Türkçülük və epos mədəniyyəti
Qədim türklərin
Köçü bəşər tarixində ən
böyük saqa idi. Dünyada mövcud olmuş
saqaların əsasında türk köçəbəlliyi
dayanır. Bunu Skandinav saqalarının tarixi sübut edir.
Türk köçünün mahiyyətində
böyük çöl mədəniyyəti dayanır.
Türklər torpaqlarını artırmaq üçün
yürüş - köç etmirdilər, daha çox mədəniyyətlərinin
idrak üfüqlərini, düşüncələrini
artırmaq üçün köç edirdilər. Türk yürüşlərinin tarixi və təcrübəsi
göstərir ki, türklər avropanı fəth etməyə
getmirdi, Avropaya mədəniyyət aparırdılar. Atillanın sarayında əcnəbi qonaqları
qarşılayan xüsusi ansanbl var idi. Onlar
gələn qonaqları məqsəd və məramını
bilməmiş əcnəbiləri duz-çörək və
balla qarşılayırdılar. Türklər
Avropaya Xaçı və İkonaları gətirdilər.
Xaç qədim türklərin dünya
haqqında təsəvvürlərindən yaranmış
model, günəşin müqəddəs simvol idi. Türk mədəniyyətlərinin, türk təfəkkürünün
və türk ruhunun ən böyük abidəsi türk
eposudur. Mütəxəsislər
bu fikirə gəlirlər ki, "Azərbaycan
folklorşünaslığında "epos"
anlayışı, demək olar ki, bütün hallarda sintaqmatik
mətn mənasında götürülmüş, onun
düşüncə modeli (paradiqmatik sistem) mənasına,
ümumiyyətlə, əhəmiyyət verilməmişdir.
Halbuki, epos ilk növbədə epik yaddaş -
gerçəkliyin etnosun fiziki-mənəvi təcrübəsində
"aprobasiya olunuraq", düşüncəsində
yaratdığı obrazlar sistemidir". (Seyfəddin
Rzasoy)
Epos-insan mənəvi qüdrətinin ilkin inikas
formalarından biridir. On minillik bəşər mədəniyyətinin
təxminən təsəvvür edilən başlanğıc
mərhələlərində belə bu unikal janrın və
mədəni fəaliyyət növünün izləri,
müxtəlif üslublu görünüşləri və
ifadə formaları nəzərə çarpmaqdadır.
Dini dünyagörüşündən və
ümumən, dindən öncə yaranmış, bir neçə
yüksəliş dövrlərini arxada qoymuş epos bugün
də özünün təkrarsızlığını və
əzəmətini yaşatmaqdadır. Neçə
minillik inkişaf mərhələlərini, onlarla epoxa və
sivilizasiyaları yola salmış eposun poetik bioqrafiyasında
dünyanın bir çox etnos və xalqlarının
imzası həkk olunmuşdur. Eposun uzun və
zəngin tarixində bəzi mərhələlər ayrıca
əhəmiyyətə malikdir. Onlardan biri
və birincisi daş dövrüdür. Şimali
Afrikanın piramidaları, Cənubi Amerikanın
dağüstü və qayaüstü yazılı abidələri,
Cənubi və Cənubi Şərqi Asiyanın əzəmətli
daş kitabələri eposun ilk nümunələrindən
sayılmalıdır. Beş min kilometrlik
Böyük Çin səddini də bu silsiləyə aid etmək
olar. Nəsilləri hələ də heyrətləndirən
möhtəşəm maddi-mənəvi sənət abidəsi
qüdrətli Çin və Türk
xaqanlıqlarının-xalqlarının sanki birlikdə icad
etdiyi yaradıcılıq möcüzəsidir. Böyük və bənzərsiz daş epopeya
çin xalqının mübarizlik timsalı olan müdafiə
qüdrətinin və türk xalqının
qarşısıalınmaz, məğlubedilməz hərb sənətinin
qovşağında yaranmışdır. Bir
neçə yüz illik çin türk müharibələri
"Böyük Çin səddi" şəklində əbədiləşmişdir.
