Günəş məhkumu
Biz
günəşi uzaqdan görməyə məhkumuq,
yaşamağa məhkum
olduğumuz kimi...
Suyun nə üzündə gəzə,
nə də ki altında yaşaya
bildik.
Çox
da ki, keçmişimiz
bir damladı
və ya damımız buluddandı!
Bilirsən,
şair,
Küləyi görməmək əzablı
mənzərədi.
Hələ onu qucaqlamağı
bacarmadığımızı
demirəm.
Bəlkəsiz,
elə azadlıq budur!
Görünməmək, bələnməmək,
bir pəncərəni
çilikləmək,
sonra qapını çırpıb getmək...
Biz necə
ki, bu günləri sabahlarda
çiçəkləri də elə
tikanları görəndə
itirdik…
Bütün
quşlar sənin xəyalındı;
Qalxır,
qalxır, qalxır…
Hamı
sanır ki,
göy üzünü
fəqət o özünü
keçmək istəyir,
özünü...
və bir zaman
toprağa
düşür.
Beləcə, həyat topraq-torpaq ötüşür.
Nəfəsi kəsilmiş otel
otaqları
Otel
otağına bənzər bəzi adamlar,
sakini yiyəsindən
başqa,
kim istəsən
...
Otel otağına bənzər
bəzi adamlar,
yayında əriyib,
qışında çiliklənərsən.
Köksündə yatarsan,
fəqət dincəlməzsən.
Lənətə ürəyin,
alqışa dilin gəlməz.
Otel otağına bənzər
bəzi adamlar,
sakini yiyəsindən
başqa,-
kim istəsən...
Gözlərində
gecəni,
sözlərində gündüzü
xatırlayarsan.
Gözünə baxanda kar,
sözünü eşitdikdə
kor olarsan.
Səssiz ...
bax beləcə,
yormadan yorularlar.
Ayaqlarından çox
gülüşlərində axsayarlar...
Otel otağına bənzər
bəzi adamlar;
yiyəsindən başqa
sakini kim istəsən...
İndi susmaq öldürür
Nə fayda var, qollar azaddı.
Kafe divarını inlədən
qədəh kimi
əgər beynində
zəncirlər sükutu
pozursa,
nə fayda, hə?!
Bilirsən,
quzum,
İndi adamı susmaq öldürür.
Bunca səssizlik nə üçün, demə;
Necə
ki hərəkətlər
dünya üçündürsə,
bizim savaşımız
da
ölmək istədiyimiz
yer üçündü.
Dönüş bəlkə bir gedişdi.
"Bəlkə" isə bir növ intihar,
bir növ tərkedilişdi.
Gedirəm, dönəcəyəm,
körpü sənə
amanat.
Gecələr yanında yat,
Qoyma assınlar.
Barı,
dönüşdə
qarşılayanımız olsun.
Sobasına sevgi atanlar
Geriyə
baxmaq əksinə üzmək istəyidi,
balıq olmayacağını
bilə-bilə...
Bu gün dünəndən,
sabahsa
indidən daha kədərli...
Gedərkən
evlərin qapısına kilid,
sobasına sevgi atanlar
yoxluğa meydan oxuyanlardı.
Əslində yağan yağış
deyil, qadın,
bacanı sevən
bir pişiyin
dualarıdı.
Baxışların tutur məni
Ovuclardan
açılan daşlardan küssən də
uşaqlara, daşlara
hürmədin.
Məktəb həyətlərində
həyatı qara, dərisi sarı, yiyəsi
torpaq köpək.
Baxışların
tutur məni,
mənə elə baxma, köpək.
Bilirəm, gecələr işığa
ac doğulur.
Sənə verəsi boyat xatirələrim vardı,
Ona da dünən heç hürmədin...
Qarnı
boynuna xalta köpək,
sənmi
xoşbəxtsən, ya o xaltalımı?
Deyəsən incitdim, bağışla məni, köpək.
Neynəyim, əclaf dünyanın
sualı da əclaf olur...
İliyinə kimi oxu
Tanrım,
bağışla məni,
tanımadığım gözəllik
eşqinə
saysız bəyazlar
kirlətdim.
Axı hər
gecə
səhəri çəkə
bilmir.
Hədiyyələrin hamısı gözəl olmur.
Fəqət, bütün gözəlliklər
sənin hədiyyəndir,
Tanrım,
döşü kiridən
dişsiz dodaqlar
misalı.
Gec
anladım; ən dahi şair günəşdir,
o da bu dünyadan
deyilmiş.
Ən aqil oxucusa torpaqdır,
iliyinə kimi oxuyur hamını
iki dünya arasında…
Ağcabədi
Fuad CƏFƏRLİ
Ədəbiyyat qəzeti.- 2018.-
31 mart.- S.9.