Yolda adam
Hekayə
O dükan qalmadı baş vurmasınlar, intəhası hamısından əliboş qayıtdılar. Hər yerdə də bir-birinə oxşar cavablar:
-Xalxın nər kimi oğulları gedib, ondan danışmır, başlayıb ki, bu nə cür şəhərdi, bir balığı da yoxdu.
-Belə dee,-çar-naçar razılaşırdı, amma ordan çıxan kimi başqa mağazaya girməkdən də özünü saxlaya bilmirdi, deyirdi, şəhər yeridi, yüz dəlmə-deşiyi var, olar ki, burda tapmadığın bir şeyi onunla divar-divara olan qonşu dükandan tapa bilərsən. Aclıq-zad deyil ki, bircə həftəyə hər yeri silib-süpürsünlər. Hərçənd hər şey elə ona da oxşayırdı: soyuducu dolablar bomboş idi, rəflərdə hisə verilmiş qızılı pullu balıqdan, rəngbərəng konserv qutularından başqa bir şey gözə dəymirdi. Allah bilir, o da nə vaxtdan qalanın idi?
-Yaxşı yerdə axşamladıq,-axır ki, əli ətəyindən uzun halda bazarın çıxışında saxladığı maşının yanına qayıdanda deyirdi,-balıq deyənin qulağını kəsirlər.
-Yaxşı görək,-hələ də aldıqları ilə oynayıb, onları yerbəyer eləyən arvadı inamsız halda dilləndi,-nə matah oldu bu? Ayrı vaxt küçə-baca dolu olardı. Adamın gözünə dürtürdülər.
-Küləkdi ona görə. Bir həftədi üç balıqçı batıb, meyitləri də tapılmır. Bütün şəhər matəm içindədi. Hamı onlardan danışır.
-Can-can, anasıölmüşlər. Özü də bir yox, üç!-qadın tanımadığı adamları vaysına-vaysına yad eləyib, bir hovurdan mətləb üstə gəldi,-indi nə deyəcəyik anana?
-Özüm də məəttələm,-maşını işə salan müəllim - bilmək olmurdu o, mühərriki qızdırır, ya qərara gəlmək üçün xəyalında nəyisə saf-çürük edir - xeyli götür-qoydan sonra onu dörd yol ayrıcına yox, dəmir yol stansiyasına gedən səmtə döndərdi. Özünü onda qınasa da ki, gərək bütün işləri sonraya saxlayıb, birinci anasının xahişindən başlayaydılar, indi-indi aydın olurdu ki, demə, bunun da bir faydası olan deyilmiş. Olsa, bircə onda olardı ki, daha çək-çevirdə qalmazdılar: niyə əvvəlcə bazara baş çəkdilər, ordan çıxıb sənaye malları mağazasına dəydilər, arvadı xırda-para alış-veriş eləyənə qədər o da vaxt itirməyib, bərbərxanada saç-saqqala maya qoydurdu. Guya, bunları bir az sonraya saxlamaq olmazdı, ya uşaqlara dəftər-kitab, yazan-pozan, anasına dava-dərman, qonşu Seyfulla kişinin əl fənərinə daş almağı? Bir vaxt başlarını qaldırdılar ki, şər qarışır. Allah qoysa, payız gününün ömrü nədi ki? Saqqaldan götürdüyünü bığa qoyunca gün axşam olur. Üstəlik onlar şəhərə məktəbdə birinci növbənin dərsləri başa çatandan sonra, təxminən saat ikidə yola düşmüşdülər. Vaxt itirməsinlər deyə bir tikə təamını da elə yolboyu, bir əli sükanda ikən elədi. Qırx kilometr də yol. Vaxtlarının əsas hissəsi də elə ona getdi.
