortada
böyük bir kötük, onun yanında əlində balta
yekəpər cəllad dayanmışdı. Meydana toplaşan çoxlu adamlar şahzadənin
boynunun vurulmasını gözləyirdilər.
Abbas Mirzə
hələ də özünü çimdikləyir, nəsə
etməyə çalışırdısa da, bir şey əmələ
gəlmirdi. Onu kötüyün yanına gətirdilər.
Qırmızı rəngli əba geyinmiş bir nəfər
meydanda uca səslə danışmağa başladı:
-Camaat,
bilirsiz ki, babalarımızdan qalan adətimizə görə,
şahzadələr yayın kirişiylə
öldürülürlər. Amma Sultan III Murad
həzrətlərinin əmrinə görə bu gün
şahzadə Mehmetin boynu vurulacaq.
Abbas Mirzə bu səsin sahibini tanıdı. Bu, onun dostu
Sadiq bəy idi. Bəs niyə özü qocalmış, ancaq səsi
gənc idi? Abbas birdən xatırladı
ki, o yuxudadır. Yuxuda isə hər
şey olur.
Onun başını kötüyün üstünə
qoydular. Abbas Mirzə nə qədər çapalasa da,
yalvar-yaxar etsə də, onu eşidən olmadı. Sadiq
bəy yenidən camaata səsləndi:
-Sultan son
dəfə qardaşına baxmaq istəyir.
Hamı sultanın dayandığı yerə
çevrildi.
Abbas Mirzə ürəyində yəqin elədi ki,
qırmızı əbalı kişi Sadiq
bəydisə, sultan da mütləq Həmzə Mirzədir. O
da camaatın baxdığı yerə boylandı. Yox, sultan Həmzə
Mirzə deyildi, amma onun üzü Abbasa yaman tanış
gəlirdi. Qəfildən sanki onu ildırım
vurdu. Sultan elə onun özüydü.
Sadəcə burda on il sonrakı
halıydı. İyirmi altı yaşlı Abbas, on altı
yaşlı Abbasa baxırdı, iyirmi altı yaşlı
Abbas, on altı yaşlı Abbasın ölüm fərmanını
vermişdi... Çünki bu yuxuydu, yuxudasa hər şey
mümkündür...
Abbas Mirzə artıq yuxudan oyanmağa cəhd eləmirdi,
fəhm eləmişdi ki, bunun bir mənası olmayacaq. İndiyədək
yuxuda ölən adamlar haqda çox eşitmişdi. Bir anlıq düşündü ki, deməli, yuxuda
elə bu cür ölürlərmiş.
Abbas Mirzəni ağlamaq tutdu, var gücüylə
hönkürüb ağlamağa başladı. Özündən on yaş
böyük özünə baxıb fikirləşdi ki,
heç olmasa on il sonramı on il əvvəl
görmək mənə nəsib oldu...
Cəllad Abbasın başını kötükdə
yerbəyer edib enli, ucu ülgüc kimi iti baltasını
yuxarı qaldırdı. Şahzadə Abbas özünü həyatının
son anında mərd aparmaq istəsə də, alınmadı,
ağlamağa başladı.
-Qurban
olum, öldürməyin məni. Yalvarıram...
mən Mehmet deyiləm. Abbasam. Şahzadə Abbas Mirzə. Şahzadə də
adamdır də... onların canına niyə
qıyırsız ki... Etməyin. Qurban
olum, eləməyin...
Cəllad onun dediklərini eşitmirdi. Baltanı var
gücüylə Abbas Mirzənin boynuna endirdi. Abbas son anda boynundakı sümüklərin
xırçıltısını eşitdi. Hətta ona
elə gəldi ki, boğazından fışqıran qanı
da öz gözləriylə gördü...
Abbas Mirzə yerindən dik atıldı. Elə bildi
ki, başı üzərində deyil. Tez əlləriylə
başını yoxladı. Yox, hər
şey qaydasındaydı. Budur, Xorasanda - öz
otağında sağ və salamatdır. Bu vaxt
otağa Sadiq bəy daxil oldu. Üzünə
baxan kimi bilmək olurdu ki, nəsə olub.
-Abbas Mirzə,
sənə təcili
bir xəbərim var - Abbas onun səsindəki həyəcanı
da hiss elədi.
-Yaxşı
xəbərdi, yoxsa pis?
Sadiq bəy
bir az fikirləşdi. - Vallah, necə
deyim, həm yaxşıdır, həm də pis.
-Eşidirəm.
Abbas Mirzə maraqla Sadiq bəyə baxdı.
-Pisi odu
ki, qardaşınız Həmzə Mirzəni
öldürüblər - Sadiq bəy ehtiyatla dedi.
-Nə? Nə zaman? Harda?
-Təraş
olarkən. Həmişə üzünü təraş
edən öz erməni dəlləyi ülgüclə
boğazını kəsib. Allah ona rəhmət eləsin,
sənə də səbir versin.
Abbas Mirzə bu xəbərdən
sarsılmışdı. Gözlərini yumub
bir xeyli eləcə qaldı. Sadiq bəy də
danışmağa cürət etmirdi. Nəhayət,
Abbas Mirzə gözlərini açıb Sadiq bəyə
baxdı.
-Yaxşısı
da odur ki, taxta mən keçirəm, elədir?
-Bəli,
elədir ki, var!
Abbas Mirzə yenə bir qədər fikrə getdi. Gözləri
tum dənəsi kimi kiçildi.
-Sadiq bəy,
qonşu Osmanlıda bir adət var. Taxta kim
çıxırsa, özündən balaca şahzadələrin
boynunu vurdurur ki, heç kim ona üsyan eləməsin,
aranı qızışdırmasın, nifaq salmasın.
Sadiq bəy qorxulu gözlərlə ona baxdı.
-Nə
demək istəyirsən, Abbas Mirzə?
Abbas hökmlü baxışlarla Sadiq bəyə
baxdı.
-Abbas Mirzə yox, bundan sonra Şah Abbas deyəcəksən
mənə. Deməyim odur ki, bu adət əslində heç də
pis deyil. Amma mən onlar kimi zalım deyiləm.
Taxta çıxan şahın qardaşlarının gözləri
çıxarılsın bundan sonra.
Sadiq bəy bu sözlərdən diksindi.
-Şahım, bizdə dədə-babadan belə bir ənənə
olmayıb.
-Onda bu mənim
ilk verdiyim əmr olsun. - Abbas qətiyyətli bir səslə
deyib daha sonra əlavə elədi. - Əsas olan
dövlətin yaşamasıdır. Üç-beş
şahzadənin canından heç nə olmaz...
Abbas Mirzə üzündə böyük, müdrik
şahlara məxsus ifadəylə Sadiq bəyə nəzər
yetirib inamlı addımlarla ordan uzaqlaşdı. Sadiq bəy narazı
baxışlarla Abbas Mirzənin ardınca baxdı. Birdən
gözləri yeni Səfəvi şahının boynuna
sataşdı. Diqqətlə baxdı.
Yanılmamışdı. Abbas Mirzənin boynundan nazik xətt
kimi qan axır, ordan da kürəyi boyunca
süzülürdü. Özününsə xəbəri
yox idi. Bundan sonra da neçə illik hakimiyyəti ərzində
bircə an belə boynundan axıb kürəyinə
tökülən qandan xəbəri olmadı...
Pərviz Seyidli
Ədəbiyyat qəzeti.- 2018.- 17
mart.- S.4-5.