Daha "...bir nəzər"

 

Səhv nəzərləri sərf-nəzər etmə vaxtı

 

Giriş əvəzinə:

baxış bucağını dəyişmək zərurəti

 

Azərbaycan ədəbiyyatşünaslığında sovet dövründən qalma konsepsiya, təsnifat, kateqoriya və anlayışların yeni gözlə nəzərdən keçirilməsi vaxtı çoxdan çatıb. Bu definisiyaların- xüsusilə də söhbət çar Rusiyasının müstəmləkəsi olmuş "milli ucqarlar"dan gedərkən- imperialist maraqlara xidmət etdiyi artıq hamıya məlum bir həqiqətdir. Sirr deyil ki, rus çarlığının  xarabalıqları üzərində qurulan sovet rejimi onun müstəmləkəçilik siyasətini ictimai fikrin bütün sahələrində sonacan davam etdirmiş və "xalqlar həbsxanası" adlandırdığı nəhəng coğrafi-mədəni məkanın əsl sahibləri olan millətləri öz tarixi köklərindən ayırmaqla təbii inkişaf yolundan sapdırmaq, milli mənliyindən məhrum etmək üçün bütün mümkün və qeyri-mümkün vasitələrdən istifadə etmişdir. Ədəbiyyat tarixi bu baxımdan daha önəmli meydan sayılmış, millətlərin keçmişi, mədəniyyəti ilə ayrılmaz şəkildə bağlı olduğundan bu sahədə hakim yanaşmalar ədəbi-estetik deyil, sırf ideoloji mahiyyət daşımışdır. Təəssüf ki, son yüz ildə kitabdan-kitaba keçirilmiş, müəllifdən-müəllifə ötürülmüş, orta məktəb dərsliklərinə qədər kök salmış həmin baxışlar sistemi keçmiş sovet respublikalarında, o cümlədən, Azərbaycanda bu günün özündə də ana xətləri ilə hakim mövqeyini saxlayır. "İnersiya ilə davam edən" bu qeyri-elmi hökmlər təkrarlanaraq "inkişaf etdirilir", vaxtı keçmiş nəzəri vərdişlər isə müasir ədəbiyyatşünaslıq elminin inkişaf yolunda ciddi maneə olaraq qalır. Sovet ədəbiyyatşünaslığının, ilk növbədə milli ədəbiyyat tarixşünaslığı təsərrüfatının inventarlaşdırılması, basmaqəlib müddəaların saf-çürük edilməsi, lazım gələndə, sərt təftiş aparılması, zəngin milli-ədəbi irsin fərqli baxış bucağından retrospektiv araşdırılması günün tələbidir.