-Suyu nə yaman sovulub bu dəyirmanın?!-Maşın top lüləsi kimi göyə tuşlanan dama-dama uzun şlaqbaumun altı ilə atılıb düşə-düşə mazutlu şpal döşənmiş dəmir yolunu keçəndən sonra arvadı nabələd yerlərə göz gəzdirib soruşurdu. Bu sual onu xəyalən çəkib haralara aparmadı?... Bir vaxtlar Bakıya, İrana, İrəvana bu stansiyadan gedib-gələnlərə, əsgər yola salıb, qarşılayanlara, qız köçürüb, gəlin gətirənlərə baxmağın özü bir tamaşa idi. Nəsə o illər adamlar da başqa cür idilər. Hər şeydə qəribə bir doğmalıq var idi. Bu yerlərin tək otuz illik tarixi olan xatirələri yox, paravoz fitindən tutmuş radio qovşağı ilə verilən elanlarına qədər hər şeyi: yükdaşıyanların hay-küyü, bələdçilərlə biletsiz sərnişinlərin dava-mərəkəsi, içkili yolçuların yersiz mübahisəsi - ən kiçicik səslər və rənglər belə yadında uşaqlıq illərinin ağ-qara şəkli kimi qalmışdı.
-Şəhərə balığı əsas bu vətəgə verir,-gec də olsa, axır ki, müəllim özünə gəlib dilləndi,-gəlmişkən qoy bura da baş çəkək, ürəyimdə xal qalmasın. Sonra gic-gic suallarla özümə divan eləyəcəm, tanımırsan məni?
Sərhəd zolağı olduğundan illərlə istifadəsiz qalan sirli çöl-biyaban, ordan o tərəfə səthi bir qayda olaraq gündüzlər qızılı, gecələr gümüşü rənglə bərq vuran dumduru göl suları, əlini uzatsan, çatacağını güman elədiyin əyriş-üyrüş üfüq xətti indi bir ayrı görkəm almışdı: kimsəsiz düzəngaha axşam toranının hüznü çökmüş, bir-birini qovan boz-bulanıq dalğaların qorxunc uğultusu bütün səs-səmiri udmuş, adda-budda balıqçı komalarının yaxın-uzaq işığı da seyrək dumanda öləziyib şam közərtisinə dönmüşdü. Bir tərəfdən də təzəcə başlayan qar... O cür ki, o yağırdı, deyərdin bəs dəli rüzgar alaçalpo ilə qışın qaralamasını eləyir.
Küləyin vird-viranə qoydugu sahildə - göy brezent örtük, tilov, paslı vedrə, uzunsap kürək, bir tay çəkmə, düyünlü, qarmaqarışıq ağımsov tor, arxasıqatda çevrilmiş iri qayıq və avarlar nizamsız halda ətrafa səpələnmişdi - onları əynində uzun şinel, başında köhnə, qulaqlı əsgər papağı olan iri görkəmli balıqçı qarşıladı. Tüklü sifətindən zəhər yağırdı onun.
-Qardaş, hər şeyi başa düşürəm. Amma gərək sən də məni bağışlayasan. Uzaqda gördüyün o dağ ki var haa, düz o dağın dalından gəlmişəm, xəstə üçün balıq lazımdı, anama...
Müəllim qapının şüşə yerindən onu hələ də kəc baxışlarla süzməkdə davam edən sifəti iri ət xallı adama altdan-yuxarı baxa-baxa sanki birdəncə hiss elədi ki, deyəsən, ondan əlçatmaz bir şeyin xahişini eləyir, tək səsinə deyil, dediyinə də əl gəzdirdi, özü də dərhal:
-Bircə
dənə, lap balaca da olsa, olar. Təki əliboş
qayıtmayım.
Balıqçı
başını buladı, dərindən köks
ötürdü, ovurdlarını ovuşdura-ovuşdura
ağır ləngərlərlə yırğalanan göl sularına göz gəzdirdi və
dönüb dinməz-söyləməz komaya tərəf yönəldi.
Yalnız ora çataçatda ehmal-ehmal arxaya çevrilib hələ
də ondan cavab gözləyən müəllimə əli ilə
işarə elədi ki, gözləməsin,
getsin.
-Bəlkə,
oğludu batan?-arvadı qəmgin səslə onun hərəkətinə
haqq qazandırdı,-yazıq heç özündə deyil.