Məhz
ilk təşəkkül və doğuluş mərhələləri
də janrın özgür və özəl bir keyfiyyətini
müəyyən etmişdir: Epos müharibə və
vuruşmaların ab-havası ilə yoğrulan, silahların
şaqqıltısından özünə vəzn və ahəng
seçən, qılınc və qalxanlardan rəng və
cazibə alan bir janrdır. Hətta
Hegelin belə hərb mənşəli olduğuna işarə
etdiyi eposun baş və əsas xüsusiyyəti heç də
hərbi münaqişə və konfliktlərlə üzvi
bağlılıqdan doğulmamışdır. Xüsusən, yüzlərlə, minlərlə
türk xalq dastanlarının təsdiq və tərənnüm
etdiyi kimi, epos bütün zamanlarda sadəcə qılınc
qəhrəmanlığının və hərbi sərgüzəştlərin
deyil, xalq mənəvi qüdrətinin və mənəviyyatının
inikası kimi meydana çıxmış və şöhrətlənmişdir.
Beləliklə, aydın olur ki, epos insanlığın
hələ dindən əvvəlki dövrlərdə
yaratmağa başladığı maddi və mənəvi mədəniyyətin
zirvəsidir.
Bir çox görkəmli folklorşünas və
eposşünas alimlərin arxaik epos adlandırdğı ən
qədim epos nümunələrinin isə inkişaf və dəyişmə
dinamikasını müəyyənləşdirmək
çox çətindir. Ümumən,
daş kitabələrin, bir sıra qayaüstü epik mətnlərin
peyda olmasına qədər də epik təfəkkür uzun təşəkkül
etaplarından keçib gəldiyini nəzərə alsaq, epos
haqqında tam və həlledici söz söyləməyin
mümkünsüzlüyünə əminlik hasil etmək
olar. Həqiqətən də çağdaş elmin qədim
eposun ən qədim nümunələri kimi yüksək dəyərləndirdiyi
"İliada", "Odisseya", "Mahabxarata",
"Ramayana", "Dədə Qorqud kitabı" və
başqa bu qəbildən olan nümunələr janrın
müəyyən dövrləri barəsində
düşünməyə əsas verir. Yəni
indiyə kimi bizə gəlib çatmış
cahanşümül epik abidələr belə janrı
bütöv halda ehtiva etməyə və onun inkişaf yolunu
ümumiləşdirməyə imkan vermir. Amma epik mətnlərin yetərincə əlimizə
gəlib çatmamasına və şifahi söz sənətinin
bu misilsiz nümunələrinin öz əzəli və təbii
əzəmətində təqdim-təsəvvür olunmaq
imkanlarının sıfra bərabər olduğuna baxmayarq,
eposun bir neçə spesifik xüsusiyyətini-etnopoetik və
beynəlxalq əlamətlərini qeyd etmək vacibdir;
Birincisi; epos yaradıcılığı ucdantutma
bütün dünya xalqlarına xas olan bir keyfiyyət deyil.
Epik növün, demək olar ki, əksər
janrları (əsatir, əfsanə, rəvayət,
nağıl, lətifə və s.) əksər xalqların
folklorunda rast gəlindiyi halda, dastan janrı və
yaradıcılığı yalnız müəyyən
etnosların ağız ədəbiyyatında mühüm yer
tutur. İkincisi; eposun inkişafında və
tarixində parlaq imzası olan xalqlar insanlığın tərəqqisinə
və sivilizasiyaların irəliyə hərəkətinə
güclü təsir göstərmiş, tarixdə nəzərə
çarpacaq iz qoymuş, uzun mübarizə yollarından
keçib gəlmiş etnoslardan törəmişlər.
Üçüncüsü; epos janrı bir
çox etnosların uzun əsrlik tarixini yalnız müəyyən
mərhələsində, taleyüklü və qlobal məsələlərin
həlli prosesində meydana çıxmışdır.
Eramızdan əvvəlki minilliklərdə
yunan, yeni eranın əvvəllərində hind və
çin eposunun, ilk orta əsrlərdə Avropa eposunun
yaranmağa başladığını qeyd edə bilərik.