Zor gücünə keçmiş Sovetlər İttifaqında birləşdirilmiş milli respublika və muxtar inzibati qurumlarda ideoloji sistemin tərkib hissəsi kimi formalaşmış  ədəbiyyat tarixşünaslığına bir küll halında nəzər yetirsək, XIX əsrin və XX əsrin sovetləşməyə (hətta 30-cu illərə) qədərki kəsiyinin ən çox təhrif edilmiş dövrlərdən olduğunu açıq-aşkar görə bilərik və bu da tamamilə anlaşılandır. Çünki çarizmin bu ölkələri istila və ilhaq etməsi əksəriyyət etibarilə məhz həmin dövrə (10 il tez, yaxud gec- fərqi yoxdur) təsadüf etmiş, müəyyən müddət sonra isə bu ərazilərdə Sovet hakimiyyəti "qələbə çalmışdır". Yerli xalqlara misli görünməmiş faciələr gətirmiş, dəhşətli sosial-mədəni kataklizm yaratmiş hadisələri "tarixi inkişaf"ın nəticələri kimi "qanuniləşdirmək" (və ya qanunauyğunluq kimi qələmə vermək) zərurəti çarlıq dönəmindən başlayaraq, imperiya üsul-idarəsini qayğılandıran həllivacib məsələlərdən biri kimi addım-addım gerçəkləşdirilib, sovet dövründə məntiqi sonluğuna çatdırılmışdır. Aydın məsələdir ki, siyasi tarixdə, mədəniyyət tarixində və başqa sahələrdə aşkar işğalçılıq faktlarına "tarixi inkişafın legitim nəticəsi" kimi məşruluq və hətta labüdlük donu geyindirilməsi və bunun ədəbi nümunələr əsasında  təsdiqlənməsi də məhz XIX əsrə (burada və aşağıda bu mətnin sitatlar xaric hər yerində "XIX əsr" ifadəsi altında 1800-1930-cu illər aralığı nəzərdə tutulur- N.M.) münasibətdə icra edilməli idi. Doğrudur, sovet tarixşünaslığı, o sıradan da ədəbiyyat tarixşünaslığı bu legitimlik üçün "əsaslar" yaratmaq işinə bir qədər qabaqdan- daha əvvəlki dövrlərin ədəbi xarakteristikasına "düzəlişlər verməklə" başlamış, fürsət düşdükcə, hansı yüzillikdə imkan  tapmışsa, ədəbi fakturaya müdaxilə etməkdən çəkinməmişdi. Bu məqsədlə görməzliyə vurma, yayınma, gizlətmə, yaxud daha kobud vasitələr kimi dolaşdırma, silmə, pozma, boş qalan "ağ ləkə"lərin yerini yalan, yanlış yozumlarla doldurma və s. əməliyyatlardan gen-bol yararlanmışlar. Amma bu total saxtalaşdırma prosesinə, əlbət ki, XIX əsr hadisələrində, ədəbiyyatdan danışırıqsa, məhz bu dövrə xas ədəbi məhsullarda "yekun vurulmalı" idi. Təsadüfi deyil ki, sovet ideoloji maşınının ən mənhus "tryukları" da həmin dövrün tarixi səciyyələndirilməsi zamanı üzə çıxır. Belə demək mümkünsə, iplər məhz bu dövrdə qırılır. Bu mənada əvvəlki dövrlərin ədəbiyyat tarixlərini bəlkə də hələ "təhrif olunmuş" hesab etmək mümkündür, amma XIX əsrə çatanda yalnız tam saxta və qondarma paradiqmalardan danışmaq olar. Odur ki, ədəbiyyatşünaslığımızın sovet ideoloji təsirlərindən təmizlənməsi işini də məhz həmin dövrün ədəbi ehkamlarından başlamaq lazım gəlir. Son vaxtlar bu istiqamətdə müəyyən işlər görülsə də, xalq yazıçısı Elçin: "Azərbaycan ədəbiyyatından və indiki halda XIX əsr ədəbiyyatından bəhs edərkən, biz ilk növbədə onu, sovet dönəminin ideoloji doqma və aksentlərindən azad etməliyik",- deyərkən tamamilə haqlıdır.