-Elə
bilirsən olmaz?-desə də, əgər batan oğlu olsa, o
burda neyləyir, düşündü, indi evində hüzrlə, gələni
qarşılayıb, gedəni yola salmaqla məşğul
olmalı idi. Elə bil qəfil ağlına gələn
fikirdən dirçələn, bəlanın bu adamdan yan
ötdüyündən sevinən kimi oldu və:
-Bekara yerə
vaxt itiririk,-deyib maşını sulu qarın hələ tam islatmadığı
sürüşkən otluqda dala-qabağa verməklə
çətin də olsa, geri döndərə bildi,-burdan belə
azı on koma var. Deməli, yoxdu
ki, başqasının yanına
göndərmədi, olsaydı, göndərərdi. Bu o deməkdi ki,
deməli, heç harda yoxdu.
Belə
deyir və bununla
tək özünə
təskinlik vermir, həm də arvadına eşitdirmək
istəyirdi ki, sonra onu qınamasın, olmayan şeyi hardan
tapasan, yoxdan Allah da bezardı.
Dönüb tən ortası ilə geri
qayıtdıqları sıx qamışlıq maşın
işığında öz vahiməli
görünüşü ilə
bu dəqiqələrdə əsl cəngəlliyi
xatırladırdı. Küləyin
əyib ikiqat elədiyi, bəzənsə
maşının ön və arxa şüşələrini
aramsız olaraq döyəcləyib səs salan
saysız-hesabsız qarğılar deyərdin bəs tünd-qəhvəyi şamları
ilə onlara barmaq silkələyir. Ensiz torpaq yolla asfalta çıxana qədər
- ordan o tərəfə dəmiryol stansiyası
başlanırdı - artıq qar öz işini
görmüş, ətraf
düm ağ ağarmışdı.
-Zəhrimara
qalmış yağmağa vaxt tapdı... Bizi yarıyolda
qoymasa yaxşıdı,- maşını
ehtiyatla, yavaş-yavaş asfalta çıxaran müəllim
sərsəri küləkdə hiddətlə şüşəyə
çırpılan sulu qar dənəciklərinə işarə
ilə deyindi, - qanımın bu qara vaxtı gör nə
cövlan eləyir, şoğərib?!
- Qar
yağır, ayaq üşütməyə, onun da dərdini
çəkən deyilsən ki. Sən maşınını
sür...
***
Əcəl
başının üstünü çoxdan
almışdı qarının, elə bugünlük-səhərlik
idi. Ağrıları daha həb-kinə ilə
də səngimirdi. Uzağı bir-iki saat, sonra kənd həkimini
çağırırdılar, bir məsləhət də o
verir, dava-dərman yazıb gedir, ah-uf da elə bundan sonra
başlanırdı, illah da gecələr. Bu
minvalla qarı bir ara rayon xəstəxanasında,
bir aydan çox da vilayət mərkəzində müalicə
almalı oldu. Heç nə dəyişməyəndə isə,
aparın məni burdan, dedi, nə özünüzü
alladın, nə məni, üzü o yana olanın burda
nə işi?
O vaxt,
yolda ikən qarı bir söz də demişdi:
- Dua eləyin,
əcəlim tez gəlsin, sizə də əziyyət verməyim.
Yoxsa qarğış qabı olaram.
Belə-belə
qarı sağ-sökəl daha bir neçə il
ömür sürüb, səksəni başa vurdu. Onda da bir ayrı dərd gəlib tapdı onu;
yavaş-yavaş yuxusu ərşə çəkildi, yemək-içməkdən
kəsildi, arıqlayıb çöpə döndü. Bəzən
elə olurdu, günlərlə dilinə çörək dəymir,
boğazından bir qurtum keçmir, nəfəsi belə
güclə alıb-verirdi. Məəttəl qalırdılar ki, görəsən,
o nəyin sayəsində dözüb-durur, canını
tapşırmır. O isə başqa şey deyirdi.
Deyirdi, hayıf deyil adam canısulu ölə,
yerlərdə qalmaya. Təsəlli verirdilər,
könlünü alırdılar, deyirdilər qoy dərd eləməsin
ki, kiməsə yükdü, əlindən zinhara gəliblər.