Akademik Konrad XIV-XVI əsrləri yapon eposunun məhsuldar
dövrü kimi səciyyələndirmişdir. Bir sıra məşhur folklorşünas alimlər
şimali və cənubi slavyan xalqlarının tarixində də
eposun aparıcı və ön mövqeyə
çıxdığı tarixi mərhələləri
vurğulamışlar. Dördüncüsü;
etnosların həyatının təşəkkül
dövrləri və yenidən qurulması, onların tarixindəki
köklü dəyişikliklər və keçid prosesləri,
daxili və xarici müharibələr əksərən eposun
intensivləşməsinə səbəb olmuşdur. Beşincisi;
epos mədəniyyətinə sahib xalqları, əsasən,
iki yerə ayırmaq olar: cəmi bir-iki epos nümunəsinə
malik olan xalqlar və öz tarixlərinin məlum bir
dövründə fəal dastan yaradıcılığı
ilə məşğul olmuş xalqlar. Elmi
araşdırmalar bunu deməyə əsas verir ki, eposun əsl
yaradıcısı və müəllifi olan etnosların bədii
məhsul və kəşflərindən qonşu xalqlar da bəhrələnmiş
və bu mədəniyyəti fəal surətdə,
ardıcıl şəkildə mənimsəmişlər.
Məhz bu tarixi və etnopoetik həqiqətdən
çıxış edərək etnosları epos
yaradıcılığına münasibət nöqteyi-nəzərəindən
iki qrupa bölmək məqsədə müvafiqdir:
yaradıcı və mənimsəyici etnoslar. Yuxarıda
qeyd etdiyimiz kimi, cəmi bir-iki dastana malik etnos və entik
birlikləri ikincilərə aid etmək olar. Altıncısı; ümumtürk eposu fenomenini
xüsusi vurğulamaq zəruridir. Ən
maraqlı və qəribə tərəfi ondadır ki,
türk eposu fenomeni təkcə dünya
folklorşünaslığında, Avropa türkologiyasında
deyil, heç ümumtürk
folklorşünaslığında da lazımi elmi səviyyədə
və obyektiv dəyərləndirilməmişdir. Təkcə əcnəbi türkoloqlar yox, eyni
zamanda, türksoylu alimlərin bu sahədəki tədqiqat və
əsərləri də ziddiyyətli və təzadlı
mülahizələr, qeyri-elmi izah və ehtimallarla
dolub-daşır. Bununla bağlı onlarla
misal, yüzlərlə dəlil-sübut gətirmək istəmirik.
Bircə nümunə ilə kifayətlənmək
niyyətindəyik.
Məşhur türkoloq alim Məhərrəm Ergin eynən qeyd etdiyimiz məsələ ilə bağlı aşağıdakıları vurğulayaraq, maraqlı bir fikir irəli sürmüşdür: "Dastan şərtlərinə sahib olmuş hər millətin bir milli dastanı varkən, türklərin həyatı birdən çox milli dastan içində dilə gətirilmişdir. Bunun səbəbi, türklərin milli həyatının və tarixi macəralarının bir dastana sığmamasıdır" (Məhərrəm Ergin. Birinci nəşrin ön sözü. Oğuz Kağan dastanı. 1988, səh. 5-10). Burada görkəmli alimin iki əsas məsələdə yanlışlığa yol verdiyi göz önündədir; birincisi türklər bir deyil, minlərlə dastanın yaradıcısı və daşıyıcısıdır. İkincisi türklərin həyati və tarixi sərgüzəştləri ən uyğun və ən qolay epos "material"llarıdır, ideal dastan mənbələridir. Yeddincisi; böyük alimin epos mədəniyyətinə və türk şifahi söz sənətinə nabələdliyi, yanlış yanaşması əsl həqiqəti açıqlamağa təkan verir: epos sənəti və ümumən, dastan dünyası eynən türk həyat tərzindən doğulmuşdur. Başqa sözlə, eposun Vətəni-türkün qəhrəmanlıqlarla dolu həyatı və dünya boyunca səyahətləridir. Eposun mənşəyi türk həyat tərzi ilə üzvi surətdə bağlı olduğu kimi, onun tarixi inkişaf qanunauyğunluqlarını da saysız-hesabsız türk dastanları səciyyələndirir. Az qala on min yaşı olan türk epos mədəniyyətinin zəngin tarixini, təşəkkül və tərəqqi etaplarını təyin etmək, ümumiləşdirmək ağıla və təsəvvürə sığmazdır. İlkin və ən qədim epos epoxalarının, təbii ki, izləri də qalmamışdır. Biz arxaik türk eposu deyərkən "Bilqamıs", "Oğuz Kağan" dastanlarını və "Alp Ər