XIX əsr ədəbiyyatının tanınmış tarixçilərindən Feyzulla Qasımzadə yazırdı: "XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən zəngin, məhsuldar, rəngarəng, maraqlı və eyni zamanda ziddiyyətli dövrüdür. Azərbaycan ədəbiyyatında hələ köhnə ədəbi üslubların qalması şəraitində realizmin ədəbi yaradıcılıq metodu kimi meydana gəlməsi və inkişafı, dramaturgiyanın, milli mətbuatın, professional ədəbi tənqid və estetikanın, bir sıra janr və formaların, ictimai və fəlsəfi fikir sahəsində müəyyənləşmiş və sistemləşmiş baxışların ilk dəfə meydana çıxması məhz bu əsrlə bağlıdır" (kursiv bizimdir-N.M.). Mirzə Feyzulla, doğrudur, əsl sovet ədəbiyyat tarixçisi kimi XIX əsrin başlıca səciyyəvi xüsusiyyətləri qismində "ilk dəfə meydana çıxan" yenilikləri vurğulayır, amma tarixi həqiqətin də ziddinə getmir, "hələ (!-N.M.) köhnə ədəbi üsulların qaldığını", ən əsası isə XIX əsrin Azərbaycan ədəbiyyatı tarixinin "ziddiyyətli dövrü" olduğunu etiraf edir. Burada "köhnə ədəbi üsullar" ifadəsi ilə nəzərdə tutulan, əlbəttə ki,  divan ədəbiyyatıdır. (Biz  daha aydın anlaşılması üçün bu anlayışı bir qədər dəqiqləşdirərək, onu "türk-İslam ədəbiyyatı" adlandırmağı təklif edirik). Ziddiyyət də həmin ədəbiyyatın XIX əsrdə yaşadığını, hökmünü sürdürdüyünü, "ilk dəfə meydana çıxan" keyfiyyət yeniliklərinə təbii bir özünüqoruma instinkti ilə müqavimət göstərdiyini açıq söyləyə bilməməkdən doğurdu. Bu həqiqətləri birmənalı, aydın söyləmək sovet ideoloji "ustanovka"ları ilə bir araya sığmadığından işarə və eyhamlardan, ikibaşlı ifadə tərzindən, yarımtonlardan istifadə etmək lazım gəlirdi. Dünya mədəniyyəti xəzinəsinə misilsiz töhfələr vermiş "böyük İslam mədəniyyətinin parlaq hadisəsi olan" (Elçin) türk-İslam ədəbiyyatından müsbət mənada söz açmaq, bir çox əlamətlərinə, ən əsası isə müsəlman-türk xalqları üçün yüzilliklər ərzində vahid və ortaq yaradıcılıq platforması rolu oynadığına görə sovet ədəbiyyat elmində yasaq sayılırdı. Bu zəngin ədəbiyyatın varisləri, daşıyıcıları və yaradıcıları olan xalqların bir çoxu çarizmin müstəmləkəsi altında qalmaqla barışmır, xilaskar qismində isə din qardaşlarını- başda Rusiyanın regiondakı əsas rəqibləri Türkiyə və İran olmaqla İslam aləmini görürdülər. Elə bu səbəbdən də türkdilli xalqlara məxsus ədəbiyyatın vahid ədəbi kontekstdə öyrənilməsi sovet ideoloqlarını  qane etmirdi və edə də bilməzdi. Hələ çar zamanından bu xalqların (onların tarix, mədəniyyət və ədəbiyyatlarının) milli əlahiddəliyi xətti götürülmüşdü və tarixi-müqayisəli metodu müstəmləkəçilik maraqlarına uzlaşdırmaqla, onların bir-birindən ayrı salınması, yadlaşdırılması üçün nə lazımsa, edilirdi: türk dilinin ləhcələrinə "milli dil" statusu verilməsi, bu dildə yaranmış bədii əsərlərdə spesifik uyğunsuzluqlar axtarılması, kiçik, əhəmiyyətsiz fərqlərin şişirdilib mahiyyət göstəricisi kimi şərh edilməsi və s. pozucu meyillər zaman keçdikcə qüvvətlənmiş və qayda halını  almışdı. Kənardan (xüsusilə ruslar vasitəsilə) idxal edilən mədəni ünsürlərin yenilik deyə qabardılması, inkişaf və tərəqqinin yeganə üsulu kimi təqdim olunması da eyni prinsiplə edilirdi. Türk-İslam ədəbiyyatının öz bətnindən doğan ümumi yeniliklər belə ağına-bozuna baxmadan rus (Avropa) təsirləri kimi qiymətləndirilir, bunların əsasında "lazımi" nəticələr çıxarılırdı. Sovet ədəbiyyatşünasları olduqca ziddiyyətli bir durumda idilər: bir tərəfdən, XIX əsrdən söz açarkən bütöv bir mədəni arealda vahid ədəbi prosesin tam gücü ilə davam etdiyini söyləyə bilmirdilər, digər tərəfdən isə milli ədəbiyyatların həmin vahidlik və bütövlükdən qaynaqlanan ortaq təmayüllərinə rasional izah və şərh verməkdə aciz qalır, yaxşı halda, bu məsələlər haqqında susmağa məcbur olurdular. Amma bütün təhlükələri gözə alaraq, canları bahasına da olsa, həqiqəti dilə gətirənlər tapılırdı. Belələrindən biri- 1937-ci ilin repressiya qurbanlarından istedadlı ədəbiyyatşünas-alim Əmin Abid 1927-ci ildə nəşr etdirdiyi "Azərbaycan türklərinin ədəbiyyatı tarixi" kitabında yazırdı: "Bugünkü vəziyyətə görə Dərbənddən Bağdada, Xorasandan Qara dənizə qədər yayılan geniş torpaqlar üzərində yaşayıb da, eyni dil və ləhcə ilə danışan türklərin yaratdığı ədəbiyyat bizim ədəbiyyatımız deməkdir". İsa Həbibbəylinin sözlərinə görə, Əmin Abid Azərbaycan ədəbiyyatı tarixinin ümumtürk ədəbiyyatı tarixi ilə  "bir silsilə halında tədqiq edilməsinin lazım gəldiyini qəbul edənlərdən olduğunu" da etiraf etmişdi. Bu, əlbəttə, Ə.Abiddən və onun  mövqeyində duranlardan o dövr üçün böyük cəsarət tələb edirdi, lakin təəssüf ki, əslində yarımçıq fikir idi. Belə ki, türklərin uzun yüzilliklər boyu ərəb və fars dillərində yaratdıqları ədəbiyyatı sərf-nəzər edir, coğrafi sərhədləri geniş cızılan türk-İslam ədəbi-mədəni arealının linqvistik əhatəsini yalnız türk dili və ləhcələrinə müncər etməklə onu xeyli məhdudlaşdırırdı. Bununla belə Ə.Abidin mövqeyi  XIX əsr Azərbaycan ədəbiyyatına (ədəbiyyatşünaslığına) xas olan başlıca ziddiyyətin mahiyyətini açıqlayan tarixi faktın konstatasiyası nöqteyi-nəzərindən müstəsna önəm daşıyır.