Harasa gedəndə bir şey lazımdırmı,
soruşurdular, bəlkə, könlündən nəsə
keçir, ürəyi nəsə istəyir, desin. Bunu
oğul-qız da
eləməyəndə kim eləməlidi? O da
başını bulayar, çuxura düşmüş
gözlərini yumar, üzünü çevirərdi ki, niyə
qoymurlar
öldüyü yerdə ölsün,
lazımdı ona bu cür
yaşamaq? Cana doyub daha...
Bu günsə hər şey tərsinə oldu. Gəlin günortaüstü paltarını dəyişib
evdən çıxanda qarı başını yastıqdan
azca dikəldib, onu əli ilə yanına
çağırdı, səsi quyunun dibindən gəlsə
də:
-Bir
balıq alarsınız mənə,- dedi.
Gəlin eşitdiyindən karıxan kimi oldu. Görəsən,
gün hardan çıxmışdı? Yadına
salmağa çalışdı görsün,
axırıncı dəfə onun nəsə istədiyini
xatırlaya bilirmi? Haçan olmuşdu bu?
-Birini niyə,
- dedi sevincək,- lap üçünü
alarıq. Təki
ye-iç, nəvənin toyunacan qalx ayağa. Bizi başsız qoyma.
***
Dərəşam meşəsi arxada qaldı. Orta talanı keçdilər, Qara
yalın yoxuşu başlananda
müəllim şəhərdən çıxalı
asta-asta olsa da, saat kəfkiri kimi
dayanmaq bilməyən
şüşəsiləni ikinci sürətə
keçirməli oldu və:
- İşə bax, - dedi, - oranı qar ağzına
almışdı, buranı sel aparır. Halbuki
ordan-bura cəmi iyirmi kilometrdi.
-Qardansa
yağış yaxşıdı, qoy salamat gedək
çıxaq, yolun işini bilmək olmur, sonra dağlara da yağar. Hələ qış irəlidədi.
Müəllim
elə təzəcə:
-Nəyi bilmək
olur?-demişdi ki, köhnə
avtobus dayanacağından onlara əl eləyən adamı gördü,
amma maşın elə sürət yığmışdı
ki, onu saxlamağı, ya geri verməyi heç ağlına
da gətirmədi.
-Sən,
doğrudan, o
bədbəxti qoyub gedirsən?- arvadının dedikləri, məzəmmət
və canıyananlıqdan da çox, adam sınamağa
oxşayırdı,-bir özünü onun yerinə qoy
gör, gecənin bu şər vaxtı nə elərdin sən?
İslanmağı cəhənnəm, adamı eləcə
qurd-quş yeyər
bu dərələrdə.
Müəllim
hərəkətinə haqq qazandırdı:
-Söz
danışdı, bu vaxt yolda adam olar? Saat ona qalır. Kim bilir, sərxoşdu,
narkomandı, nədi...
-Əksinə, deməli, sərxoş deyil ki, yoldadı. İçən, çəkən
olsaydı, yıxılıb yatardı. Qayıt götür onu, yazıqdı, bəlkə,
balalarına çörək aparır?
-Allah,
Allah, işə düşmədik? Arvad olasan, belə kəllən
ola?-müəllim bezara gəlmiş adam səsilə elə
deyindi, deyərdin bəs sarı siminə toxunublar, intəhası
nə ağıl elədisə, mırtdana-mırtdana olsa da,
sürəti azaltdı, maşını tədricən
saxlayıb, onu əvvəl dalı-dalı verdi, görəndə
ki, bunu selləmə yağışda və qaranlıqda həm eləyə
bilməyəcək, eləsə də bir aləm vaxt itirəcəklər,
dönüb yarım kilometr yolu yenidən geri qayıtmalı
oldu, özü də dişinin dibindən çıxanı
arvadının qabırğasına döşəyə-döşəyə...
Axırda da qayıdasan ki:
- Kül
o kişinin başına ki, arvad deyənə qulaq asır. Beləsinə
nə cür kişi deyəsən?
- Savab yiyəsi
olarsan, - arvadı onu çox da zilə getməyə
qoymadı, - Allaha xoş gedər, çox deyinmə! Bəlkə, xeyir bundadı, bu saat irəlidə
xata-bəla gözləyir bizi? Nə bilirsən?
-Professor olub kişinin qızı! - onlar
əlində balaca zənbil dəmir
dirəyin dibində
büzüşüb dayanan yolçunun yanına
çatanda müəllim hələ də deyinirdi.