Tonqa", "Törəyiş", "Şu", "Ərgənəkon", "Köç"dən bizim zamanəmizə gəlib çatmış epos fraqmentlərini nəzərdə tutmaq zorundayıq. "Dədə Qorqud kitabı", "Alpamış", "Manas", "Ural Batır", "Koblandı Batır", "Goroğlu" və "Koroğlu" kimi dastan silsilələri türk xalqlarının epos yaradıcılığının sonrakı yüksəliş mərhələsinin parlaq təzahürləridir. Son iki minillik ictimai-mədəni tərəqqini təhlil edərkən aydın olur ki, dünya gedişatının və sivilizasiyalarının irəliyə doğru hərəkətində onlarla etnosların gərgin zəhməti və mübarizəsi mühüm əhəmiyyət kəsb etmişdir. Türk xalqlarının bəşəriyyət qarşısındakı ən böyük xidmətlərindən biri isə insanlığın ilkin möhtəşəm mədəni uğuru sayılan dastan sənətinin əsasını qoyması və bu təkrarsız mədəniyyətin dünya xalqları arasında yayılmasında əvəzsiz rol oynamasıdır. Yazılı eposun meydana gəlməsi ilə bu sənətin tarixində və taleyində yeni bir dövr başlanır. Əslində yazılı epos şifahi eposun və epik təfəkkürün başqa bir şəkildəki davamı idi. Ümumən, yazılı ədəbiyyat ən qədim dövrlərdən indiyə kimi, həmişə ağız ədəbiyyatının məhz bu növünə və janrına daha çox müraciət etmiş, ondan bəhrələnmişdir. Bu mənada Şərq ədəbiyyatının ilk mümtaz dastanları sayılan Yusif Balasaqunlunun "Qutadqu bilik", Əbülqasım Firdovsinin "Şahnamə" əsərləri, Nizaminin "Xəmsə"si və başqa məşhur epik abidələr türk epos mədəniyyətinin təsiri ilə meydana gəlmişdir. Yalnız Şərq ədəbiyyatında deyil, Avropa mədəniyyətində də epos təsiredici və törədici bədii funksiyasını qabarıq tərzdə nümayiş etdirir. Orta əsrlər Avropasının şöhrət qazanmış, hərbi sərgüzəştlərlə zəngin cəngavərlik romanlarının mənşəyini də, alimlər təbii olaraq, epos mədəniyyəti ilə bağlayırlar. "Dekameron" və "Don Kixot" kimi cahanşümul epik abidələr də qədim və orta əsrlər Avropa epos mədəniyyətindən qidalanmışdır. XIX-XX əsrlərdə roman janrının qazandığı böyük nailiyyətlər eposun mahiyyətindəki tükənməz bədii enerjidən xəbər verir. İngilis və fransız roman məktəbləri ilə yanaşı rus romanının da misilsiz inkişafı fikrimizi təsdiq edə bilər. Xüsusən, "Bəşəri komediya", "Hərb və sülh", "Anna Karenina", "Cinayət və cəza", "Paris Notterdam kilsəsi", "Səfillər", "Sakit Don" və başqa nəhəng epik nümunələr, minilliklərdən keçib gəlmiş epos janrının insanlığın əbədi yol-yoldaşı olmasına və yaşarılığına bizi inandırır. Azərbaycan ədəbiyyatının son iki yüz ildəki özünəməxsus estetik təcrübəsi də epik təfəkkürün mənəvi-mədəni tərəqqidə nə qədər mühüm əhəmiyyətə malik olduğunu göstərir. Azərbaycan yazılı eposunun "Aldanmış kəvakib" dən başlanan yolu uğurla davam etdirilmiş, "Danabaş kəndinin əhvalatları", "Qan içində", "Dumanlı Təbriz", "Qılınc və qələm", "Gələcək gün", "Bir gəncin manifesti", "Şamo", "Geriyə baxma, qoca", "Dəli Kür", "İdeal", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Mahmud və Məryəm" və başqa ölməz əsərlər yaradılmışdır. Mifik düşüncə və epos təfəkkürü müasir dünya nəsrinə yeni nümunələr vermişdir. Y.Səmədoğlunun "Qətl günü", Ç.Aytmatovun "Ağ gəmi", "Cəllad kötüyü", C.Abtaykın "Kentavr", U.Folknerin "Küy və qəzəb" və s. romanları birbaşa mifdən və daha möhtəşəm forması olan eposdan qidalanır. Epos xalq və millət haqqında bədii-fəlsəfi ensiklopediyadır.
Nizaməddin
Şəmsizadə
filologiya elmləri
doktoru
Ədəbiyyat qəzeti.- 2018.- 17
mart.- S.11.