XIX əsrdə bütün Şərq mədəni təşəkküllərində olduğu kimi, türk-İslam arealında da sosial həyat və məişətlə yanaşı ədəbiyyatda da dəyişiklik ruhu hiss olunacaq dərəcədə güclənmişdi və bu, inkarolunmaz həqiqətdir. Təsadüfi deyil ki, böyük türk alimi Mehmed Fuad Köprülü "Azərbaycan ədəbiyyatına dair tədqiqlər" (1926) əsərində XIX əsri və XX əsrin əvvəllərini (1905-ci ilə qədər) "təcəddüd" (yeniləşmə) dövrü kimi xarakterizə etmişdir. 1921-ci ildə "İqdam" qəzetində çap etdirdiyi "Azərbaycan ədəbiyyatına bir nəzər" adlı məqaləsində isə o yazırdı: "...rus istilasından sonra Avropa mədəniyyətinə təmas edən Qafqaz Azərbaycanında Mirzə Fətəli Axundov kimi Qərb texnikasına uyğun milli komediyalar yazmış əsri sənətkarlar yetişmişdir. Bu sənətkarlarla bərabər azəri ədəbiyyatının Qafqaz şöbəsində "kritisizm" başlar" (bax: "Ədəbiyyat qəzeti", 28.01.2017). Elçinin rus-Azərbaycan ədəbi əlaqələrindən bəhs edərkən gəldiyi qənaət də bundan çox fərqlənmir. Onun fikrincə: "...həqiqət bundan ibarətdir ki, həmin ədəbi əlaqələrin təşəkkülü XIX əsrdə Azərbaycan ədəbiyyatının axtarışlarının keyfiyyət yenilikləri əldə edə bilməsi üçün əlverişli şərait yaratmağa başladı və get-gedə "Divan ədəbiyyatı" çərçivələrindən kənara adlamış yeni və yüksək bədii-estetik səviyyəli ədəbiyyatın (ilk növbədə, əlbəttə, Mirzə Fətəli Axundov yaradıcılığının!) meydana çıxmasında əsas stimullardan biri oldu". Nə Mehmed Fuadın, nə də Elçinin mülahizələrində təəccüblü, qəbuledilməz heç nə yoxdur. Lakin bir çox hallarda bu və bənzər fikirlərə istinad edilərək irəli sürülən "XIX əsrin ikinci yarısında artıq Rusiya ictimai fikrinin təsiri altında  Azərbaycan ədəbiyyatı avropalaşmışdı" tipli iddialarla razılaşmaq olmur və aşağıda görəcəyimiz kimi, belə iddialar tamamilə əsassızdır.

Əlbəttə, sözügedən dövrdə ədəbiyyatımızda və ümumən türk-İslam mədəniyyətində transformasiya hadisəsi (mənşə və mənbələri; təkanverici qüvvələri- daxili resurslar və kənar təsirlər, bunlar arasında qarşılıqlı nisbət,  müqavimət və asılılıq dərəcəsi; hərəkət istiqamətləri və s.) çox dərin, müxtəlif aspektlər və parametrlərlərlə zəngin olan geniş və əhatəli bir mövzudur. Bir yazıda (redaksiyanın lütfkarlıqla yaratdığı əlverişli imkanlara rəğmən) bu mövzuya dair nə isə ciddi qənaətlər hasil etmək asan məsələ deyil. Qarşımıza belə bir vəzifə də qoymamışıq. Məqsəd- sadəcə olaraq, son 15-20 il ərzində sistemli mütaliə və müqayisə əsnasında apardığımız müşahidə və axtarışlar nəticəsində gəldiyimiz bəzi ümumiləşdirici mülahizələri eskizlər şəklində ədəbiyyat adamları ilə bölüşməkdir...

 

Davamı gələn sayımızda

 

Nizaməddin Mustafa

 

Ədəbiyyat qəzeti.- 2018.- 17 mart.- S.3.