Üzündən
nur yağan adam tey su idi, tir-tir titrədir,
dili söz tutmurdu.
Maşındakıların yarıyoldan xud ondan
ötrü qayıtdığını biləndə isə az qaldı sürücünün əllərindən
öpsün. Üzəvari də olsa bu nə zəhmətdi
çəkiblər, dedi.
Sürücünün:
- Bəs
nədən ötrüdü bu bəşər övladı?
Elə ver yeyim, ört yatımla iş qurtarmır ki, - deməyi
ona xüsusilə xəcalət təri tökdürdü. O,
hiss elədi ki, ardınca gələnlər, elə-belə
adamlar deyil. O babətdən bilmirdi sözə hardan
başlasın ki, ürəyindəkilərin heç olmasa
balaca bir qismini çatdıra bilsin. Bir azdan
aydın oldu ki, qəsəbə mərkəzindəndi o, su
anbarında qarovulçu işləyir, gecə növbədə
olmalı imiş, amma təcili evə qayıtmalı olub.
Zəng eləyiblər ki, anasının
halı qarışıb, durmayıb gəlsin.
- Fikir eləmə,
eyni dərdliyik. O xəstədən biri də bizdədi, -
deyib sürücü araya söz qatmaqla onun fikrini
yayındırmağa çalışdı, - eşitməmisən,
cırıldayan ağac çox yaşayar. Olar
ki, yüz yaşlarını da qeyd elərik.
Sonra
tanışlıq başlandı, ərşdən-kürşdən
danışdılar, bahalıqdan giley-güzar elədilər, oğuldan-qızdan
söhbət açdılar, növbə havaya, gün-güzəran
qayğılarına çatanda, onlar da rayona çatdılar. Bütün yolboyu nə
rastlarına maşın çıxdı, nə də arxadan
gəlib onları ötən oldu. Yalnız şırhaşır
yağan yağış, sürüşkən yol və
qaranlıq çöllər...
- Bir az qaranlığa qaldın, belədi, gün ki
batdı, hərə öz komasına çəkilir, - deyib
yolçu maşını gediş-gəlişi kəsilmiş
yol qırağında saxlatdırdı, evinin beş metrdə
olduğunu dedi, maşından düşdü və
düşən kimi də əlini cibinə saldı.
- Səninki
yoldaşlıq olmadı ki! - müəllimin
məzəmməti onu necə ayıltdısa, əllərini əlbəəl
göyə qaldırdı:
- Mən
təslim! Bir vaxt xəcalətinizdən
çıxaram. Tərslikdən evdə xəstəm,
sizin də yolunuz uzaq, yoxsa belə
adamları həvəslə qonaq elərdim, - dedi, onlara
yaxşı yol arzuladı və tələsdiyinə görə
üzr istəyib becid addımlarla elə uzaqlaşdı ki, müəllimin
arxadan eşidilən səsi onu
döngədə ancaq haqlaya bildi:
- Ay
qardaş, adın da yadımdan çıxdı, zənbilin
qaldı, zənbilin!
Hələ
də kəsməyən yağışda nəyi iləsə
həyuləni xatırladan yolçu geri qanrıldı:
- O buracan
mənimki idi, burdan belə sizindi, - dedi və qaranlıqda gözdən itdi.
***
- Həbib, bir ayağını bəri qoy! - müəllim paltarını dəyişib, bu gün aldığı qəzetləri səliqə ilə qarşısına təzəcə çinləmişdi ki, arvadının mətbəxdən gələn təşviş dolu səsini eşitdi, bildi ki, nəsə baş verib: o, hələm-hələm həyəcanlanan deyildi axı... Qadın danışa-danışa mətbəxdən gəlir, osa deyinə-deyinə otaqdan gedirdi. Dəhlizdə qarşılaşdılar və kişini qışqırmaqdan nə saxladı, özü də bilmədi: hər əlində bir təzə balıq tutan gülümsər simalı arvadı onun qarşısında dayanmışdı...
fevral-2018
Əlabbas
Ədəbiyyat qəzeti.- 2018.- 31
mart.- S.5.